Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-146/2023 14.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), fərdi əmələ məşğul olan, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırması cəzası saxlanılmış, məhkumluğu olmayan, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin 30 metr yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib dalaşaraq sonuncunun bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurmuş, daha sonra dava-dalaşı davam etdirib Zərərçəkmiş şəxs1 yaşadığı Qobustan qəsəbəsi, 1-ci massiv, 120 nömrəli fərdi yaşayış evinin həyətində bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 xəsarət yetirmək istəyərkən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 sağ qoluna bıçaqla vurub Zərərçəkmiş şəxs2 sağ said nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra həmin bıçaqla Zərərçəkmiş şəxs1in sağ çiyin nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurub sonuncuya sağ çiyin qurşağının deşilmiş-kəsilmiş yarası, sağ almacıq nahiyəsinin, sağ çiyin qurşağının, hər iki saidin, sağ diz oynağı nahiyəsinin və qarın nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun qonşusdur, bir qonşu kimi onunla salam-sağolu olmuşdur. Ramil həmişə spirtli içki içib qonşularla mübahisə etdiyi üçün həmişə ondan uzaq durmağa çalışmışdır. xx.xx.2022-ci il tarixdə axşam radələrində yaşadığı evin qarşısında dayanmışdır.Bu zaman o, küçədə qonşusu Ramil ilə rastlaşmışdır. Ramil sərxoş vəziyyətdə olmuşdur. Ramil ona sataşdığı üçün aralarında mübahisə yaranmış və sonradan mübahisə dava-dalaşa çevrilmişdir.Bu zaman o, Ramili yumruqla vurmuş və onlar yerə yıxılmışlar.Yaxınlıqda olan qonşular onları ayırdıqdan sonra Ramilin qohumu Ramiz onun üzərinə hücum çəkərək ona bıçaqla xəsarət yetirmişdir.Sonradan onu təcili tibbi yardımla xəstəxanaya aparmışlar.Mübahisə zamanı üzərində bıçaq olmamış və heç kimə bıçaqla xəsarət yetirməmişdir. Törətdiyi əməldən peşimançılıq hissi keçirir.Himayəsində iki azyaşlı uşağı var.Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yaşayır. Elsevər onun qonşusudır. Qeyd edilən tarixdə təxminən axşam radələrində o, qardaşı oğlu Ramiz ilə yaşadığı evə gəlirmiş. Həmin vaxt məhəllədə qonşusu Elsevəri görmüşdür.Bu zaman Elsevərlə aralarında söz mübahisəsi yaranmış və mübahisə davaya çevrilmişdir.Bu zaman Elsevər onu yerə yıxmış və onu bir neçə dəfə yumruqla Sonradan köməyə qohumu Novruz gəlmiş, onları ayırmış və onu evinə apararkən Elsevər yenidən onlara hücum çəkmiş, Novruzu və onu bıçaqla vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ramil və Elsevəri tanıyır, onlar onun qonşularıdır, onların hər ikisi ilə münasibəti normaldır. Qeyd edilən tarixdə axşam radələrində Qobustan qəsəbəsində məscidin yanında olarkən yaşadığı ünvan tərəfdən səs-küy gəldiyini eşidib həmin istiqamətə tərəf getmiş və orada camaatın yığışdığını və Ramil ilə Elsevərin yerdə yıxılmış vəziyyətdə dava etdiklərini görmüşdür. O, tez onlara yaxınlaşıb aralarına girib onları ayırmağa başlamışdır. Ondan başqa heç kim onları ayırmırmış. O, onları aralaşdırıb ayağa qaldırmış, Ramilin qoluna girib evlərinə tərəf aparmışdır. Həmin vaxt Elsevər evlərinə tərəf qaçıb getmişdir. O, Ramili yaşdıqları evin darvazasından həyətə salmış və həyətin qapısını örtmək istəmiş, lakin Elsevər artıq qapıya çatdığı üçün ona qapını bağlamağa imkan verməmişdir.Elsevər qapını zorla həyətə daxil omuşdur. O, Ramil ilə Elsevərin arasına girmişdir. Həmin vaxt Elsevər əlində bıçaqla Ramilin üzərinə hücum etmişdir. O, Elsevərin qarşısını almağa çalışmış, lakin Elsevər əlindəki bıçaqla Ramilin boyun nahiyyəsinə vurmaq istəyəndə zərbənin qarşısını almaq üçün əlini irəli vermişdir ki, Elsevərin əlindən bıçağı alsın. Lakin Elsevər əlindəki bıçaqla onun sağ əlinə xəsarət yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir Zərərçəkmiş şəxs2 onun kiçik qardaşıdır.Qeyd edilən tarixdə axşam radələrində o, yaşadığı evdə olarkən azan verilmiş, o, namaz qılmaq üçün evdən çıxmış ki, evlərinin yaxınlığındakı məscidə getmişdir. O, küçəyə yenicə çıxmışdır ki, qardaşı Novruzun biləyindən qan axa-axa evə tərəf gəldiyini görmüşdür. O, Novruzdan nə baş verdiyini soruşmuş, Novruz ona demişdir ki, qonşu Elsevər Ramil ilə dalaşırmış, Elsevərin Ramili bıçaq ilə vurmaq istəyərkən bıçaq onun qoluna dəydiyindən biləyi kəsilmişdir. O, qardaşı Novruzu qonşunun avtomobilinə əyləşdirib Qobustan qəsəbəsində yerləşən təcili tibbi yardıma aparmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisdir. Elsevər isə əmisi Ramilin qonşusudur.Qeyd edilən tarixdə axşam radələrində o, əmisi Ramil ilə birlikdə işdən Qobustan qəsəbəsinə gəlmişdir. O, əmisi Ramil ilə birlikdə yaşayan nənəsi Solmaz Əşrəfovaya baş çəkmək üçün əmisi Ramilin evinə getmiş, Ramil mağazaya gedəcəyi üçün küçədə qalmışdır. O, Ramilin evinin həyətinə yenicə daxil olmuşdur ki, küçədən səs-küy gəldiyini eşidib əmisi Ramilin həyətindən küçəyə çıxıb səs gələn tərəfə getmiş və küçədə Elsevər ilə əmisi Ramil dalaşdığını, Ramilin yerdə yıxılmış vəziyyətdə olduğunu, Elsevərin əmisi Ramilin sinəsinin üzərində əyləşib əmisinin bədəninin müxtəlif nahiyyələrinə dayanmadan yumruq zərəbələri vurduğunu görmüşdür. O, Elsevərə yaxınlaşıb onu arxadan tutub əmisi Ramildən kənarlaşdırmaq istəmiş, lakin Elsevərin dayanmadan əmisi Ramilə yumruq zərbələri vurmasını görüb yerdən daşı götürüb Elsevərin baş nahiyyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Zərbələrdən sonra Elsevər ayağa qalxmış, onun başı qanamışdır. Bir neçə dəqiqə sonra əmisi Ramilin yaşadığı ev istiqamətinə tərəf getmiş və görmüşdür ki, darvazının qarşısında, yəni küçədə yerdə çoxlu qan vardır, həyətin giriş hissəsində Elsevər əlindəki bıçağı əmisi Ramilə tərəf sağa-sola tərəf aparıb əmisini vurmaq istəyir, əmisi Ramilin köynəyi qanın içindədir və həyətin sağ tərəfindəki tualetin divarına kürəyini söykəmişdir. O, başa düşmüşdür ki, Elsevər əmisi Ramili bıçaqlayıb. O, Elsevəri zərərsizləşdirmək üçün onu arxadan qucaqlayıb bıçağı onun əlindən almışdır. Bu zaman Elsevər onun üzərinə gəlmiş və o, özünü müdafiə etmək üçün bıçaqla Elsevərə xəsarətlər yetirmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 777 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ çiyin qurşağının deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, sağ almacıq nahiyyəsinin, sağ çiyin qurşağının, hər iki saidin, sağ diz oynağı nahiyyəsinin və qarın nahiyyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X7 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 765 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sağ said nahiyyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 706/MTBŞ-2022 saylı rəyindən gösrünür ki, ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi kriminalistika ekspertizasının 30 noyabr 2022ci il tarixli, 560/MTKŞ-2022 saylı rəyində görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir.Təqdim edilmiş xx.xx.2022-ci l tarixli 771 saylı və xx.xx.2022-ci il tarixli 777 saylı ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 bədən səthində olan deşilmiş-kəsilmiş və kəsilmiş yaraların, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin yaxud oxşar konstruktiv xüsusiyyətinə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırması cəzası saxlanılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil olaraq zərərçəkmiş şəxslərə bıçaqla xəsarət yetirmədiyini qeyd etsə də həmin əməl işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni qeyd edilən cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində iki azayaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxanıldığı 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq və bir ədəd yarım mişar daşı məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) saata görə 108 (bir yüz səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq və bir ədəd yarım mişar daşı məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) saata görə 108 (bir yüz səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-146/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-146/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver