Məhkəmə qərarları › İş №1(002)-159/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-159/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-159/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci ildə Ermənistan Respublikası Kalinino rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 2-ci keçid, 19 nömrəli fərdi yaşayış evinin yaxınlığındakı anbarın qapısının kilidini özü ilə gətirdiyi kiçik ölçülü dəmir parçası ilə sındırıb anbara qanunsuz daxil olmaqla oradan 01 ədəd 70 manat dəyərində üzərində markalanma yazısı olmayan stasionar künc kəsən mişarı, 01 ədəd 30 manat dəyərində “Xcort” markalı lobziki, 02 ədəd hər birinin qiyməti 700 manat təşkil edən 1400 manat dəyərində “Bosch” markalı akkumlyatorlu drelləri və 200 manat dəyərində müxtəlif növ təmir açarları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının ortalarında saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, 15 B saylı fərdi yaşayış evinin həyətinin daş hasarını aşaraq yaşayış sahəsinə qanunsuz daxil olub evin saxlanc yeri kimi istifadə edilən birinci zirzəmisindən 01 ədəd 500 manat dəyərində qədim samovarı, hər birinin dəyəri 300 manat olan 03 ədəd ümumi dəyəri 900 manat təşkil edən “iran” xalçalarını, 01 ədəd 50 manat dəyərində laqondanı, 01 ədəd 50 manat dəyərində direli, həmin evin saxlanc yeri kimi istifadə edilən ikinci zirzəmisindən hər birinin dəyəri 300 manat olan 04 ədəd ümumi dəyəri 1200 manat təşkil edən “iran” xalçasını, 01 ədəd 400 manat dəyərində elektrik paylayıcısını, 500 manat dəyərində tefal qazan dəstini, 01 ədəd 50 manat dəyərində aliminium qazanı, evin yarımtikili hamamından 01 ədəd 200 manat dəyərində samovarı, 01 ədəd 300 manat dəyərində 01 ədəd “iran” xalçasını, evin yarımtikili mətbəxtindən isə dəyəri 200 manat olan 40 metr uzunluğunda elektrik kabelini, dəyəri 400 manat olan “Niva” markalı avtomobil dartıcısını və dəyəri 200 manat olan avtomobil kardanını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4950 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi 1-ci massivdə yerləşən 38 A saylı fərdi yaşayış evinin həyətinin daş hasarını aşaraq yaşayış sahəsinə qanunsuz daxil olub evin həyətində sağ tərəfdə yerləşən tikilinin plastik qapısının kilidini özü ilə gətirdiyi dəmirkəsən qayçı ilə sındıraraq saxlanc yerinə daxil olmaqla oradan 01 ədəd 25 manat dəyərində “meakida” markalı, “MD- 115DT” model, yaşıl rəngli laqondanı, hər birinin qiyməti 100 manat olan 02 ədəd 200 manat dəyərində dəmir kəsən rezakları, hər birinin qiyməti 70 manat olan 02 ədəd 140 manat dəyərində elektriklə işləyən mişarı, 100 manat dəyərində elektrik alətlərini və 01 ədəd 150 manat dəyərində “Tula” istehsalı olan samovarı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 615 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi iş yeri olmadığı üçün iş olduqda tikinti sahələrində günə muzd fəhlə işləmiş və ailəsinin dolanışığını təmin etmişdir. Özü narkotik vasitə aludəçisidir. 2007-ci ildən narkotik vasitələrdən istifadə edir. Narkotik aludəçisi olduğu üçün iki dəfə məhkum edilmişdir və sonuncu dəfə 2020-ci ilin yanvar ayında üzərindən narkotik vasitə heroin aşkar edildiyi üçün tutulularaq barəsində 01 il 09 ay müddətinə hökm çıxarılmışdır. Lakin xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azadlığa buraxılmışdır. Son zamanlar maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə o, 31 dekabr 2021-ci il tarixdə təxminən saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massivdə yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlmişdir. Orada həmin evdən təxminən 10 metr aralı məsafədə anbara oxşar tikili görmüşdür. Oğurluğa gedərkən özü ilə kiçik ölçülü dəmir parçası götürmüşdür ki, hər hansı evə və ya tikiliyə girmək üçün qapısının kilidini sındıra bilsin. Bu məqsədlə o, həmin tikilinin giriş qapısının kilidini sındırıb içəri daxil olmuşdur. Oradan 01 ədəd lobzik və 01 ədəd sirkulyar mişarı oğurlayıb çıxıb getmişdir. Həmin əşyaları satmaq istəsə də sata bilməmişdir. Daha sonra fəhləçilik edib pul qazanmışdır. Lakin buna baxmayaraq qazandığı pul şəxsi ehtiyaclarını ödəməmişdir. Həmçinin oğurladığı əşyaları da sata bilməmişdir. Bu məqsədlə o, 2022-ci ilin yanvar ayının ortalarında saat 22 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7ci massivdə yerləşən Yaşar adlı şəxsin evinin arxa tərəfinə gələrək orada bir qədər müşahidə aparmş və səs-küy olmadığını müəyyən etdikdən sonra daş hasarı aşıb evin həyətinə daxil olmuşdur. Əvvəllər həmin evin həyətinin daş döşəməsini yerə o vurduğu üçün qeyd edilən evdə nəyin harada yerləşdiyini yaxşı bilməmişdir. Bu səbəbdən də evin kombi istilik sistemi yerləşən birinci zirzəmisinə daxil olmuşdur. Zirzəminin içərisində olan stolun üstündə köhnə samovar və bir ədəd direl olmuşdur. O, stolun üstündən samovarı və direli götürüb yenidən daş hasardan keçməklə həmin evi tərk edib yaxınlıqda yerləşən zibilliyə gəlmişdir. Zibillikdən bir ədəd qırmızı rəngli torba tapıb samovarla direli torbaya qoymuşdur ki, əlində görən olmasın. Bundan sonra yaşadığı evə gəlib ailəsindən gizlin həmin oğurladığı əşyaları evin həyətində gizlətmişdir. Səhərsi gün təxminən saat 12 radələrində həmin samovarı və direli satmaq üçün «Sədərək» ticarət mərkəzinin təsərrüfat bölməsinə gətirmişdir. Təsərrüfat bölməsinin 4-cü sırasında tanımadığı bir şəxsə samovarı 30 manata, direli isə 15 manata satmışdır. Bundan sonra evə gəlib nahar etmiş və nahardan sonra əldə etdiyi pulla gedib Lökbatan qəsəbəsində tanımadığı bir nəfər şəxsdən narkotik vasitə alıb qəbul etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə gecə təxminən saat 01 radələrində ünvan 2 ünvanından da oğurluq etmək qərarına gəlmiş və həmin evdə əvvəllər usta işlədiyi üçün evin həyətində saxlanc yerinin olduğunu bilmişdir. Güman etmişdir ki, həmin saxlanc yerində əşyalar aşkar edərsə satıb pul əldə edərək xərcləyəcəkdir. Bu məqsədlə də saat 21 radələrində qeyd edilən evin yanına gəlmişdir və daş hasardan boylanıb həyətə baxmışdır. Lakin həyətdə sakitçilik olduğunu gördüyü üçün hasarı aşıb həyətə keçmişdir. Həyətdə plastik qapısı olan saxlanc yerinə yaxınlaşıb özü ilə götürdüyü dəmir kəsən qayçı ilə qapının əvvəlcə kilid yerində olan qıfılını qırıb açmışdır. Daha sonra həmin plastik qapını açıb saxlanc yerinə daxil olmuş və oradan bir ədəd laqonda və təxminən 20 metr uzunluğunda uzadıcı kabel götürmüşdür. Daha sonra həmin əşyaları özü ilə götürdüyü sellofan torbaya qoyub həmin ünvanı tərk edərək yaşadığı evin arxa tərəfinə gəlmiş və həmin əşyaları gizlətmişdir. Səhərsi gün saat 10 radələrində oğurladığı əşyalardan 20 metr uzunluğunda olan uzadıcı kabeli götürüb məhlədəki məişət tullantıları yerinə gəlmişdir. Orada kabeli od vurub yandırmış və içərisindən təxminən 1 kilo 30 qram mis məftil çıxmışdr. Bundan sonra həmin mis məftili Puta qəsəbəsində yerləşən metal alqı-satqısı yerinə 17 manata satmışdır. Eləcədə oğurladığı 01 ədəd laqondanı, 31 dekabr 2021-ci il tarixdə oğurladığı 1 ədəd lobzik və 01 ədəd sirkulyar mişarı «Sədərək» ticarət mərkəzinin təsərrüfat bölməsinə gətirib orada təsərrüfat bölməsinin 3-cü sırasında 80 manata tanımadığı bir nəfər şəxsə satmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 evindən 01 ədəd samovar və 01 ədəd drel oğurlamışdır. Digər əşyaların kim tərəfindən oğurlanması ona məlum olmamışdır. Kənan evindən oğurlanmış digər əşyaları oğurlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 evindən 20 metr uzunluğunda kabel və 01 ədəd laqonda oğurlamışdır. Digər əşyaların kim tərəfindən oğurlanması ona məlum deyildir. Həmin əşyaları o, oğurlamamışdır. Oğurluq cinayətlərini tək özü törətmiş, heç kim ona köməklik etməmişdir. Bu hadisələrdən digər şəxslərin məlumatı olmamışdır. O, bu hadisələrdən başqa cinayət hadisəsi törətməmişdir. O, həmin əşyaları satarkən onların oğurluq yolu ilə əldə etdiyini bildirməmişdir. O, bütün polis əməkdaşlarından tam şəkildə razı olmuşdur, onunla pis davranmamışlar. Əslində törətdiyi oğurluq cinayətlərinə görə ona iradlar bildirmişlər və bu cür əməllərdən çəkinməyi tövsiyə etmişlər. O öz ifadəsində son olaraq törətdiyi əməllərdən peşman olduğunu, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi birlikdə ünvan 3 ünvanında yaşayır. Özü ali təhsillidir, fərdi əməklə məşğul olur. Yaşadığı ev bir mərtəbəli kürsülü evdən ibarətdir. Evin iki zirzəmisi və arxa hissədə isə yarım tikili hamamı vardır. Qeyd edilən zirzəmilərdə, eləcə də yarımtikili hamamda və yarımtikili mətbəxdə ev əşyalarını saxlayırlar. Qeyd etdiyi zirzəmilərin dəmir qapıları vardır, lakin heç bir qapısına kilid vurmamışdır. Yarımtikili hamamla mətbəxin isə qapıları yoxdur. 21 yanvar 2022-ci il tarixdə evin zirzəmilərindən, hamam və mətbəxdən oğurluq olmasını aşkar edib bu barədə atası Şahid1 telefonla məlumat vermişdir. Atası evə gəldikdən sonra müəyyən etmişlər ki, ümumilikdə qeyd edilən saxlanc yerlərindən 02 ədəd samovar, 08 ədəd “iran” xalçası, tefal qazan dəsti, 01 ədəd qədimi aliminum qazan, 40 metr uzunluğunda kabel, 01 ədəd laqonda, 01 ədəd elektirik tənzimləyicisi olan transformator və avtomobil ehtiyyat hissələri naməlum şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş hadisə ilə bağlı atası Şahid1 DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir, eləcə də 15000 (on beş min) manat maddi ziyan dəydiyini demişdir. Daha sonra polis əməkdaşları gəlmiş və oğurluq hadisəsinin baş verdiyi yerlərə baxış keçirmişdir. Sonradan isə atası ilə birlikdə oğurlanmış əşyaların hazırki bazar qiymətləri ilə maraqlanmışlar və onlara ümumilikdə 4950 manat maddi ziyan dəydiyini müəyyən etmişlər. Özünə məxsus yaşayış evinin 1-ci zirzəmisindən 01 ədəd qədim samovar, 03 ədəd iran xalçaları, 01 ədəd laqonda və 40 metr elektrik kabeli, evin 2-ci zirzəmisindən 04 ədəd iran xalçaları, 01 ədəd elektrik paylayıcı transformator, tefal qazan dəsti və 01 ədəd aliminum qazanı, evin istifadəyə yararsız olan hamamdan 01 ədəd adi samovar, 01 ədəd iran xalçası, “Niva” markalı avtomobilin ehtiyat hissəsi olan 01 ədəd dartıcı və həmin avtomobilə aid 01 ədəd kardanı oğurlanmışdır. 08 ədəd “iran” xalçalarının hamısı təzə olmuş və ümumi qiymətini bazarla müqayisə edib 2400 manat dəyərləndirmişlər. Bundan başqa oğurlanmış əşyalardan 01 ədəd laqondanın 50 manat, 01 ədəd elektrik paylayıcı transformatorun işlənmiş vəziyyətdə 450 manat, kabelin bir metrinin qiyməti 5 manat olmaqla ümumilikdə 40 metrinin 200 manat, tefal qazan dəstinin 500 manat, alüminum qazanın 50 manat, 01 ədəd qədim samovarın 500 manat, 01 ədəd adi samovarın 200 manat bazar qiyməti olmasını, bundan başqa “Niva” markalı avtomobilin ehtiyat hissəsi olan 01 ədəd dartıcısının 400 manat və həmin avtomobilə aid 01 ədəd kardanının isə qiymətinin 200 manat olmasını müəyyən etmişlər və nəticədə ona hadisə zamanı ümumilikdə 4950 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 4-cü massiv, 2-ci keçid, 19 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evdən 10 metr aralıda özünə məxsus anbarı vardır. Qeyd etmək istəmişdir ki, usta işləyərək ailəsini dolandırmışdır. Həmin anbarda özünə məxsus alətləri vardır. 31 dekabr 2021-ci il tarixdə o, özünə məxsus 02 ədəd “Bosch” markalı akkumlyatorlu drelləri, 01 ədəd sirkulyar mişarı, 01 ədəd lobziki və müxtəlif növ təmir açarlarını anbara qoyub evə getmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə anbara yaxınlaşan zaman, anbarının giriş qapısının qıfılının sındırıldığını görmüşdür. O, dərhal anbara girib baxıb görmüşdür ki, anbardan ona məxsus alətlər oğurlanmışdır. Dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gələrək hadisə ilə bağlı sənədlər tərtib etmişlər. Bununla bağlı o, polis bölməsinə gedib anbarından oğurlanmış əşyaların 90 manat dəyərində olması barədə ərizə vermişdir. Daha sonra o, anbara gedib müəyyən etmişdir ki, oradan 1400 manat dəyərində 02 ədəd “Bosch” markalı akkumlyatorlu drellər, 150 manat dəyərində 01 ədəd sirkulyar mişar, 90 manat dəyərində 01 ədəd lobzik və 200 manat dəyərində müxtəlif növ təmir açarlar oğurlanmışdır. Oğurluq nəticəsində ona 1840 manat madi ziyan dəymişdir. Anbarın kilidinin sındırılması nəticəsində ona 7 manat ziyan vurulmuşdur. Kilidin sındırılması ilə bağlı heç bir şikayəti olmamışdır. Ümumilikdə ona 1700 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram və yazılı ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Yaşadığı ev bir mərtəbəli evdir, ön və sağ tərəfində qonşu evlər vardır. Sol və arxa tərəfi isə yola birləşir, daş hasardan ibarətdir. Evin həyətinə isə arxa tərəfdə dəmir qapıdan giriş vardır. Bundan başqa evin həyətində plastik qapısı olan kiçik saxlanc yeri vardır. Həmin saxlanc yerinə usta alətləri və ərzaq məhsulları yığmışdır. 21 yanvar 2022-ci il tarixdə səhər saat 08 radələrində işə gedərkən həyətdə olan tikilinin plastik qapısının kilidinin sındırıldığını aşkar etmişdr. Həmin tikiliyə daxil olarkən görmüşdür ki, orada qoyduğu 01 ədəd 50 manat dəyərində laqonda, 02 ədəd hər birinin qiyməti 100 manat olan dəmir kəsən rezak, 02 ədəd hər birinin qiyməti 70 manat olan elektriklə işləyən mişarı, ümumi qiyməti 100 manat olan elektrik alətlər, 01 ədəd 150 manat dəyərində “Tula” istehsalı olan samovarın oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 640 manat ziyan dəymişdir. Daha sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermiş, bundan sonra polis əməkdaşları gələrək hadisə ilə bağlı sənədlər tərtib etmişdir. Anbarın kilidinin sındırılması nəticəsində ona 7 manat ziyan vurulmuşdur. Kilidin sındırılması ilə bağlı heç bir şikayəti olmamışdır. Oğurluq nəticəsində ona 640 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi baş verən gün o, evdə olmuş və həmin gün xəstələnmişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmiş ona məxsus 01 ədəd laqondaya verilmiş qiymətlə tam raz olduğunu, lakin digər əşyaların əvvəlki ifadəsində göstərdiyi qiymətlə hesablanmasını xahiş etmişdir. Belə ki, oğurluq hadisəsi zamanı həyətində olan tikilidən 02 ədəd hər birinin qiyməti 100 manat olan dəmir kəsən rezakı, 02 ədəd hər birinin qiyməti 70 manat olan elektriklə işləyən mişarı, ümumi qiyməti 100 manat olan elektrik alətləri, 01 ədəd 150 manat dəyərində “Tula” istehsalı olan samovarı və 01 ədəd 25 manat dəyərində “meakida” markalı, “MD-115DT” model, yaşıl rəngli laqondası oğurlanmış və ümumilikdə ona 615 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, məişət avadanlıqlarının elektrik ustasıdır, 4 ilə yaxındır “Sədərək” Ticarət mərkəzinin Təsərrüfat bölməsinin 4-cü sırasında təmir yerində işləyir. Adətən ayrı-ayrı tanımadığı şəxslərin gətirdiyi elektrik alətlərini təmir etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında bir nəfər uca boylu, başı keçəl, arıq bədən quruluşlu şəxs ona yaxınlaşıb təmir üçün 01 ədəd laqonda, 01 ədəd sirkulyar mişar və 01 ədəd lobzik gətirmişdir. Həmin laqondanın “Makita” markalı, digər əşyaların isə markasına baxmamışdır. O, qeyd edilən əşyaları açıb yoxlamış, tez bir zamanda yakırları qızdığını müəyyən etmiş və yaxşı işləmədiyini həmin şəxsə bildirmişdir. Həmin şəxs isə ondan qeyd edilən əşyaların ümumilikdə təmir pulunun nə qədər etdiyini xəbər alarkən, o, qeyd edilən əşyaların ümumilikdə 40 manat təmir pulu tutacağını demişdir. Bundan sonra həmin şəxs qeyd edilən əşyaları satmaq istədiyini ona bildirmişdir. O isə həmin əşyalara görə ona 80 manat verə biləcəyini demişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra 01 ədəd laqonda, 01 ədəd sirkulyar mişar və 01 ədəd lobzikə görə 80 manat pul vermişdir. Həmin əşyaları təmir edib birazda üzərinə pul qoyaraq satmaq qərarına gəlmişdir. 29 yanvar 2022-ci il tarixdə işlədiyi yerə 10-cu polis bölməsinin əməkdaşları və həmin əşyaları ona satan şəxslə birlikdə gəlmişlər. Polis əməkdaşları ona adını orada bildiyi Tacir adlı şəxsin hər hansı bir əşya satıb-satmadığını soruşmuşlar. O da polis əməkdaşlarına Tacir adlı şəxsin təxminən bir həftə bundan əvvəl 01 ədəd laqonda, 01 ədəd sirkulyar mişar və 01 ədəd lobzik satdığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşlarına Tacir adlı şəxsdən aldığı 01 ədəd laqonda, 01 ədəd sirkulyar mişar və 01 ədəd lobziki təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailəsilə birlikdə ünvan 3 ünvanında yaşayır. Yaşadığı ev bir mərtəbəli kürsülü evdən ibarətdir. Həmin evi oğlu Kənan öz vəsaiti hesabına tikdirmişdir, Evin iki zirzəmisi və arxa hissədə isə yarım tikili hamam vardır. Onlar qeyd edilən zirzəmilərdə, eləcədə yarımtikili hamamda və yarımtikili mətbəxdə ev əşyalarını saxlayırlar. Qeyd etdiyi zirzəmilərin dəmir qapıları vardır, lakin heç bir qapısına kilid vurmurlar. Yarımtikili hamamla mətbəxin isə qapıları yoxdur. 21 yanvar 2022-ci il tarixdə evin zirzəmilərindən, hamam və mətbəxdən oğurluq olmasını aşkar etmiş və bununla bağlı o, DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. 102-yə zəng vuran zaman həyacanlı olmuş və evlərindən təxminən 15000 manat məbləğində əşya oğurlanmasını bildirmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və oğurluq hadisəsinin baş verdiyi yerlərə baxış keçirmişdir. Sonradan oğlu Kənanla evlərində baş vermiş oğurluqla əlaqədar konkret olaraq hansı əşyaların oğurlanmasına diqqət yetirən zaman müəyyən etmişlər ki, ümumilikdə qeyd edilən saxlanc yerlərindən 02 ədəd samovar, 08 ədəd “iran” xalçası, tefal qazan dəsti, 01 ədəd qədimi alüminum qazan, 40 metr uzunluğunda kabel, 01 ədəd laqonda, 01 ədəd elektrik tənzimləyicisi olan transformator və avtomobil ehtiyyat hissələri naməlum şəxs tərəfindən oğurlanmışdır. Bunun nəticəsində onlara ümumilikdə 4950 manat maddi ziyan dəydiyini müəyyən etmişlər. 08 ədəd “iran” xalçalarının hamısı təzə idi və ümumi qiymətini bazarla müqayisə edib 2400 manat dəyərləndirmişlər. Bundan başqa oğurlanmış əşyalardan 01 ədəd laqonda 50 manat, 01 ədəd elektrik paylayıcı transformatorun işlənmiş vəziyyətdə 450 manat, kabelin bir metrinin qiyməti 5 manat olmaqla ümumilikdə 40 metrinin 200 manat, tefal qazan dəstinin 500 manat, aliminum qazanın 50 manat, 01 ədəd qədim samovarın 500 manat, 01 ədəd adi samovarın 200 manat bazar qiyməti olmasını müəyyən etmişlər. Bundan başqa “Niva” markalı avtomobilin ehtiyat hissəsi olan 01 ədəd dartıısının 400 manat və həmin avtomobilə aid 01 ədəd kardanın isə qiymətinin 200 manat olmasını müəyyən etmişlər. Evindən oğurlanmış əşyalar oğlu Kənana məxsusdur. Çünki Kənan öz zəhməti ilə həm evi tikdirib, həmdə əşyaları almışdır. Beləliklədə oğurluq zamanı oğlu Kənana ümumilikdə 4950 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarından görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları Təqsirləndirilən şəxs oğurluq etməsindən şübhələndikləri üçün onlar tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs oğurluq etdiyini səmimi etiraf etmiş, oğurluq yolu ilə əldə etdiyi əşyaların bir qismini tanımadığı şəxslərə satdığını, digər bir qismini isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin Təsərrüfat bölməsinin 4-cü sırasında elektrik avadanlıqların təmiri ilə məşğul olan Şahid2 satdığını bildirmişdir. Bununla əlaqədar olaraq polis əməkdaşları tərəfindən Şahid2 işlədiyi dükandan 01 ədəd laqondanı, 01 ədəd sirkulyar mişarı və 01 ədəd lobziki protokolla götürmüşlər. İstintaq zamanı 01 ədəd laqonda Zərərçəkmiş şəxs2 tanınma üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin laqondanı tanıyaraq özünə məxsus olmasını bildirmişdir. İstintaq zamanı 01 ədəd sirkulyar mişarı və 01 ədəd lobzik Zərərçəkmiş şəxs1 tanınma üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin 01 ədəd sirkulyar mişarı və 01 ədəd lobziki tanıyaraq özünə məxsus olmasını bildirmişdir. İş üzrə götürülmüş 01 ədəd üzərində markalanma yazısı olmayan stasionar künc kəsən mişar, 01 ədəd “Xcort” markalı lobzik və 01 ədəd “meakida” markalı, “MD-115DT” model, yaşıl rəngli laqonda maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli 9/1301 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “meakida” markalı, “MD-115DT” model, yaşıl rəngli laqondanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 25,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli 9/2338 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 100,0 manat müəyyən olunur. Həmin 01 ədəd üzərində markalanma yazıları olmayan stasionar künc kəsən mişar 70 manat və 01 ədəd “Xcort” markalı lobzik isə 30 manat müəyyən olunur. Həmin 01 ədəd üzərində markalanma yazıları olmayan stasionar künc kəsən mişarın və 01 ədəd “Xcort” markalı lobzikin istifadəyə yararlı olub-olmaması ekspert əmtəəşünasın səlahiyyətlərinə aid olmadığı üçün tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işində olan materiallardan aydın olur ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan tələbnamədən, hökmdən və Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmış, daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 29 yanvar 2022-ci il tarixdə tutulmuş və 31 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut olan iş üzrə götürülmüş 01 ədəd üzərində markalanma yazısı olmayan stasionar künc kəsən mişar, 01 ədəd “Xcort” markalı lobzik və 01 ədəd “meakida” markalı, “MD-115DT” model, yaşıl rəngli laqondanın saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan iş üzrə götürülmüş 01 ədəd üzərində markalanma yazısı olmayan stasionar künc kəsən mişar, 01 ədəd “Xcort” markalı lobzik və 01 ədəd “meakida” markalı, “MD-115DT” model, yaşıl rəngli laqondanın saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi nəticəsində ona dəymiş maddi və ya mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar