Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-133/2023 07.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol-hərəkət qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:25-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sunny” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun 10-cu km-də Xocasən qəsəbəsi istiqamətində 60 km/saat surətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etmədiyindən idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sağ zolağından sol zolağına idarə etdiyi “ZAZ” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin sağdan Vİİİ, İX, X, Xİ, Xİİ qabırğaların qapalı yerinidəyişmiş sınıqları, dalağın travmatik cırılması, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, sol əlin arxa səthinin, sağ mil-bilək oynağının, sol baldırın və sağ qalça nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin qançırı xəsarətlərindən ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq həmin tarixdə saat 12:20-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verilmiş sualları cavablandırarkən qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yol onun daima hərəkətdə olduğu yoldur. Həmin yol dövlət yol patrul xidmətinin əməkdaşları tərəfindən nəzarətdə olduğu üçün o, nəqliyyat vasitəsini saatda 60 km-lə idarə etmişdir. O, hərəkətdə olarkən “ZAZ” markalı nəqliyyat vasitəsinin hərəkətdə olduğunu görmüş, lakin həmin nəqliyyat vasitəsinin ani şəkildə dönmə əməliyyatı edəcəyini gözləmədiyindən nəqliyyat vasitəsini dayandırmaq, hadisənin qarşısını almaq imkanı olmamışdır. Hadisədən dərhal sonra həyəcanlı olduğu və xəsarət alanların olduğu vəziyyətdən digər vəziyyətə dəyişdirilməsinin onların səhhətinə mənfi təsir göstərəcəyi barədə ətrafda toplaşan insanların səsləndirdikləri fikirlər səbəbindən həmin an bilavasitə köməklik göstərə bilməmişdir. Xəsarət alanlar hadisə yerindən təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılmışlar. Lakin hadisədən sonra zərərçəkmiş şəxsin ailə üzvləri və hüquqi varisi ilə barışığa cəhd etsə də onlar onu valideyninin ölümündə günahlandıraraq üzrünü qəbul etməmişlər. Təqsirləndirilən şəxs təqsirli olmasını özü etirafı etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin, ekspertiza rəyini vermiş ekspertin məhkəmə iclasında verdiyi ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, vəfat edənədək “Meyvəli” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuşdur. 25 avqust 2022-ci il tarixdə səhər saatlarında mərhum atası özünə məxsus olan” “ZAZ” markalı maşınla Anar adlı şəxslə “Meyvəli” bazarından yaşadıqları evə qayıdırmış. Həmin tarixdə saat təxminən 11:00-11:30 radələrində əmisi oğlu Rauf ona zəng vuraraq atasının yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldığını bildirmişdir. O, dərhal atasının nömrəsinə zəng vurmuş, telefon zəngini təcili yardımın işçisi cavablandıraraq atasının ağır vəziyyətdə olduğunu və onu Respublika Klinik Xəstəxanasına apardıqlarını bildirmişdir. O, həmin xəstəxanaya getmiş, atasının vəfat etdiyini öyrənmişdir. Z.Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, o, şikayətçidir. Belə ki, həmin vaxt hadisə yerində olan və hadisəni görmüş şəxslər, hadisədən dərhal sonra təqsirləndirilən şəxs və onun qohumları tərəfindən atasına laqeyd münasibət göstərilmiş və bu səbəbdən atası vəfat etmişdir. Hadisə zamanı ən ağır xəsarət alan şəxsin atası olmasına baxmayaraq, təqsirləndirilən şəxslə eyni nəqliyyat vasitəsində olan şəxs ilkin olaraq təcili yardımla xəstəxanaya göndərillmişdir. Odur ki, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Atası hər gün səhər saat 9-11 arası evdə olurmuş. O, hadisə baş verən gün evdə olmuşdur, atasının gec gəlməsini görüb narahat olmuşdur. Həmin gün saat 11-12 arası əmisi oğlu ona zəng vurub atasının evə qayıdanda avtoqəzaya düşdüyünü, vəziyyətinin ağır olduğunu bildirmişdir. O, dərhal atasına zəng vurmuş, telefonu tibb işçisi açmış, atasının vəziyyətinin ağır olduğunu, Respublika xəstəxanasına aparıldığını bildirmişdir. O, dərhal qohumlarına məlumat vermiş və evdən çıxmışdır. Xəstəxanaya getdikdə əmisi oğlunun və digər qohumlarının orada olduğunu görmüş, onlar atasının vəziyyətinin ağır olduğunu bildirmiş, lakin mühafizəçilər onları içəri buraxmamışdır. O, içəri girdikdə atasının komada olduğunu, bədəninin buz kimi, başının arxasında olan yaradan qan axdığını, əlində kəsik yara olduğunu qarın nahiyəsində göyərti və şiş olduğunu görmüşdür. Həkimlər onu sakitləşdirərək atasını əməliyyata götürdüklərini bildirmişdir. Bundan sonra onu oradan çıxarmışlar, atası isə ölmüşdür. Bir qədər sonra xəstəxana işçiləri atasının ölməsini demişdirlər. Bundan sonra o, özünü itirmiş, əmisi oğlu onu evə aparmışdır. 26 avqust 2022-ci il tarixdə ona məlum olmuşdur ki, hadisə sürət həddi 60 km/saat olan yolda baş vermiş, atasının qarşısına sağ zolaqda yük maşını çıxmış, atası yük maşınına dəyməmək üçün sola çıxmışdır. Bu zaman həmin yolda sürətlə gələn Nissan Sunny markalı avtomobil atasının idarə etdiyi maşına çırpılmışdır. Atasının hadisədə heç bir günahı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə onun eyni yerdə “Meyvəli” bazarında işləyən Zərərçəkmiş şəxsla sonuncuya məxsus nəqliyyat vasitəsi ilə yaşadığı evə qayıdarkən yolda yatmışdır. O, yuxuda olan zaman qəflətən güclü toqquşma səsi eşitmiş və özündən getmişdir. Hadisəni görməmiş, hətta onu maşından kimin çıxardığını, necə çıxarıldığını, hansı xəstəxanaya aparıldığını da bilməmişdir. Huşu özünə gələndə isə atasının maşınında olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində “Sədərək” ticarət mərkəzindən işdən çıxan zaman əmisi oğlu Sübhana zəng vurmuş onu evə aparmasını xahiş etmişdir. Sübhan idarə etdiyi “Nissan” markalı maşınla sol zolaqla yolun hərəkət sürəti ilə getmiş, o, isə Sübhanın yanında ön oturacaqda oturmuşdur. Lökbatan-Xocasən yolunda yanacaq doldurma məntəqəsini keçdikdən sonra “ZAZ” markalı avtomobilin yolun sağ tərəfində saxladığını görmüşdür. Sübhan sol zolaqla hərəkətdə olan zaman həmin nəqliyyat vasitəsi təxminən 10-15 metr qalmış qəflətən yolun soluna dönmə hərəkəti etməklə əks istiqamətə çıxmaq istəmişdir. Lakin məsafə çox yaxın olduğundan Sübhan maşını saxlaya bilməmiş və toqquşma baş vermişdir. Toqquşma zamanı o, boynundan və sol qolundan xəsarət almışdır. Onlar dərhal maşından düşmüşlər, toqquşduqları maşında 2 nəfərin xəsarət aldığını öyrənmişlər. Yaxınlıqda olan bir neçə şəxs köməyə gəlmiş və onlara su vermişlər. Aldığı xəsarətlərdən narahat olduğu üçün bir qədər kənarda əyləşmiş və atasının gəlməsini gözləmişdir Daha sonra atası hadisə yerinə gəlmiş və onu Respublika Klinik Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının 25-də saat təxminən 10-11 radələrində yeşik sexinin yaxınlığında qəflətən güclü toqquşma səsi eşitmişdir. Dərhal qaçaraq qəza baş verən yerə yaxınlaşmış, toqquşan avtomobilin hər ikisinin Xocasən qəsəbəsi istiqamətində dayandıqlarını, onlardan birinin sarı rəngli “ZAZ” markalı, digərinin isə gümüşü rəngli “Nissan Sunny” markalı avtomaşınlar olduqlarını görmüşdür. “ZAZ” markalı avtomobildə tüstülənmə baş vermiş, o, su gətirərək maşının üzərinə tökmüşdür. “ZAZ” markalı avtomobilin içərisində isə ağır vəziyyətdə olan biri təxminən 60-65, digəri isə 30-35 yaşlarında olan iki şəxs olmuşdur. O, iş yoldaşı Əkbərlə birlikdə həmin şəxsləri maşından yerə düşürtmüş, dərhal təcili yardıma zəng vurmuşdur. Daha sonra hadisə yerinə yol polisi gəlmişdir. Hadisə yerinə gəlmiş təcili tibi yardım avtomobilləri xəsarət almış şəxsləri xəstəxanaya aparmışlar. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, toqquşma baş verdikdən sonra yaranmış güclü səs səbəbindən baxmış və yol-nəqliyyat hadisəsi baş verdiyini görümüşdür. Hansı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması nəticəsində hadisənin baş verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə saat təxminən 10-11 radələrində yeşik sexinin yaxınlığında qəflətən güclü toqquşma səsi eşitmişdir. Dərhal qaçaraq qəza baş verən yerə yaxınlaşmış, orada Xocasən qəsəbəsi istiqamətində “ZAZ” markalı və gümüşü rəngli “Nissan Sunny” markalı avtomaşınların dayandığını görmüşdür. “ZAZ” markalı avtomobildə tüstüləmə baş verdiyindən o, iş yoldaşı Məhbusla bərabər su gətirərək maşının üzərinə tökmüşlər. O, Məhbusla bərabər “ZAZ” markalı avtomobildən xəsarət alan iki nəfər şəxsi çıxarmış və asfaltın üzərində uzatmışlar. Daha sonra təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardımdan əvvəl hadisə yerinə polis əməkdaşları gəlmişlər. Əlavə olaraq qeyd etmişdir ki, o, hadisənin bilavasitə baş vermə anını görməmiş, yalnız toqquşma nəticəsində yaranmış səs onun diqqətini cəlb etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş, iş üzrə rəy vermiş ekspert Hikmət İbişov ifadəsində göstərmişdir ki, o, “ZAZ” markalı nəqliyyat vasitəsinin təlimatı üzrə qeydlərə əsaslanaraq məhkəməyə təqdim etdiyi rəyə gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, müdafiə tərəfinin səsləndirdiyi tədqiqat üsulu ümumiyyətlə hazırki hala uyğun deyil və həmin tədqiqat üsulu ilə baş verən hadisəyə o halda qiymət vermək doğru olardı ki, əgər “Nissan Sunny” markalı nəqliyyat vasitəsinin sürücüsü vaxtında tormozlama əməliyyatı edərək toqquşma yerinə tormozlama vəziyyətində daxil olsa idi. Bu halda “ZAZ” markalı nəqliyyat vasitəsi əlavə artıq məsafə qət etmiş olardı. Hadisə yerinə baxış keçirilməsi barədə iş materialları ilə müəyyən edilmişdir ki, “Nissan Sunny” markalı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ümumiyyətlə tormozlama əməliyatı aparılmamışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqəsində olan 25 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsində olan 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 156-cı vərəqəsində olan 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 180-181-ci vərəqələrində olan 12 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 215-216-cı vərəqələrində olan 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 fevral 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş BD022884 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi 05 yanvar 2032-ci il tarixədək etibarlıdır. Cinayət işinin 25-ci vərəqəsində olan Ağsu RQİ və TBŞ tərəfindən 11 dekabr 2020-ci il tarixdə verilmiş AD seriyalı 959117 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2008-ci il olan «Nissan Sunny» minik markalı **-RL-*** dövlət qeydiyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. Cinayət işinə əlavə edilmiş X2 tərəfindən verilmiş etibarnamədən görünür ki, o, mülkiyyətçisi olduğu «Nissan Sunny» minik markalı **-RL-*** dövlət qeydiyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində 07 dekabr 2022-ci il tarixədək idarə edilməsi üçün həmin etibarnaməni vermişdir. Cinayət işinin 1-ci cildinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BD022884 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsində olan 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs oğlu X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 125-127-ci vərəqələrində olan məhkəmə-yol-nəqliyyat hadisələri və videoyazıların ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 8/2635-4/1411 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş 1 ədəd diskdə qeydə alınmış “Whatsapp Video 2022-08-30 at 15.17.34” adlı videonoqramda kadrlararası montaj üçün xarakterik olan kəskin səhnə keçidləri və kadrdaxili montaj üçün xarakterik əlamətlər müəyyən olunmamışdır. Videofonoqram təkraryazma yolu ilə əldə olunduğundan və kadrlardakı görüntülərdə ilkin videoyazıya məxsus “Taym Kod” qeydə alınmadığından videoyazıda digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş 1 ədəd diskdə qeydə alınmış “Whatsapp Video 2022-08-30 at 15.17.34” adlı videonoqramda təkraryazma yolu ilə əldə olunduğundan və kadrlardakı görüntülərdə ilkin videoyazıya məxsus “Taym Kod” qeydə alınmadığından videoyazıya görə “ZAZ” və “Nissan Sunny” markalı avtomobillərin hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. İstintaq tərəfindən əldə olunan məlumatlara əsasən “ZAZ” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Nissan Sunny markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin 1-ci cildinin 124-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 144-146-cı vərəqələrində olan Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 05 dekabr 2022-ci il tarixli 8/3065 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən olunan məlumatlara əsasən Nissan Sunny markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 1-ci cildinin 143-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 225-228-ci vərəqələrində olan Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 30 yanvar 2023-cü il tarixli 8/3555-8/3564 nömrəli rəyindən görünür ki, ilkin toqquşma anında “Nissan Sunny” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “ZAZ” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qapıdan arxada yerləşən sol yan hissəsi arasında təxminən 80-90 dərəcə bucaq anında baş vermişdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Sunny” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 73-74-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X5 27 avqust 2022-ci il tarixli 621 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinin 1-ci cildinin 107-110-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X5 25 avqust 2022-ci il tarixli 77 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər–travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin sağdan Vİİİ-İX-X- Xİ-Xİİ qabırğalarının qapalı, yerinidəyişmiş sınıqları, dalağın travmatik cırılması, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, sol əlin arxa səthinin, sağ mol-bilək oynağının, sol baldırın və sağ qalça nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin qançırı bərk küt əşya(əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə sürücüsü olduğu avtomaşının digər hərəkətdə olan avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb dalağın travmatik cırılması ilə müşayiət olunan döş qəfəsinin sağdan Vİİİ-İX-X-Xİ-Xİİ qabırğalarının qapalı, yerinidəyişmiş sınıqları nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə, saat 12:20-də Respublika Klinik Xəstəxanasında baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3153/K saylı, xx.xx.2022-ci il tarixli AKT). Cinayət işinin 1-ci cildinin 13-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 25 avqust 2022-ci il tarixli, 2/28216 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün ona ünvanlanmış suallara dair verdiyi cavabları, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin, ekspertiza rəyini təqdim etmiş ekspertin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunaraq təqdim etdiyi rəylə bağlı dindirilmiş ekspert ona ünvanlanmış sualları cavablandırarkən rəylə bağlı bütün şübhəli məqamlar aradan qalxdığından məhkəmə, müdafiə tərəfinin istintaq eksperimenti ilə bağlı vəsatətinin təmin edilməsində zərurət görməmişdir. Belə ki, “ZAZ” markalı nəqliyyat vasitəsinin təlimatında olan qeydlər nəticəsində ekspert Hikmət İbişovun təqdim edilmiş rəyə gəlməsini məhkəmə tərəfindən tədqiqatla bağlı düzgün üsulun seçilməsi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 25 avqust 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 07 avqust 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 528 (beş yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 528 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X3, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3) hesabına köçürülsün. İş üzrə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-133/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-133/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver