Məhkəmə qərarları › İş №1(002)-16/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-16/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-16/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcaqdan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib özgənin əmlakını zədələməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan şəxslərlə birlikdə 03 mart 2022-ci il tarixdə saat 22:00 radələrində ictimai yer olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən "Kolizey" kafesinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sol gözün ağlı qişasına qansızma və sol gözaltı nahiyənin səthi əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan Zərərçəkmiş şəxs idarə etdiyi Azsamand markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq şüşəsini qəsdən yumruqla sındıraraq Zərərçəkmiş şəxs 60 manat məbləğində maddi ziyan vurmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 03 mart 2022-ci il tarixdə axşam saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Kolizey" çay evində Tahirə və Günel adlı xanımlarla əyləşib çay içmişlər və orada olduğu müddət ərzində heç bir dava-dalaş görməmişdir. Təxminən 5 gün sonra Qaradağ RPİ-nin 10-cu PB-nə çağırılmış və polis bölməsində ondan baş vermiş münaqişə barədə soruşmuşlar, lakin o, heç bir dava-dalaş olmadığını ümumiyyətlə, belə bir hadisəni görmədiyini demişdir. Polis bölməsində ondan şikayət edən şəxsi görmüş, lakin onu daha əvvəllər görmədiyini, ona qarşı heç bir fiziki zorakılıq göstərmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, özü Azsamand markalı nəqliyyat vasitələrini taksi kimi fəaliyyət göstərməsi ilə əlaqədar icarəyə verdiyi halda, başqa şəxsin taksi xidmətindən istifadəsi ilə bağlı müraciət etməsi həqiqəti əks etdirmir. Ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, törədilən hadisədən ümumiyyətlə məlumatsız olduğunu qeyd edərək, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı olmasa da, zərərçəkmiş şəxsin baş verən hadisəni sərbəst və səmimi təsvir etməsi, həmçinin üzləşdirmə istintaq hərəkəti zamanı tərtib olunmuş protokolda əks olunan ifadələrlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 03 mart 2022-ci il tarixdə axşam saatlarında müştəri gətirib Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kolizey” çay evinin qarşısında düşürmüşdür. Həmin vaxt bir neçə oğlan ona yaxınlaşmış, idarə etdiyi nəqliyyat vasitəsinə 5 manat miqdarında yanacaq dolduraraq onları Hökməli qəsəbəsinə aparmasını istəmişlər. İdarə etdiyi nəqliyyat vasitəsinin nasaz olduğunu bildirərək, onları aparmaqdan imtina etmişdir. Həmin şəxslərdən biri, hazırda Təqsirləndirilən şəxs avtomobili nasaz olduğu halda nə üçün idarə etdiyini söyləməklə ona irad bildirmişdir. Həmin şəxslərə işləmək istəmədiyini, evə getdiyini bildirdikdə onun ünvanına nalayiq ifadələr işlətmişlər. Onu təhqir etmələrinə öz narazılığını bildirərkən isə, biri Təqsirləndirilən şəxs olmaqla 4 nəfər onun üzərinə hücum çəkərək onu döymüş, sifət nahiyəsindən zərbələr vurmuş, həmçinin idarə etdiyi nəqliyyat vasitəsini yararsız hala salmaqla zərər vurmuşlar. O, idarə etdiyi nəqliyyat vasitəsinə geri əyləşərək, həmin şəxslərdən canını qurtarmış və yaxınlıqda olan polis bölməsinə getmişdir. Orada ərizə yazaraq baş verən hadisə barədə məlumat vermişdir. Polis bölməsində həmin şəxslərin vizual görünüşünü təsvir edərkən, polis əməkdaşları həmin şəxslərdən birinin polis bölməsinin yaxınlığında olan restoran sahibinin oğlu Təqsirləndirilən şəxs olması qənaətinə gəlmişlər. Hadisədən bir neçə gün sonra o, polis bölməsində olarkən Təqsirləndirilən şəxs ona təqdim olunmuş və o, ona xəsarət yetirmiş şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamış, onu əvvəllər tanımamışdır. 10-cu polis bölməsində izahatı hadisədən bilavasitə sonra həyəcanlı şəkildə yazdığı üçün, ilkin olaraq ona xəsarət yetirmiş şəxsin bir nəfər olduğunu qeyd etmişdir. Əslində həmin vaxt o, ilkin olaraq ona yaxınlaşan şəxsin bir nəfər olduğunu qeyd etmək istədiyini bildirmişdir. Hadisə zamanı onun taksi xidmətindən yararlanmaqla bağlı bir nəfər yaxınlaşmış daha sonra digər üç nəfər gəlmişlər. Həmçinin ilkin izahatını yazarkən Təqsirləndirilən şəxs şəxsi məlumatlarını bilmədiyindən onun kim olmasını qeyd etməmiş, yalnız onun vizual görünüşünü qeyd etmişdir. Zərərçəkmiş şəxs müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında təkrar dindirilərkən də, əvvəlki ifadəsini təsdiqləmiş, Təqsirləndirilən şəxs və onunla həmin vaxt bərabər olan tanımadığı üç nəfər şəxs tərəfindən döyülərək xəsarət aldığını, idarə etdiyi nəqliyyat vasitəsinə zərər vurulduğunu, lakin hazırda Təqsirləndirilən şəxs şikayətçi olmadığını, onu bağışladığını qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, üzləşdiyi hadisə onun Vətən müharibəsindən qayıdışından sonra uzun müddət keçmədən baş verdiyindən, onun əsəb-sinir sistemində mövcud olan fəsadlar səbəbindən əvvəlki məhkəmə iclasında ona ünvanlanan sualları geniş formada cavablandırmadığını, ikinci dəfə dindirilərkən verdiyi ifadənin daha ətraflı olduğunu nəzərə alaraq, əsas götürülməsini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdr. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın qohumudur. Zərərçəkmiş şəxs idarə etdiyi Azsamand markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomobil yalnız rəsmi sənədlərdə onun adına qeydiyyatdadır, lakin həmin avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Əlavə olaraq Zərərçəkmiş şəxs üzləşdiyi hadisə nəticəsində sonuncuya yetirilmiş xəsarət, həmçinin nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlı Zərərçəkmiş şəxs atası tərəfindən ona məlumat verilsə də, həmin hadisənin kimlər tərəfindən törədilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, Təqsirləndirilən şəxs atasına məxsus «Kolizey» kafesini icarə əsasında işlətmişdir. Üzləşdiyi maliyyə problemləri səbəbindən icarə haqqının ödənilməsində müəyyən çətinliklər yarandığından, icarə haqqına güzəşt edilməsi məqsədilə Təqsirləndirilən şəxsla 2022-ci ilin mart ayının dəqiq xatırlamadığı tarixində axşam saatlarında danışmaq qərarına gəlmişdir. Həmin gün qeyd etdiyi problemlə bağlı danışdıqdan və bərabər çay içdikdən sonra icarə əsasında onun istifadəsində olan məkanda ofisiant kimi fəaliyyət göstərən Günel Təqsirləndirilən şəxs gedərkən onları da aparmasını xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxsla bərabər getmişlər, həmin vaxt heç bir hadisənin şahidi olmamış, «Kolizey» kafesinin ətrafında dava-dalaş səslərini isə eşitməmişdir. Məhkəmə iclasında, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Tahirə adlı qadının icarəyə götürdüyü, Təqsirləndirilən şəxs atasına məxsus, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kolizey» kafesində ofisiant kimi fəaliyyət göstərmişdir. 03 mart 2022-ci il tarixdə axşam saatlarında Tahirə icarə haqqı problemləri ilə bağlı danışıq aparmaq məqsədilə Təqsirləndirilən şəxs həmin məkana dəvət etmişdir. Onlar bərabər çay içərək Tahirənin maddi çətinliklərini müzakirə etdikdən sonra, o, Təqsirləndirilən şəxs gedərkən onları da evlərinə aparmasın xahiş etmişdir. Təqsirləndirilən şəxs onları evinə aparmışdır. «Kolizey» kafesində olarkən isə heç bir dava-dalaş səslərinin və ya Təqsirləndirilən şəxs kimlərləsə mübahisə etdiyinin şahidi olmamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan 31 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 43-cü vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi barədə 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəi cinayət işi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan Qaradağ Rayon Prokuroru Zəfər Əhmədovun 01 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin 58-ci vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 41-42-ci vərəqələrində olan 01 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı əvvəl verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin 20-21-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin sağlamlığa zərər vurmanın təyini barədə ekspertizasının 04 mart 2022-ci il tarixli, 149 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sol gözün ağlı qişasına qansızma və sol gözaltı nahiyənin səthi əzilmiş yarası ilə müşayiət olunan sol gözaltı nahiyənin dərialtı hematoması bərk küt əşya təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin əlçatan nahiyəsində olsa belə özü tərəfindən yetirilməsi az inandırıcıdır, qeyd olunan xəsarəti bir və ya bir neçə şəxsin yuxarıda göstərilən nahiyəyə vurmaları şərti ilə yetirilməsi nəticəsində törənməsi istisna olunmur. Cinayət işinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” X5 28 iyun 2022-ci il tarixli, 1699 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən "üzvi emosional-labil pozuntu" o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab olunmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 80-85-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi və cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi ayrılmış və ayrılmış cinayət işi ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Medalının 1-2327 və 1-6712 nömrəli vəsiqələrin surətindən görünür ki, Zərərçəkmiş şəxs “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs 20 sentyabr 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, üzləşdirmə istintaq hərəkətinin keçirilməsinə dair protokol tədqiq edilərkən və məhkəmə istintaqı dövründə ifadə verərkən Zərərçəkmiş şəxs ona qarşı cinayət əməlini törədən şəxslərdən birinin məhz Təqsirləndirilən şəxs olması barədə sərbəst şəkildə səmimi olaraq ifadə vermiş, bu ifadələri bilavasitə Təqsirləndirilən şəxs üzünə demişdir. Təqsirləndirilən şəxs isə təqsirini etiraf etməsə də zərəçəkmiş şəxsin məhkəmə iclasında əməlin məhz onun tərəfindən törədilməsi, lakin hazırda onu bağışlaması barədə deyilənlərə biganəlik nümayiş etdirərək dinləmiş, baş vermiş hadisəyə aydınlıq gətirilməsinə hansısa formada çalışmaqdansa zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakı zamanı onda özünə qarşı aqressiya yaratmamağa çalışmışdır. Onun məhkəmə iclasında özünü bu formada nümayiş etdirməsi, məhkəmə tərəfindən hadisədən sonra Zərərçəkmiş şəxslə çətinliklə əldə olunmuş barışığın pozulmasından ehtiyatlanması kimi qiymətləndirilir. Bundan əlavə, məhkəmə iclasında ilk dəfə ifadə verərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ağır anlar yaşadığı Vətən müharibəsindən qayıtmasından sonra uzun müddət keçmədən doğma vətənində ona qarşı törədilən hazırki əməlin bilavasitə onun qürurunun qırılmasına səbəb olması halı da müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı olmasa da zərər çəkmiş şəxsin hadisə barədə məhkəmə iclasında tam və ətraflı ifadəsi, üzləşdirmə protokolu, ekspert rəyi və digər iş materialları ilə onun qabaqcaqdan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib özgənin əmlakını zədələnməklə qərəzli hərəkətlərlə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi özünümüdafiə xarakteri daşımaqla həm də baş vermiş cinayət məsuliyyətindən yaxa qurtarmaq niyyəti daşıyır. Bundan əlavə, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin Təqsirləndirilən şəxs ailəsinə məxsus məkanın bilavasitə işçiləri olmaları onların məhkəmə iclasında verdikləri ifadələrin həqiqiliyini şübhə altına alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsininnəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını, əvvəllər cinayət törətməməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən (saat 17:30) 01 iyun 2022-ci il tarixədək (saat 17:50) tutulub saxlanıldığı 01 (bir) gün müddət 01 (bir) günü 04 (dörd) gün islah işləri cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəkməklə, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar