Məhkəmə qərarları › İş №1(002)-129/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-129/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-129/2024 27.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerlərinə qanunsuz daxil olub özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 09:20-da ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını qoparmaqla plastik pəncərəni güc tətbiq edib açarla açaraq mənzilə qanunsuz daxil olub mənzilin elektrik naqillərini, 2 ədəd qapı dəstəyini, 2 qablaşdırmada döşəmə lakı və 2 qablaşdırma dolğu məmulatını, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 600 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 aprel 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı həyət evinə daş hasardan tullanmaqla qanunsuz daxil olaraq evin pəncərəsinin qırıq vəziyyətdə olan dəmir barmaqlığını əyməklə əli ilə pəncərəyə mexaniki təsir göstərərək pəncərəni açıb evə daxil olaraq evin qonaq otağında olan dolabın üstündəki şəffaf şüşə qabın içərisində Zərərçəkmiş şəxs3 məxsus 1000 manat məbləğində pulu gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs1 Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən yardımçı tikilisinin qapısının qıfılını sındıraraq saxlanc yeri olan həmin tikiliyə qanunsuz daxil olub oradan dəyəri 150 manat olan bir ədəd qaynaq aparatı və dəyəri 30 manat olan bir ədəd samovarı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 180 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərənin şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 130 manat dəyərində 1 ədəd su qızdırıcısını, 600 manat dəyərində 1 ədəd “LG” markalı kondisioneri, 200 manat dəyərində bir ədəd plastik qapını və ümumi dəyəri 30 manat olan 4 ədəd 4x0,15-lik qaz borusunu, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 960 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evin pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqları dəmir parçası ilə sındıraraq qanunsuz daxil olaraq oradan ümumi dəyəri 2000 manat olan iki ədəd televizoru, ümumilikdə Zərərçəkmiş şəxs7 məxsus 2000 (iki min) manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 Qaradağ rayonu, Puta qəsəbəsi, ev 89 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində olan bir ədəd “Beko” markalı televizoru, 50 manat dəyərində olan bir ədəd antena aparatını, 100 manat dəyərində olan bir ədəd “DVD” oxuducusunu, 300 manat dəyərində olan bir ədəd “Panasonic” markalı mikrodalğalı sobanı və 200 manat dəyərində olan bir ədəd “Samsung A01” markalı mobil telefonu, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 850 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20:30-də Zərərçəkmiş şəxs6 yaşadığı Qaradağ rayonu, Puta qəsəbəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd 700 manat dəyərində olan “LG” markalı televizoru, bir ədəd 1000 manat dəyərində olan “Lenovo” markalı notbuk kompyuteri, 2575 manat məbləğindəki nağd pulu, ümumi dəyəri 1700 manat olan içərisində bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı olan dəsti, eləcə də ümumi dəyəri 850 manat olan iki ədəd qızıl üzüyü, 75 manat dəyərində olan bir ədəd masa örtüyünü və 25 manat dəyərində olan bir ədəd hamam dəsmalını, ümumilikdə Zərərçəkmiş şəxs6 məxsus 6900 manat dəyərində əmlakı gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra növbəti dəfə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb ediləcəyindən ehtiyatlanaraq xırda-xırda oğurluqlar etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs5 Qaradağ rayonu, Puta qəsəbəsi, ev 89 ünvanında yerləşən fərdi yaşayış evinin işıqlarının sönülü olduğunu görmüş oraya pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq 200 manat dəyərində olan bir ədəd “Beko” markalı televizoru, 50 manat dəyərində olan bir ədəd antena aparatını, 100 manat dəyərində olan bir ədəd “DVD” oxuducusunu, 300 manat dəyərində olan bir ədəd “Panasonic” markalı mikrodalğalı sobanı və 200 manat dəyərində olan bir ədəd “Samsung A01” markalı mobil telefonu, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 850 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərəyə bərkidilmiş dəmir barmaqlıqları dəmir parçası ilə sındırmış, qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs7 məxsus ümumi dəyəri 2000 manat olan iki ədəd televizoru gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. O, qeyd etmişdir ki, bu 2 epizoddan başqa ittiham aktında onun tərəfindən törədilmiş kimi qeyd olunmuş əməlləri etməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs6 məxsus evdən oğurlanan 2500 manat dəyərində olan qızılların bir hissəsi onları oğurlayan şəxs tərəfindən ona sənədi olmadığından verilmiş və o da pul qrşılığında öz adından lombarda qoymuşdur, lakin həmin şəxsin adını bildirməmişdir. Həmin qızıllardan bir qismi Zərərçəkmiş şəxs6 qaytarılmışdır. O, tutularkən polis əməkdaşları tərəfindən ağır işgəncəyə və şiddətə məruz qaldığından ittiham aktında qeyd olunan bütün əməllərin onun tərəfindən törədildiyini etiraf etmişdir. Həmin vaxt müxtəlif xəsarətlər alsa da onları vizual müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs4 məxsus evdə oğurluq hadisəsi baş verən gün isə o, Ağdam rayonu, Evoğlu kəndində işğaldan azad olunmuş ərazilərdə işləmiş, idarə etdiyi nəqliyyat vasitəsi ilə inzibati xəta törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə 50 manat inzibati cərimə olunmuşdur. Həmin hadisə günü Bakı şəhərində olmamışdır. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Sevdiyar oğlunu və onların yaşadığı ünvanları tanımır, Zərərçəkmiş şəxs3 onun qonşusudur və etiraf etdiklərindən savayı cinayət əməli törətməmişdir. Hadisə yerlərinə baxış zamanı cinayət əməllərinin onun tərəfindən törədilməsini etiraf etməsini, törədilmə hallarını zərərçəkmiş şəxslərin iştirakı zamanı izah etməsini polis əməkdaşları tərəfindən yenidən döyülməsindən qorxması ilə əlaqədar olduğunu bildirmişdir. O, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər hallar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 20:15-də yaşadığı evdən çıxıb Puta qəsəbəsində yaşayan digər qızının yaşadığı ünvana qonaq getmiş, təqribən 1 saat orada vaxt keçirdikdən sonra saat 21:25-də evə qayıtmışdır. Yaşadığı evə daxil olarkən yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, yaxınlaşıb pəncərəni bağlamaq istəyən zaman pəncərəyə bərkidilmiş dəmir barmaqlıqların yerdə olduğunu görmüşdür. Bundan sonra dərhal digər yataq otağına keçmiş və həmin otaqdakı dolablarda olan paltarların yerə dağıdıldığını aşkar etmiş, daha sonra qonaq otağında olan əşyaların da dağıdıldığını, divanın əks tərəfə çevrildiyini müəyyən etmiş, lakin heç bir əşyaya toxunmadan dərhal ailə üzvlərinə məlumat verib, evdən çıxmışdır. Sonra evində baş vermiş oğurluq hadisəsi barədə “102” xidməti mərkəzinə məlumat vermiş və Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları oraya gələrək evə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, evdən 700 manat dəyərində olan bir ədəd “LG” markalı 82 ekran televizor, ümumi dəyəri 1700 manat olan içərisində bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğa olan dəst, dəyəri 850 manat olan iki ədəd qızıl üzük, dəyəri 1000 manat olan bir ədəd “Lenovo” markalı notbuk, bir ədəd dəyəri 50 manat olan örtük, dəyəri 25 manat olan bir ədəd hamam dəsmalı, qonaq otağında yerləşən divanın baza hissəsində olan 2500 manat nağd pul və pul kisəsində olan 75 manat nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6900 manat məbləğində maddi ziyan vurulmuşdur. O, öz ifadəsində son olaraq vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus ünvan 6 ünvanında yerləşən fərdi evdən oğurluq hadisəsi baş vermişdir. Uzun müddətdir ki, həmin ünvanda yaşamadığından oğurluq hadisəsi barədə xx.xx.2023-cü il tarixdə saat 21:30-də oğlu ona zəng edərək evlərində baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. O da həmin evə gəlmiş və hadisə barədə polisə məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə evə daxil olarkən məlum olmuşdur ki, evin plastik pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz olaraq evə daxil olunaraq oradan 1 ədəd 130 manat dəyərində olan su qızdırıcısını, 600 manat dəyərində olan LG markal kondisioneri, 200 manat dəyərində olan 1 ədəd plastik qapını və 4 ədəd hər biri 4 metr olan 15 mm diametrlik ümumi dəyəri 30 manat olan qaz borular oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 960 manat maddi ziyan vurulmuşdur. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi ilə əlaqədar onun evinə gətirilərkən evə hansı formada daxil olması, oğurlanmış əşyaları haradan və necə götürməsi barədə ona ünvanladığı sualları cavablandıra bilməmişdir. O, evindən oğurluq etmiş şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı binanın qarşısında əmək alətlərini saxlamaq məqsədi ilə yardımçı tikili tikmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində yardımçı tikiliyə yaxınlaşan zaman qapının qıfılının sındırıldığını görmüş, içəri daxil olduqda ona məlum olmuşdur ki, oradan ona məxsus 1 ədəd 150 manat dəyərində qaynaq aparatı və 1 ədəd 30 manat dəyərində olan samovar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 180 manat məbləğində ziyan vurulmuş, vurulmuş ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hərbiçi işlədiyinə görə ünvan 8 ünvanında yerləşən evinə ayda bir dəfə baş çəkir. Sonuncu dəfə 12 iyun 2023-cü il tarixdə saat təxminən 20 radələrində evinə gələrkən yataq otağının pəncərəsinin dəmir barmaqlarının kəsildiyini görmüş, evə daxil olduqda evdən oğurluq edildiyini, evdə olan elektrik naqillərinin, 2 ədəd qapı dəstəyinin, 2 ədəd 20 kiloqramlıq dolğu materialının və 2 ədəd 20 kiloqramlıq lak materialının oğurlandığını aşkar etmiş və bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, evdə olarkən təqsirləndirilən şəxs hadisə yerinə baxış üçün gətirilmiş, evə necə daxil olduğunu və əşyaları hardan götürdüyünü dəqiq qeyd etmişdir. Təqsirləndirilə şəxs hadisə yerinə baxış keçirilməsi üçün gətirilərkən onun üzərində hər hansı xəsarət görməmişdir. Ona vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə ailəsi ilə birlikdə Biləsuvar rayonu, Təzəkənd kəndinə getmiş və 27 aprel 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsindəki ünvana qayıtdıqda evə daxil olarkən pəncərədəki barmaqlığın pəncərədən aralı olduğunu görmüşdür. Daha sonra evdəki dolabın sol tərəfində olan şüşə qabın qapağının dolabın üstündə olduğunu görmüşdür. Qaba baxdıqda qabın içində olan 1000 manat pulun oğurlandığını aşkar etmiş və hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisə yerinə baxışa polis əməkdaşları gətirərkən o, işdə olmuş, arvadı isə evdə olmuş, arvadının ona bildirdiyi məlumata görə Təqsirləndirilən şəxs pulun götürüldüyü şüşə qabın olduğu yeri doğru göstərmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını, hazırda şikayətçi olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, ünvan 10 ünvanında yerləşən bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evində tək yaşayır. xx.xx.2023-cü il tarixdə işdən evə qayıdan zaman həyətə daxil olarkən evin giriş qapısının solunda yerləşən pəncərənin şüşəsinin sındırıldığını aşkar etmişdir. Daha sonra evin giriş qapısını açarla açmaq istəyən zaman qapının arxadan kilidləndiyini görmüş buna görə evə sındırılmış pəncərədən daxil olmuşdur. Evə daxil olduqdan sonra qonaq otağına keçmiş və televizorun yerində olmadığını aşkar etmişdir. Bundan sonra başa düşmüşdür ki, evdən oğurluq edilmişdir. Bu barədə dərhal “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Bir qədər sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər və evə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman evdən Zərərçəkmiş şəxs5 məxsus 200 manat dəyərində olan bir ədəd “Beko” markalı televizorun, 50 manat dəyərində olan bir ədəd antena aparatının, 100 manat dəyərində olan bir ədəd “DVD” oxuducusunun, 300 manat dəyərində olan bir ədəd “Panasonic” markalı mikrodalğalı sobanın və 200 manat dəyərində olan bir ədəd “Samsung A01” markalı mobil telefonun oğurlandığını aşkar edilmişdir. Zərərçəkmiş şəxs5 baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 850 manat məbləğində ziyan vurulduğunu qeyd etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs7 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, barəsində məcburi gətirmə barədə qərar çıxarılmasına baxmayaraq, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs7 göstərmişdir ki, ünvan 11 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində tək yaşayır. xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında yaşayan qızının yanına qonaq getmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 Lökbatan qəsəbəsində yaşayan bacısı X4 ilə telefon əlaqəsi saxlayan zaman sonuncudan Puta qəsəbəsində yerləşən evinə nəzarət etmək üçün baş çəkməsini xahiş etmişdir. Kifayət Rüstəmova bacısı Zərərçəkmiş şəxs7 Puta qəsəbəsində yerləşən evinə baş çəkməyə getdiyi zaman isə oradan oğurluq edilməsi barədə zərərçəkmişə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs7 məxsus evdən iki ədəd markasını dəqiq bilmədiyi televizor naməlum şəxslər tərəfindən oğurlanmışdır. Cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs7 2000 manat məbləğində ziyan vurulmuşdur. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan qərardan görünür ki, fakta görə CMnin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 15-ci vərəqəsində olan baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus evdən oğurladığı Samsung A01 markalı mobil telefonu və Zərərçəkmiş şəxs6 evindən götürdüyü bir cüt qızıl sırğa ilə bir ədəd üzərində kulonu olan qızıl boyunbağını təqdim etmiş və ondan götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 29-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə həmin tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 89-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2-ci və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 91-92-ci vərəqələrində olan 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan olunmuşdur. (saat 11:10) Cinayət işinin 1-ci cildinin 109-112-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 122-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* statistik nömrəsi altında istintaqın aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 151-152-ci vərəqələrində olan 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 161-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməklə cinayət işinin istintaqı ********* statistik nömrəsi altında istintaqın aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 190-191-ci vərəqələrində olan 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 203-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qaərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməklə cinayət işinin istintaqı ********* statistik nömrəsi altında istintaqın aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 244-245-ci vərəqələrində olan 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 2-ci cildinin 5-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməklə cinayət işinin istintaqı ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 2-ci cildinin 45-46-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 73-74-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 2-ci cildinin 125-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli alğı-satqı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 252 əyarlı 2 üzük, onlardan biri qırıq olmaqla təqdim etmiş və ona 285 manat ödəniş edilmişdir. Cinayət işinin 2-ci cildinin 138-139-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli 3-16-16/2- 6/6484-9/9746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatın tərkibi, əyarı və digər göstəriciləri (damğası, adları və s..) Cədvəl 1-də göstərilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilən zərgərlik məmulatlarının 2023-cü ilin noyabr ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 856 manat, digər tədqiqata təqdim edilən 1 ədəd qara rəngli “Samsung Galaxy A01 Core” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla qiyməti 70 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri Cədvəl 2-də göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 137-ci vərəqəsində olan materialların məhkəməekspertizası, məhkəmə fiziki-kimyəvi ekspertizası, məhkəmə iqtisad ekspertizası xərcinə dair bildirişdən görünür ki, keçirilmiş tədqiqatın dəyəri 128,00 manat təşkil edir. Cinayət işinin 2-ci cildinin 163-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir nəfər kişi cinsli şəxsin üzərində qara rəngli uzun çadra ilə Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış mənzilinin hasarına yaxınlaşması, hasarından içəri boylanması və sonra isə hasardan aşaraq həyətə daxil olması öz əksini tapır. Videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qeyd olunan videogörüntüdə olan şəxsin onun özü olduğunu bildirmişdir. Diskdə olan fotoşəkillərə baxış keçirilən zaman fotoşəkillərin kamera qurğusundan çəkildiyi aşkar olunur. Fotoşəkillərdəki şəxsin üzərində qara rəngli şalvar və köynək olduğu, əllərində əlcək olması görünür. Həmin fotoşəkillər eyni istiqamətdə olan kamera qurğusundan götürülmüşdür. Fotoşəkillərdə əks olunan şəxsin xarici əlamətləri iş üzrə Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşdüyü aydın şəkildə görünür. Təqsirləndirilən şəxs baxış zamanı bildirdi ki, videogörüntüdəki və fotoşəkillərdəki şəxs onun özüdür və xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi evdən oğurluq etmək üçün gedən zamana aiddir. Cinayət işinin 2-ci cildinin 164-cü vərəqəsində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 ona 6025 manat maddi ziyan vurulduğunu bildirərək mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin 2-ci cildinin 165-167-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 170-172-ci vərəqələrində olan tələbnamədən və 173-179cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə o, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Cinayət işinin 2-ci cildinin 181-182-ci vərəqələrində olan qəbzlərdən görünür ki, Samsung Galaxy A01 Core markalı mobil telefonu Zərərçəkmiş şəxs5, bir ədəd bir cüt qızıl sırğa və üzərində klon olan bir ədəd qızıl boyunbağını Zərərçəkmiş şəxs6 təhvil almışdır. Cinayət işinin 2-ci cildinin 185-198-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus qızıl zinət əşyalarının alğı-satqı qəbzi maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cildinin 201-203-cü vərəqələrində olan 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun xx.xx.2024cü il tarixli məktubundan və işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10-cu PŞ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı ilə bağlı araşdırma aparılmış və CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs 7 epizoddan 5 epizodu törətmədiyini bildirdiyinə görə təqsirləndirilən şəxsin istifadəsində olmuş və onun adına olan ***-***-**-** saylı mobil nömrənin 01 aprel 2023-cü tarixdən 30 aprel 2023-cü il tarixədək, 01 avqust 2023-cü tarixdən 31 avqust 2023-cü il tarixədək və 01 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək müddət ərzində anten dairələri barədə məlumatların əldə edilməsi ilə bağlı qərar qəbul edilərək "xxxx" MMC-yə göndərilmiş, həmçinin təqsirləndirilən şəxsin qeyd etdiyi digər hallarla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Tərtər-Ağdərə ərazisinə girişi ilə bağlı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə icazələr alınmışdır. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin məktubu ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydasını pozduğuna görə barəsində EQ 16424960 nömrəi inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış məktubla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs telefonunun anten dairəsi xx.xx.2023 18:43:29-a qədər Ağdam rayonu, Evoğlu kəndində, xx.xx.2023-cü il tarixdə 19:04:18-dən 20:26:52-ə qədər Ağcabədi rayonu ərazisində, xx.xx.2023 cü il tarixdə 20:36:59-dan 20:54:45-ə qədər Ağdam rayonu, Quzanlı kəndində, xx.xx.2023-cü il tarixdə 21:43:57-dən 22:29:44-ə qədər Yevlax rayonu, Ağdaş rayonu və Ucar rayonu istiqamətində, xx.xx.2023-cü il tarixdə 22:55:56-dan 22:59:57-ə qədər Kürdəmir rayonunda, xx.xx.2023-cü il tarixdə 23:41:33-dən 23:49:54-ə qədər Hacıqabul rayonunda, xx.xx.2023-cü il tarixdə 00:30:27-də Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 22-ci km-də, xx.xx.2023-cü il tarixdə saat 00:55:28-dən 02:16:48-ə qədər Qaradağ rayonu, Puta qəsəbəsində, xx.xx.2023-cü il tarixdə 02:28:20-də Lökbatan ATS ünvanında, xx.xx.2023cü il tarixdə 02:31:33-də Binə TM-3, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolayrıcının şimal-qərb hissəsində, xx.xx.2023-cü il tarixdə 02:35:57-dən 02:36:15-ə qədər Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi, 14-cü km-də, xx.xx.2023-cü il tarixdə 02:51:00-dan Bakı-Salyan şossesi, Sahil qəsəbəsi, xx.xx.2023-cü il tarixdə 03:01:46-da Bakı şəhər, Qaradağ rayonu, Salyan şossesi 47-ci km, xx.xx.2023-cü il tarixdə 05:52:09da Ağdaş rayonu, Eymur kəndindən başlayaraq Ağdam rayonu istiqamətində getmişdir. Beləliklə təqsirləndirilən şəxs Ağdam rayonunun Evoğlu kəndində olduğunu bildirdiyi gün oradan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş və 24 avqust 2024-cü il tarixdə gecə saatlarında oğurluq hadisəsinin baş verdiyi Qaradağ rayonu, Puta qəsəbəsində olmuş, həmin gecə təkrar Ağdam rayonuna geri dönmüşdür. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə doğulmuş, ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə baxmayaraq, oğurluq etmədiyi epizodlara dair verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq və daha yüngül cəzaya nail qalmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bildiyini qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq yəni özgənin əmlakını gizli olaraq talama cinayətini təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbayan Respublikası Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Qərarında məhkumluq institutunun mahiyyəti barədə qeyd olunmuşdur ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 49 iş saatı hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 294 (iki yüz doxsan dörd) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə verilmiş mülki iddiaya münasibətdə bildirir ki, mülki iddia Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsi nəzərə alınaraq MPM-in 150.2.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, cinayət işi materialında mülki iddia barədə ərizə, eyni zamanda Zərərçəkmiş şəxs6 ibtidai istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə mülki iddiaçı kimi tanınması barədə qərarın olmasına baxmayaraq, ərizəyə dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə edilməmiş, həmçinin məhkəmə istintaqı dövründə (çıxışlaradək) həmin qəbz təqdim olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 məxsus qızıl zinət əşyalarının alğı-satqı qəbzi iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A01 Core” markalı mobil telefon üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs5, bir cüt qızıl sırğa, eləcə də üzərində klon olan bir ədəd qızıl boyunbağının iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınsın. 03 ədəd DVD disk iş materialında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 məxsus qızıl zinət əşyalarının alğı-satqı qəbzi iş materiallarında saxlanılsın. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A01 Core” markalı mobil telefon üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs5, bir cüt qızıl sırğa, eləcə də üzərində klon olan bir ədəd qızıl boyunbağının iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınsın. 03 ədəd DVD disk iş materialında saxlanılsın. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 294 (iki yüz doxsan dörd) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar