Məhkəmə qərarları › İş №1(002)-14/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-14/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-14/2022 15.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1993-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə hər ay aylıq qazancından 15 % dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli qərara əsasən barəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" Milli Məclisin qərarı tətbiq edilməklə cəzadan azad edilmiş , orta təhsilli, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 11-də qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5Q, mənzil 103-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 22:10 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən üzərində narkotik vasitənin gəzdirməsində şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4Q-nin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 00:45 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəxsi istifadə üçün saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, narkotik və psixotrop maddələrin alüdəçisi olduğu üçün tanımadığı şəxslərdən əldə edib qəbul edir. xx.xx.2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Abşeron rayonu Hökməli qəsəbəsində olarkən bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə, psixotrop maddə istədiyni bildikdən sonra bir çet narkotik vasitə olan heroini (kakos) və ya psixotrop maddə olan metafetamini 10 manata satmasını bildirmişdir. O, onunla razılaşıb 10 manat pul verib həmin oğlandan 1 çet (kakos) yəni narkotik vasitə olan heroin almış və sonra istifadə etmək üçün şalvarının cibinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində, qyaşadığı evin yaxınlığında olarkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirmişlər və onun narkotik vasitə, psixotrop maddə gəzdirməyindən şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 10-cu polis bölməsinə gəlmiş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının cibindən həmin kağız bükümdə aldığı 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, sonda törətdiyi cinayət əməlimdən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid2 ilə xidmətdə olduğuqları zaman daxil olmuş əməliyyat məlumatı əsasında saat 22:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4Q-nin qarşısında qanunsuz narkotik vasitələrin dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən kağızı kəsiyində bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində «kakos» yəni heroin olmasını və öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə müəyyən edilmişdir. O, bildirmiş ki, həmin maddəni həmin günü özü qəbul etmək üçün Bakı şəhəri, Hökməli qəsəbəsində tanımadığı, şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2021-ci il tarixli 6/2480 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş”.... yazısı olan zərfdəki 01 (bir) bükümdə təmiz çəkisi 0,327 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,277 qram. İş materillarında olan xx.xx.2021-ci il tarixli 3485 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intokasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə müdafiəşi X2 və polis əməkdaşları Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1, həmin bölmənin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə baxış keçirlərəkən həmin bölməsinin baş təhqiqatçısı Orxan Ocaqov tərəfindən ona üzərində qanula dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olarsa çıxararaq masanın üzərinə qoyması təklif olunur.Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoyur və həmin maddənin (kakos) narkotik vasitə olmasını və Hökməli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirir. Bir ədəd ağ kağıza bükülmüş büküm açılır və içərisindən qəhvəyi rəngli tozşəkili maddə aşkarlanır.Bundan sonra onun üzərinə baxış keçirilir və heç bir şey aşkar edilmir.Bundan sonra həmin bükülü qablaşdırılaraq möhürlənir və üzəri proses iştirakçıları tərəfindən imzalanır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,327 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,277 qram heroin - saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan cinayət işi üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə hər ay aylıq qazancından 15 % dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli qərara əsasən barəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" Milli Məclisin qərarı tətbiq edilməklə cəzadan azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materillarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Qaradağ RPİ-nin 10-cu PB-dan daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixldə tutularaq Qaradağ RPİ-nin MSY-ə təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olması və gəncliyi cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 0,277 qram narkotik vasitə heroin məhv edilməlidir. İş 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 61 (altmış bir) saata görə 366 (üç yüz altmış altı) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 18 avqust 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 114 (yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,277 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 61 (altmış bir) saata görə 366 (üç yüz altmış altı) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar