Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-149/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 16 dekabr 2024-cü il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi "Tofaş" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunun 2,5-ci kilometrliyində Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyib avtomobili icazə veriləndən artıq sürətlə, yəni 100 km/saat sürətlə idarə edərək Şahid1 idarə etdiyi "MAZ 543302-2120" markalı, **- NM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sağ tərəfdən yola daxil olmaqla onun qarşısına çıxarkən yüksək sürəti səbəbindən avtomobili tam dayandırma həddinə qədər çatdıra bilməyərək yük avtomobilinin sol yan tərəfi ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin X7 baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma, başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, sol bud sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sol diz oynağının əzilmiş yaralarından ibarət dərəcələrinə görə ümumlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər alaraq başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına qansızma xəsarətləri yetirilməklə hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük vəsiqəsi vardır. "Tofaş" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 16 dekabr 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı Lökbatan qəsəbəsində dostu X9 ilə görüşmüş, avtomobilinə avadanlıqlar aldıqdan sonra saat 13 radələrində Lökbatan qəsəbəsinə qayıtmaq üçün yola çıxmışlar, Sadiq ön sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Bakı-Qazax magistral yolunda 100 km/saat sürətlə hərəkətdə olan zaman Abşeron Port MMC-dən dairəyə doğru hərkət edən MAZ markalı avtomobili 30-40 metr məsafədən görmüş, lakin dairəyə çatanadək həmin avtomobilin keçəcəyini düşünmüş, avtomobilin sürəti yüksək olduğundan hadisənin qarşısını ala bilməmişdir. Bu zaman idarə etdiyi avtomobil MAZ markalı avtomobilin yanacaq çəninə dəymişdir. O, özünə gəldikdə X2 görmüşdür. Sonradan bəlli olmuşdur ki, hadisə nəticəsində ciddi xəsarət almışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, əsas yolda olmuş və digər yoldan maşının qarşısına çıxacağını düşünməmişdir. Sürətinin yüksək olması inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilər. Zərərçəkmiş şəxsin kəməri taxılı olmamışdır. Təqsirləndirilən şəxs son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 aprel 2007-ci ildə tarixdə doğulmuş mərhum Sadiq Həsənli onun oğludur. 16 dekabr 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs oğlu Sadiqi yaşadıqları evdən götürmüşdür. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Tofaş" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunun 2,5-ci kilometrliyində "xxxx" MMC istiqamətindən dairəyə daxil olmaq istəyən "MAZ 543302- 2120" markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol yan tərəfi ilə toqquşması nəticəsində mərhum oğlu Sadiq Həsənli almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında son olaraq təqsirləndirilən şəxs ilə barışmadığını, ona ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi idarə etmək üçün B1, B, C1,C,CİE, CE kateqoriyalı sürücülük vəsiqəsi vardır. 16 dekabr 2024-cü il tarixdə saat 13 radələrində üzərində 18 ton yük olan "MAZ 543302-2120" markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili və onun **-ZK-*** dövlət qeydiyyat nişanlı yarım ilə Abşeron Port MMC-dən çıxarkən Lökbatan-Xocasən yolunda olan dairəyə asta sürətlə daxil olmağa başlamışdır. Həmin vaxt bir neçə nəqliyyat vasitəsi onun keçməsinə şərait yaratsa da dairəyə daxil olan zaman "Tofaş" markalı avtomobilin onun avtomobilinə tam yaxınlaşdığını görmüşdür. Hadisənin baş verməsinin qarşısını almaq üçün dairəyə daha sürətlə daxil olmaq istəsə də həmin "Tofaş" markalı avtomobil idarə etdiyi "MAZ 543302-2120" markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra hər iki avtomobil dairənin içərisində dayanmışdır. Avtomobildən aşağı düşdükdən sonra "Tofaş" markalı avtomobilin onun idarə etdiyi "MAZ 543302-2120" markalı avtomobilin sol yan hissəsində yerləşən yanacaq çəninə dəydiyini görmüşdür. Hadisə yerinə toplaşmış adamların köməkliyi ilə "Tofaş" markalı avtomobilin sürücüsünə avtomobildən çıxarmışlar. Lakin həmin avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişinin artıq öldüyünü görmüşdür. Hadisə yerinə gələn X12 avtomobili xəsarət alan sürücünü xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin DYPŞ-nin sabiq YPX inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 16 dekabr 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci km-də "MAZ" markalı yük avtomobilinin "Tofaş" markalı avtomobillə toqquşması barədə məlumat alaraq hadisə yerinə getmiş, hadisə yerində "Tofaş" markalı avtomobildə olmuş sərnişinin ölməsi, həmin avtomobilin sürücüsünün isə xəsarət aldığı bəlli olmuşdur. "MAZ" markalı yük avtomobilinin sürücüsü hadisə yerində olmuş, "Tofaş" maraklı avtomobilin sürücüsü isə xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrində olan 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. . Cinayət işinin 1-ci cildinin 4-cü vərəqəsində olan 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 7-17-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Lökbatan-Xocasən yolunun 2.5-ci km-dir. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs da alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqəsində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlı olan BA 060351 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsində olan etibarnamənin surətindən görünür ki, X10 "Tofaş" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs etibar etmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsində olan Azərbaycan Respublikası ƏN,Qaradağ rayon Qeydiyyat Şöbəsindən təqdim edilmiş AZ-İİ 471674 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 dekabr 2024-cü il tarixdə ölmüşdür. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin X5 Xidmətindən 27 dekabr 2024-cü il tarixli, 3-13-3/2-30895/2024 nömrəli məktubla təqdim edilmiş DVD diskǝ baxış keçirilməsi haqqında 08 yanvar 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videgörüntüdən müəyyən olunur ki, İ faylın üzərində "TŞ11-146 2-2024-16-13_13h13min00s000" sözləri və İİ faylın üzərində "TŞ11-146 4-2024-16-13_13h13min00s000" sözləri yazılmışdır. DVD diskdə olan İ fayl açıldıqda videonun 2 dəqiqə olması aşkar edilir. Video fayla daxil olduqda müəyyən edilmişdir ki, 16 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunun 2.5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi "Tofaş" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yüksək sürətlə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman "xxxx" MMC-dən həmin yolda olan dairəyə daxil olmaq istəyən Şahid1 etibarnamə əsasında idarə etdiyi "MAZ 543302-2120" markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol yan tərəfi ilə toqquşur. Toqquşma anı video faylda olan görüntünün 20-ci saniyəsində qeydə alınır. DVD diskdə olan İİ fayl açıldıqda videonun 2 dəqiqə olması aşkar edildi. Video fayla daxil olduqda müəyyən edildi ki, 16 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan- Xocasən yolunun 2,5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi "Tofaş" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yüksək sürətlə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdədir. Təqsirləndirilən şəxs hərəkətdə olduğu an video faylda olan görüntünün 18-ci saniyəsində qeydə alınır. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYP-dən təqdim edilmiş 12 fevral 2025-ci il tarixli, 3-13-16/2-28939/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 060351 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 1-ci cildinin 77-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 tərəfindən təqdim edilmiş 11 yanvar 2025-ci il tarixli 136 nömrəli rəydə göstərilmişdir ki, X7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, sol bud sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sol diz oynağının əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirində törənmişlər. Qeyd olunan xəsarətlər hayatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə sərnişin qismində olarkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlüləli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum S.Zərərçəkmiş şəxs ölümünə səbəb başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, S.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il,saat 15:00-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum S.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-Kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir.(4369/k saylı,xx.xx.2024-cü il tarixli AKT) Cinayət işinin 1-ci cildinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 03 aprel 2025-ci il tarixli 8/262 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, MAZ 543302-2120 markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Tofaş» markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-ci maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuş həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arsında səbəbli əlaqə olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 1-ci cildinin 92-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının xərci 128 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 98-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, mərhum X1 “Həsənov” göstərilməsinə baxmayaraq onun soyadı adına olan, Azərbaycan Respublikası vətəndaşının AA5145164 nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi “Həsənli” oxunsun. Cinayət işinin 100-102-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:05) Cinayət işinin 131-133-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 192-199-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin X5 Xidmətindən 27 dekabr 2024-cü il tarixli, 3-13-3/2-30895/2024 nömrəli məktubla təqdim edilmiş bir ədəd DVD disk, 07 iyun 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş, "MAZ 543302-2120" markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı və "Tofaş" markalı, 10-NO- 976 dövlət qeydiyyat nişanlı avtomobillərin iş üzrə maddi sübut hesab edilmələri nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsini özünümüdafiə xarakterli olmaqla cəzadan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı dövründə aparılmış araşdırma nəticəsində və təqdim olunmuş videgörüntü ilə məhkəmə müəyyən etdi ki, eyni yolda hərəkətdə olan avtomobillərin dairəyə daxil olan yük avtomobilinə şərait yaratmalarına baxmayaraq, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin dairəyə çatanadək yük avtomobilinin dairədəki əməliyyatını yekunlaşdıracağına etinasızcasına güman edərək avtomobilini həmin yol üçün nəzərdə tutulmuş sürət həddindən kifayət qədər yüksək idarə etməsi səbəbindən yük avtomobili ilə toqquşmuşdur. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətləri iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 26 noyabr 2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixdən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiəçi X4 tərəfindən xx.xx.2025-ci il tarixədək göstərimiş 10 (on) iş saatı hüquqi xidmətə görə 60 (altmış) manat pul, məhkəmə istintaqı dövründə Müdafiəçi göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Şahid1 idarə etdiyi MAZ 543302-2120 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş materialına əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Şahid1 idarə etdiyi MAZ 543302-2120 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş materialına əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiəçi X4 tərəfindən xx.xx.2025-ci il tarixədək göstərimiş 10 (on) iş saatı hüquqi xidmətə görə 60 (altmış) manat pul, məhkəmə istintaqı dövründə Müdafiəçi göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına keçirilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-149/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-149/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver