Məhkəmə qərarları › İş №1(002)-13/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-13/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-13/2025 03.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 16-cı km-də Qazax rayonu istiqamətində yolun sol kənarında yerləşən Zərərçəkmiş şəxs-nin hasara alınmayan ərazisinə yaxınlaşıb oradan həmin şirkətə məxsus 250 kq təşkil edən 4000 manat dəyərində təmiz mis metalını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 10 ildir ki, Zərərçəkmiş şəxs-nin qonşuluğunda yerləşən və onun qohumuna məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 16-cı km-də Qazax rayonu istiqamətində yolun sol kənarında yerləşən mülki obyektdə mühafizəçi işləməklə ailəsi ilə birlikdə orada yaşayır. Onun mühafizəçi işlədiyi obyektin rəhbəri tərəfindən həmin ərazidə onlara məxsus olan və torpaqdan traktor vasitəsilə çıxarılmış köhnə kabellər, balaca dəmir qırıntılarının və digər dəmir məmulatlarının toplanmasına və satılmasına icazə verilmişdir. Odur ki, o, mis və dəmir qırıntıları taparaq müəyyən müddət aralıqlarında metal qəbulu məntəqələrinə təqdim edərək dolanışığını təmin etmişdir. Onun mühafizəçi kimi işlədiyi obyektlə Zərərçəkmiş şəxs arasında ərazi ilə bağlı münaqişə mövcud olmuşdur. O, öz ərazisindən dəmir və kabel qırıntıları yığaraq əksər vaxtlarda Şahid2 məxsus metal qəbulu məntəqəsinə təqdim edərək gəlir əldə etmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaq tərəfindən verilmiş ittihamla və məbləğlə razı deyil. Arvadının səhəti ilə bağlı dərman vasitələrinə zərurət yarandığından 05 fevral 2024-cü il tarixdə axşam üstü taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 zəng etmiş, topladığı dəmir və mis qırıntılarını təhvil vermək üçün ona məxsus avtomobildə aparmaq istədiyini bildirmişdir. 2 ədəd torbaya yığdığı dəmir və mis qırıntılarını Şahid1 avtomobilinə yükləmiş “Abşeron Port” Logistika mərkəzinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə gətirmişdir. Həmin məntəqənin sahibi Şahid2 ondan gətirdiyi mis metalının oğurluq yolu ilə əldə olunub-olunmamasını soruşmuş, o da özünün yığdığını bildirmişdir. Sonuncu ondan şəxsiyyət vəsiqəsinin surətini götürmüş və həmin vəsiqənin surətinin arxa hissəsinə gətirdiyi mis metalının oğurluqla əldə etməməsini öz xətti ilə qeyd etmişdir. Bundan sonra 2 ədəd torbada olan dəmir məmulatları çəkilmiş və 90 kq olduğu müəyyən edilmişdir. Buna görə İqbal ona 900 manat pul ödəmişdir. Daha sonra çarpaz dindirmə zamanı əlavə olaraq bildirmişdir ki, yol haqqı olaraq Şahid1 20 manat, əlavə olaraq da borc kimi 180 manat pul vermişdir. Həmçinin onun təqdim etdiyi dəmir, metal, kabel qırıntılarından əlavə onlar torpaqdan çıxdığına görə qarışımda torpaq da olmuş və ona görə çəkisi ağır gəlmişdir. O, əvvəl də metal qırıntıları toplayaraq satmış və fərqli məbləğlərdə gəlir əldə etmiş, lakin əvvəl 900 manat məbləğində gəlir əldə etməmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə MMC-nin direktorundan üzrxahlıq etməsinin səbəbi uzun illərdən bəri onların ərazisinə qonşuluqda ailəsi ilə yaşaması və işləməsi ilə bağlı olmuşdur. Onun yaşadığı və işlədiyi ərazisinin sahibi ilə Zərərçəkmiş şəxs-nin rəhbərliyi arasında olan ixtilaf (konflikt) səbəbindən ərazidə baş vermiş oğurluqda onu günahlandırmışlar. Arvadının səhhətində baş verən ağırlaşma səbəbindən ona təcili dərman vasitələri alınması zərurəti yaranmış və o, axşama doğru topladığı dəmir və mis qırıntalarını satmaq qərarına gəlmişdir. Şahid1 tanıyır, o, Zərərçəkmiş şəxs-də sürücü, əlavə olaraq isə taksi kimi fəaliyyət göstərir. X,A.Bəyələyivə verdiyi 200 manat pulun 20 manatı yol haqqı 180 manatı isə borc olmuşdur. Daha sonra oğurluq etmədiyini, lakin himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs-nin baş mühasibatçısı vəzifəsində işləyir. İşlədiyi Zərərçəkmiş şəxs şirkəti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 16-cı km-də Qazax rayonu istiqamətində yolun sol kənarında yerləşir. Şirkətdə təmir bərpa işləri görüldüyü üçün müxtəlif növ ölçülü kabellər alınmış və istifadə edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin kabellərin kəsilərək ayrılmış 250 kq çəki təşkil edən hissəsi şirkətin hasara alınmayan ərazisində saxlanılmış, həmin gün oğurlanmış və xx.xx.2024-cü il tarixdə 250 kq kabellərin naməlum şəxs tərəfindən oğurlanması onlara məlum olmuşdur. Oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs-yə 4000 manat ziyan vurulmuşdur. Oğurluq hadisəsini törətmiş şəxsləri videogörüntüyə baxarkən faralarını söndürmüş avtomobilin onlara məxsus əraziyə qonşu olan obyektə sübh tezdən daxil olduğunu müəyyən etmişlər. Həmin avtomobilin sürücüsünü müəyyən etdikdən sonra onun Təqsirləndirilən şəxs çağırışına gəldiyini öyrənmişlər. Əlavə olaraq bildirmişdir ki, ərazidən oğurlanmış mis kəsilmiş və rulon şəkildə toplanmış kabellərdən ibarət olmuşdur. Bundan əlavə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməsə də Zərərçəkmiş şəxs-nin rəhbərliyi onun maddi çətinliklərini, eyni zamanda peşmanlığını və üzrxahlıq etməsini nəzərə almış və onu bağışlamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun “Mercedes-Benz-190” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobillə taksi kimi fəaliyyət göstərir. O, ara sıra idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 16-cı km-də yerləşən şirkətlərə, o cümlədən Zərərçəkmiş şəxs-yə daş, qum və s. daşımış və həmin ərəfədə Təqsirləndirilən şəxs tanımışdır. xx.xx.2024-cü il tarixdə günortadan sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub mühafizəçi işlədiyi yerə avtomobili ilə gəlməsini xahiş etmiş və o, həmin əraziyə getmiş, orada gözləmiş, sonuncu bağlanmış vəziyyətdə olan 2 ədəd kisənin əvvəlcə birini, sonra digərini onun avtomobilinə yerləşdirmiş və o, Təqsirləndirilən şəxs “Abşeron Port” Logistika mərkəzinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə gətirmişdir. Yolda gedərkən söhbət əsnasında Təqsirləndirilən şəxs vəziyyətinin çətin olduğunu və uşağının xəstə olduğunu bildirmiş ondan borc istəmişdir. Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsindən çıxaraq ona 20 manat yol haqqı və 180 manat borc olmaqla ümumilikdə 200 manat pul vermişdir. Lakin, o, sonuncunu yaşadığı və ya digər ünvana geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona oğurluq barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Abşeron Port” Logistika mərkəzinin yaxınlığında metal qəbulu məntəqəsi işlədir. Əvvəllər dəfələrlə metal və digər dəmir məmulatları gətirmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə metal qəbulu məntəqəsində olan zaman yenidən gəlmiş, həmin vaxt sonuncu özü ilə torbalara yerləşdirilmiş metal və dəmir qırıntılarından ibarət qarışımı gətirmiş, Təqsirləndirilən şəxs həmin malların oğurluq yolu ilə əldə edilib-edilməməsini soruşmuş, Təqsirləndirilən şəxs isə bildirmişdir ki, həmin metalları özü ərazidən toplamışdır. O, həmin torbadakı metal və dəmir qırıntılarından ibarət qarışımı çəkdikdə 90 kq olması müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini tələb etmiş, sonuncu da şəxsiyyət vəsiqəsinini təqdim etmiş və şəxsiyyət vəsiqəsinin surətinin arxasına öz xətti ilə gətirdiyi mis metalının oğurluq olmamasını yazmışdır. O da 90 kq mis metalına görə Təqsirləndirilən şəxs 900 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə Qaradağ RPİ-nin əməkdaşları onun işlətdiyi metal qəbulu məntəqəsinə yaxınlaşıb Təqsirləndirilən şəxs ona metal satıb-satmadığını soruşmuş, o, da qeyd olunanları polis əməkdaşlarına bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CMnin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 35-36-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 47-48-ci vərəqələrində olan 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş hüquqi şəxs, Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 54-55-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 71-73-cü vərəqələrində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Cinayət işinin 68-70-ci vərəqələrində olan nikah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə X5 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2017-ci il tarixdə X1 və xx.xx.2019cu il tarixdə X2 doğulmuşlar. Cinayət işinin 81-83-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli götürmə haqqında qərardan və həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs mis metalını qəbul edərkən sonuncunun şəxsiyyət vəsiqəsinin surətini götürmüş, Təqsirləndirilən şəxs həmin vəsiqənin surətinin üzərinə “Gətirdiyi mis metalı oğurluq deyil” sözlərini yazaraq imza etmişdir. Şahid2 həmin vəsiqənin surətini istintaqa təqdim etmiş və tərəfimdən protokolla götürülmüşdür. Həmin şəxsiyyət vəsiqəsinin surətinə baxış keçirilən zaman müəyyən edildi ki, şəxsiyyət vəsiqəsinin surəti Təqsirləndirilən şəxs məxsus olmaqla vəsiqənin alt hissəsindən “Gətirdiyim mis metalı oğurluq deyil” sözlərini yazmaqla imza etmişdir. Cinayət işinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edildiyindən o, məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyul 2024cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməsə də barışıq əldə edilmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona yüngül cəza verilməsi xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi özünümüdafiə məqsədli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə istintaqı dövründə şahid ifadələri və təqsirləndirilən şəxsin özünün ifadəsi nəticəsində müəyyən edilmişdir ki, o, əvvəllər də metal vasitələri toplayıb satsa da həmin satışlardan 900 manat mənfəət əldə etməmişdir. Bu səbəbdən onun satdığı həmin mis qırıntılarının dəyərsiz və lazımsız əşya kimi obyektin ərazisində dağıdılmış vəziyyətdə olması az inandırıcıdır. Eyni zamanda məhkəmə vurğulamaq istəyir ki, təqsirləndirilən şəxs torbalara yığdığı qırıntıları toplama və əldə etmə üsulları barədə iclaslarda müxtəlif fikirlər söyləmişdir. O, bəzi hallarda onları torpağın altından qazıb çıxardığını bildirsə də, bəzi hallarda isə kənarda toplanmış vəziyyətdə olan metal (mis) qırıntılarını götürmək və sataraq əldə etdiyi gəlirdən faydalanmaq icazəsinin zərəçəkmiş hüquqi şəxsin rəhbərliyi tərəfindən ona verildiyini qeyd etmişdir. Bu hal isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təsdiqlənməmişdir. Bundan əlavə o, ailə üzvlərinin dərman vasitələrinə yaranmış ehtiyaclarını qarşılamaq məqsədilə torbalara yığdığı metal (mis) məmulatlarını satdığını qeyd etdiyi halda, taksi sürücüsü olan şahidin ifadəsi zamanı əldə etdiyi məbləğdən ona da 200 manat pul verdiyi, eyni zamanda həmin sürücünü əvvəllər tanımadığını qeyd etdiyi halda sonuncunun onunla əvvəldən tanış olması və yük maşını ilə oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs-yə ara-sıra yük daşıdığı müəyyən edilmişdir. Göründüyü kimi bu barədə məlumatı saxlamaqla törətdiyi əməli gizlətməyə çalışmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin verdikləri ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talayaraq oğurluq törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 240 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 240 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar