Məhkəmə qərarları › İş №1(002)-149/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-149/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-149/2024 08.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İş № 1(002)-149/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM QARADAĞ RAYON MƏHKƏMƏSİ 08 avqust 2024-cü il Bakı şəhəri Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, X1, Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 11 gün vaxtından əvvəl şərti azad edilmiş , ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 yanvar 2024-cü il tarixdə, saat 17:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız parçasına bükülmüş bükümdə təmiz çəkisi 0,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. 14 may 2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə yaşadığı məhəllədə olarkən 10-cu polis şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar.Orada üzərinə baxış keçirilən zaman könüllü alaraq üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir.Lakin 13 iyun 2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır.Polis şöbəsində ona təzyiqlər edildikdən sonra xəstəliyi ilə əlaqədar qorxaraq bu cinayət əməlini boynuna almışdır.Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində aparılan axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bir bükümü çıxarıb təqdim etdi. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-də fiziki zorakılqlara məruz qalması ilə bağlı 13 iyun tarixli məktuba əsasən Bakı şəhəri Qaradağ rayon prokurorluğuna məlumat verilmiş, məlumat əsasında araşdırma aparılmış və araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39-1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis şöbəsində inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ PRİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1, sahə inspektoru Şahid2 və müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması bildirilir. Təqsirləndirilən şəxs boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəmgli bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin kakos (heroin) oldğunu və narkotik vasitəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1012 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxsndan aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,308 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 yanvar 2024-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəmə istintaqı zamanı əməlini etiraf etməyək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları və şahid ifadələri, videgörüntü ilə qeydə alınmış şəxsi axtarış götürülmə istintaq hərəkəti ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, cəzanı ağırlaşdıran hal olaraq əməlində cinayətin residivinin olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs qismində tutlduğu vaxtdan, yəni 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,308 qram narkotik vasitə heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,308 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar