Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-133/2025 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadllığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş hissəsi 02 ay 21 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2026-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psxiotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 10 mart 2025-ci il tarixdə, saat 16:20-də DİN-in ƏÇPA-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsində şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə, saat 17:10-da dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan 01 ədəd pul qabının içərisində 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,673 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında qeyd edilənlərlə razı deyil.Belə ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır.Narkotik vasitə istifadəçisi olsa da polislər tərəfindən tutulan zaman üzərində olmamışdır.Təzyiqlər nəticəsində üzərində narkotik vasitə olmasını boynuna almışdır.O evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gəlmiş və onu polis şöbəsinə aparmışlar. O, öz ifadəsində daha sonra ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə saat 16 radələrində xidmət yoldaşı Şahid2 ilə birlikdə xidmət aparmışdır. Xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsində piyada hərəkətdə olan kişi cinsli şəxsin avtopatrulu görən zaman özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi tələb etmişlər. Həmin şəxs özünü təqdim etməyərək verilən suallara qeyri-səmimi cavab verməyə başlamışdır. Onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhələnərək həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. Bundan sonra 10 mart 2025-ci il tarixdə xidməti otaqda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd pul qabını çıxararaq stolun üzərinə qoymuşdur. Daha sonra pul qabının içərisindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içərisində ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar edilmişdir. Həmin bükümdə patı kimi bildiyi narkotik vasitə olduğunu və həmin narkotik vasitəni tanımadığı şəxsdən özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsi faktı üzrə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli xx.xx.2025-ci il saat 16:20-dən hesablanmışdır. İş materiallarından görünür ki, 12 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 12 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Bakı şəhəri Qaradağ RPİ-nin X1 azad edilmişdir. İş materiallarında olan 10 mart 2025-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokola əlavə edilmiş 01 ədəd diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 10 mart 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı İsmayıl Məhərrəmovun xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd pul qabını, sol yan cibindən yaşıl rəngli alışqan və “Vozol” markalı elektron siqareti çıxararaq stolun üzərinə qoyur. Sonra pul qabının içərisindən 01 ədədə qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edir. Həmin bükümün içərisində isə ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümü Binəqədi rayonunda tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs pul qabının içərisində istifadə elədiyi 01 ədəd mobil telefon 01 ədəd elektron siqaret və 01 ədəd yaşıl rəngli alışqan aşkar olunaraq götürülür. İş materiallarında olan fiziki-kimyəvi ekspertizasının 11 mart 2025-ci il tarixli, 6/1045 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi, (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,673 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 mart 2025-ci il tarixli, 1538 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adında yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadllığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş hissəsi 02 ay 21 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2026-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə 0,673 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd «DVD» disk və 01 ədəd “CD” disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» disk və 01 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edimiş, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,623 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi hazırki cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 6-7-ci maddələrində olan məhdudiyyətlərlə bağlılığı olmadığı, onun həmin qərarın 1.16-cı bəndinin (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) təsiri dairəsinə düşməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin amnistiya aktının tətbiq edilməsi barədə vəsatətləri nəzərə alınmalı, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndində göstərilir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin maddi sübutların saxlanc yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış psixotrop maddə 0,623 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış ekspertizanının xərci – 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat və 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan çəkisi 0,623 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd CD disk iş materiallarında saxlanılsın İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat və 15 (on beş) saat görə 165 (bir yüz altmış beş) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-133/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-133/2025
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver