Məhkəmə qərarları › İş №1(002)-140/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-140/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-140/2024 21.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2022-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 may 2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 dekabr 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və vidioçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə təmiz çəkisi 0,554 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən bir il yarım iki ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən alır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 06 dekabr 2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş “kakos” kimi adlanan narkotik vasitə heroin almış və yaşadığı evə getmişdir. Səhəri gün, yəni 07 dekabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 6 nömrəli fərdi yaşayış evindən küçəyə çıxmış, aldığı narkotik vasitəni isə əynində olan şalvarının sağ yan cibinə qoymuşdur ki, münasib bir yer tapıb istifadə edər. Yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Qaradağ RPİnin 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli bilindiyini izah edib onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə getməyini bildirmişlər. O, da polis əməkdaşlarının təklifi ilə razılaşıb 10-cu polis şöbəsinə getmiş, orada ona müdafiəçi təqdim olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq vəzifələrim izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, da əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, iysiz, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş maddənin «kakos» kimi adlanan narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, o və iştirakçılar imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişdir. Polis əməkdaşlarının onu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin qarşısında saxladıqlarını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotik vasitəni həmişə özünün qəbul etmək üçün aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. O, son olaraq törətdiyi əməldən səmimi peşman olmasının, iki aydan çoxdur narkotik vasitə istifadə etmədiyini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin məliyyat müvəkkili, polisi kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir. xx xxxxxx 1984-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 6-da yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o özü və Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 07 dekabr 2023-cü il tarixdə saat 15:00-da tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin qarşısında görüb ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. 10-cu Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Orucov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəfaf rəngli sellofana kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm kakos kimi adlanan narkotik vasitə heroindir, həmin heroini xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin məliyyat müvəkkili vəzifəsində işləmiş polis baş leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin məliyyat müvəkkili, polisi kapitanı Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6313 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,554 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi- 0,554 qram, tədqiqata sərf edildi-0,050 qr, qalıq-0,504 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 09 dekabr 2023-cü il tarixli, 8100 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 07 dekabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edir. Qeyd olunan bükümə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman həmin bükümün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilində maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə “kakos” adlanan narkotik vasitə heroin olmasını, həmin maddəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 09 dekabr 2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, 07 dekabr 2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,504 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 05 yanvar 2008-ci il təvəllüdlü X5 və 08 dekabr 2019-cu il təvəllüdlü X10 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə çəzasının çəkilməmiş qalan 04 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 23 may 2023-cü ildə cəzası başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olması, himayəsində bir azyaşı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 07 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində şübhəli şəxs qismində tutulmuş və daha sonra 09 dekabr 2023-cü il tarixdə saat 11:05-də Təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Prokurorluğuna vəsatətlə müraciət edilmiş, prokuror tərəfindən vəsatət təmin edilməmiş və Rasulov X1 Saxlama Yerindən azad edilmişdir. Daha sonra Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.504 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 gün (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 21 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,504 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (almış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar