Məhkəmə qərarları › İş №1(002)-135/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-135/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-135/2023 15.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 11.30-da X3 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi ev 16, mənzil 73 ünavanında qeydiyyatda olan və Qaradağ rayonu, Sahil qəsəbəsi 12 saylı yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,198 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 17 noyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitə və digər güclü təsiredici maddələrin istifadəsində şübhəli olduğu üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq 38-ci PB-nə gətirilmiş, PB-də xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,198 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir ildir psixotrop maddə metamfetamindən istifadə edir. Heç bir yerdə işləmir. 17 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Sahil qəsəbəsindən tanıdığı Şahid2 ilə birlikdə narkotik vasitə qəbul etmək istəmişlər. Həmin vaxt hərəsinin üzərində 10-15 manat pulu olmuşdur. Bu məqsədlə əvvəllər narkotik vasitə aldığı Qaradağ rayonu, Sahil qəsəbəsində bazarın yanında olan adını bilmədiyi şəxsin yanına getmişdir. Onda narkorik vasitə və psixotrop maddə olub-olmaması ilə maraqlanmışdır. Həmin şəxs də ona mal tapa biləcəyini demişdir. Turan özü üçün 10 manat, o da da özü üçün 10 manat vermişdir. Həmin adam ona bir büküm psixotrop maddə metamfetamin, Turana isə bir büküm narkotik vasitə heroin vermişdir. Həmin gün saat 19:30 radələrində Abad məhəllə adlanan ərazidə yaxınlıqdakı dükana gedərkən üç nəfər tanımadığı şəxs mülki geyimdə onlara yaxınlaşaraq özlərini təqdim edib onları Qaradağ RPİ- nin 38-ci polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis bölməsinə gəlmişlər. Polis bölməsində ayrı-ayrılıqda üzərlərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Hüquq və vəzifələrini izah edib müdafiə olunmaqları üçün Bakı şəhəri, 10 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə video çəkilişlə otaqların birində onun üzərinə şəxsi axtarış keçirilməyə başlamışlar. Ona üzərində qanunsuz nə varsa, təqdim etməyi təklif edilmişdir. O da həmin vaxt əynində olan boz rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. O, həmin bükülüdə olan maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin psixotrop maddə metamfetamini Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən aldığını demişdir. Onun üzərindən aşkar olunan psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı saxlandığı zaman hər hansı bir zor tətbiq olunmamışdır. Fiziki və psixi təsirlər olmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 19 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadələr vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində dostu Əyyubla Sahil qəsəbəsi, Abad məhəllə adlanan ərazidə maşından düşüb yaxınlıqdakı dükana gedərkən üç nəfər tanımadığı şəxs mülki geyimdə onlara yaxınlaşaraq özlərini təqdim edib onları Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində. Hüquq və vəzifələrini izah edib müdafiə olunmaları üçün Bakı şəhəri, 10 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkilin itirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunsuz nə varsa, təqdim etməyi təklif edilmişdir. O da həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sarı rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. O, həmin bükülüdə olan maddənin narkotik vasitə heroin olmasını bildirərək narkotik vasitə heroini Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən aldığını demişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı saxlandığı zaman hər hansı bir zor tətbiq olunmamışdır. Aşkar olunan narkotik vasitə heroindən kiməsə verməmiş və ya satmamışdır. O, həmin narkotik vasitəni özünə almışdır. Narkotik vasitəni tanışı Təqsirləndirilən şəxsla birlikdə almışdır. Həmin günü Əyyub psixotrop maddə metamfetamin, o isə narkotik vasitə heroin almışdır. 17 noyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB tərəfindən saxlanılarkən tanışı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, polis bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid3, cinayət axtarış üzrə kiçik inspektor Şahid4 və o 17 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi Ə.Gülbalayev küçəsi 18 nömrəli binanın yanında Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək özünü şübhəli aparmasına görə onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gəldikdən sonra xidməti otaqda Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinə əsasən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. O da video çəkiliş aparılmasına və şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən Əyyub Xalilova üzərində qanunsuz maddə, əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş bir ədəd bükümü təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükümün içərisinə baxdıqda, orada ağ rəngli, kristal şəkilli iyisiz maddə aşkar edilmişdir. Həmin maddə ilə bağlı sual veriləndə Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunla qadağan olunmuş maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar olunan maddə zərfə qoyularaq DİN-in 47 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən və saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsində əməliyyat müvəkkili işləyən Təqsirləndirilən şəxs Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 da Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6/6637 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №47” möhür əksi olan, “Şübhəli şəxs Eyyub Xəlilov” və s. sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,198 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 17 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, baş təhqiqatçı E.Mizəyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyriqanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı E.H.Mirzəyev həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs da həmin bükümün içərisindəkinin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilməmişdir Bundan soma həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılaraq hər biri tərəfindən imzalarla təsdiq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilən məsələləri də nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,148 qram metamfetamin məhv məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 9 (doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından müdafiəçi X1 54 (əlli dörd) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 ( bir ) il 11 (on bir ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,148 qram təşkil edən metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 65 (altmış beş) manat xərc Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 54 (əlli dörd) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar