Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-136/2023 27.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Kazuro Tobacco” şirkətində texnoloq işləyən, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,152 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 noyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitə və digər güclü təsiredici maddələrdən istifadə etməsinə şübhə yarandığı üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq 38-ci polis bölməsinə gətirilmiş, polis bölməsində xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən sarı kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini bir daha təsdiq etmiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi M.Seyidov küçəsi ev 3, mənzil 43-də yaşayır. 17 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində dostu Əyyubla narkotik vasitə almaq qərarına gəlmişlər. Narkotik vasitəni adını bilmədikləri şəxslə görüşüb götürmüşlər. Bir neçə dəqiqədən sonra polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək onların narkotik vasitədən istifadə etmələrindən şübhələndiklərini bildirmiş və onları Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sarı rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində başqa əşya müəyyən edilməmişdir. O, həmin bükümdə olan maddənin narkotik vasitə heroin olmasını bildirərək, Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, əvvəllər narkotik vasitənin marixuana (çətənə) növündən istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitədən 3-cü dəfə istifadə etdiyini qeyd etmiş, ilk dəfə cinayət törətməsini, yenidən analoji hərəkətlərə yol verməyəcəyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində iki nəfər tanımadıqları şəxsin davranışından şübhələnərək polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, cinayət axtarış üzrə kiçik inspektor Şahid4la birlikdə onlara yaxınlaşmış və onları Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxslərdən birinin Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Onun hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyi izah edilmiş, o, videoçəkiliş aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və ya əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən sarı rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükümün içərisinə baxdıqda, orada qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş digər maddə və ya əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar olunan maddə zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PBnin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə inspektoru Şahid4 və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə inspektoru Şahid4 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid4 və Şahid3 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri tədqiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 38ci PB-nin CA üzrə inspektoru Şahid4 məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, 17 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Sahil qəsəbəsindən tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə qəbul etmək istəmişlər. Həmin vaxt üzərlərində hərəsinin 10-15 manat pulu olmuşdur. Bu məqsədlə onlar əvvəllər narkotik vasitə aldıqları Qaradağ rayonu, Sahil qəsəbəsində bazarın yanında olan adını bilmədikləri şəxsin yanına getmişlər. Onda narkotik vasitə və psixotrop maddə olub-olmaması ilə maraqlanmışlar. Həmin şəxsə Turan özü üçün 10 manat verərək bir büküm narkotik vasitə heroin, o isə özü üçün 10 manat verərək bir büküm psixotrop maddə metamfetamin əldə etmişlər. Həmin gün saat 19:30 radələrində Abad məhəllə adlanan ərazidə Ə.Gülbalayev küçəsində yaxınlıqdakı dükana gedərkən üç nəfər tanımadığı şəxs mülki geyimdə onlara yaxınlaşaraq özlərini təqdim edmiş, şifahi olaraq üzərlərində qanunla gəzdirilməsi qadağan olunan narkotik vasitə və psixotrop maddə olması barədə məlumatlarının olduqlarını qeyd edərək onları Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis bölməsinə gəlmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 39-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 6/6638 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №47" dairəvi möhür əksləri olan, "1) Şübhəli şəxs T. Qocayev "imza" ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,152 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,102 qram olmuşdur. Cinayət işinin 30-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 65-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 09 dekabr 2022-ci il tarixli, 7481 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin lamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş 13 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 58-ci vərəqəsində Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departementi Qaradağ rayon MKTB-in 119 saylı MKİS tərəfindən verilmiş 1347 nömrəli, 25 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 2 ünvanında yaşayır. Cinayət işinin 59-cu vərəqəsində olan 119 saylı MKİS-in rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 72-77-ci vərəqələrində olan 06 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,102 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaqı keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaların könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuş və bükümün içərisində "kokos" yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Öz istifadəsi üçün, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxlamışdır. Həmin büküm açılmış və qəhvəyi rəngli toz şəkilli iyisiz narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, cinayət əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək yəni 2 (iki) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 09 dekabr 2022-ci il tarixli, 7481 rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin olunmasına ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,102 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 48 (qırx səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 48 (qırx səkkiz saat) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,102 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-136/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-136/2023
27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver