Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-139/2024 15.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada sürücülüklə məşğul olan, Salyan rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 13:30-da Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 69,2-ci kilometrində idarə etdiyi «KAMAZ 53212» yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində yolun sol, Bakı şəhəri istiqamətinə hərəkətdə olan nəqliyyat vəsitələrin geri qayıtmaq üçün nəzərdə tutulmuş zolaqla 30 km/saat sürətlə hərəkətdə olarkən, yerdəyişməzdən, dönməzdən və dayanmazdan qabaq hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan təhlükəsiz manevr etməli olduğu halda bunu etməyib «X10» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, yolun sağ kənarındakı yanacaqdoldurma məntəqəsinə keçmək üçün baş yola daxil olaraq Qazax rayonu istiqamətində Zərərçəkmiş şəxs2 70-75 km/saat sürətlə idarə etdiyi «Mercedes Benz C250D» minik markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi «KAMAZ 53212» yük markalı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan X1 uzun müddətə pozulmasına səbəb olan döş qəfəsinin soldan Vİ-Vİİ qabırğaların sınıqları və başın sol gicgah nahiyəsinin sıyrığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, «Mercedes Benz C250D» minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol bud sümüyünün burmalardan keçən qapalı, yerdəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol bazu sümüyünün böyük qabarının yerdəyişməmiş sınığı və sol said nahiyəsinin əzilmiş yarası xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, özünə məxsus «Kamaz 53212» yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 17 dekabr 2023-cü il tarixdə Qaradağ rayonu Ələt qəsəbəsindən yaşadığı Hacıqabul rayonuna getmək üçün yola düşmüş, saat 13:30-da Bakı-Qazax- Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətindən geriyə dönmə əməliyyatı edərək Qazax istiqamətinə dönmüşdür. Yolun sağ kənarındakı YDM-nə getməli olduğu üçün avtomobilin sürətini təxminən 30 km/saata qədər azaldıb baş yolla hərəkətdə olmaqla yaxınlaşan nəqliyyat vasitələrin keçmələrini gözləyib avtomobillərin uzaqda olduğunu görüb baş yola daxil olmaqla çəpəki yolun sağ kənarına doğru hərəkəti davam etdirərək yolu keçib tamamladığı vaxt Qazax rayonu istiqamətinə hərəkətdə olan «Mercedes Benz» markalı minik avtomobili onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almamış və avtomobildən düşərək həmin «Mercedes Benz» markalı minik avtomobilinə yaxınlaşmış, onların avtomobildən çıxarılmasına köməklik göstərmiş və təcili tibbi yardım çağırmışdır. O, xəsarət almış şəxslərə xəstəxanada baş çəkmiş, onların müalicə olunmaları üçün maddi yardım göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını qeyd edərək, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 17 dekabr 2023-cü il tarixdə dostu Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə Bakı şəhərindən Sabirabad rayonuna getmək üçün yola düşmüşlər. O, qabaq sağ oturacaqda əyləşmişdir. Saat 13:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə hərəkətdə olarkən Bakı şəhəri istiqamətindən «Kamaz 53212» markalı yük avtomobilinin Qazax rayonu istiqamətinə geriyə dönmə əməliyyatı etdiyini və yolun sağ kənarındakı Socar yanacaqdoldurma məntəqəsinə doğru keçdiyini görmüşdür. Sürücü Zərərçəkmiş şəxs2 toqquşmadan yayınmaq üçün əyləcə basaraq avtomobili sağa istiqmətləndirmiş, lakin məsafə yaxın olduğundan avtomobili saxlaya bilməmiş və bu zaman avtomobilin qabaq hissəsi «Kamaz 53212» markalı yük avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. O, Zərərçəkmiş şəxs2 maşının arxasında əyləşmiş uşaqlarını xəsarət almaqdan qorumaq məqsədilə tutmuş, lakin özü xəsarət almışdır. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, onun barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 17 dekabr 2023-cü il tarixdə «Mercedes Benz C250» minik markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ailə üzvləri və dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhərindən Sabirabad rayonuna getmək üçün yola düşmüşlər. Zərərçəkmiş şəxs1 qabaq sağ oturacaqda, anası arxa sağ oturacaqda, onun yanında isə arvadı iki azyaşlı uşaqları ilə birlikdə əyləşmişdir. Saat 13:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə saatda 70-75 km sürətlə Qazax rayonu istiqamətində hərəkətdə olarkən yolda geriyə dönmə əməliyyatı edən «Kamaz 53212» markalı yük avtomobilinin yolun sağ kənarındakı Socar yanacaqdoldurma məntəqəsinə doğru keçməyə başladığını görmüşdür. Toqquşmadan yayınmaq üçün ayağını tormoza atıb avtomobili sağa istiqamətləndirmiş, lakin məsafə yaxın olduğundan avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi «Kamaz 53212» markalı yük avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü, Zərərçəkmiş şəxs1, anası və arvadı xəsarət aldığından onları az sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Bakı şəhəri KTM-nə aparmışlar. Özü həmin gün KTM-də tibbi müayinədən keçmiş və ona «Sol gicgah nahiyəsinin sıyrılmış yarası» diaqnozu qoyulmuşdur. Hadisə nəticəsində özü, dostu Zərərçəkmiş şəxs1 və ailə üzvləri xəsarətlər almış, avtomobili əzilərək özünə maddi ziyan dəymişdir. Daha sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, onun barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahidlər Şahid1 və X6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə şahidlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdikləri ifadələrində Şahid1 və X8 Zərərçəkmiş şəxs2 ilə eyniməzmunlu ifadə vermişlər. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CMnin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİS/3 Səyyar Asan xidmət tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AC seriyalı 853884 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci ilədək sürücülük hüququ vardır. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AE seriyalı, 098225 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz 53212 yük” markalı, 24BH273 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 40-cı vərəqəsində olan DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2024-ci il tarixli 3-13-16/2-1152/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildən xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan AC 853884 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli 8/3848 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «KAMAZ 53212» markalı 24BH273 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq ərəfindən göstərilən şəraitdə Mercedes Benz C250 markalı, 99MJ024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil etmişdir. Cinayət işinin 52-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 11 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol bud sümüyünün burmalardan keçən qapalı, yerinidəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol bazu sümüyünün böyük qabarının yerinidəyişməmiş sınığı, sol said nahiyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X11 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 71-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «KAMAZ 53212» yük markalı 24BH273 dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi «Mercedes Benz C250D» minik markalı 99MJ024 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin 92-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 04/12 №-li rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin soldan Vİ-Vİİ qabırğaların sınıqları və başın sol gicgah nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X11 müraciət etdiyi xx.xx.2023-cü ildə törənməsi mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, idarə etdiyi minik avtomaşının yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin 118-119-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 142-143-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «KAMAZ 53212» yük markalı 24BH273 dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi «Mercedes Benz C250D» minik markalı 99MJ024 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X3, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «KAMAZ 53212» yük markalı 24BH273 dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi «Mercedes Benz C250D» minik markalı 99MJ024 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə X5 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-139/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-139/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver