Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-129/2022 11.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1978-ci ildə Gürcüstan Respublikasında doğulmuş Gürcüstan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gürcüstan Respublikası, Bolnisi rayonu, Darvaz kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı ətrafda olan vətəndaşların yanlarında nalayiq sözlərlə təhqir edərək yaxasından tutub itələmiş, sonra isə yumruqla sifət nahiyyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs üst çənədə soldan İ mərkəzi kəsici dişin, alt çənədə sağdan İ mərkəzi kəsici dişin travmatik zəif laxlamaları ilə müşayiət olunan alt dodağın selikli qişasına qansızma və əzilmiş yarası, sağ yanaq nahiyyəsinin və boynun ön səthinin sıyrıqları ilə xarakterizə olunan və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, Gürcüstan Respublikası vətəndaşıdır, Bolnisi rayonu, Darvaz kəndində qeydiyyatdadır və müvəqqəti qeydiyyata düşməklə yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmək istəmişdir ki, o, X5 və onun həyat yoldaşı Şahid2 tanıyır, onların hər ikisi onun uzaq qohumudur. Onların yaxın ətrafda qalan yeganə qohumları o, olduğundan, eləcə də həmişə onlar üçün böyüklük etdiyindən, o, tez-tez onların evinə ehtiyaclarının olubolmaması ilə maraqlanmaq üçün baş çəkmişdir. Belə ki, o, 05.12.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində onların yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, “111” saylı sərnişin avtobusunun sonuncu dayanacağı yaxınlığında yerləşən evlərinə getmişdir. Bir qədər hal-əhval tutub söhbət etdikdən sonra Taleh ona otaq qapılarının açar kilidinin sıradan çıxdığını bildirib onu dəyişməkdə köməklik göstərməyini ondan xahiş etmişdir. O, qapının açar hissəsinə baxmış və yenisinin alınması üçün Talehi öz ünvanına göndərərək oradan pul götürməklə yeni bir qapı kilidi almasını bildirmişdir. Taleh onun sözünə əsasən evdən çıxıb getmiş və təxminən 2-3 dəqiqə sonra evin həyət darvazasının möhkəm şəkildə döyüldüyünü, kişi səsilə “aç qapını” qışqırıqlarını eşitmişlər. O, Hökümə ilə birlikdə səsə evin həyətinə çıxmışlar, Hökümə “kimdi?” deyə qapını döyən şəxsə səslənmişdir. Qapının arxa hissəsindən “İvandı” deyə cavab gəldikdə, Hökümə bir də “kimdir axı qapını sındırır?” sualını vermişdir. Bu dəfə həmin şəxs “Petrovdu, sənə deyirəm qapını aç!” deyə yüksək səslə cavab vermişdir. O, buna əsəbiləşib qapını özü açmış və həmin şəxsin orta yaşlı tanımadığı bir kişi olduğunu görüb ondan nə istədiyini, nə üçün qapını sındırdığını soruşmuşdur. Həmin şəxs “mən bu evin ağsaqqalıyam, sən kimsən burda? mən səni birinci dəfədir görürəm” deyə ona sual vermişdir. O isə həmin şəxsə “bu evin ağsaqqalı mənəm, bu ailənin çətin günlərində mən bunlara dəstək olmuşam, sən hardan çıxdın?” deyəndə həmin şəxs ona nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O da həmin şəxsin söyüşlərinə əsəbiləşib sonuncunun yaxasından tutaraq qapıdan çölə çıxarmışdır və “Get, rədd ol burdan!” deyib özündən kənara itələmişdir. Lakin həmin şəxs daha da nalayiq ifadələrlə onun və ailəsinin ünvanına söyüşlər söyməyə başlamış və o, hirslərini cilovlaya bilməyib həmin şəxsin sifət nahiyəsindən sağ əli ilə yumruq vurmuşdur. Elə həmin zaman yaxınlıqda öz avtomobili ilə məşğul olan tanımadığı qonşulardan biri onu həmin şəxsdən ayıraraq hər ikisini sakitləşdirməyə çalışmışdır. Lakin həmin şəxs söyüşlər söyməyinə davam etmişdir, onun arxasınca gələrək mobil telefon vasitəsilə özünə kömək çağırmışdır. Səs-küyə küçəyə çıxan digər qonşular da həmin şəxsi tanıyıb, onu həmin şəxsdən və köməyə çağırdığı şəxslərdən uzaqlaşdırmışlar və problem çıxmaması üçün onu “111” saylı sərnişin avtobusuna əyləşdirib, yola salmaq istəmişlər. Həmin şəxs onun arxasınca gəlib avtobusu saxlatdırmış, sürücüyə qapıları açdırıb onu zorla çölə çıxartmış və əllərindən tutub saxlamışdır. Qəflətən “VAZ-21074” markalı avtomobil ilə həmin şəxsin köməyinə gələn təxminən 3-4 nəfər isə onun üstünə gələrək sifət və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurmağa başlamışlar. O, özünü müdafiə etməyə çalışsa da bir nəticəsi olmamış və yerə yıxılmışdır. Elə bu zaman ikinci avtomobil də yanlarına yaxınlaşmış və içərisindən təxminən 2-3 nəfər düşüb onun üstünə gəlmişlər. Onlardan birinin əlində beysbol taxtası var imiş və onların hər biri onu döyməyə başlamışlar. Təxminən 10 dəqiqə sonra həmin ətrafda yaşayan və səs-küyə çıxan sakinlər onu onların əlindən almışlar və onları kənara uzaqlaşdırmışlar. O, mobil telefon vasitəsilə qaynı Fərzəndəyə zəng vuraraq onu buradan aparmasını xahiş etmişdir. Bir qədər sonra qaynı Fərzəndə həmin yerə gələrək onu yaşadığı evə aparmışdır. Axşam saatlarında bədənində ağrıların çox olduğunu görüb yaşadığı ünvana təcili tibbi yardım briqadası çağırmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, onunla mübahisə edən şəxsləri o, əvvəlcədən tanımırmış, həmin şəxsləri ilk dəfə idi ki, görürmüş, bundan əvvəl onlarla heç bir münasibəti, ədavət və yaxud düşmənçiliyi olmamışdır. Onlar mübahisə edən zaman orada onlardan başqa üzlərini xatırlamadığı bir neçə şəxs olmuşdur. Onların aralarında baş verən mübahisə təxminən 3-5 dəqiqə arası davam etmişdir. Talehin evinin qarşısında Zərərçəkmiş şəxs onu vurmamış, ancaq söyüş söyüb, o isə Rövşəni əvvəl itələyib, sonra isə sifətindən bir yumruq vurmuşdur. 111-№-li avtobus dayanacağında isə Rövşən yanına gələn şəxslərlə birlikdə onu döyüb xəsarət yetirmişlər, orada o, heç kimi vurmamış, ancaq özünü müdafiə etməyə çalışmışdır. Lakin Rövşən və yanındakı adamlar onu döymüşlər. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 05.12.2021-ci il tarixdə saat 16 radələrində onun evindən bir az aralıda yaşayan Taleh adlı şəxsin ev ünvanına getmişdir. Bir müddət əvvəl Taleh ondan onun üçün iş tapmağını xahiş etmişdir. O, Talehin yaşadığı ev ünvanına çatıb sonuncunun yaşadığı evin darvazasını döydükdə, həyətdən “hoy” deyə kişi səsi eşitmişdir. Həmin səsdən sonra Talehin həyat yoldaşı Hökümə «kimdir» deyə soruşduqda o, zarafatla “İvan Petrovdu” deyə səslənmişdir. Təxminən bir dəqiqə sonra 40-45 yaşlarında bir kişi qapını açaraq «kimsən nə istəyirsən, İvan nədir» deyə bərk səslə onu təhqir etməyə başlamışdır. O, həmin kişidən kimliyi barədə soruşduğunda həmin şəxs ona ev yiyəsi olduğunu bildirmişdir. Daha sonra həmin şəxs həyətdən küçəyə çıxaraq ona qarşı nalayiq ifadələr işlədib sifət nahiyyəsindən yumruqla vurmuşdur. Həmin şəxs onu vuran zaman Talehin qonşusu Eminin qardaşı orada avtomobilini təmizləyirmiş. Həmin şəxs onu təhqir edib vurduqdan sonra, oranı tərk edib 111 nömrəli avtobusa tərəfə gedib avtobusa əyləşmişdir. O, avtobusun qarşısına keçərək əlini avtobusun üzərinə qoyub sürücüdən həmin şəxsi düşürtməsini tələb etmişdir. Avtobus sürücüsü həmin şəxsi avtobusdan düşürdükdən sonra yenidən aralarında dava-dalaş başlamışdır. Həmin vaxtı o, həmin şəxsə yumruq və təpik vurmuşdur. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o, adını sonradan Aslan kimi tanıdığı şəxslə dava-dalaş edərkən onun yanında həmin vaxt heç kim olmayıb. Onlar mübahisə etdikdən təxminən iki-üç dəqiqə sonra hadisə yerinə qardaşı Qalib, qardaşının oğlu Ramin və öz oğlu Elşən gəlmişlər və sonuncular gəldiklərində onların aralarındakı mübahisə artıq bitmişdir. Onlar mübahisə edən zaman orada onlardan başqa üzlərini xatırlamadığı bir neçə şəxs olmuşdur. Talehin evinin qarşısında Aslan onun sifət nahiyyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. 111-№-li avtobus dayanacağında isə o, Aslanla dalaşaraq sonuncuya xasarət yetirmişdir. Davalar zamanı qarşılıqlı söyüş söymüşlər. Onların aralarında baş verən mübahisə təxminən 3-5 dəqiqə arası davam etmişdir. Etdiyi əməldən səmimi peşmançılıq keçirir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və hal-hazırda heç bir yerdə işləmir. X5 onun həyat yoldaşıdır, birgə nikahlarından 2 övladları var. Mahiyyəti üzrə bildirmək istəmişdir ki, onlarla yaxın ətrafda qonşuluqda yaşayan Rövşən adlı şəxs əvvəllər onun həyat yoldaşı Taleh ilə birlikdə fərdi tikintilərdə işləmiş, bəzən Rövşən öz avtomobili ilə gedərkən yolüstü Talehi də aparmış, bəzən də kafelərdə içki məclislərində onunla birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs həm onun, həm də həyat yoldaşı Talehin uzaq qohumudur. Aslan onların hər köməyinə çatır, hər zaman onlara baş çəkərək nəyəsə ehtiyacları olub-olmaması ilə maraqlanır. Belə ki, 05.12.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində Aslan həmişə olduğu kimi baş çəkmək üçün onların yaşadıqları ünvana gəlmişdir. Həmin zaman Taleh otağın qapısının açar kilidi sıradan çıxdığı üçün onunla məşğul imiş. Aslan da Talehə köməklik etmək qərarına gəlmiş və Talehdən onun yaşadığı ünvana gedib pul götürməklə həmin açar kilidini almasını istəmişdir. Taleh Aslanın sözü ilə evdən çıxaraq kilid almaq üçün getmiş və təxminən 2-3 dəqiqə sonra evin həyət darvazasının möhkəm şəkildə döyüldüyünü, kişi səsilə “Aç qapını” qışqırıqlarını eşitmişlər. Onlar səsə evin həyətinə çıxmışlar. O, “kimdi?” deyə qapını döyən şəxsə səslənmişdir. Qapının arxa hissəsindən “İvandı” deyə cavab gəldikdə, o, birdə “kimdir axı qapını sındırır?” sualını vermişdir. Bu dəfə həmin şəxs “Petrovdu, sənə deyirəm qapını aç!” deyə yüksək səslə cavab vermişdir. Aslan buna əsəbiləşib özü qapını açmış və o, görmüşdür ki, qapını döyən Rövşən adlı şifahi tanıdığı həmin şəxsdir. Aslan Rövşəndən nə istədiyini, nə üçün qapını sındırdığını soruşmuşdur. Rövşən “mən bu evin ağsaqqalıyam, sən kimsən burda? mən səni birinci dəfədir görürəm” deyə Aslana sual vermişdir. Aslan isə Rövşənə “bu evin ağsaqqalı mənəm, bu ailənin çətin günlərində mən bunlara dəstək olmuşam, sən hardan çıxdın?” deyəndə, Rövşən Aslana nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Aslan Rövşənin söyüşlərinə əsəbiləşib sonuncunun yaxasından tutaraq qapıdan çölə çıxartmış və “get, rədd ol burdan!” deyib kənara itələmişdir. Lakin Rövşən daha da nalayiq ifadələrlə Aslanın özünün və ailəsinin ünvanına söyüşlər söyməyə davam etmiş və Aslan həmin zaman Rövşəni sağ əli ilə sifətinə yumruq vurmuşdur. Elə bu vaxt yaxınlıqda öz avtomobili ilə məşğul olan qonşuları Emin onları birbirindən ayıraraq hər ikisini sakitləşdirməyə çalışmış və “xahiş edirəm, evimin qarşısında söyüşlər söyüb, dava-dalaş salmayın” deyə öz etirazını bildirmişdir. Lakin Rövşən söyüşlər söyməyinə davam etmiş, Aslanın arxasınca gələrək mobil telefon vasitəsilə özünə kömək çağırmışdır. Səs-küyə küçəyə çıxan digər qonşular da Rövşəni Aslandan uzaqlaşdırdılar və onunla birlikdə problem çıxmaması üçün Aslanı “111” saylı sərnişin avtobusuna əyləşdirib, yola salmaq istmişlər. Rövşən isə Aslanın arxasınca avtobusa tərəf gedib avtobusu saxlatdırmışdı, sürücüyə qapıları açdırıb Aslanı zorla çölə çıxararaq əllərindən tutub saxlamışdır. O, dəfələrlə Rövşənin qarşısını kəsib, bir şey etməməsi üçün Rövşəndən xahiş etsə də Rövşən ona məhəl qoymayaraq öz hərəkətlərini davam edirmiş. Qəflətən qara rəngli “VAZ-21074” markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi minik avtomobil ilə Rövşənin köməyinə gələn Rövşənin qardaşı Qalib adlı şəxs, Rövşənin oğlu Elşən adlı şəxs və bir neçə nəfər tanımadığı şəxslər avtomobildən düşərək Aslanın üstünə gəlib onu döyməyə başlamışlar. O, həmin şəxslərin Aslanı döyməməsi üçün özünü qarşıya versə də heç bir nəticəsi olmamışdır. Elə bu zaman ikinci avtomobil də həmin yerə yaxınlaşmış, içərisindən Rövşənin qardaşı oğlu Ramil və tanımadığı digər 2-3 nəfər düşüb Aslanı vurmağa başlamışdılar. Qeyd etmişdir ki, Elşən avtomobildən düşərkən əlində beysbol taxtası var idi və o, həmin taxta ilə Aslanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. O, əlacsız qalıb qışqıraraq ətrafda yaşayan digər qonşuları çağırmışdır və qonşular onunla bir yerdə Aslanı onların əlindən alıb kənara uzaqlaşdırmışlar. Aslan bir hasarın kənarına çəkilərək mobil telefon vasitəsilə qohumuna zəng vuraraq Aslanı buradan aparmasını xahiş etmişdir. Bir qədər sonra Aslanın qohumu həmin yerə gələrək Aslanı yaşadığı evə aparmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, bundan əvvəl onlarla heç bir münasibəti, ədavət və yaxud düşmənçiliyi olmamışdır. Həmin zaman yaşanmış münaqişə ümumilikdə təxminən 10-15 dəqiqə müddətində davam etmiş və hadisəni kənardan təxminən 10-a yaxın qonşuları görmüşlər. Hətta həmin qonşular onları bir-birilərindən ayırıb, Aslanı onların əlindən almaqda ona köməklik göstərmişlər. Baş vermiş hadisə nəticəsində o, özü heç bir xəsarət almamışdır, onlar tərəfindən ona heç kəs xəsarət yetirməmişdir. Aslanı döyən şəxslər ona və qonşularına heç bir müqavimət göstərməmişlər, sadəcə olaraq onların Aslanı döyməmələri çağırışlarına fikir verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. O, Lökbatan qəsəbəsində paltar mağazasında satıcı işləyir. 05.12.2021-ci il tarixdə saat 17:30 radələrində evə gəlmişdir. Evə çatanda evdə atası Aslanın uzandığını, həmçinin sifət və bədən nahiyələrində xəsarətlərin olmasını görmüşdür. O, atasından nə baş verdiyini soruşduqda atası ona xalası qızı Höküməgildə təmir işləri görən zaman küçədən kişi səsinin gəldiyini, həmin kişinin bərkdən xalası qızı ilə danışdığını eşitməsi səbəbilə küçəyə çıxıb həmin şəxslə aralarında münaqişə baş verdiyini ona bildirmişdir. Daha sonra həmin şəxsin Rövşən adlı olduğunu, həmçinin onunla bərabər dörd nəfər şəxsin atasını döydüyünü ona bildirmişdir. O, dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə bu barədə bildirmişdir. Daha sonra onları Qaradağ RPİ-nin 10-cu PB-nə çağırıb atasının izahatını almışdılar. Sonradan atasından ona məlum olmuşdur ki, atasını Rövşən və qardaşı döyüb, hətta Rövşən adlı şəxsin qardaşı atasını beysbol taxtası (bita) ilə vurmuşdur. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və hal-hazırda Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsinin daxilində işləyən “111” saylı sərnişin avtobusunun sürücüsüdür. Mahiyyəti üzrə bildirmək istəyir ki, o, 05.12.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində idarə etdiyi sərnişin avtobusu ilə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən son dayanacaqda interval müddəti üzrə dayanıb gözləmişdir. Belə ki, həmin vaxt 3 nəfər tanımadığı şəxslər təlaşla idarə etdiyi avtobusa yaxınlaşaraq onlardan birini sərnişin qismində əyləşdirib ondan təcili olaraq buradan uzaqlaşmağını xahiş etmişlər. O, həmin şəxslərə etiraz etməyərək idarə etdiyi sərnişin avtobusunun mühərrikini işə salıb yola düzəlmişdir. Bir neçə metr irəliləmişdi ki, həmin ərazidə yaşayan, şifahi və üzdən tanıdığı bir şəxs idarə etdiyi sərnişin avtobusunun qarşısını kəsərək əli ilə salonda olan sərnişini düşürməyini tələb etmişdir. O, əvvəlcə təkid etsə də həmin şəxs ona “Ya mənim üstümdən keçəcəksən, ya da o adamı aşağı düşürdəcəksən” deyib qarşısına seçim qoymuşdur. O, bir problem yaşanmasından qorxaraq məcburən idarə etdiyi avtobusun qapılarını açmışdır və həmin şəxs salonda olan sərnişini zorla avtobusdan düşürüb döyməyə başlamışdır. Bundan sonra həmin əraziyə daha bir neçə nəfər tanımadığı şəxslər də gələrək həmin şəxsi döyməyə başlamışdılar. Əvvəlcədən avtobusa yaxınlaşan digər şəxslər isə dava-dalaşa mane olmağa çalışır, onları bir-birindən ayırırdılar. O, interval müddəti yubandığı üçün artıq orada qalmayıb marşrut xətti üzrə öz yoluna davam etmişdir. Üzərində mobil telefonu olmadığından bu barədə polisə məlumat verə bilməmişdir. Suallara cavab olaraq Şahid1 göstərmişdir ki, ifadəsinin əvvəlində qeyd etdiyi kimi, o, yalnız idarə etdiyi sərnişin avtobusunun qarşısını kəsən şəxsi, yaxın ətrafda yaşayanları üzdən tanıyır. Bundan başqa hadisə vaxtı orada olan şəxslərlə şəxsən tanışlığı yoxdur, yalnız həmin ərazinin sakinləri olduqlarını bilir. Lakin, həmin münaqişədən əvvəl avtobusa minən sərnişini onun ətrafında olan şəxslər Aslan deyə, avtobusun qarşısını kəsən şəxsi isə Rövşən deyə çağırırdılar. Qalan münaqişədə iştirak edən şəxslərin adlarını bilmir, lakin onları görsə üzdən tanıya bilər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 10 dekabr 2021-ci il tarixli 886- №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – üst çənədə soldan İ mərkəzi kəsici dişin, alt çənədə sağdan İ mərkəzi kəsici dişin travmatik zəif laxlamaları ilə müşayiət olunan alt dodağın selikli qişasına qansızma və əzilmiş yarası, sağ yanaq nahiyyəsinin və boynun ön səthinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 05.12.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İşdə olan 15 dekabr 2021-ci il tarixli «baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs və digərləri bir tərəfdən, Təqsirləndirilən şəxs digər tərəfdən aralarında baş vermiş münaqişənin hadisə yeri Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci küçədə yerləşən 76 ünvanının qarşısı və həmin ünvanın yaxınlığında yerləşən «Transformator yanı» adlanan ərazidə olan 111-№-li sərnişin daşıma avtobuslarının dayanacağının yanıdır. Hadisə yerinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerində iş üçün əhəmiyyətli olan hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan tələbnamədən və Qaradağ rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20 faiz məbləğdə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 01.06.2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 24 dekabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 26 dekabr 2021ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma tətbiq edilməməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 900 (doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-129/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-129/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver