Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-131/2023 13.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 22 avqust 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən X3 məxsus evdən ümumilikdə 4690 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etdikdən sonra həmin cinayət əməlinə görə məhkum olunmadığı və ya cinayət məsuliyyətindən azad olunmadığı halda özgə əmlakını təkrarən talamaq məqsədilə 09 mart 2018-ci il tarixdə təxminən saat 12 radələrində X2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən evinin pəncərəsini açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağındakı yataq dəstinin altından 230 manat dəyərində 1 ədəd qızıl üzüyü, 280 manat dəyərində 1 ədəd qızıl üzüyü və otaqda stulun baş tərəfinə asılmış qadın üst geyiminin cibindən 50 qəpiklik dəmir pullar olmaqla, 24 manat təşkil edən nağd pulu, ümumilikdə X2 məxsus 534 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, 2010-cu il tarixdə Azərbaycan Texniki Universitetinin əyani fakultəsinə daxil olmuş və 2012-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə getmiş, 2013-cü ilin iyul ayında hərbi xidmətdən təxris oluqdan sonra təhsilini davam etdirməyə başlamışdır. 2018-cı ildə ali təhsilini başa vuraraq “SOCAR” yanacaqdoldurma məntəqəsində iş fəaliyyətinə başlamışdır. Bundan sonra “SOCAR” şirkətində 2022-ci ilin avqust ayına qədər müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Texniki Universitetində ali təhsil aldığı zaman dərslərdən kəsrləri olmuşdur. Buna görə də o, 2016-cı ildən 2018-ci ilədək olan müddət ərzində həmin kəsrləri vermək və dərslərdə yenidən iştirak etmək üçün dövlətə qəbzlərlə ödənişlərini edib imtahanları yenidən vermişdir. 09 mart 2018-ci il tarixdə təxminən saat 12 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə hal-hazırda yadında olmayan iş üçün getmişdir. O, həmin qəsəbədə N.Nİftəliyev küçəsində olan zaman orada bir həyətin qapısının üzərində qıfıl olduğunu görmüş və həmin zaman oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o, ətrafa baxdıqda heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin evin hündür olmayan hasarından həyətə atlamışdır. Həyətə daxil olduqdan sonra evin qabaq hissəsində olan taxta materialından olan pəncərəsinin kiçik şüşə hissəsini sındırıb əlini içəri tərəfə salaraq pəncərəni açmış və evə daxil olmuşdur. O, evə daxil olduqda qarşısına otaq çıxmışdır. O, otaqda olan çarpayının üzərində olan yataq dəstini qaldırdıqda oradan 2 ədəd qızıl üzük görmüş və həmin üzükləri götürərək evdən çıxmaq istədikdə oturacağın baş tərəfində səhv etməmişsə qadın üçün olan isti paltarın cibinin sallandığını görmüşdür. O, həmin paltarın cibinə baxdıqda orada 50 qəpik dəmir pullar olan ümumi məbləği 24 manat təşkil edən pulu götürərək evə daxil olduğu kimi də evi tərk etmiş və hasardan küçəyə baxaraq heç kimin olmadığına əmin olduqdan sonra hasardan küçəyə tullanaraq adi yerişlə oradan uzaqlaşaraq magistral yolun kənarına gəlmişdir. O, həmin gün magistral yoldan keçən tanımadığı avtomaşına əl edərək saxlatmış və əyləşərək Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə adlanan qəsəbəyə gəlmişdir. Orada yolun kənarında olan hal-hazırda isə yerində “Bravo” supermarket tikilmiş yerdə lombarda öz şəxsiyyət vəsiqəsi ilə girov qoyaraq 230 manat pul almış və oradan uzaqlaşmışdır. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında yaşayış evi olmuşdur. Həmin evdə onun həyat yoldaşı yaşasa da ev ona məxsus olmuş və hərdən həmin evdə də yaşamışdır. 09 mart 2018-ci il tarixdə təxminən saat 09 radələrində həyat yoldaşı ilə birlikdə işə getmək üçün evdən çıxmışdır. Həmin gün təxminən saat 17 radələrində işdən evə gəldikdə evin həyət pəncərəsinin şüşəsinin bir hissəsinin sındırılaraq həmin pəncərənin açıldığını və naməlum şəxsin evə daxil olub yataq otağından yataq dəstinin altından ona məxsus 1 ədəd dəyəri 230 manat olan qızıl materialından üzüyü, 01 ədəd dəyəri 280 manat olan qızıl materialından üzüyü, bundan sonra qonaq otağında stulun baş hissəsinə asılmış qadın isti paltarının cibindən 50 qəpiklik dəmir pullar olmaqla cəmi 24 manatın oğurladığını aşkar etmişdir. Bundan sonra o, Qaradağ RPİ-nin 11-ci PB-nə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. O, xx.xx.2018-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət etdikdən bir müddətdən sonra 60 manat nağd pulu evdən tapmışdır. Lakin o, pulu tapdıqdan sonra vaxtı olmadığından bu barədə polis əməkdaşlarına müraciət etməmişdir. Ona həmin oğurluq nəticəsində 534 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 yanvar 2023-cü il tarixli 23/64 saylı rəyindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçalarının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izləri xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin otağından naməlum şəxs və ya şəxslər yataq dəstinin altından 1 ədəd qızıl materialından hazırlanmış üzüyü, 1 ədəd qızıl materialından hazırlanmış üzüyü və otaqda stulun baş tərəfinə asılmış qadın üst geyiminin cibindən isə 24 manatı 50 qəpiklik dəmir pullar olmaqla nağd pulu oğurlamışlar. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus əmlakının oğurlaması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş üzrə hadisə yerindən götürülmüş əl barmaq izlərinin müqayisəli təhlili zamanı müəyyən olunmuşdur ki, həmin hadisəni 22 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu ev 10-da yaşayan və qeydiyyatda olan, Təqsirləndirilən şəxs törətmişdir. Cinayət işində olan 30 yanvar 2023-cü il tarixli müstəntiqin «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 oktyabr 2015-ci il tarixdə törədilmiş oğurluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibi rədd edilsə də həmin tarixdə ona həmin cinayət nəzərə alınmaqla yenidən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı öz rəyində Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.2-ci maddəsinin tərkibi olmasına baxmayaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin hissədə ittihamdan imtina etdiyini bildirmiş və bununla əlaqədar göstərmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə istintaqı yekunlaşmışdır. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ildə törətdiyi oğurluq hadisəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı barəsində cinayət işinin icraatına xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsi əsasında müstəntiqin eyni tarixli «sübutların qiymətləndirilməsi barədə» qərarı ilə CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad olunmasına baxmayaraq, müstəntiqin eyni tarixli «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarında Təqsirləndirilən şəxs 2015-ci il tarixdə törətdiyi oğurluq cinayətinə görə cinayət məsuliyyətindən azad olunmadığı göstərilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yanaşı əsassız olaraq oğurluq cinayətinin təkrar törədilməsi kimi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Həmin Məcəllənin 75.1.2 və 75.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina edilməlidir və cinayət işi üzrə cinayət təqibi CM-nin 177.2.3-cü maddəsi ilə davam etdirilməlidir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 84.6.9-cu maddəsinə görə bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Bu səbəbdən rəyə gəlmişdir: Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən imtina edilsin və onun barəsində cinayət təqibi CM-nin 177.2.3-cü maddəsi ilə davam etdirilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinin tələbindən aydın olur ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlini etiraf edərək peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 09 yanvar 2023-cü il tarixdə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmiş, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımlarla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu, ev 10 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-131/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-131/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver