Məhkəmə qərarları › İş №1(002)-131/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-131/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-131/2024 12.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırki üş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 06.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” topdansatış bazarının içərisində dayanmış vəziyyətdə olan “Mercedes” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan Zərərçəkmiş şəxs1 məxsus 1000 manat dəyərində “Redmi 13 Lite” markalı mobil telefonu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 04.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinin İİ Sektorunda dayanmış vəziyyətdə olan “Ford-Transit” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan Zərərçəkmiş şəxs2 məxsus 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 200 manat dəyərində 1 ədəd “Samsung A11” markalı mobil telefonu, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 205 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 15.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin 1A sırasının 7 saylı korpusunda yerləşən 168 nömrəli geyim əşyaları satılan mağazada satıcının digər müştərilərlə söhbət etməsindən istifadə edib Zərərçəkmiş şəxs3 məxsus mağazada masanın üzərindən 20 manat dəyərində, ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan 250 manat dəyərində 1 ədəd “Redmi 10A” markalı mobil telefonu, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 270 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 12.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulmuş dayanacağında dayanmış vəziyyətdə olan “Mercedes-Sprinter” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan Zərərçəkmiş şəxs4 məxsus 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 150 manat dəyərində 1 ədəd “Samsung A10” markalı mobil telefonu, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 155 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 14.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulmuş dayanacağında dayanmış vəziyyətdə olan “Ford-Transit” markalı, **-ZY- *** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan Zərərçəkmiş şəxs5 məxsus 20 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan 450 manat dəyərində 1 ədəd “Samsung A52” markalı mobil telefonu, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 470 manat dəyərində əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli ticarət mərkəzinin içərisində olan “Şah Çərəz” topdan satış mağazasında masanın üzərində olan 1000 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə sentyabr ayının sonlarında yaşadığı Hacıqabul şəhərindən tanımadığı taksi avtomobilinə əyləşib Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” bazarına gəlmişdir. Orada sırada dayanmış maşınların yanından keçərkən Mercedes markalı avtomobilin dayandığını görmüşdür.Həmin avtomobilə yaxınlaşaraq içərisində bir nəfərin yatdığını görmüş, avtomobilin pəncərəsi açıq olduğundan, əlini pəncərədən içəri salıb bir ədəd mobil telefonu oğurlayıb oradan uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra oğurladığı mobil telefonu “Əcəmi” dairəsi adlanan yerdə 40 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 2023-cü ilin dekabr ayının sonlarında Meyvəli bazarında “Ford Transit” markalı avtomaşının dayandığını görüb həmin avtomaşına yaxınlaşmışdır. Avtomaşına daxil olmadan sürücü tərəfdə durub avtomaşının salonuna baxdıqda bir nəfər şəxsin yatdığını görmüşdür. Salona nəzər saldıqda avtomaşının sürətlər qutusunun yanında 1 ədəd mobil telefon görmüşdür. Avtomaşının pəncərəsi yarı açılmış vəziyyətdə olduğu üçün əli ilə salonda olan mobil telefonu oğurlayıb oradan uzaqlaşmışdır. Həmin mobil telefonu “Əcəmi” dairəsi adlanan yerdə 40 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 2024-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində gəlmiş və geyim əşyaları satılan mağazaya daxil olmuşdur. Mağazada satıcının olmadığını görmüşdür və ətrafa nəzər yetirdikdə masanın üzərində mobil telefon görmüşdür. Daha sonra gizlincə həmin telefonu götürüb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Həmin yerdən oğurladığı mobil telefonu “Əcəmi” dairəsi adlanan yerdə 50 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayının ortalarında yenidən “Sədərək” Ticarət Mərkəzində gəlmişdir. Sədərək Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulmuş dayanacağında olan zaman Mercedes-Sprinter markalı avtomobilin sürücüsünün avtomobildə təmizlik işləri gördüyünü müəyyən etmişdir. Həmin sürücü avtomobilin arxasına keçən zaman avtomobilin salonunda olan 1 ədəd mobil telefonu götürüb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Həmin yerdən oğurladığı mobil telefonu “Əcəmi” dairəsi adlanan 30 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayının sonlarında yenidən “Sədərək” Ticarət Mərkəzində gəlmişdir. Sədərək Ticarət Mərkəzinin avtomobillər üçün nəzərdə tutulmuş dayanacağında olan zaman Ford Transit markalı avtomobilin salonunda sürətlər qutusunun üzərində mobil telefon aparatı görmüşdür. O, avtomobilin qapısını əli ilə yoxladıqdan sonra qapının açıq olduğunu görüb avtomobilin salonunda olan 1 ədəd mobil telefonu götürüb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Həmin yerdən oğurladığı mobil telefonu “Əcəmi” dairəsi adlanan yerdə 60 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayının sonlarında “Meyvəli” Ticarət Mərkəzində gəlmiş, çərəz satılan mağazaya daxil olmuşdur və içəridə satıcının olmadığını gördükdən sonra masanın üzərində mobil telefon görmüşdür. Həmin 1 ədəd mobil telefonu götürüb cibinə qoymuşdur və oradan uzaqlaşmışdır. Həmin yerdən oğurladığı mobil telefonu “Əcəmi” dairəsi adlanan yerdə 50 manata tanımadığı şəxsə satmışdır.Törətdiyi əməldən peşmandır.Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəyə bilmir.Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonunun Seyfəli kəndindən idarə etdiyi avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Meyvəli ticarət mərkəzinə gəlmişdir. Axşam saatları olduğundan, həmçinin uzun yol gəldiyi üçün özünü yorğun hissə etmişdir və bu səbəblə idarə etdiyi avbtomobildə yatmaq qərarına gəlmişdir. Avtomobilin pəncərəsi açıq vəzəiyyətdə olmuşdur. Səhər saatlarında yuxudan oyanan zaman özünə məxsus olan Redmi 13 markalı mobil telefonun avtomobilin ön şüşəsinin qarşısına qoyduğu yerdə aşkar etməmişdir. Avtomobili nə qədər axtarsa da özünə məxsus olan mobil telefonu tapa bilməmişdir. Daha sonra həmin mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını təxmin etmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət-tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Sədərək” Ticarət Mərkəzinin 1A sırasında yerləşən 168 nömrəli mağazanı icarə əsasında işlədir. Mağazada qadın geyimləri satır. 03 yanvar 2024-cü il tarixdə səhər saatlarında Sədərək ticarət mərkəzinə gəlib mağazanı açmışdır. Günorta radələrində mağazadan çıxıb qonşu mağazaya daxil olmuşdur. Həmin vaxt özünə məxsus “Redmi” markalı mobil telefonu mağazada olan stolun üstündə olmuşdur. Mağazaya qayıtdığı zaman mobil telefonunun masanın üzərində olmadığını görmüşdür. Telefonunu axtarsa da tapa bilməmişdir və artıq ona məlum olmuşdur ki, o, mağazadan çıxıb qonşu mağazada olduğu vaxt naməlum şəxs mağazaya daxil olub mobil telefonunu oğurlamışdır.Bundan sonra o, telefonunun oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir.Ona dəymiş ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsdən vurulmuş ziyanı tələb edir. Müdafiə tərəfi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, ticarətlə məşğuldur. O, Quba rayonundan müxtəlif növ meyvələri alıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinə gətirib satışı ilə məşğuldur. 22 dekabr 2023-cü il tarixdə Qubar rayonundan Xurma meyvəsini Almaz adlı şəxsin idarə etdiyi “Ford-Transit” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinin İİ sektorunda yer götürüb həmin maşını orada yerləşdirmişdir. Bundan sonra avtomobilin sürücü Almaz adlı şəxs çıxıb getmişdir, o, isə Xurma meyvəsini satmaqdan ötrü avtomobildə qalmışdır. 23 dekabr 2023-cü il tarixdə saat 03:20 radələrində özünə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A11” markalı mobil telefonunu avtomaşının salonunda olan elektrik panelinin üzərinə qoymuşdur və avtomaşının sol qapısının pəncərəsini yarıya kimi endirib avtomaşında yatmışdır. Təxminən saat 06:00 radələrində yuxudan duran zaman telefonunun olmadığını aşkar etmişdir və bir qədər telefonunu axtarsa da tapa bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobildə yatan zaman naməlum şəxs ona məxsus mobil telefonunu oğurlamışdır. Bundan sonra o, telefonunun oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, sürücü işləyir. Özünə məxsus “Mercedes-Sprinter” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtomobili var. Həmin avtomobillə Hacıqabul rayonundan müştəriləri idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə gətirir. Daha sonra həmin müştəriləri Hacıqabul rayonuna aparır. Gətirdiyi müştəriləri gözləmək üçün idarə etdiyi “Mercedes-Sprinter” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtomobilini Sədərək Ticarət Mərkəzinin avtomobilləri saxlamaq üçün nəzərdə tutulmuş dayanacaqda saxlayır. 18 yanvar 2024-cü il tarixdə təxminən saat 09 radələrində Hacıqabul rayonundan çıxıb Sədərək Ticarət Mərkəzinə müştəriləri gətirmişdir. Daha sonra o, avtomobilini dayanacaqda saxlamışdır. Artıq saat 12 radələri olan zaman dayanacaqda avtomobilinin müştərilər əyləşən salonunu təmizləməyə başlayarkən həmin vaxt ona məxsus üzərində ***-***-**-** nömrə olan Samsung A 10 markalı mobil telefonu avtomobilin sürətlər qutusunun yanında qoymuşdur. Avtomobilinin qapıları isə açıq vəziyyətdə olmuşdur. Avtomobilin qabaq tərəfinə keçib salonu təmizləmək istəyən zaman telefonunun yerində olmadığını görmüşdür. Bundan sonra o, telefonunu axtarsa da tapa bilməmişdir və mobil telefonunu naməlum şəxs başının qarışıq olmasından istifadə edərək oğurladığını müəyyən etmişdir. Bundan sonra o, telefonunun oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, sürücü işləyir. Özünə məxsus “Ford-Transit” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Müəyyən vaxtlarda avtomobillə müştərilərin sifarişləri əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzindən Bakı şəhərinin müxtəlif ünvanlarına yük daşıyır və bunun müqabilində yol haqqını alaraq qazanc əldə edir. 25 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Sədərək ticarət mərkəzinə gəlib avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqda idarə etdiyi “Ford-Transit” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini saxlamışdır. Həmin vaxt ona məxsus 1 ədəd Samsung A 52 markalı mobil telefonunu avtomobilin salonuna qoymuşdur. Təxminən 1 saat sonra avtomobilinin yanına qayıtdıqda avtomobilə əyləşdikdən sonra özünə məxsus 1 ədəd Samsung A 52 markalı mobil telefonunun salonda olmadığını görmüşdür. O, mobil telefonunu axtarsa da tapa bilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, avtomobili dayanacaqda saxlayıb getdikdən sonra naməlum şəxs avtomobilin salonundan mobil telefonunu oğurlamışdır. Həmin mobil telefonunun üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olmuşdur. Bundan sonra telefonunun oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində yerləşən “Şah Çərəz” quru meyvələrinin topdan satışı mağazasında satıcı kimi işləyir. 26 yanvar 2024-cü il tarixdə həmin ünvanda işdə olan zaman özünə məxsus olan Redmi Note 8 markalı mobil telefonu enerji yığması üçün soyuducunun üzərinə qoymuşdur. Həmin tarixdə saat təxminən 12 radələrində mağazaya məhsul gəldiyi üçün başının qarışıq olması və bir neçə dəqiqədən sonra ona məxsus olan mobil telefonun yerində olmadığını aşkar etmişdir. Daha sonra mağazada yerləşən videogörüntü kamerası vasitəsilə ona məxsus olan Redmi note 8 markalı mobil telefonun naməlum şəxs tərəfindən soyuducunun üzərindən oğurlanmasını müəyyən etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə saat 09.30 –da təqsirləndirilən şəxs qismində dindirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan kompakt diskin daxilindəki 1 ədəd video fayla məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, 22 saniyə davam edən videogörüntünün 10-cu saniyəsində orta boylu, əynidə qara gödəkçə, başında papaq və belində çanta olan zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs çərəz məmulatlarının yığıldığı dükana daxil olur və qutunun üzərində olan mobil telefonu götürərək oradan uzaqlaşır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Mikayılov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs ona Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra iki il keçmədən yenidən qəsdən az ağır cinayət əməli törətmişdir.Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə müəyyən olunmuş tutma altında olduğu 02 (iki) gün və hazırkı iş üzrə tutma altında olduğu olduğu 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın əvvəlindən, yəni 13 avqust 2024-cü il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası ilə hazırki cəza ilə qismən toplanılmaqla ona 03 (üç) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 04 (dörd) gün nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzasının əvvəli 13 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar