Məhkəmə qərarları › İş №1(002)-154/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-154/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-154/2023 26.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 57 ünvanının qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək həmin gün saat 20:40 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızdan olan bükülüdə ümumi təmiz çəkisi 0,155 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır ki, "şüşə" deyilən psixotrop maddə metamfetamini tanımadığı müxtəlif şəxslərdən 10-15 manata əldə etməklə istifadə edir. 01 fevral 2023-cü il tarixində axşam saatlarında Sahil qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi, onun kimi narkotik vasitə aludəçisi olan şəxsdən 10 manat müqabilində bir büküm "şüşə" deyilən psixotrop maddə metamfetamin almış, bundan sonra yaşadığı evə getmişdir. Həmin gün və ertəsi günü aldığı metamfetamini istifadə etməmişdir. 02 fevral 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı binanın qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları kimi özlərini təqdim etmişlər və şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. O, üzərində heç bir sənəd olmadığını, X4 olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 38-ci Polis Bölməsinə gəlmişdir. Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin inzibati binasının xidməti otaqlarının birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuş, həmin bükümün içərisindəki ağ rəngli, iysiz, kristal şəklində maddənin psixotrop maddə olan metamfetamin olduğunu, 2023-cü ilin fevral ayının 1-də Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona psixotrop maddəni satmış şəxsi əvvəllər üzdən tanımış, lakin adını və digər məlumatlarını bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 02 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qəbulu, daşınması ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Dəmirov X3 RPİ-nin 38-ci PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid2 rəhbərliyi altında ikisindən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 02 fevral 2023-cü il tarixdə, saat 19:30 radələrində ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar sonuncuya narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək Qaradağ RPİ-nin 38-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Eldar Nəcəfovun iştirakı ilə xidməti otaqda onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxladığı qeyri-qanuni əşya və ya maddəni təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuş, həmin büküm açılarkən içərisində ağ rəngli, iysiz, kristal şəklində maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan "metamfetamin" olduğunu, bir neçə gün əvvəl Sahil qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan başqa onun üzərindən heçnə aşkar edilməmiş, aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid2 digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 02 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 75-77-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli, 4(002)-21/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 6/667 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,155 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 0,155 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq- 0,105 qram təşkil edir. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 fevral 2023-cü il tarixli, 787 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” X9 20 fevral 2023-cü il tarixli, 467 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 83-89-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 20 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinin 36-cı bəndinin tələblərinə uyğun olaraq, cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra tətbiq olunması xx.xx.2021-ci il tarixdə müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli Qaradağ rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1, 69.3, 93.1.2-ci maddələrinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinin 36-cı bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməsi xx.xx.2021-ci il tarixdə müəyyən edildiyindən, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə ləğv edildikdən sonra (Qərar qanuni qüvvəsini xx.xx.2022-ci il tarixdə almışdır) xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 7(002)-402/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan maddi sübut qismində tanıma haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,155 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,105 qram hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində ola biləcək qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuş, həmin bükümün içərisindəki ağ rəngli, iysiz, kristal şəklində maddənin psixotrop maddə olan metamfetamin olduğunu, Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün səmimi etirafı və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metmfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, əvvəllər də onun analoji cinayət əməli səbəbindən məhkum olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, barəsində tətbiq olunmuş "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edildiyindən və həmin qərarın 7-ci bəndinə əsasən (Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün) üzərindən məhkumluğu götürüldüyündən və cinayətlərin residivi halı aradan qalxdığından o, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 02 fevral 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 13 fevral 2023-cü il tarixli, 787 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,105 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci–81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 ibtidai istintaq dövründə 30 (otuz) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 10 (on) iş saatı hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı 0,105 qram 01 ədəd bükümdə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 10 (on) iş saatı hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar