Məhkəmə qərarları › İş №1(002)-132/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-132/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-132/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Güzdək qəsəbəsi, Sovxoz evində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 4-cü massiv, nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavodunun yaxınlığında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qəsdən əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs sol qol nahiyəsinə bir dəfə, yumruğu ilə sifət nahiyəsinə bir dəfə, sillə ilə boyun nahiyəsinə bir dəfə zərbə vuraraq zərərçəkmişə burun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında sıyrığı, burun tənəffüsünün cüzi pozulması, boyun nahiyəsinin sıyrıqları, sol bazunun əzilmiş yarası ilə nəticələnən səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 4-cü massiv, nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Halhazırda heç bir yerdə işləmir. Təxminən 5 ildir ki, Qaradağ rayonu, Ümid qəsəbəsi yaxınlığında fermada heyvandarlıq fəaliyyəti ilə məşğul olan qardaşına kömək edir, arada heyvanları otlağa çıxardır. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində həmin ərazidə heyvanları otararkən əvvəlcədən tanıdığı Şahid və oğlu Şahin maşını onun yanında saxlamışlar və maşından düşüb ona yaxınlaşmışlar. Doluxan həmin ərazinin ona məxsus olduğunu, nə üçün heyvanları orada otardığını soruşmuşdur. O da cavabında həmin ərazinin kimə məxsus olduğunu bilmədiyini, boş olduğu üçün heyvanları orada otardığını bildirmişdir. O, Doluxanla söhbət edərkən oğlu Şahinin onun arxasından keçərək ona sillə ilə vurmuş, daha sonra Şahin yenə onu yumruqla vurmaq istədikdə onun qolundan tutmuşdur. Bu zaman araya girən Doluxan onu dartmış və əynində olan köynəyi və gödəkçəni cırılmışdır. Həmin vaxt özünü müdafiə etmək üçün əlində gəzdirdiyi ağacdan olan çomaqla bir dəfə Şahinin qolundan vurmuş, bundan sonra Şahin çomağı onun əlindən almaq istədikdə bir dəfə də yumuruqla onun sifət nahiyyəsindən vurmuşdur. Daha sonra Şahinlə Doluxan onun yaxasından tutub yola qədər dartmışlar və Şahin həmin zaman bir dəfə yumruqla sol qaş nahiyəsindən vurmuşdur. Onu yaxasından tutub yolun qırağına qədər gətirmişlər, həmin zaman yoldan keçən nömrəsini bilmədiyi “Niva” markalı avtomobil saxlamış, Doluxanla Şahin həmin maşını görüb onu buraxmışlar. O, həmin “Niva” markalı avtomaşının sürücüsünə yaxınlaşıb zəng etmək üçün telefon istəsə də, Doluxan həmin şəxsə sürüb getməsini və bu problemi özlərinin həll edəcəklərini bildirmişdir. Bundan sonra həmin şəxs maşını sürüb oradan uzaqlaşmış, bir neçə dəqiqə keçdikdən sonra Doluxanla oğlu Şahin də öz maşınlarına əyləşib oradan uzaqlaşıb getmişlər. Onlar getdikdən sonra o, yoldan keçən yük avtomobilini saxlatdırıb əvvəllər tanımadığı şəxsin telefonu ilə qardaşı Nizamiyə zəng vurub bu barədə bildirmiş, qardaşı isə bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o da onlarla Polis Bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla eyni qəsəbədə yaşayır, Elbrusla münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir zaman ədavət və ya düşmənçilik olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən “Norm” sement zavoduna gedən yolun sağ hissəsində yerləşən ailəsinə məxsus boş otlaq sahəsində tanışı Təqsirləndirilən şəxs özünə məxsus heyvanları onlara məxsus boş otlaq sahəsinə keçirərək otardığını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq ona “xahiş edirəm, heyvanlarını bizim otlaq sahəsindən çıxart” demişdir. Bu zaman Elbrus ona “heyvanları çıxartmıram, heyvanlar bu ərazidə otlayacaqlar” demişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmış və Elbrus əlində olan gərməşov ağacı ilə onun sol qol nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o, Elbrusun yenidən vurmaması üçün əlində olan gərməşov ağacını əli ilə tutan zaman Elbrus ani olaraq sifət nahiyəsinə yumruğu ilə zərbələr endirmiş və o, burun nahiyəsindən xəsarət almışdır. Bu zaman hər ikisi əlbəyaxa olmuş, yəni bir-birilərinin paltarlarından əlləri ilə tutmuşlar, Elbrusa gücü çatmadığı üçün Elbrus yenidən əli ilə onun boyun nahiyəsinə sillə vuraraq xəsarət yetirmişdir. Bundan sonra hadisə yerindən təxminən 100 metr aralıda şosse yolda avtomobilində əyləşən atası Doluxan münaqişələrini görüb yanlarına gəlmiş və onları bir-birindən ayıraraq sakitləşdirmişdir. Bundan sonra Elbrus hadisə yerindən uzaqlaşaraq piyada harasa getmiş, o isə yaşadığı evə getmişdir. Yaşadığı evdə olarkən Qaradağ RPİ-nin 38-ci PBdən mobil telefonuna zəng olunaraq izahat vermək üçün polis bölməsinə çağırıldmışdır. Polis bölməsində izahat verərkən Elbrusun ondan polis bölməsinə şikayət ərizəsi yazdığını bilmiş, buna görə də o da Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədə Qaradağ RPİnin 38-ci PB-nə ərizə ilə müraciət etmiş və izahat verəndən sonra xx xxxxxx 2020-ci il tarixdə almış olduğu xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Əlavə olaraq ifadəsində bildirmişdir ki, münaqişə zamanı Təqsirləndirilən şəxs o və atası Doluxan heç bir bədən xəsarəti yetirməmiş, münaqişə zamanı orada özü, Elbrus və sonradan oraya yaxınlaşan atası Doluxandan başqa heç bir şəxs olmamış və aralarındakı münaqişə təxminən 5-6 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və narazılığının olmadığını məhkəmədən nəzərə alınaraq təqsirləndirilən şəxs Elburus Fərəcullayev barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır və bir qəsəbədə yaşayırlar. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində oğlu Şahinlə Qaradağ rayonu, Ümid qəsəbəsinin yaxınlığında “Norm” sement zavodunun yolunda işlətdikləri fermaya gedərkən ailəsinə məxsus ərazidə kənar şəxsin xeyli sayda xırdabuynuzlu heyvan otardığını görmüşlər. Həmin şəxsə yaxınlaşanda qonşuluqlarında yaşayan Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Bu zaman oğlu Şahin maşından düşüb Elbrusa yaxınlaşıb heyvanları onların otlaq sahələrindən çıxarmasını bildirmışdir. Onlardan təxminən 50 metr arası olduğu üçün nə danışdıqlarını eşitməmişdir. Bir qədər söhbət etdikdən sonra oğlu Şahinlə Elbrus aralanmış və Elbrus həmin zaman əlində olan ağac parçası ilə oğlu Şahini vurmuşdur. Şahin ağacdan yapışmaq istədikdə Elbrus onun boynunu qolu ilə sıxıb, yumruq zərbəsi ilə sifət və boyun nahiyələrinə vurmuşdur. O, dava-dalaşı görüb onları ayırmaq üçün maşından düşüb yanlarına qaçmış və onların yanına çatdıqda əynində olan pencəyi çıxarıb Elbrusun itlərini qovaraq onları ayırmışdır. Bundan sonra oğlu Şahini götürüb maşına əyləşdirərək oradan çıxıb getmişlər. Həmçinin ifadəsində bildirmişdir ki, o, Elbrusa ümumiyyətlə toxunmamış və ona heç bir xəsarət yetirməmişdir, yalnız dava etdikləri üçün Şahini onun əlindən alıb onları ayırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 761 saylı rəyindən görünür ki, vət. Ş.D.Zahidovda burun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında sıyrığı, burun tənəffüsünün cüzi pozulması, boyun nahiyəsinin sıyrıqları, sol bazunun əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v 17-18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 760 saylı rəyindən görünür ki, vət. 1993-cü il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. (i.v 17-18); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.29) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 35) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmaı rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs və Şahid barəsində Azərbaycan Respublikası CM-nin 128-ci və 187-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmiş və onun əməlində residivin olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavodunun arxasındakı keçən yol olması nəzərə alınmış, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, baxış protokolları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli, 760 və 761 nömrəli rəyləri və cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 62-67) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan edilməklə surəti təqdim edilmişdir. (i.v 76-77) Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 92-93,94) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs oğlu ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməl və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar