Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-154/2025 10.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycvan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının iştirakları ilə Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDI: Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı iş üzrə müstəntiqlər tərəfindən kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızı bildirmişdir ki, cinayət işinin materialları ilə tanış olmadığını, ümumiyyətlə cinayət işinin materiallarında konret hansı sənədlərin olduğunun ona heç vaxt məlum olmadığını, müstəntiqin xidməti otağında ancaq protokollara və digər sənədlərə imza çəkdiyini, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın və digər hər hansı sənədin surətinin ona verilmədiyini bildirmişdir. Hətta məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızı xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokola imza çəkdirən müstəntiqin Azər Zeynalov olduğunu qeyd etsə də, müəyyən edilmişdir ki, Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının imzaladığı “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolu Bakı şəhəri Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərtib etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının hazırlıq iclasında bildirdiklərini, iş materiallarını araşdırıb hesab edir ki, Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməklə, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının cinayət işinin materialları və maddi sübutlar ilə tanış olmadığı, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın və digər sənədin surətinin ona verilmədiyi, bununla da təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulduğu, ittiham aktının tərtib edilmə qaydasına və cinayət işinin materialları ilə tanış etmə qaydasına riayət edilmədiyi müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə” və “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolların tərtib edilməsi tarixlərinə və aylarına ağardıcı maddə ilə müdaxilə olunmaqla düzəlişlər aparılmışdır. Müstəntiq həmin protokolları təqsirləndirilən şəxsin və onun müdafiəçisinin izahatları olan bölmələrində əvvəlcədən onların izahatları barədə qeydiyyatlar aparmadan boş vəziyyətdə imzalatmış, doldurulmamış sətirləri isə pozmamışdır. Azərbaycan Respublikası CPM-nin 51.3-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. Bundan başqa, xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolda göstərilmişdir ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaları saat 11:05-də başlayıb saat 12:10-da bitmişdir. Təqsirləndirilən şəxsin bu qədər qısa müddət ərzində cinayət işinin materiallarında olan sənədləri oxuyaraq həmin sənədlərlə tanış olması inandırıcı deyildir. Bundan əlavə, “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolda təqsirləndirilən şəxsə işdə saxlanılan maddi sübutların təqdim edilməsi barədə hər hansı qeyd aparılmamış, yalnız birbaşa olaraq təqsirləndirilən şəxsin maddi sübutlarla tanış olmaq istəməməsi barədə qeydlər edilmişdir. Bundan başqa, Bakı şəhəri Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 01 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” qərardan görünür ki, həmin qərarın elan edilmə hissəsi 2-ci səhifədə yerləşir, qərarın ittihamın məzmununun göstərildiyi 1-ci səhifəsindəki hərflərinin ölçüsü ilə 2-ci səhifəsindəki hərflərin ölçüsü bir-birindən kəskin şəkildə fərqlənir. Belə ki, qərarın 1-ci səhifəsindəki hərflərin ölçüsü 2-ci səhifəsindəki hərflərin ölçüsündən kifayət qədər böyükdür. “Təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, hüquq və vəzifələrinə dair bildirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ona təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokolun, “təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə” bildirişin tərtib olunduğu aylarına ağardıcı maddə ilə müdaxilə edilərək dəyişikliklər edilmişdir. Bu da ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara sonradan müdaxilə olunma ehtimalını asanlaşdırır, eləcə də, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın, hüquq və vəzifələrinə dair bildirişin surətlərinin təqsirləndirilən şəxsə təqdim edilməməsinə dəlalət edir. Həmçinin “şübhəli şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızı 30 avqust 2024-cü il tarixdə saat 19:00-da tutulmasına baxmayaraq, “təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” qərarda ittihamın ona 01 sentyabr 2024-cü il tarixdə saat 09:40-da elan edildiyi göstərilmişdir. Bununla belə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittiham təqsirləndirilən şəxsə tutulduğu gündən gec olmayaraq elan edilməli idi. Bununla onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 224.1-ci maddəsinə əsasən, müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın çıxarıldığı andan 48 saatdan gec olmayaraq və hər bir halda təqsirləndirilən şəxsin gəldiyi, yaxud tutulduğu və məcburi gətirildiyi gündən gec olmayaraq ona ittiham elan edilməlidir. CPM-nin 224.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 224.3-cü maddəsinə əsasən, ittihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi (bu hərəkətin yerinə yetirilməsində iştirak edirsə) tərəfindən imzalanır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızı 30 avqust 2024-cü il tarixdə saat 19:00-dan 01 sentyabr 2024-cü il tarixə saat 16:10-dək tutulmaqla həbs yerində saxlanılmışdır. Lakin Bakı şəhəri Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının həbsdə olduğu müddət qeyd edilməmişdir. Bununla da, Azərbaycan Respublikası CPM-nin 289.8.1-ci maddəsinin tələbinə riayət edilməmişdir. Qeyd edilənlərdən əlavə, Bakı şəhəri Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqləri - X3 və X5 tərəfindən bir neçə dəfə əsassız olaraq təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının xəstəliyinin olduğu qeyd edilərək Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış və sonra təzələnmişdir. Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Lakin cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ağır xəstəliyini təsdiq edən hər hansı sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. Bununla da, işin istintaqını aparan müstəntiqlər tərəfindən süründürməçiliyə yol verilmiş, şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 48.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: 48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; 48.1.2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Beləliklə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları, eləcə də, təqsirləndirilən şəxsi məhkəməyədək icraat materialları (cinayət işinin materialları) ilə tanış etmə vəzifəsinə dair Azərbaycan Respublikası CPM-nin 284-286-cı maddələrinin tələbləri pozulmuş, cinayət işi üzrə ittiham aktının məzmunu CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti təqsirləndirilən şəxsə verilməmiş, müstəntiqlər tərəfindən süründürməçiliyə yol verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmiş, hüquqları gözləməyi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayətin törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 2.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası cinayətprosessual qanunvericiliyin mənbəyi hesab edilir. 12.3-cü maddəsinə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. 19-cu maddəsində qeyd edilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin CPM-də nəzərdə tutulmuş hallarda və qaydada şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. 300.1.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin (CPM-nin) 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 303.3.8-ci maddəsinin tələbindən aydın olur ki, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasına yol verildikdə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının ibtidai istintaqda hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyin edilmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən sərf edilmiş 45 (qırx beş) saata görə 345 (üç yüz qırx beş) manat, məhkəmə iclasında isə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyin edilmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf edilmiş 15 (on beş) saat görə 165 (bir yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və Müdafiəçi vəkil işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, cinayət işi üzrə aparılan istintaq zamanı müstəntiqlər tərəfindən təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının müdafiə hüququ, cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğunluğu və cinayət işinin materialları ilə tanış etmə vəzifəsinə dair qanunvericiliyin müvafiq tələbləri pozulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 298-300, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materialının baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna qaytarılsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqləri – polis mayoru X1 və polis mayoru X2 barələrində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Həsənova (Nuriyeva) Vəfa Hüseyn qızına göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 345 (üç yüz qırx beş) manat məbləğində pul X4, məhkəmə hazırlıq iclası zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-154/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-154/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver