Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-142/2023 10.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 03 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanında yerləşən Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasının 10 saylı xidməti otağında Zərərçəkmiş şəxs onun barəsində şikayət etməsini bəhanə edərək ətrafda olan insanlara məhəl qoymadan, cəmiyyətə qarşı aşkar surətdə hörmətsizlik və laqeydlik nümayiş etdirməklə özünü digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, həmçinin ümumdavranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək heç bir səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, onun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq yerə yıxmaqla sonuncuya başın alın nahiyəsinin qançır-sıyrığı, burun kökünün və alt çənə nahiyəsinin sıyrıqları və sol əlin İV barmağının əsas falanqa oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İV barmağının yumşaq toxumalarının qançır-şişkinlik halında əziyindən ibarət dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, polis bölməsinin normal iş rejimini 15 dəqiqə müddətinə pozaraq qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar Səidə ilə əvvəllər də bir-birilərini tanımışlar. Səidənin onun barəsində ortaq tanışlarına böhtan xarakterli məlumatlar verməsindən əsəbləşərək 03 oktyabr 2022ci il tarixdə səhər saatlarında Səidənin yaşadığı ünvana getmiş, qapısını döymüş, Səidə qapıya yaxınlaşmış, lakin qapını açmamışdır. Həmin vaxt o, Səidənin “102” xidməti zəng mərkəzinə zəng edərək onun barəsində şikayətçi olduğunu eşitmiş və yaşadığı evə geri qayıtmışdır. Bir qədər sonra, təxminən saat 11:00 radələrində Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə yaxınlaşdıqda, Səidənin orada olduğunu görmüşdür. Onlar Polis bölməsinin xidməti otağında olarkən Səidənin yenidən onunla bağlı yalan məlumatlar səsləndirməsindən əsəbləşərək onun sifət nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmiş, lakin hər ikisi bir-birlərinin ünvanına nalayiq sözlər səsləndirmişlər. Daha sonra Etibar və Emin adlı polis əməkdaşları onları sakitləşdirmişlər. Daha sonra özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir övladının olmasını, özünün onkoloji xəstəlikdən əziyyət çəkdiyini, xəstəliyi səbəbindən tez-tez respublikadankənar müalicəyə getdiyini nəzərə alaraq, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, onların əvvəllər də Aynurə ilə tanışlıqları olmuş, dəfələrlə bir-birilərinin evlərində olmuşlar. Lakin ortaq tanışları olan Esmira adlı şəxslə Aynurənin arasında yaranmış problem onların da münasibətini korlamışdır. 03 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Aynurə onun yaşadığı evə gələrək qapını döymüş, lakin o, qapını açmamışdır. Bundan sonra o, “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Aynurə getdikdən sonra təxminən saat 11:00 radələrində o, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə gedərək, ərizə ilə müraciət etmiş və bir qədər sonra Aynurə həmin polis bölməsinin inzibati binasına daxil olmuşdur. Etibar adlı polis əməkdaşının xidməti otağında olarkən, Aynurə onun üstünə hücum çəkərək üz nahiyəsinə yumruqla zərbələr vurmuşdur. Daha sonra polis əməkdaşı Aynurəni digər xidməti otağa aparmışdır. Lakin, sonradan Aynurə həmin polis əməkdaşına, analoji hərəkətə yol verməyəcəyini bildirmiş və onu təkrar əvvəlki otağa qaytarmasını xahiş etmişdir. Aynurə həmin xidməti otağa qayıtdıqdan sonra yenidən onun üzərinə hücum çəkmiş, onu döymüş, ünvanına nalayiq ifadələr səsləndirmişdir. Polis əməkdaşları çətinliklə də olsa Aynurəni sakitləşdirməyə nail olmuşlar. Hadisə təxminən 4-5 dəqiqə ərzində davam etmişdir. Hadisə vaxtı ətrafda sonradan adını bildiyi «Etibar» adlı və başqa adlarını bilmədiyi polis əməkdaşları olmuşlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, sonuncu barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, o, 03 oktyabr 2022-ci il tarixdə, təxminən saat 10-11 radələrində xidmətdə olduğu vaxt ünvan 5 ünvanından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində “102” xidməti zəng mərkəzinə şikayəti ilə bağlı hər iki şəxsi Qaradağ RPi-nin 10-cu Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs şikayətlərini dinləyərkən onlar arasında sözlə mübahisə yaranmış, Təqsirləndirilən şəxs qəfildən Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək onu yumruq zərbələri ilə vurmuşdur. Baş vermiş hadisə nəticəsində Polis bölməsinin iş rejimi pozulmuş, yalnız digər polis əməkdaşlarının müdaxiləsi nəticəsində mübahisənin sakitləşməsinə nail olmuşlar. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Əfqan oğlu və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Şahid1 Əfqan oğlu məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin Şahid3 05 aprel 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Əfqan oğlunun və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid1 Əfqan oğlunun və Şahid3 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Şahid1 Əfqan oğlunun ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, 03 oktyabr 2022-ci il tarixdə xidməti iş yeri olan Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin inzibati binasında olduğu vaxt xidməti otağının yan otağında, yəni Polis Bölməsinin 10 saylı otağında saat təxminən 10-11 radələrində tanımadığı, sonradan adlarının Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğunu bildiyi iki qadının bir-biri ilə mübahisə edib nalayiq sözlərlə söyərək təhqir etdiyini eşitmişdir. Həmin vaxtı o, işlədiyi üçün qadınlara diqqət yetirməmiş, lakin qəfildən qadınlardan birinin, yəni Zərərçəkmiş şəxs qışqırdığını eşitmiş və həmin xidməti otağa gəldikdə Təqsirləndirilən şəxs adlı qadının Səidəni vurduğu üçün sonuncunun qışqırdığını anlamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdikləri üçün o və otaqda olan polis sahə inspektoru polis leytenantı Şahid2 həmin qadınları ayırmış, Təqsirləndirilən şəxs otağın dəhlizinə çıxarmışlar. Mübahisə baş verən vaxtda Təqsirləndirilən şəxs əlində hər hansı bir alət, əşya və ya predmet olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhqiqatçının xidməti otağına keçirilmiş, orada izahatları alındıqdan sonra Təqsirləndirilən şəxs evinə yola salınmış, Zərərçəkmiş şəxs isə məhkəmə-tibbi ekspertizası müayinəsinə göndərilmişdir. Hadisənin səbəbi barədə onun dəqiq məlumatı olmasa da, mübahisə etmələrindən belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etməsindən əsəbləşərək sonuncunun sifət nahiyəsinə yumruqla vurmuşdur. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu görməmiş, lakin qadınların bir-birilərini nalayiq ifadələrlə söyüb təhqir etdiyini eşitmişdir. Həmin hadisə təxminən 15 dəqiqə davam etmiş və bu müddət ərzində bölmənin iş rejimi pozulmuşdur. Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 07 ildir Təqsirləndirilən şəxs tanıdığını, sonuncu ilə normal münasibətləri olduğunu və Təqsirləndirilən şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olduğunu və sonuncunu Aynurənin xahişi ilə 2022-ci ilin yay aylarında xadimə kimi işə düzəltdiyini, sonradan isə Səidənin həmin işdən azad olduğunu öyrənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisədən xəbərdar olmamış və Təqsirləndirilən şəxs ona zəng etdikdən sonra mübahisə barədə məlumat əldə etdiyini göstərmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 71-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 19-20-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi Birliyinin 04 oktyabr 2022-ci il tarixli 742 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-başın alın nahiyəsinin qançır-sıyrığı, burun kökünün və alt çənə nahiyəsinin sıyrıqları, sol əlin İV barmağının əsas falanqa oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İV barmağının yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi, sol diz oynağının ön səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 30 noyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işinin 39-cu vərəqəsində olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı MKİS tərəfindən verilmiş 1465 nömrəli, 06 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və qızı ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, ev 2, mənzil 59 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin 40-cı vərəqəsində olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı MKİS- tərəfindən verilmiş 1467 nömrəli, 05 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, Təqsirləndirilən şəxs İİ mərhələ xərçəng xəstəliyindən əziyyət çəkir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsin ərizəsindən və ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Odur ki, onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndinin 4-cü abzasında məhkəmələrə izah olunmuşdur ki, əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində bir övladının olmasını, xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Təqsirləndirilən şəxs təyin ediləcək cərimə hökmün qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzasının icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vəkil Müdafiəçi tərəfindən göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vəkil Müdafiəçi tərəfindən göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-142/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-142/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver