Məhkəmə qərarları › İş №1(002)-137/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-137/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-137/2025 20.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində iki azyaşlı uşağı olan), fərdi qaydada fəhləliklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 06.01,2025-ci il tarixdə, saat 07:59-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin «Şirniyyat» bazarının 6-cı sırasında olan «Ayhan Kids» mağazasının yanında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşan zaman ondan əvvəl həmin bankomatda əməliyyat icra edən Zərərçəkmiş şəxs özünə məxsus 4169-7388-0952-6712 nömrəli plastik kartdan təmassız oxuyucu (NFC) vasitəsilə pul vəsaiti çıxarması üçün şifrəni yığsa da, bankomatın ekranına reklam çarxı gəldiyindən bankomatın işləmədiyini düşünüb kartını təmassız oxuyucu üzərindən götürüb uzaqlaşması səbəbindən kartın təmassız oxuyucunun yaddaşında qalmış məlumatlarından istifadə edib prosesi davam etdirərək həmin kartın balansında olan Zərərçəkmiş şəxs məxsus 1000 manat pulu özünə məxsus "xxxx" ASC-yə aid 5239- 1517-7988-2029 kart hesabına köçürərək, dərhal yaxınlıqda yerləşən "xxxx" ASC-yə məxsus bankomata öz bank kartını daxil edərək həmin pulu nağdlaşdırmaqla ələ keçirərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, zərərçəkmiş şəxsi əvvəldən tanımamışdır, onunla qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. O, “Sədərək” Ticarət Mərkəzində fəhləliklə məşğul olmuşdur. “Sədərək” Ticarət Mərkəzində olan zaman kartında olan on manat vəsaiti nağdlaşdırmaq üçün "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmışdır. Ondan əvvəl həmin aparatda əməliyyat aparan Zərərçəkmiş şəxs kartında olan vəsaiti nağdlaşdıra bilməmiş, ancaq kart məlumatları bankomatda qalmışdır. Zərərçəkmiş şəxs məxsus olan kartda iki min manatdan çox vəsait olmuşdur, o, min manatı çıxarmış və öz kartına köçürmüşdür. Uşağı xəstə olduğu üçün pula ehtiyacı olmuşdur. Sonra Qaradağ RPİ-nin 10-cu polis şöbəsindən onu çağırmışlar və onun barəsində şikayət daxil olduğunu bildirmişlər. O, pulu qaytarmaq üçün Zərərçəkmiş şəxs axtarmış, lakin tapa bilməmişdir. O, pulu ödəməyə imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. Pulu geri qaytarmaq üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, rəsmi nikahı olmasa da faktiki evli olmaqla himayəsində iki azyaşlı uşağı vardır, ünvan 1 ünvanında yaşayır və zərərçəkmiş şəxsə vurulmuş ziyanı azadlıqda olacağı təqdirdə təxminən 10-15 günə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı cəza ilə bağlı heç bir şikayət və tələbinin olmamasını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, sifarişlə yük daşınması ilə məşğuldur. 06 yanvar 2025-ci il tarixdə fəhlə işlədiyi «Sədərək» ticarət mərkəzində yerləşən "xxxx"a aid terminaldan pul çıxarmaq üçün bazarın 6-cı sırasında yerləşən «Ayan Kids» mağazasının yanında olan terminala yaxınlaşmış və özünə məxsus 5239-1517-7988-2029 nömrəli kartı cibindən çıxarıb bankomata yaxınlaşanda görmüş ki, bankomatın ekranı açıq vəziyyətdədir və ekranda tanımadığı şəxsin kart məlumatları görünür. O da uşağı xəstə olduğu üçün təcili pula ehtiyacı olduğuna görə belə qərara gəlmiş ki, həmin tanımadığı şəxsin kart hesabından 1000 manat pul oğurlayaraq öz bank kartına köçürsün, bankomatda qalan həmin tanımadığı şəxsin kart hesabından öz bank hesabına 1000 manat pul keçirmişdir. Təxminən 1 saatdan sonra öz kartına köçürdüyü 1000 manat pulu yaxınlıqda yerləşən «Paşha Bank»a aid terminaldan nağdlaşdırmışdır. Hadisə vaxtı yanında heç kim olmamışdır və əvvəllər analoji və ya başqa cinayətlər törətməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, onunla qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. 06 yanvar 2025-ci il tarixdə səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində "xxxx" ASC-yə məxsus bankomatdan özünə məxsus olan kartdan pul nağdlaşdırmaq istəmiş, ancaq nağdlaşdıra bilməmişdir. Oradan uzaqlaşdıqdan sonra kartdan min manat vəsaitin xaric olması ilə bağlı mesaj gəlmişdir. O, "xxxx" ASC-ə bu məsələ ilə bağlı yaxınlaşmış və bankda kiminsə pulu nağdlaşdırdığını demişlər. Bankın işçiləri təqsirləndirilən şəxslə əlaqə saxlamış, ancaq təqsirləndirilən şəxs pulu qaytarmaqdan imtina etmişdir. O, sonra polisə bu barədə məlumat vermişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməsə də qısa müddətdə ödəyəcəyini bildirdiyinə görə və himayəsində iki azyaşlı uşağı olduğuna görə ailə vəziyyətini nəzərə alıb ona qarşı şikayət və tələbinin olmadığını və yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin ona verilən cəza ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, ailəsini dolandırmaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində xırdavat satışı ilə məşğuldur. 06 yanvar 2025-ci il tarixdə, saat 07:59-da o işlədiyi «Sədərək» ticarət mərkəzinin «Şirniyyat» bazarının 6-cı sırasında fəaliyyət göstərən «Ayan Kids» mağazasının yanında quraşdırılmış "xxxx" bankomatına yaxınlaşıb özünə məxsus 4169 7388 0952 6712 nömrəli "xxxx"a aid bank kart hesabından pul çıxarmaq istəmişdir. Kartı bankomatın sensorunun üzərinə qoyduqdan sonra, karta aid səhifə açılmış və o kodu yığdıqdan bir neçə saniyə sonra ekrana reklam çarxı gəlmişdir. O bankomatın işləmədiyini düşünüb kartını götürərək oradan uzaqlaşmışdır. Bundan bir neçə saniyə sonra istifadəsində olan mobil telefona yüklədiyi «Birbank» tətbiqinə gələn mesajdan ona məlum olmuş ki, ondan sonra bankomata yaxınlaşan şəxs onun bank kartına aid səhifənin açıq qalmasından istifadə edərək kartının balansında olan 1000 manat pulu sonu 2029 olan bank kartına köçürmüşdür. O ilk öncə bu barədə "xxxx"a, daha sonra isə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 fevral 2025-ci il tarixli “sənədlərə baxış və götürmə” protokolundan görünür ki, cinayət işinin materiallarının 14-cü səhifəsində vəsaitin silinməsi və vəsaiti alan kart nömrələrinə aid məlumatları əks etdirən detallar qeyd edilmişdir: «Qəbz nömrəsi və «RRN» qrafalarında - **********8, «əməliyyat tarixi» qrafasında xx.xx.2025, 07:59, «vəsait silinən kart/hesab» qrafasında****6712, «köçürməni alan» qrafasında - SƏ***M*******, «Vəsaiti alan kart/hesab» qrafasında - ***2029, «Kateqoriya» qrafasında - Maliyyə, «Məbləğ» qrafasında - 1 000m, «Ödəniş məbləği» qrafasında - 1 000 m, «Komissiya» qrafasında - Om qeyd edilmişdir. X8 Əsgər oğlunun 416973 ******6712 nömrəli birbank ödəniş kartının xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə çıxarış cədvəli göstərilmişdir. Həmin cədvəldə xx.xx.2025-ci il tarixinə olan ilkin qalıq 1,033, 70, xx.xx.2025-ci il tarixinə olan son qalıq 145,70 manat göstərilmişdir. Belə ki, 03.01,2025-də kart hesabına 15 manat mədaxil edilməklə balans 1,948,70 manat, həmin tarixdə 900 manat əlavə edilməklə 1,948,70 manat, 05.01,025-də 900 manat məxaric edilərək 1,048,70 manat, həmin tarixdə 100 manat mədaxil edilməklə 1148,70 manat balans, xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu Sədərək ticarət mərkəzi, Şirniyyat bazarı, 6-cı sıra Ayhan Kids-də 1000 manat köçürmə edilməklə balans 148,70 manat, həmin tarixdə 3 manat məxaric edilməklə balans 145,70 manat göstərilmişdir. Sənədlərə baxışla müəyyən edildi ki, həqiqətən cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş 4169 7388 0952 6712 nömrəli kart hesabından xx.xx.2025-ci il tarixdə, saat 07:59-da Qaradağ rayonu, Sədərək ticarət mərkəzi, Şirniyyat bazarı, 6-cı sırada olan «Ayhan Kids» mağazasının yanında quraşdırılmış Kapital Banka aid bankomatdan 1 000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs məxsus Kapital Banka aid 5239-1517-7988-2029 nömrəli kart hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs istifadəsində olan 5239-1517-7988-2029 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə mədaxil və məxaric barədə «Kapital Bank-dan götürülmüş cədvələ baxış protokolundan görünür ki, cədvəldə ilkin məlumat xx.xx.2024-cü il tarixdən başlayır və xx.xx.2025- ci il tarixədək olan dövrü əhatə edir. Cədvəl hər iki tərəfində qeydlər edilməklə 12 vərəqdən ibarətdir. Cədvəldə kart hesabına mədaxil və məxaric rəqəmləri 10-luq, bəzi hallarda isə 100-lük rəqəmlərlədir. Yalnız 2025-ci ilin yanvar ayının 06-da Qaradağ rayonu, Sədərək ticarət mərkəzi, Şirniyyat bazarı 6 sıra Ayhan Kids-də kart hesabına 1000 AZN mədaxil edilməsi, balansda 915,51 manat olması, həmin tarixdə sonra 1000 AZN pulun məxaric edilməsi və balansın 84,49 olması qeyd edilmişdir. Yoxlama tarixinin sonuncu gününə balansda 16,23 AZN olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs məxsus 5239-1517-7988-2029 nömrəli kartının mədaxil-məxaric cədvəlinə baxışla müəyyən edilmişdir ki, həqiqətən həmin kart hesabına xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzi, Şirniyyat bazarı, 6-cı sıra, “Ayan Kids” mağazasının yanında olan bankomatdan 1000 AZN pul köçürülmüşdür. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən informasiya texnologiyalarından və elektron məlumat daşıyıcılarından istifadə etməklə xx.xx.2025-ci ildə zərərçəkmiş Zərərçəkmiş şəxs mçxsus 4169 7388 0952 6712 kart hesabından 1000 AZN pul vəsaitini gizli olaraq talamaqla oğurlamışdır və bu barədə zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri ilə cədvəldə qeyd edilənlər arasında hər hansı ziddiyyət aşkar edilmədi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş kart məlumatlarına aid çıxarış və hadisə günü karta aid detallar olan sənədinin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabının mədaxil-məxaric cədvəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 yanvar 2025-ci il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsin cəza ilə bağlı ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 12 fevral 2025-ci il tarixdə saat 19:00-da şübhəli şəxs kimi tutulmuş və 14 fevral 2025-ci il tarixdə saat 11:10-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmə istintaqından yayındığı üçün Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və 28 oktyabr 2025-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək tutulduğu və həbsdə qaldığı ümumilikdə 25 (iyirmi beş) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “kart məlumatlarına aid çıxarış və kart hesabının mədaxil-məxaric cədvəli” cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı X6 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı X2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 27 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 50 saata görə (50 saat x 6 manat) 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 297 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və həbsdə qaldığı 23 (iyirmi üç) gün, ümumilikdə 25 (iyirmi beş) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla (50 gün), hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dən növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış “kart məlumatlarına aid çıxarış və kart hesabının mədaxil-məxaric cədvəli” cinayət işində saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Zərərçəkmiş şəxs izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə gələcəkdə Təqsirləndirilən şəxs qarşı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 50 saata görə (50 saat x 6 manat) 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar