Məhkəmə qərarları › İş №1(002)-147/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-147/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-147/2023 04.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prius” markalı avtomobili üçün **-HZ-*** dövlət qeydiyyat nişanını alacağına dair yalan vədlər verib aldadaraq 07 oktyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunda yerləşən BDYPİnin Qeydiyyat-İmtahan idarəsinin qarşısında Zərərçəkmiş şəxs2 qohumu Şahid1 vasitəsilə göndərdiyi 1600 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Sprinter” markalı avtomobilini gömrük qeydiyyatından keçirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2022-cı ilin oktyabr ayının 24-də saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunda yerləşən Avtonəqliyyat Baş Gömrük İdarəsinin qarşısında Zərərçəkmiş şəxs1 6050 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 gömrüklə bağlı işi həll etmək üçün tanış olmuşdur. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 “Toyota Prius” markalı avtomobilinin texniki baxışdan keçirilməsinə və **-HZ-*** dövlət qeydiyyat nişanının alınmasına görə ondan 1600 manat pulu almış, lakin vədlərini icra etməmişdir. Zərərçəkmiş şəxs1 isə 1 ilə yaxın olar ki, tanıyır. Onun Gürcüstan Respublikasından gətirdiyi “Mercedes-Benz Sprinter” markalı avtomobilin gömrük rəsmiləşdirilməsini həyata keçirməsi üçün ondan 6050 manat pulu almış, lakin vədinə əməl etməmiş, həmçinin aldığı pulu geri qaytarmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində isə atası Əlimərdan İsrayılov hər iki şəxsə dəymiş ziyanı tam ödəmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanları tamamilə ödədiyini, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, vurduğu ziyanın 25% ni dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Gürcüstan Respublikasından gətirdiyi nəqliyyat vasitəsinin sənədləşmə işlərini həyata keçirmək üçün tanışı Şahid2 müraciət etmiş, orada Təqsirləndirilən şəxs etibarnamə və dövlət rüsumu ilə bərabər 6050 manat pul vermişdir. Müraciəti əsasında görülməli işlərin həll olunmadığını və verdiyi pulun ona geri qaytarılmadığını müəyyən etdikdə məsələ ilə bağlı “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. 1 ay sonra Təqsirləndirilən şəxs atası ona zəng edərək pulu ödəmək istədiyini bildirmiş, müstəntiqin yanında pulu qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki tanıyır. Sonuncu əvvəllər də xarici ölkədən gətirdiyi nəqliyyat vasitələrinin gömrük qeydiyyatından keçirilməsinə köməklik göstərmişdir. Qohumu Şahid1 adına X3 gətirdiyi “Toyota Prius” markalı avtomobilin 2022-ci ilin oktyabr ayının əvvəllərində **-HZ-*** dövlət qeydiyyat nişanının alınmasına köməklik etməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunda yerləşən Baş Gömrük İdarəsinin qarşısında Təqsirləndirilən şəxs 1600 manat vermişdir. Sonradan Təqsirləndirilən şəxs öhdəliyinə götürdüyü işləri icra etməməsi barədə maraqlandıqda gecə saatlarında tanımadığı şəxslər tərəfindən döyülüb pulun əlindən alındığını bildirmiş və ondan bir ay möhlət istəmişdir. O, Təqsirləndirilən şəxs pulu qaytarmadığını və etibarından sui-istifadə edərək ələ keçirdiyini müəyyən etmiş və bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermiş, 10-cu Polis Bölməsinə isə ərizə yazmışdır. Təqsirləndirilən şəxs ondan aldığı 1600 manat pulu atası Əlimərdan İsrayılov geri qaytarmışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. 28 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 onun adına X3 “Toyota Prius” markalı maşın gətirmiş, həmin maşının gömrük rəsmiləşdirilməsi üçün 07 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun iştirakı ilə 1600 manat pul vermişdir. İdarənin həyətində gözləmələrinə baxmayaraq, Təqsirləndirilən şəxs işin həmin gün icra olunmasının mümkün olmadığını, bu səbəbdən oradan getmələrini istəmişdir. Gecə saat təxminən 03:00 radələrində Zərərçəkmiş şəxs2 ona zəng vurub demişdir ki, Təqsirləndirilən şəxs gecə evinin yaxınlığında naməlum şəxslər tərəfindən döyülməsi, 1600 manat pulun əlindən alınması barədə ona məlumat vermişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Gömrük İdarəsi ilə üzbəüz yerləşən ofislərdən birində fəaliyyət göstərən Təqsirləndirilən şəxs tanımışdır. O, gömrük qeydiyyatı üçün bəyannamə yazılmasında vətəndaşlara xidmət göstərir. Zərərçəkmiş şəxs1 da Gömrük idarəsinin həyətində tanımış, Zərərçəkmiş şəxs1 bəyannamə yazdırmaq istədiyi üçün o, sonuncunu Təqsirləndirilən şəxs yönəltmişdir. 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs1 yenidən idarəyə gələcəyini, gətirdiyi nəqliyyat vasitəsinin sənədləşmə işlərini həyata keçirəcəyini bildirmişdir. O, 24 oktyabr 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 idarənin həyətində danışdıqlarını görmüş, Təqsirləndirilən şəxs sonuncunun hansı səbəbdən gəldiyini soruşduqda nəqliyyat vasitəsinin sənədləşmə işlərini həyata keçirmək üçün gəldiyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona zəng vurub sənədləri və 6050 manat pulu verməsinə baxmayaraq, işləri icra etmədiyini demişdir. O, dərhal ofisə getmiş Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs orada olduğunu görmüş, sonuncudan pulu nə etdiyini, nə üçün geri qaytarmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin pulu onlayn kazinoda uduzduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs1la danışmasını, pulunu geri qaytarması üçün möhlət istəməsini xahiş etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 dedikdə o, razılaşmamış və pulunu istəmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 45-ci vərəqəsində olan ərizədən, 46 və 48-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 vurulmuş 6050 manat ziyan X1 tərəfindən ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 51-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası HK-1-3103 nömrəli material CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə CMnin 127.1-ci maddəsi ilə təqsirləndirilmiş, xx.xx.2016-cı maddəsi ilə CPM-nin 40.2.2-ci maddəsinə əsasən işə xitam verilmişdir. Cinayət işinin 1-ci cildinin 106-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 118-119-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 133-135-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(saat 10:30) Cinayət işinin 154-155-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmişdir. Cinayət işinin 156-157-ci vərəqələrində olanxx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. İş üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və barəsində axtarış elan edilməklə tutulması və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubundan və xx.xx.2023-cü il tarixli tutmaq protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:15-də tutulmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Qara Qarayev filialı tərəfindən verilmiş 2823 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 25% rüsum ödənişi olaraq 1915 manat pul ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə yazılmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış və ona qarşı heç bir şikayət tələb və iddiası yoxdur. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxslərə tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 1915 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 14 yanvar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığına görə barəsində axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdən tutularaq Ədliyyə Naziri Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı, onlara dəymiş ziyanı tamamilə ödədiyi və vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar