Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-160/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanın qarşısında boş sahədə X1 məxsus yük avtomobilin qoşqusunun tentini saxlayan, hər birinin uzunluğu 13,60 metr, qalınlığı isə təxminən 5 santimetr olan, bir ədədinin dəyəri 500 manat təşkil edən 2 ədəd profil aluminium materialını gizli olaraq talayıb zərərçəkmiş şəxs Cehun Abdullayevə ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi nömrəsiz evdə ailəsi ilə birlikdə kirayədə yaşayır, özü heç bir yerdə işləmir, iş olduqda fərdi qaydada tikintidə fəhlə işi görür. 2020-ci ilin noyabr ayının əvvəllərində özünə iş axtarmaq üçün Qaradağ rayonu ərazisində “Holcim” sement zavoduna getmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində bağ evləri deyilən ərazidən keçdiyi zaman orada olan fərdi yaşayış evlərinin yaxınlığında yerdə 2 ədəd profil aluminium materiallarının olduğunu görmüşdür. O, həmin materialları götürüb satmaq qərarına gəlmişdir. Həmin materiallar çox uzun olduğundan gedib tikinti materialları mağazasından dəmir kəsən bıçaq (nojovka) alaraq yenidən həmin yerə qayıdıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin profil aluminium materialını kəsərək bir neçə yerə bölmüşdür. Bundan sonra Sahil qəsəbəsindəki bazarın yanına getmiş, oradan keçən “Qazel” markalı yük avtomobili saxlatdırmış, sürücüdən yol haqqı müqabilində həmin profil aluminium materiallarını yükləyərək yaxınlıqdakı metal qəbulu məntəqəsinə aparmasını xahiş etmişdir. Sürücü ona etiraz etməmiş və onlar birlikdə həmin yerə gəlmişlər, orada hər iki profil aluminium materiallarını “Qazel” markalı avtomobilin yük yerinə yerləşdirərək Sahil qəsəbəsində stansiya Qaradağ deyilən ərazidə metal qəbulu məntəqəsinə yollanmışdır. Məntəqəyə yaxınlaşdıqda profil aluminium materiallarını boşaltmış, orada işləyən Mehdi adlı şəxsə yaxınlaşıb materialları satmaq istədiyini demiş, lakin sonuncu nağd pulunun olmadığını, buna görə də profil aluminium materiallarını almayacağını ona bildirmişdir. Bunu eşidən “Qazel” markalı yük avtomobilinin sürücüsü həmin materialları artıq yenidən yükləməyəcəyini və heç bir yerə aparmayacağını bildirərək, ondan daşınma haqqı olaraq 10 manat pulunu alıb çıxıb getmişdir. Bundan sonra o, piyada yola tərəfə çıxmış və damında yük yeri olan “VAZ 2105” markalı avtomobili saxlatdıraraq sürücüsü ilə materialları aparması barədə razılaşmışdır. Onlar həmin materialları avtomobilin damına yerləşdirmişlər və onlar həmin avtomobil ilə onun göstərişinə əsasən həmin materialları Lökbatan qəsəbəsində Qaradağ Rayon Məhkəməsinin yaxınlığında məcburi köçkünlərin yaşadığı binanın həyətinə aparmışlar və orada yaşayan tanımadığı bir kişiyə həmin profilləri satmışdır. Onlar orada profilləri tərəziyə qoymuşlar, 70 kiloqramdan artıq gələn dür aluminiuma görə alıcı kişi ona 75 manat pul vermişdir. Həmin puldan onu taksi kimi aparan “VAZ 2105” markalı avtomobilin sürücüsünə 12 manat pul vermişdir. Daha sonra özü avtobusla Sahil qəsəbəsinə qayıtmış, əldə etdiyi puldan 55 manatı borcu olduğu Sahil qəsəbəsindəki paltar dükanın satıcısına vermiş, qalan 8 manatı isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin bildirmişdir ki, “Qazel” və “VAZ 2105” markalı avtomobillərin sürücüləri, o cümlədən Mehdi və profilləri alan kişi ondan həmin materialları haradan və hansı yolla əldə etməsi, kimə məxsus olması barədə heç nə soruşmamışlar və o da həmin şəxslərə heç nə deməmişdir. Mehdini qəsəbədən tanımış, onun metal qəbulu məntəqəsində işlədiyini əvvəlcədən bilmişdir. Lakin onunla heç bir münasibəti olmamış, yalnız qəsəbədə rastlaşdıqda bir-birlərinə salam vermişlər. “Qazel” və “VAZ 2105” markalı avtomobillərin dövlət nömrə nişanlarını xatırlamır, sürücüləri isə ümumiyyətlə tanımamışdır. Cinayət hadisəsini törətməkdə ona hər hansı bir şəxs köməklik göstərməmiş, o, oğurluğu tək törətmiş və bundan başqa bir cinayət törətməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı hər hansı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi qaydada özünə məxsus “DAF” markalı, **-KT- *** dövlət nömrə nişanlı yük avtomobili ilə sürücü işləyib müxtəlif ünvanlara mal daşıyıb özünü dolandırır. 2020-ci ilin oktyabr ayının ortalarında səhər saatlarında özünə məxsus yük avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində bağ evləri deyilən əraziyə gəlmiş, orada avtomobilin qoşqusunun tentini saxlayan, hər birinin uzunluğun 13,60 metr, qalınlığını təxminən 5 sm olan 2 ədəd profil aluminium materialını və tentin özünü də söküb həmin boş sahədə fərdi yaşayış evlərin yanında yerdə saxlamışdır. Belə ki, qoşqunun tentini dəyişmək fikri olmuşdur. Bir müddət sonra 03 noyabr 2020-ci il tarixdə günorta saatlarında tenti düzəltdirmək üçün həmin yerə gəlmiş, lakin tent orada olsa da, 2 ədəd profil aluminium materiallarını aşkar etməmiş, kim tərəfindən götürüldüyünü də bilməmişdir. Bundan sonra Naxçıvan MR-na yollanmış və qayıtdıqdan sonra yenə də profil aluminium materiallarını tapa bilməmiş və oğurlandığını başa düşmüşdür. Bununla bağlı 04 dekabr 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Qaradağ RPİ-nin 38-ci PB-nə ərizə ilə müraciət etmiş və polis əməkdaşları ilə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, oğurluq edən şəxs Sahil qəsəbə sakini Ruslan adlı şəxsdir, Ruslan adlı şəxslə tanışlığı olmasa da, üzdən tanımış, sonuncunu qəsəbədə bir iki dəfə görmüş, nə işlə məşğul olduğu barədə məlumatı olmamışdır. İstifadə olunmuş vəziyyətdə həmin profil aluminium materiallarının hər biri 500 manat dəyəridə olmuş və oğurluq nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etdi və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən stansiya Qaradağ deyilən ərazidə metal qəbulu ilə məşğul olur, Sumqayıt şəhərində yerləşən “xxxx”xxxx“xxxx2 MMC-yə təhvil verib qazanc əldə etməkdən ibarətdir. 2020-ci ilin noyabr ayının əvvələrində iş yerində olduğu zaman bir nəfər şəxs “Qazel” markalı yük avtomobilin sürücüsü ilə oraya gəlmiş və ona heç bir söz demədən yük avtomobilindən 5-6 ədəd profil aluminium materiallarını onun işlədiyi boksun yaxınlığına boşaltmış və ona satmaq istəmişdir. O, həmin şəxsə materialları icazəsiz boşaltdığı üçün iradını bildirmiş və pulu olmadığı üçün həmin şəxsə materialları almayacağını söyləmiş, həmçinin materialları aparmasını tələb etmişdir. Həmin şəxsin materialların pulunu bir neçə günə verə biləcəyini təklif etmiş, lakin o, yenə də etiraz edərək almayacağını demişdir. Bundan sonra “Qazel” markalı yük avtomobilinin sürücüsü çıxıb getmiş, materialları gətirən şəxs isə piyada harasa gedib daha sonra damında yük yeri olan “VAZ 2105” markalı avtomobillə oraya yaxınlaşmış, profil aluminium materiallarını həmin avtomobilin damına yükləyib çıxıb getmişdir. Bundan sonra o, həmin şəxsi bir daha görməmiş, profil aluminium materiallarını da haradan və hansı yolla əldə etdiyini, kimə məxsus olduğunu bilməmiş və ona aidiyyəti olmadığı üçün bu barədə maraqlanmamışdır. O, həmin şəxsi ilk dəfədir ki, görmüş, tanımamış və heç bir vaxt görməmiş, həmin şəxsin əvvəllər ona əlvan metallar satmağı təklif etməmişdir. O, “Qazel” markalı yük avtomobilinin və “VAZ 2105” markalı avtomobillərin dövlət nömrə nişanlarını xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi qaydada fəaliyyət göstərən qaynaqçıdır. X2 2020-ci ilin iyul ayının ortalarından tanıyır, belə ki, həmin vaxt sonuncunun yük avtomobilində qaynaq işləri görmüşdür. 2020-ci ilin oktyabr ayının sonlarında Cehun özünə məxsus yük avtomobilin 2 ədəd profil aluminium materialını və tentini sökərək onun yaşadığı evin sağ hissəsində boş sahədə saxlamış, həmin tent və profil aluminium materialları təxminən 10- 15 gün orada olmuş, 2020-ci ilin noyabr ayının əvvələrində Cehundan eşitmişdir ki, saxladığı 2 ədəd profil aluminium materialı həmin yerdən oğurlanmışdır. Lakin həmin hadisənin hansı şəkildə baş verdiyindən məlumatı olmamış, yaxınlıqda yaşamasına baxmayaraq bunu eşitməmiş və görməmişdir. Sonradan profil aluminiumu oğurlayan şəxsin Sahil qəsəbəsi sakini olduğu ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmas və icraata qəbul olunması barədə 25 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 01) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. (i.v. 35-36) Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqdan sonra Qaradağ RPİ-nin İstintaq şöbəsinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 44) 28 yanvar 2021-ci il tarixli tutma protokolundan görünür ki, təqsirləndirilən şəxs barəsində 25.01.2021-ci il tarixdə 30952 saylı axtarış işi açılmış, Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində günorta saatlarında Qaradağ rayonu ərazisində tutulmuşdur. (i.v. 52) Qətimkan tədbiri seçilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 80-81) Sübutların qiymətləndirilməsi barədə 12 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi olmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1, X6, istintaqa məlum olmayan “Qazel” və “VAZ 2105” markalı avtomobillərin sürücülərinin əməlində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, bu barədə material ayrılaraq Qaradağ rayon prokurorluğuna göndərilmişdir. (i.v. 101-106) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 oktyabr 2016-cı il təvəllüdlü Fatimə adlı bir azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş 04 may 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmamasını (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həmdə məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 35.1-ci maddəsinə əsasən məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı (CM-47.2-1), təyin olunmuş cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 34.1), təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-353.4.12) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 180 (yüz səksən) manat məbləğində pul və məhkəmədə dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 480 (dörd yüz səksən) saat ictimai işlər növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün bir günə səkkiz saat hesabı ilə 16 (on altı) saat ictimai işlər cəzasına hesablansın və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 464 (dörd yüz altmış dörd) saat ictimai işlər cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 180 (yüz səksən) manat məbləğində pul və məhkəmədə dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-160/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-160/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver