Məhkəmə qərarları › İş №1(002)-148/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-148/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-148/2024 06.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Fəxrəddin oğlu saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, 15 avqust 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olan "Sədərək" Ticarət Mərkəzində sıra 1A-da yerləşən Zərərçəkmiş şəxs məxsus 7 nömrəli mağazanın plastik qapısını açma yolu ilə qanunsuz daxil olaraq saxlanc yerindən dəyəri 710 manat olan yataq dəstini, cəmi dəyəri 1350 manat olan 30 ədəd yataq örtüyünü, cəmi dəyəri 720 manat olan 6 ədəd divan örtüyünü, cəmi dəyəri 140 manat olan 5 ədəd "tüklü pilet" yataq örtüyünü, cəmi dəyəri 1000 manat olan 25 ədəd süfrəni, cəmi dəyəri 550 manat olan yataq örtüyünü gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 4470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün 15 avqust 2023-cü il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzinə müştəri aparmışdır. O, icarə əsasında idarə etdiyi KİA RİO markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşınla gəzməyə başlamış və sıra 1A-nın qarşısında avtomaşını saxlamış, bazarın mağazalar olan hissəsinə piyada daxil olmuşdur. O, mağazaların qarşısından keçən zaman tekstil malları satılan mağazanın içəri hissəsində 4 ədəd göy rəngli böyük sellofan torbalara yığılmış mallar görmüşdür. O, bazarda yerdən dəmir parçası götürərək həmin mağazanın qapısına yaxınlaşmış və dəmir parçasını qapının kilid hissəsinə salmış, güc tətbiq edərək qapını açmışdır. Mağazanın içərisində olan həmin 4 ədəd göy rəngli böyük sellofan torbaları mağazadan çıxarmış, idarə etdiyi avtomaşına yerləşdirmiş və ticarət mərkəzindən çıxmışdır. O, həmin oğurladığı malları Sabirabad və Saatlı rayonunda tanımadığı şəxslərə səyyari olaraq avtomaşınla kənd-kənd gəzərək satmış və satdığı şəxslərin heç birini tanımamış, nəticədə 1500 manat pul qazanmış və onu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və himayəsində iki azyaşlı uşağı olmasının nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Sədərək TM-də işlədiyi mağazanı bağlayaraq ticarət mərkəzini tərk etmiş və yaşadığı evə getmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində ticarət mərkəzinə gələrək mağazanı açmaq istəyən zaman mağazanın kilidinin və mühafizə blomunun sındırıldığını müəyyən etmişdir. O, dərhal bu barədə bazarın mühafizə xidmətinə və polisə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra o, mağazaya daxil olmuş və ona məlum olmuşdur ki, mağazadan naməlum şəxs və ya şəxslər ümumi dəyəri 710 manat olan yataq dəstini, ümumi dəyəri 1350 manat olan 30 ədəd yataq örtüyünü, ümumi dəyəri 720 manat olan 6 ədəd divan örtüyünü, ümumi dəyəri 140 manat olan 5 ədəd "tüklü pilet" yataq örtüyünü, ümumi dəyəri 1000 manat olan 25 ədəd süfrəni, ümumi dəyəri 550 manat olan yataq örtüyünü oğurlayaraq ona ümumilikdə 4470 manat maddi ziyan vurmuşlar. Bundan əlavə, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 11-16-cı vərəqələrində olan 16 avqust 2023-cü il tarixli "hadisə yerinə baxış keçirilməsi barədə" protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək Ticarət Mərkəzində yerləşən mağazasına naməlum şəxs(lər) qanunsuz daxil olaraq oradan ona məxsus 710 manat olan yataq dəstini, ümumi dəyəri 1350 manat olan 30 ədəd yataq örtüyünü, ümumi dəyəri 720 manat olan 6 ədəd divan örtüyünü, ümumi dəyəri 140 manat olan 5 ədəd "tüklü pilet" yataq örtüyünü, ümumi dəyəri 1000 manat olan 25 ədəd süfrəni, ümumi dəyəri 550 manat olan yataq örtüyünü oğurlamışlar. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 31-ci vərəqəsində olan 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, Zərərçəkmiş şəxs məxsus mağazadan baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izindən 01 ədədi Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun sağ əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 48-49-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (saat 11:00) Cinayət işinin 72-73-cü vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 07 mart 2024-cü il tarixli 24/531 saylı rəyindən görünür ki:

1. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 23 ədəd yapışqanlı lent kəsiyinin üzərində olan 03 ədəd əl-barmaq və 05 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Tədqiqə təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun əlbarmaq və ovuc ǝksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır.

3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun sağ əlinin adsız barmağının əksi ilə eynilik müəyyən etmişdir.

4. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 05 ədəd ovuc izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o, cümlədən Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun əl-barmaq və ovuc ǝksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 98-100-cü vərəqələrdə olan nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Fəxrəddin oğlu xx.xx.2017-ci il tarixdə X1 ilə nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2018-ci il tarixdə X5 və xx.xx.2023-cü il tarixdə doğulmuş X6 doğulmuşdur. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 102-105-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzi sıra 1 A, 7 saylı mağazadan götürülmüş 22 ədəd əl barmaq izi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, barışıq əldə edilmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin verdikləri ifadələri və digər iş materialları ilə onun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs Fəxrəddin oğluna hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs Fəxrəddin oğluna dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Fəxrəddin oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 270 (iki yüz yetmiş) manat məbləğində pul, Təqsirləndirilən şəxs Fəxrəddin oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzi sıra 1 A,7 saylı mağazadan götürülmüş 22 ədəd əl barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Fəxrəddin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzi sıra 1 A, 7 saylı mağazadan götürülmüş 22 ədəd əl barmaq izi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs Fəxrəddin oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 270 (iki yüz yetmiş) manat məbləğində pul, Təqsirləndirilən şəxs Fəxrəddin oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar