Məhkəmə qərarları › İş №1(002)-13/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-13/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-13/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Meyvəli TM-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, “Sahil şadlıq sarayı yaxınlığında kirayə yaşamış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 06:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-nin ərazisindəki avtomobil dayanacağında dayanmış Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapısının açıq olmasından istifadə edib avtomobilin salonunda günlük hissəsində olan sonuncuya məxsus 880 manat pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 880 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2022ci il tarixdə təxminən saat 05:30 radələrində Meyvəli TM-nin içərisində avtomobil dayancağında boz rəngli “Ford Tranzit” markalı avtomobilin dayandığını görmüşdür. Təxminən 5-10 dəqiqə ərzində avtomobilin ətrafına nəzarət etmiş, sahibinin olmadığını gördükdə sürücü tərəfdən qabaq qapının açıq olub-olmamasını yoxlayarkən nəqliyyat vasitəsinin qapısının açıq olduğunu görmüşdür. O, avtomobilin içərisində axtarış aparmış, avtomobilin günlüyünü aşağı əyəndə günlükdə təxminən 600-700 manat arası pulun olduğunu görüb həmin pulları oradan götürmüşdür. Daha sonra Meyvəli TM-ni tərk edərək taksi vasitəsilə Sədərək TM-də yerləşən Qlobus hotelə getmiş, həmin hoteldə otaq götürərək ora yerləşmişdir. Oğurladığı pulları sayarkən cəmi 609 manat olduğunu görmüşdür. Daha sonra Sədərək TM-də yerləşən kafelərin birinə getmiş, orada yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra o, taksi vasitəsilə 20 Yanvar metrostansiyanın qarşısına gedərək oradakı mobil telefon satılan mağazaların birindən oğurladığı pulun 200 manatına 01 ədəd Samsung A12 markalı mobil telefon almışdır. Daha sonra 20 Yanvar metrostansiyanın yaxınlığındakı kafelərin birində bir qədər pivə içmişdir. Təxminən saat 12:00 radələrində Qlobus hotelə geri qayıtmış və orada gecələmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində qaldığı otağın qapısı döyülmüş, qapını açarkən polis əməkdaşları olduqlarını görmüşdür. Polis əməkdaşları ona avtomobildən pul oğurlanmasında şübhəli olduğunu, bu səbəbdən onlarla Qaradağ RPİnin 10-cu PB-yə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə 10-cu PB-yə getmiş, orada etdiyi oğurluq cinayətini səmimi olaraq etiraf etmiş, 10-cu PB-də könüllü olaraq oğurladığı puldan qalıq qalmış 133 manat pulu və Samsung A12 markalı mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Ford Transit markalı avtomobildən 609 manat pul oğurlamışdır. Zərərçəkmiş şəxsin 880 manat pulunun oğurlanması barədə məlumat verməsinin səbəbini başa düşmür. Bildirir ki, o, 10cu PB-də də Ford Transit markalı avtomobildən oğurladığı puldan qalıq qalmış 133 manat pulu və oğurladığı pulun 200 manatına aldığı Samsung A12 markalı mobil telefonu ibtidai istintaqa təqdim etmiş, qalan pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Ford Transit markalı avtomobildən oğurluq edərkən onu kimsə görməmişdir. O, izahatında göstərdiyi cinayət əməlindən başqa cinayət əməli törətməmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, “Vətən müharibəsi”ndə iştirak edərək medallarla təltif olunmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, atasına məxsus Ford Transit markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-dən topdan olaraq meyvə-tərəvəz alıb həmin avtomobilə yükləyərək Xəzər rayonuna aparıb satmaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə idarə etdiyi Ford Transit markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə növbəti dəfə Meyvəli TM-yə gəlmişdir. Təxminən saat 05:20-də avtomobili dayanacaqda saxlayaraq meyvə-tərəvəz almaq üçün pul götürmüş, 880 manat pulu isə avtomobilin günlük hissəsinə qoymuş və meyvə-tərəvəz almağa getmişdir. Təqribən 40 dəqiqə sonra, saat 06:00 radələrində avtomobilinə yaxınlaşıb qapını açarkən qapının açıq olduğunu, 880 manat pulunun isə qoyduğu yerdə olmadığını görmüşdür. Avtomobilinin qapısını açarla bağlamağı unutduğunu, naməlum şəxs tərəfindən isə 880 manat pulununun oğurlandığını başa düşmüş, avtomobilin qapısında və ya şüşəsində hər hansı zədə olmamışdır. Daha sonra 10-cu PB-yə gedərək pulunun oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Ford Transit markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış, 20, 10 və 5 manatlıq pul əskinazlarında olan 880 manat pul ona məxsus olmuşdur. İdarə etdiyi Ford Transit markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobildən başqa bir əşya oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 25-ci vərəqəsində olan 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:20-də tutulmuşdur. Cinayət işinin 44-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 78-82-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, 133 manat pul və Samsung A12 markalı mobil telefon maddi sübut kimi tanınmış, Samsung A12 markalı mobil telefon məhkəmə hökmünə qədər saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 133 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs Ford Tranzit markalı ** XK *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanında dayanmasını əks etdirən 01 ədəd videogörüntü və 01 ədəd foto əlavə edilmiş DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmışdır. Cinayət işində olan Qaradağ rayon məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(002)- 246/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun olduğu yer müəyyən edilərkən dərhal Qaradağ rayon məhkəməsinə gətirilməsi qərara alınmış, onun olduğu yer müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Cinayət işində olan Qaradağ rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(002)-246/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məhkəməyə gələrək, iltizamı imzalamış bu səbəbdən cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işində olan Qaradağ rayon məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(002)-246/2022 nömrəli hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan Qaradağ rayon məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(002)-246/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarış elan edilməklə tutulması və saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi, o, tutulub məhkəməyə təqdim edilənədək icraatın dayandırılması qərara alınmışdır. Cinayət işində olan 17 noyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir. Cinayət işində olan Qaradağ rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(002)- 246/2022 nömrəli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 1 azyaşlı övladının olmasını “Vətən müharibəsi”ndə iştirakını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, onun 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək tutma altında, 17 noyabr 2022-ci il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cinayət-hüquqi xarakterli tədbir, cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 133 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut Samsung A12 markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalı və iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 150 (bir yüz əlli) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək tutma altında, 17 noyabr 2022-ci il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu cəmi 01 ay 27 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 133 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra Qaradağ RPİ-də saxlanılan Samsung A12 markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 150 (bir yüz əlli) manat məbləğində, məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar