Məhkəmə qərarları › İş №1(002)-134/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-134/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-134/2023 23.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin satış təmsilçisi vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2, 322.1-ci maddələri, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2, 322.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən daxil olmuş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sistemi daxilində ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla və digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti mühüm ziyan vurmaqla özbaşına törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 arvadı tərəfindən ona xəyanət edilməsinə şübhə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs2 ilə kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla qəsdən daxil olmaq və texniki vasitələrdən istifadə etməklə orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, 2022-ci ilin sentyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 29 ünvanında çalışdığı dükanda 537143 nömrəli nikah haqqında şəhadətnamə əsasında 23 noyabr 2009-cu il tarixdən birgə nikahda olduğu Zərərçəkmiş şəxs guya mobil telefonunu itirdiyini bildirməklə öz nömrəsinə zəng etmək adı ilə sonuncunun "X6 9S" markalı mobil telefonunu ondan müvəqqəti istifadə üçün aldıqdan sonra, aralarında olan cinayətkar razılaşmaya əsasən, həmin mobil telefonu dükandan kənarda görünməz yerdə mövqe tutmuş tanışı Təqsirləndirilən şəxs2 təqdim etmiş, sonuncu onun tapşırığı ilə kompüter sistemi hesab olunan mobil telefonun "Android" tipli əməliyyat sisteminə qanunsuz müdaxilə etməklə həmin mobil telefondakı “Google” hesabının təhlükəsizlik şifrəsini dəyişərək mühafizə tədbirlərini pozmuş, nəticədə mobil telefonun əməliyyat sisteminin yaddaşındakı Zərərçəkmiş şəxs xəyanətinə dəlalət edən silinmiş məlumatları (səsli mesajlar, fotoşəkillər) bərpa etdikdən sonra həmin məlumatları "USB" naqili vasitəsilə özünə məxsus olan "Samsung" markalı notbuka köçürməklə kompüter sisteminə daxil olmaq hüququ olmadığı halda mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyəti ilə qəsdən daxil olmuş, həmçinin kompüter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətin özbaşına törədilməsi barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, kompüter məlumatlarını qanunsuz yolla ələ keçirib arvadının ona xəyanət etdiyinə əmin olduqdan sonra sonuncuya birgə nikah dövründə şəxsi və ailə xərclərinin qarşılanması üçün nağd şəkildə verdiyi və bank kartı hesabında cəmlənmiş, özünə aid olmasını iddia etdiyi vəsait üzərində arvadını sərəncam vermək imkanından məhrum etmək üçün 19 oktyabr 2022-ci il tarixdə Pakistan İslam Respublikasında olduğu ərəfədə tanışı Təqsirləndirilən şəxs2 23 noyabr 2009-cu il tarixdən birgə nikahda olduğu Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 5243-7544-4079-3519 nömrəli bank kartının fotoşəklini "Whatsapp" proqramında göndərmiş, aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə uyğun olaraq müvafiq tapşırıq əsasında hərəkət edən Təqsirləndirilən şəxs2 19 və 20 oktyabr 2022-ci il tarixlərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində həmin bank kartının üzərindəki 16 rəqəmli şifrədən, kartın etibarlılıq tarixindən və arxa tərəfində olan 3 rəqəmli "CVC" şifrəsindən istifadə etməklə hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hesabında olan ümumilikdə 984,73 manat pul vəsaitini "Tik-tok" sosial şəbəkəsində bir neçə istifadəçi hesabına göndərməklə, birgə nikah dövründə əldə olunmuş əmlakın mülki hüquq çərçivəsində bölünməsinə təşəbbüs göstərmək əvəzinə, qanunla və digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkəti özbaşına törədərək zərərçəkmiş şəxsə mühüm ziyan vurmuşdur. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən daxil olmuş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sistemi daxilində ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla və digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti mühüm ziyan vurmaqla özbaşına törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun arvadı tərəfindən ona xəyanət edilməsinə şübhə etdikdən sonra kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla qəsdən daxil olmaq və texniki vasitələrdən istifadə etməklə orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 2022-ci ilin sentyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 29 ünvanında çalışdığı dükanda 537143 nömrəli nikah haqqında şəhadətnamə əsasında 23 noyabr 2009-cu il tarixdən birgə nikahda olduğu Zərərçəkmiş şəxs guya mobil telefonunu itirdiyini bildirməklə öz nömrəsinə zəng etmək adı ilə sonuncunun "X6 9S" markalı mobil telefonunu ondan müvəqqəti istifadə üçün aldıqdan sonra aralarında olan cinayətkar razılaşmaya əsasən ona təqdim etmiş və o, Təqsirləndirilən şəxs1 tapşırığı ilə kompüter sistemi hesab olunan mobil telefonun "Android" tipli əməliyyat sisteminə qanunsuz müdaxilə etməklə həmin mobil telefondakı "Google hesabının" təhlükəsizlik şifrəsini dəyişərək mühafizə tədbirlərini pozmuş, nəticədə mobil telefonun əməliyyat sisteminin yaddaşındakı Zərərçəkmiş şəxs xəyanətinə dəlalət edən silinmiş məlumatları (səsli mesajlar, fotoşəkillər) bərpa etdikdən sonra həmin məlumatları "USB" naqili vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus olan "Samsung" markalı noutbuka köçürməklə kompüter sisteminə daxil olmaq hüququ olmadığı halda mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək niyyəti ilə qəsdən daxil olmuş, həmçinin kompüter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətin özbaşına törədilməsi barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, kompüter məlumatlarını qanunsuz yolla ələ keçirib Zərərçəkmiş şəxs ərinə xəyanət etdiyinə əmin olduqdan sonra Təqsirləndirilən şəxs1 arvadına birgə nikah dövründə şəxsi və ailə xərclərinin qarşılanması üçün nağd şəkildə verdiyi və bank kartı hesabında cəmlənmiş, özünə aid olmasını iddia etdiyi vəsait üzərində arvadını sərəncam vermək imkanından məhrum etmək üçün 19 oktyabr 2022-ci il tarixdə Pakistan İslam Respublikasında olduğu ərəfədə 23 noyabr 2009-cu il tarixdən birgə nikahda olduğu Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 5243-7544-4079-3519 nömrəli bank kartının fotoşəklini "Whatsapp" proqramında ona göndərmiş, o da aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə uyğun olaraq müvafiq tapşırıq əsasında 19 və 20 oktyabr 2022-ci il tarixlərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində həmin bank kartının üzərindəki 16 rəqəmli şifrədən, kartın etibarlılıq tarixindən və arxa tərəfində olan 3 rəqəmi "CVC" şifrəsindən istifadə etməklə hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hesabında olan ümumilikdə 984,73 manat pul vəsaitini "Tik-tok" sosial şəbəkəsində bir neçə istifadəçi hesabına göndərməklə, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında birgə nikah dövründə əldə olunmuş əmlakın mülki hüquq çərçivəsində bölünməsinə təşəbbüs göstərmək əvəzinə, qanunla və digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkəti özbaşına törədərək zərərçəkmiş şəxsə mühüm ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 ildir ki, Azərbaycanda yaşayır, Zərərçəkmiş şəxs ilə 15 illik birgə nikahından 2 azyaşlı övladları vardır. O, Pakistan İslam Respublikasının vətəndaşı olsa da, və burada ticarətlə məşğul olur. Son illərdə aralarındakı münasibətlərdə ailə-məişət məsələlərinə görə soyuqluq yaranmağa başlanmışdır. Bunun səbəbi anasının vəfat etməsindən sonra Pakistan İslam Respublikasında yaşayan ahıl yaşda olan atasına baxması üçün pakistanlı ikinci arvad alması olmuşdur. Son bir neçə ayda arvadının başqa kişilərlə danışmasından, ona xəyanət etməsindən şübhələnmişdir. Bu səbəbdən, o, plan quraraq arvadının xəyanətini ifşa etmək qərarına gəlmiş və bu işdə ona kömək etməsi üçün onunla birgə işləyən Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Təqsirləndirilən şəxs2 kompüter sahəsini yaxşı anlayan şəxs olaraq, ona köməklik edəcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında kosmetik məhsullar olan mağazada həmin gün satıcını əvəz edən arvadı Zərərçəkmiş şəxs yaxınlaşaraq, mobil telefonunu itirdiyini, təcili zəng etməsinə zərurət olduğundan onun mobil telefonuna ehtiyacı olduğunu bildirərək sonuncunun telefonunu əldə etmişdir. Telefonu götürdükdən sonra onu mağazanın arxasında maşında gözləyən Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Sonuncu telefonun içindəki hər şeyi "USB" vasitəsilə "Samsung" markalı kompüterə köçürmüşdür. Daha sonra o, silinmiş şəkillərin də bərpa edilməsini Təqsirləndirilən şəxs2 istədikdə sonuncu ona silinmiş şəkillərin bərpa edilməsi üçün "g-mail'in şifrəsinin də ona təqdim olunmasını istəmişdir. Lakin o, həmin gmail kodunu bilmədiyindən Təqsirləndirilən şəxs2 telefona kod göndərməklə bütün şəkilləri geri qaytara bilmişdir. O, mağazaya qayıtmış, Zərərçəkmiş şəxs telefonunu tapdığını deyərək, onun telefonunu özünə qaytarmışdır. O, kompüterə köçürdüyü şəkillərin, səs yazılarının hamısına bir-bir baxdıqdan sonra şübhələrinin doğru olduğuna, arvadının ona xəyanət etdiyinə əmin olmuşdur. Arvadının telefonundan əldə etdiyi başqa kişilərlə otellərdə səmimi, qucaqlaşan vəziyyətdə şəkillərini , fərqli-fərqli nömrələrdən Təqsirləndirilən şəxs2lə birlikdə oktyabr ayının əvvəllərindən etibarən günün müxtəlif vaxtlarında Zərərçəkmiş şəxs nömrəsinə göndərmiş və həmin şəkilləri onun bütün qohumlarına, tanışlarına yayacaqlarını da bildirmişdir. Bu hərəkətləri etməkdə onun əsas məqsədi arvadından ona xəyanət etdiyi üçün qisas almaq olmuşdur. 2022-ci ilin oktyabr ayının 12-si Pakistan İslam Respublikasına getmiş və orada da hər gün arvadının özünə, qohumlarına xarici nömrələrdən “Whatsapp” proqramı vasitəsilə təhqiredici mesajlar yazmağa davam etmişdir. O artıq internetdən nömrələr almağı, qruplar yaratmağı öyrəndiyi üçün bütün bunları özü tək etmiş, Təqsirləndirilən şəxs2 də ara-sıra arvadı Zərərçəkmiş şəxs təhqiredici mesajlar yazmasını xahiş etdikdə, o, ona məlum olmayan səbəbdən imtina etmişdir. Həmçinin, arvadının bank kartından 6000 manatı əldə etməsi üçün həmin kartın şəklini Təqsirləndirilən şəxs2 göndərmiş, lakin kartın 4 rəqəmli kodu mövcud olmadan həmin pulu nağdlaşdırmaq mümkün olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ona kartda olan pulları "tik-tok" sosial şəbəkəsində hədiyyə kimi nəzərdə tutulan jetonlar alaraq sonradan onları pul şəklində nağdlaşdırmağın mümkün olduğunu demişdir. O, razılıq verdiyindən 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Lökbatan qəsəbəsində yaşadığı evdən "tik-tok" sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs bank kartından 984 manat pul çıxara bilmişdir. Qeyd etdiklərini arvadı Zərərçəkmiş şəxs olan əsəbindən etdiyi üçün ona məxsus bank kartından çıxarılmış pulu öz hesabına yenidən ona qaytarmışdır. Daha sonra özünü təqsirli bildiyini, törətdiyi əməlin cinayət məsuliyyətinə səbəb olacağından məlumatsız olduğunu, törətdiyi əməldən peşman olduğunu, himayəsində iki övladının olmasını nəzərə alaraq, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 3 il öncə işlə əlaqədar tanış olsa da, sonrakı müddətdə şəxsi münasibəti və dostluğu yaranmışdır. Bir müddət yoldaşlıq münasibətində olduqdan sonra Təqsirləndirilən şəxs1 bütün kompüterlərlə bağlı olan işlərini ona həvalə etməyə başlamış və bununla bağlı ona hər ay 500 manat pul verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 əslən Pakistan İslam Respublikasının vətəndaşı olsa da, azərbaycanlı qadın ilə ailə həyatı qurmuşdur və onların iki övladı vardır. Təqsirləndirilən şəxs1lə araları çox yaxın olduğu üçün ailəsini də tanıyırmış. 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 ona arvadının xəyanət etməsindən şübhələndiyini demiş, onun xəyanətini üzə çıxarmaqdan ötrü onun telefonunu ələ keçirib içindəkilərə baxmaq istədiyini bildirmişdir. O isə arvadına məxsus mobil telefonu ona verəcəyi halda telefonda olan məlumatları kompüterə köçürə biləcəyini bildirmişdir. Beləliklə onlar aralarında razılığa gəldikdən sonra təxminən 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 ilə birlikdə onun Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, "Panda Kids" uşaq geyimləri mağazasının yaxınlığında yerləşən mağazasına getmişlər. O, həmin vaxt içəri girməmiş, aralarındakı razılaşmaya uyğun olaraq mağazanın arxasında maşında oturub gözləmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 təcili şəkildə arvadı Zərərçəkmiş şəxs "X6 9S" markalı mobil telefonunu əlində gətirmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 ona ekran kilidi açıq vəziyyətdə təqdim etdiyi mobil telefonu ona məxsus kompüterə "usb" vasitəsilə qoşaraq mobil telefonun içərisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 ondan telefonun yaddaşında olan şəkillərdən əlavə bütün silinmiş şəkilləri, məlumatları, səs yazılarını bərpa etməsini və kompüterə köçürməsini xahiş etmişdir. O, telefonun yaddaşında olan hər bir şeyi kompüterə köçürdükdən sonra, "g-mail" hesabına müdaxilə edərək silinmiş faylları geri qaytarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 ona verdiyi mobil telefonda olan bütün məlumatları ona məxsus kompüterdə yeni yaratdığı qovluğun içərisinə "USB" kabeli vasitəsilə köçürmüş, telefonu və kompüteri Təqsirləndirilən şəxs1 özünə təqdim etmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə olan zaman Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, telefondakı şəkillərə, yazışmalara, səs yazılarına baxış keçirən zaman arvadı Zərərçəkmiş şəxs ona xəyanət etdiyini, başqa kişilərlə səmimi şəkillərinin olduğunu görmüşdür. 2022-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən qəzəblənərək əldə etdiyi şəkilləri onun qohumlarına göndərmək istədiyini ona bildirmiş və köməklik etməsini xahiş etmişdir. O, internet vasitəsilə müxtəlif telefon nömrələri əldə edərək Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin nömrələrlə Zərərçəkmiş şəxs məxsus nömrəyə Whatsapp üzərindən mesajlar və sonuncunun başqa kişilərlə olan şəkillərini göndərmişlər. Sonradan, Təqsirləndirilən şəxs1 arvadı Zərərçəkmiş şəxs aid kartda olan birgə nikah dövründə əldə olunmuş 6.000 manat pulunu da nağdlaşdırmasını, həmin pulların arvadında qalmamasını istəmişdir. Onun köməkliyi ilə Tik-tok sosial şəbəkəsi vasitəsilə kartda olan məbləğin 984 manatını dostu Şahid "tik-tok" hesabına göndərə bilmişdir. Həmin məbləği qeyd etdiyi qaydada köçürmə etdikdən sonra sosial şəbəkələrə daxil olmaqla bağlı qoyulmuş məhdudiyyət səbəbindən nağdlaşdıra bilməmişdir. O, həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 qeyd olunan məbləğin nağdlaşdırılmasında əsas məqsədi arvadı Zərərçəkmiş şəxs qisas almaq olmuşdur. Daha sonra özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2009-cu ildən Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ilə ailəlidir və birgə nikahdan 2 azyaşlı övladları vardır. Əri Təqsirləndirilən şəxs1 məxsus, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən kosmetik məhsulların satışının həyata keçirildiyi mağazada işçiyə ehtiyac olduğundan bir müddət o, köməklik etmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında metronun Qara Qarayev metrostansiyasının yaxınlığında Əri Təqsirləndirilən şəxs1 məxsus "Boicos" mağazasında olarkən sonuncu mobil telefonunun oğurlandığını bildirmiş, bu səbəbdən təcili zəng etməsi üçün onun telefonunu tələb etmişdir. O da telefonunu koddan çıxararaq ərinə təqdim etmişdir. Yarım saatdan sonra Təqsirləndirilən şəxs1 geri gəlmiş, öz telefonunu tapdığını deyərək onun telefonunu geri qaytarmışdır. Bu hal onda şübhə yaratsa da nə baş verdiyini başa düşməmişdir. 05 oktyabr 2022-ci il tarixdən ona müxtəlif xarici nömrələrdən “Whatsapp” sosial şəbəkəsində mesajlar gəlməyə başlamışdır. Həmin şəxs ona özünü xaker kimi təqdim etmiş və telefonundakı məlumatları ələ keçirdiyini bildirmiş, onunla olan şəkilləri ona göndərmiş, əxlaqsız sözlər yazmışdır. Həmçinin onu şəkilləri onun ərinə göndərməsi ilə hədələdiyindən, hətta telefonundan sildiyi şəkillərin həmin şəxs tərəfindən ona göndərilməsindən böyük narahatlıq keçirmişdir. Bundan təxminən bir-neçə gün sonra, oktyabr ayının 12-si əri Təqsirləndirilən şəxs1 ona heç bir söz demədən evi tərk etmişdir. O, bunun səbəbini başa düşə bilməmişdir. Təxminən bir həftə sonra 19 oktyabr 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən mobil nömrəsinə "kartınızı fırıldaqçılardan qoruyun" məzmunlu mesaj gəlmişdir. Bundan sonra telefonuna yüklədiyi mobil tətbiqinə baxmış, görmüşdür ki, 2 gün ərzində 6.360 manat pul olan bank kartı hesabından 984 manat məbləğində pulu çıxarılmışdır. Bununla bağlı bankla əlaqə saxlamış, ona kartından çıxarılan pulların çıxarışı təqdim edilmişdir. Çıxarışla tanış olduqdan sonra görmüşdür ki, həmin pullar hissə-hissə olmaqla, ABŞ dollarının məzənnəsi ilə "tik-tok" sosial şəbəkəsinə köçürülmüşdür. Bankdan əldə etdiyi hesabından çıxarılan pulların çıxarışını ilkin izahatına əlavə olunması üçün təqdim etmişdir. Həmin pulları əri ilə birgə nikahda olduqları illər ərzində onun ev üçün verdiyi pullardan kənara qoymaqla hissə-hissə toplamışdır. O, nikahdan əvvəl gözəllik salonunda işləsə də evlənəndən sonra əri onu işləməyə qoymadığı üçün evə gələn pulların hamısı ərinin qazandığı pullar olmuşdur. Qeyd olunan məbləğin ona məxsus bank kartından çıxaran şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazdıqdan sonra bu şəxsin onun əri olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, onun bank kartı hesabından çıxarılmış 984 manat məbləğin ona geri qaytarılmasına baxmayaraq, təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2020-2021-ci illərdə Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Sədərək Ticarət mərkəzində olan kosmetika mağazasında satıcı işləmişdir. Lakin 2021-ci ilin yanvar ayında özü də Yasamal rayonunda mağaza açdığı üçün həmin işdən ayrılmışdır. Orada işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs2 də tanımışdır. Bir yerdə işlədikləri üçün aralarında yaxın münasibət qalmışdır. Oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 ona zəng edərək ondan “tik-tok” sosial şəbəkə hesabını istəmiş və həmin hesaba pul göndərəcəyini, sonra da öz hesabına yönləndirərək nağdlaşdıracağını ona bildirmişdir. O da buna etiraz etməmiş və öz hesabını ona göndərmişdir. 19 oktyabr 2022-ci il tarixdə gecə saatlarında onun “tik-tok” sosial şəbəkə hesabına müxtəlif məbləğlərdə pulların yükləndiyini müəyyən etmişdir. Həmin pulların nağdlaşdırılması üçün Təqsirləndirilən şəxs2 kömək etmək məqsədilə istifadəsində olan "anar_kerimov" adlı digər hesaba həmin pulları hədiyyə şəklində göndərmiş və həmin profilin istifadəçi adını, şifrəsini də sonuncuya vermişdir. Sonradan bütün sosial şəbəkələrə daxil olmaqda yaranan məhdudiyyət səbəbindən həmin pulları nağdlaşdırmaları mümkün olmamış, 984 manat pul isə üç hesab arasında əməliyyat aparılmaqla köçürüldüyü üçün və “Tik-tok" sosial şəbəkəsi həmin pulları ABŞ dollarının məzənnəsi ilə hesabladığından həmin pulun yarıdan çox hissəsi komissiya şəklində silinmişdir. Cinayət işinin 140-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 271.2.2, 272.2.2 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin 156-158-ci vərəqələrində olan 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 171-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 271.2.2, 272.2.2 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 14 dekabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 14 dekabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 119-133-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı notbuk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 163-cü vərəqəsində olan "xxxx" Yaşayış Kompeksi MMC tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" Yaşayış Kompeksində yaşadığı müddətdə müsbət xarakterizə olan sakin kimi tanınmışdır. Cinayət işinin 17-ci vərəqəsində olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X3 arasında 23 noyabr 2009-cu il tarixdə nikah bağlanmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2014-cü il təvəllüdlü Huzaifa adlı və xx.xx.2016-cı il təvəllüdlü Aişəgül adlı azyaşlı övladı vardır. Cinayət işinin 193-cü vərəqəsində olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 207 nömrəli, 01 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 anası və qardaşı ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. Cinayət işinin 194-cü vərəqəsində olan “Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus bank kart hesabından çıxarılmış 984,73 manat pulun əvəzi olaraq ona 1000 manat pul vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən daxil olma, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sistemi daxilində ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla və digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti mühüm ziyan vurmaqla özbaşınalıq cinayətini törətməsi, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən daxil olma, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sistemi daxilində ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla və digər normativ-hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti mühüm ziyan vurmaqla özbaşınalıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2 və 322.1-ci maddələri, digər Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2 və 322.1-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 272.2.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, himayəsində iki övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2 və 322.1-ci maddələrinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalı, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cərimə hökmün qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cərimə cəzasının icrası onun yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2 və 322.1-ci maddələrinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalı, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı notbuk hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə məxsus görüntülər silinməklə Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2, 322.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 271.2.2-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, CM-nin 272.2.2-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, CM-nin 322.1-ci maddəsi ilə 1500 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 7000 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.2, 272.2.2, 322.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 271.2.2-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, CM-nin 272.2.2-ci maddəsi ilə 5000 manat miqdarında cərimə cəzasına, CM-nin 322.1-ci maddəsi ilə 1500 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 7000 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı notbuk hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə məxsus görüntülər silinməklə Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar