Məhkəmə qərarları › İş №1(002)-160/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-160/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-160/2020 23.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi -10 saylı Vəkil Birosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Ermənistan Respublikası Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 A, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə səhər saat 11 radələrində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini tanışı Şahid5 sonuncunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, ev 969 ünvanında 25 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, həmin gün saat 12:10 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsində yerləşən köhnə Su İdarəsinin 25 metr məsafəsində Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə aparılmış, həmin gün orada saat 12:45-də dəvət edilmiş hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 0,564 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək mütamadi olaraq narkotik vasitə qəbul etdiyini, narkotik vasitəni ineksiya yolu ilə qəbul etdiyini və əvvəllər satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə görə əvvəllər məhkum olunduğunu qeyd edib ifadəsində göstərmişdir ki, Qaradağ rayon məhkəməsnin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra 2016-cı ildə Salyan rayon məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Azadlığa buraxıldıqdan sonra bir müddət sonra narkotik vasitə olan heroindən istifadə etməyi davam etdirmişdir. Hər dəfə narkotik vasitə olan heroini Qaradağ rayonu Qobu və Lökbatan qəsəbələrində tanımadığı ayrı-ayrı şəxslərdən alıb istifadə etmişdir. Təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində Lökbatan qəsəbəsində şəxsi istifadəsi üçün narkotik vasitə axtararkən təsadüfən 10 ilə yaxındır ki, tanıdığı qəsəbə sakini Şahid5 ilə rastlaşmışdır. O, Şahid5 narkotik vasitə qəbul etdiyini bildiyi üçün ondan şəxsi istifadəsi üçün heroin narkotik vasitəsi təşkil etməsini xahiş etmişdir. Şahid5 ona narkotik vasitə təşkil edəcəyini demiş və onunla Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən köhnə Su İdarəsinin yanına getmişdir. Orada Şahid5 gözləmiş, Orxan isə evlərinə gedərək onun üçün bir «çet» heroin narkotik vasitəsi gətirmiş və 10 manat qarşılığında ona vermişdir. O, narkotik vasitə olan heroini hər gün istifadə etdiyi üçün bədənində güclü ağrıları olmuş, bu səbəbdən də həmin gündən etibarən yəni iki ay ərzində müxtəlif vaxtlarda müxtəlif miqdarlarda Şahid5 narkotik vasitə alıb istifadə etmişdir. Hər dəfə Orxanla istifadəsində olan ***-***-**-** mobil telefonuna Lökbatan bazarının qarşısındakı “Taksafondan” zəng edərək onunla əlaqə saxlayıb ondan “narkotik” alıb qəbul etmişdir. 2020-ci ilə girdikdən sonra Orxandan bir neçə dəfə narkotik vasitə alıb qəbul etmiş, sonuncu dəfə isə xx xxxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində yuxudan ayılmış və bədənində şiddətli ağrılar baş vermişdir. Həmin ağrıların qarşısını almaq üçün Şahid5 zəng edib yenidən ondan narkotik vasitə alıb istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə də təxminən saat 11 radələrində əvvəlki qayda ilə yenə də Lökbatan bazarının qarşısındakı “Taksafon”-dan Şahid5 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və 25 manat dəyərində heroin narkotik vasitəsi istəmişdir. Şahid5 isə ona gəlib narkotik vasitəni götürməsini bildirmişdir. O, dərhal Şahid5 yaşadığı Lökbatan qəsəbəsində yerləşən köhnə Su İdarəsinin yaxınlığındakı evə gedərək onu çağırmışdır. Şahid5 təxminən 1-2 dəqiqə keçdikdən sonra evdən çölə çıxmış, ona 25 manat qarşılığında sellofan kəsiyində qablaşdırılmış şəkildə siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə heroin narkotik vasitəsi vermiş və yarım qıram olduğunu demişdir. Bundan sonra o, həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş və oradan təxminən 200-250 metr aralanmışdır ki, Qaradağ RPİnin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt artıq tutulacağını güman edib qaçmaq istəmiş, lakin onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığından onu saxlayaraq polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 10-cu polis bölməsinə getmişdir. Polis bölməsində tanımadığı iki nəfər şəxs dəvət edilərək həmin şəxlərin hal şahidləri olması barədə ona məlumat vermişlər. Daha sonra müdafiəçi dəvət edilmiş və onların iştirakı ilə üzərində şəxsi yoxlama aparılacağını demişlər. O, da polis əməkdaşlarına üzərində yoxlama aparılacağı ilə bağlı heç bir etiraz etməmişdir. Beləliklə də üzərində şəxsi yoxlama aparılmış, yoxlama zamanı üzərindən, əynində olan göy rəngli şalvarının sağ yan cibindən Şahid5 aldığı həmin 01 ədəd bükümdə olan heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Daha sonra həmin narkotik vasitə ilə bağlı protokollar tərtib edilmiş və müdafiəçinim iştirakı ilə həmin protokollarla tanış olduqdan sonra imzalayaraq təsdiq etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə ailəsinin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin, təxminən 2015-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanının 1-ci mərtəbəsində kirayədə yaşayır. Özü narkotik aludəçisi olmuş və 2018-ci ilin yay aylarından heroin narkotik vasitəsindən inyeksiya yolu ilə qəbul etmişdir. 2007-ci ildə oğurluq cinayəti törətdiyi üçün Qaradağ rayon məhkəməsinin hökmü ilə 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da 2009-cu ildə azadlığa buraxılmışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün ara-bir tikintilərdə fəhlə işləməklə ailəsinin maddi tələbatlarını təmin etmişdir. O, Təqsirləndirilən şəxs 10 ilə yaxındır bir qəsəbə sakini kimi tanıyaraq onun narkotik aludəçisi olduğunu bilmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Lökbatan qəsəbəsində təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmış, söhbət zamanı Tacir şəxsi istifadəsi üçün narkotik vasitə axtardığını ona demişdir. O da Təqsirləndirilən şəxs bildirmişdir ki, yaxşı heroin narkotik vasitəsi vardır, bu işlə məşğuldur, nə vaxt istəsə ona heroin narkotik vasitəsi sata bilər. Beləliklə də Təqsirləndirilən şəxs həmin vaxtdan etibarən ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin almağa başlamışdır. Tacirə hər dəfə heroin narkotik vasitəsi verərkən miqdarına uyğun pul almışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında ona zəng edərək 25 manat dəyərində narkotik vasitə lazım olduğunu bildirmişdir. O da Tacirdən narkotik vasitəni gəlib aparmasını xahiş etmişdir. Bu məqsədlə özündə olan qızıl tərəzisində təxminən yarım qıram heroin narkotik vasitəsi çəkib sellofan kəsiyində qablaşdırmış və həmən sellofanı da siqaretin gümüşü kağızına büküb özündə saxlamışdır. Təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlib onu çağırmışdır. O da yataq otağının pəncərəsindən küçəyə baxmış və Təqsirləndirilən şəxs gördükdən sonra həyətə düşərək narkotik vasitəni Tacirə verib əvəzində 25 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmiş və təxminən 17 radələrində yaşadığı ünvana polis əməkdaşları gələrək özlərini təqdim edib axtarış qərarını ona göstərərək evdə axtarış keçirməyə başlamışlar. Axtarış zamanı yataq otağında olan televizorun altındakı masının açıq vəziyyətdə olan ikinci polkasının üstündən özünə məxsus təxminən çəkisi 400 qram olan üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə heroin narkotik vasitəsini aşkar edib götürmüşlər. Daha sonra bununla bağlı onu Qaradağ RPİnin İstintaq şöbəsinə gətirilərək orada üzərində şəxsi yoxlama aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlandığını və Təqsirləndirilən şəxs tanımadığını onu ilk dəfə Qaradağ RPİ-də gördüyünü qeyd edib ifadəsində göstərmişdir ki, o, rəsmi iş yeri olmadığı üçün ticarətlə məşğul olmaqla ay ərzində bir dəfə İran İslam Respublikasına gedərək oradan konfetlər, şampunlar, yuyucu tozlar, qazanlar və müxtəlif əşyalar gətirməklə kirayədə yaşadığı ünvanda sataraq bu yolla da dolanışıqlarını təmin etmişdir. İran İR-na cəmi üç dəfə, yəni 2019-cu ilin oktyabr, noyabr və dekabr aylarında yalnız Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport qeydiyyatından keçməklə gedib-gəlmiş, hər dəfə də ərzaq məhsulları və məişət avadanlıqları gətirib satmışdır. İran İR-dan isə heç bir vaxt narkotik vasitə gətirməmiş, həmçinin narkotik vasitələrin Azərbaycan Respublikasının dövlət sərhədindən, gömrük nəzarətindən keçirilməsində heç bir vaxt iştirak etməmişdir. Şahid5 onu narkotik satışı ilə bağlı ittiham etməsində isə Orxanın yalan danışdığını, ona heç bir vaxt narkotik vasitə satmamışdır. Şahid5 3 ildir ki, tanıyır, Orxan onun yaşadığı evin birinci mərtəbəsində kirayədə yaşamış, narkotik aludəçisidir, həm də narkotik vasitələrin satışı ilə məşğul olur. Orxana dəfələrlə narkotik vasitə satmamasını tapşırmış, lakin Orxanın onun bu sözlərinə məhəl qoymadan narkotik vasitə satmaqda davam etmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Şahid5 onun yaşadığı evə gəlmiş, həmin vaxt o, Orxana bir daha bildirmişdir ki, narkotik vasitə satmasın, yoxsa 2-3 günə onu tutub aparacaqlar. Şahid5 isə tez-tez onlara gəlib konfet və digər ərzaq məhsulları alıb aparmışdır. Bu səbəbindən də Şahid5 narkotik aludəçisi olduğunu, həm də satışı ilə məşğul olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə bölməyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1A, ev 13-ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün 10-cu PB-nin rəisi Nizami Novruzovun xx xxxxxx 2020-ci il tarixli əməliyyat qrupunun yaradılması barədə qərarına əsasən tərəflərindən bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən köhnə Su İdarəsinin yaxınlığında müəyyən edib əməliyyat qrupunun üzvü İlqar Səbzəliyevlə birlikdə ona yaxınlaşmışlar və xidməti vəsiqələri ilə özlərini ona təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması zərurəti yarandığından o, 10-cu polis bölməsinə dəvət edilmişdir. Daha sonra polis bölməsində, onların, dəvət edilmiş hal şahidlərinin və vəkilin iştirakı ilə Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elnur İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama başlanmamışdan öncə Təqsirləndirilən şəxs üzərində və ya ciblərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bükülmüş halda 01 ədəd gümüşü rəngli siqaret kağızını çıxarıb təqdim etmiş və içərisində heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Sonra həmin büküm müstəntiq tərəfindən açılmış və gümüşü siqaret kağızının içərisində sellofan kəsiyində qablaşdırılmış bir ədəd bükümdə qəhvəyi rəngli olan kütlə olduğu məlum olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd 02 qramlıq inyeksiya üçün şpris, 01 ədəd qırmızı rəngli alışqan, 1 manat pul, 02 ədəd boş ampula və 01 ədəd ağ rəngli üzərində “naftizin” yazısı olan, içərisində ağ rəngli toz kütləsi olan flakonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr iştirakları ilə bir ədəd zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Sonradan isə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəyə bənzər kütləni Lökbatan qəsəbəsində Su İdarəsinin yaxınlığında yaşayan Şahid5 adlı şəxsin satdığını, eləcə də Orxan adlı şəxsində narkotik vasitələri Zülfiyyə Məmmədova adlı şəxsdən almasını müəyyən etmişlər. Daha sonra iştirakları ilə şəxsiyyəti ona sonradan məlum olan X1 yaşadığı ünvan 3 ünvanında təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin 969 nömrəli iki mərtəbəli evin ikinci mərtəbəsinə yerləşən nömrəsiz mənzildə yaşayan X2 özünü təqdim edən şəxsin etirazı olmaması ilə bağlı ərizəsi alındıqdan sonra həmin mənzilə daxil olmuşlar və orada axtarış aparmağa başlamışlar. Həmin mənzilə daxil olduqda soldan birinci yataq otağında axtarış aparılarkən həmin otağın küncündə yerləşən sandığın arxasında yerdən döşəmənin üzərindən şəffaf yapışqan lentə bükülmüş selofanda olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və tərəflərindən imzalanmışdır. Zülfiyyə Məmmədovadan həmin kütlənin nə olmasını soruşduqda isə o, həmin kütlənin nə olduğunu bilmədiyini demiş və həmin heroinə bənzər kütlənin ona məxsus olmadığını bildirmişdir. Bundan başqa axtarış zamanı Zülfiyyə Məmmədovanın yaşadığı mənzildən başqa şübhəli hər hansı əşya və ya kütlə aşkar olunmamışdır. Həmin mənzildə keçirilən axtarış başa çatdıqdan sonra müstəntiq tərəfindən tərtib olunmuş protokol digər iştirakçılarla bahəm onun tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X9 şahid X8 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və və müəyyən olundu ki, o, ibtidai istintaq dövründə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər X9 və X8 verdiyi ifadələrlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən hal şahidi Şahid3 Hümbət oğlu məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 Hümbət oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 10-cu polis bölməsinin yaxınlığında yerləşən “Atəş” marketdən siqaret alıb çıxan zaman bir nəfər tanımadığı mülki qeyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu bildirmişdir. Həmin polis əməkdaşı 10-cu polis bölməsində bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini deyib hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, həmin polis əməkdaşı ilə razılaşmış və bölməyə getmişdir. 10-cu polis bölməsinə daxil olduqda onu oradakı xidməti otaqlardan birinə dəvət etmişlər. Həmin vaxt orada ondan başqa vəkil, saxlanılan şəxs və müstəntiq olmuşdur. Sonradan isə başqa bir hal şahidi də həmin otağa dəvət olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən saxlanılan şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir. Müstəntiq Tacirdən üzərində və ya ciblərində hər hansı qanunsuz əşyanın olmasını soruşmuş və əgər belə bir əşya varsa onu masanın üzərinə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bükülmüş halda 01 ədəd gümüşü rəngli siqaret kağızını çıxarıb təqdim etmiş və içərisində heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Sonra həmin büküm müstəntiq tərəfindən açılmış və gümüşü siqaret kağızının içərisində sellofan kəsiyində qablaşdırılmış bir ədəd bükümdə qəhvəyi rəngli olan kütlə olduğunu görmüşdür. Həmçinin Tacir əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd 02 qramlıq inyeksiya üçün şpris, 01 ədəd qırmızı rəngli alışqan, 1 manat pul, 02 ədəd boş ampula və 01 ədəd ağ rəngli üzərində “naftizin” yazısı olan, içərisində ağ rəngli toz kütləsi olan flakonu çıxarıb təqdim etmişdir. Bundan sonra Tacirin təqdim etdiyi kütlələrin hər ikisi onların iştirakları ilə bir ədəd zərfə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən hal şahidi Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş hal şahidi Şahid3 Hümbət oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 13-17-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(002)-7/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cild 189-192-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(002)-39/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni xx xxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 80-81-ci vərəqələrində olan həbsdə saxlanılma müddətinin uzadılmasına dair Qaradağ rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(002)-54/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün , yəni xx xxx 2020-ci il tarixə kimi uzadılmışdır. Cinayət işinin 1-ci cild 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1114 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,564 qr olan maddə kustar üsulla hazırlanması narkotik vasitə-heroindir. Həmin zərfdə olan üzərində Naftizin yazılmış plastik qabdakı ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və ya psixotrop maddələrə aid olmayan – limon turşusudur. Heroinin təmiz çəkisi – 0,564 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,514 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Cinayət işinin 1-ci cild 119-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1128 saylı ekspert rəyinnin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şahid5 yaşadığı evdən aşkar olunmuş kütlə” yazısı olan zərfdə, bir ədəd bağlamada, təmiz çəkisi 397,015 qr olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “X4 yaşadığı evdən aşkar olunmuş kütlə” yazısı olan zərfdə, bir ədəd bağlamada, təmiz çəkisi 652 qr olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vət Şahid5 və X4 yaşadığı evlərdən götürülmüş heroinlər, vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlə (1114 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi: 0,514 qram, sərf edildi 0,03 qram, qalıq 0,484 qramdır. Cinayət işinin 2-ci cild 56-59-cu vərəqələrində olan maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin ilkin təmiz çəkisi 0,564 qram, Şahid5 aşkar edilmiş narkotik vasitə heroinin ilkin təmiz çəkisi 397,015 qram, X3 isə aşkar edilmiş narkotik vasitə heroinin ilkin təmiz çəkisi 652,0 qram hesab olunaraq nəzrərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxarılmaqla 0,484 qram qalmış narkotik vasitə heroin, Şahid5 yaşadığı evin yataq otağından aşkar edilmiş, ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 396,865 qram qalmış narkotik vasitə heroin, yataq otağında olan çarpayının üzərindən aşkar edilmiş 03 ədəd şprislər, dolabçanın üzərindən aşkar edilmiş bir ədəd qızıl tərəzisi, 01 ədəd borc dəftəri, bundan başqa X3 aşkar edilmiş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 651,8 qram qalmış narkotik vasitə heroinin iş üzrə əhəmiyyət kəsb etdiyini nəzərə alaraq maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və ya hökmünə kimi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 218-219-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxx 2020-ci il tarixli 869 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin 2-ci cild 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.2-ci ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 96-103-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 1(002)-132/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 2-ci cild 126-cı vərəqəsində olan AZ-İİ 886647 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X13r. Məhkəmənin şifahi sorğusuna əsasən alınmış Salyan rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 7(057)-313/2016 nömrəli qərarından görünür ki, məhkum Əmirov X10 rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 27 gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-132/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən az ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən az cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əmirov X11 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməkli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut kimi tanınmış –Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ümumilikdə xalis çəkisi 0,484 qram qalan qalıq narkotik vasitə - «heroin» hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2020-ci il tarixli № 52 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 62 (altmış iki) iş saatı və 21.05..2020-ci il tarixli № 784 saylı order əsasında isə məhkəmədə 15 (on beş) iş saatı olmaqla cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 77 (yetmiş yeddi) iş saatı hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında və ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 77 (yetmiş yeddi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 462 (dörd yüz altmış iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,484 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 77 (yetmiş yeddi) iş saatı hüquqi yardıma görə 462 (dörd yüz altmış iki) manat manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar