Məhkəmə qərarları › İş №1(002)-128/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-128/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-128/2024 01.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən psixotrop maddə hesab edilən xeyli miqdarda metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 14:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qaradağ Rayon Məhkəməsinin yaxınlığında əməliyyat-axtarış tədbiri keçirən Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 16:30-da üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən əynində olan qara rəngli gödəkçəsinin iç sol cibindən içərisində 3 (üç) ədəd bükümdə hər 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,496 qram, 0,087 qram, 0,035 qram olmaqla ümumi təmiz çəkisi 0,618 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və göstərmişdir ki, xx.xx.2023-cü il yaxud xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonunda 30 manat pul müqabilində bir büküm psixotrop maddə metamfetamin almış və onu 3 ədəd ayrı-ayrı qara kağıza qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin yaxınlığında olduğu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Qaradağ RPİ-nin 10cu polis şöbəsinin əməkdaşları kimi təqdim edib ondan şübhələndikləri üçün onu 10-cu polis şöbəsinə gətirmişlər. Orada narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və hüquqları ona izah olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları ona xəbərdarlıq edib video çəkiliş aparmaqla ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif edilmiş, bundan sonra əynində olan qara rəngli gödəkçənin iç sol cibində saxladığı qara qutunu çıxarmış, masanın üzərinə qoymuş, psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Qutuya baxış keçirilən zaman 3 ədəd qara kağız bükümdə ağ kristal şəkilli psixotrop maddə metamfetamin aşkar olunmuş, onları öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Həmin 3 ədəd büküm qutuya qoyularaq iştirakçıların yanında zərfə qoyulmuş, möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol özü, müdafəçisi, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntü və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi və üstündə gəzdirməsi barədə əməliyyat yolu ilə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin rəisinə məruzə etdikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunmuş, əməliyyat qrupu təşkil olunmuş və əməliyyat qrupunun tərkibinə şöbənin sahə inspektoru X8 daxil edilmişdir. Onlar T.Ç.Cəfərovla birlikdə 20 dekabr 2023-cü il tarixdə saat 14:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ Rayon Məhkəməsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi bildirilmiş və Polis Şöbəsinə gətirilmiş, bu barədə müvafiq raport tərtib olunmuşdur. Lakin, o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 dekabr 2023-cü il tarixdə daxil olmuş məlumat üzrə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2lə birlikdə əməliyyat tədbirləri keçirən zaman saat 14:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ Rayon Məhkəməsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və o, Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi X6 iştirakı ilə xidməti otaqda onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış istntaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya narkotik maddə vardırsa təqdim etməsi təklif edilmiş, sonuncu könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin iç sol cibindən, 01 ədəd hər iki tərəfi qara, kənarları gümüşü rəngli olan qutunu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, hər hansı əşya aşkar olunmamışdır. Qutu açıldıqda içərisində 03 ədəd qara rəngli kağız büküm, və bükümlərdə ağ rəngli, toz şəkilli, iysiz psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri Yasamal rayonu ərazisində, “Kaktus” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata aldığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş içərisində 03 ədəd kağız büküm olan 01 ədəd qutu zərfə qoyularaq qablaşdırılmış. 222 saylı möhürlə möhürlənərək bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Eyvazov X5 RPİ-nin 10-cu PŞ-nin digər əməkdaşı Şahid1 ilə eyniməzmunlu ifadə verərək onların qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 25-ci vərəqəsində olan 20 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6512 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 2242” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd dəmir qutuda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.496 qram, 0.087 qram, 0,035 qram ümumi təmiz çəkisi 0,618 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,618 qram, tədqiqata sərf edildi-0.045 qram, qalıq-0,573 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,0 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:50) Cinayət işinin 70-ci vərəqəsində olan 22 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0618 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,573 qram metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin saxlancına verilmişdir. Cinayət işinin 72-74-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 nömrəli klinik psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü Qarazadə X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin göndərişinə əsasən xx.xx.2016-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 müayinədə olmuşdur. Diaqnoz: "Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur.". Cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 122-ci vərəqəsində olan arayışdan və 123-cü vərəqəsində olan xasiyyətnamədən görünür ki, X7 Təqsirləndirilən şəxs atası, X4 isə anasıdır, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 127-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 26 yanvar 2024-cü il tarixli, 176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxs tərəfindən təqdim edilmiş 26 yanvar 2024-cü il tarixli 478 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 144-149-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 157-158-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (saat 15:20) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və onun görüntülərini əks etdirən DVD diskdən görünür ki, Qaradağ RPİ-nin 10-cu PŞ-də Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı ona üzərində dövriyyəsi qadağan olunan əşya varsa təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynində olan qara rəngli gödəkcənin iç sol cibindən 01 ədəd hər iki tərəfi qara, kənarları gümüşü rəngli olan qutunu təqdim etmiş,həmin qutu açıldıqda içərisində 03 ədəd qara rəngli kağız büküm, bükümlərdə ağ rəngli, toz şəkilli, iysiz psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri Yasamal rayonu ərazisində, “Kaktus” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata aldığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən ünvanlanmış DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs telefon məlumatlarından heç bir məlumat əldə edilməmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə olunmuş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2008 nömrəli h/h komandirinin xx.xx.2017-ci il tarixli 151 №-li əmrinə əsasən “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanı ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq tutulduğu xx.xx.2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 yanvar 2024-cü il tarixli 478 saylı rəyinə əsasən Təqsirləndirilən şəxsbarəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,573 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9, məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,573 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımlarlar bağlı 240 (iki yüz qırx) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 və 180 (yüz səksən) manat Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar