Məhkəmə qərarları › İş №1(002)-161/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-161/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-161/2021 13.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Yexlax şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirtmək məqsədi ilə 30.10.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən X3 kartof-soğan satılan 2-ci talvarın yaxınlığındakı avtomobil dayanacağında dayanmış X1 məxsus “Ford Transit” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən sonuncuya məxsus ümumilikdə 429,10 manat dəyərində meyvə-tərəvəzini ələ keçirməklə təkrarən oğurluq edərək Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq yenidən özgənin əmlakını gizli olaraq talayaraq təkrarən 29.12.2020-ci il tarixdə saat 16.30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzinin kartof-soğan sırası ilə üzbəüz yerləşən avtomobil dayanacağında avtomobilini saxlamış Zərərçəkmiş şəxs2 məxsus “Ford Tranzit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerindən sonuncuya məxsus hər birinin içərisində 20 kiloqram, ümumilikdə 40 kiloqram, 1 kiloqramı 1,75 manat olmaqla 01 qutusunun dəyəri 35 manat, ümumi dəyəri 70 manat olan 02 qutu banan, xarici ölkədən gətirilmiş 26 kiloqram armud olan, 1 kiloqramı 3,07 manat, 01 qutunun qiyməti 40 manat olan ümumilikdə 80 manat dəyərində 02 qutu armud, 60 kiloqram alma olan, 1 kiloqramı 1,15 manat, 01 qutusunun dəyəri 23 manat olmaqla ümumilikdə qiyməti 69 manat olan 03 qutu alma, 80 kiloqram kartof, 1 kiloqramı 0,80 manat, ümumilikdə 80 manat olan 8 qutu kartofu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 299 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 30.12.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzinin kartof-soğan sırası ilə üzbəüz yerləşən avtomobil dayanacağında avtomobilini saxlamış X2 məxsus “Ford Tranzit” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerindən sonuncuya məxsus 06 qutu, ümumi çəkisi 60 kiloqram olan 199,80 manat dəyərində xiyarı, bir qutu içərisində 8 ədəd olan 40,00 manat dəyərində ananası, bir qutu ümumi çəkisi 20 kiloqram olan 35,00 manat dəyərində bananı, iki qutu ümumi çəkisi 20 kiloqram olan 34,00 manat dəyərində kivini, 01 qutu 20,00 manat dəyərində badımcanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 328,80 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə Qaradağ Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bir ilə yaxındır ki, heç bir işlə məşğul olmur. 2020-ci il tarixdə bir neçə dəfə Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarından oğurluq etmişdir. Sonuncu dəfə dekabr ayında barəsində istintaqı aparılmış cinayət işi məhkəməyə göndərilmişdir. 29 dekabr 2020-ci il tarixdə günorta saatlarında Lökbatan qəsəbəsində fəaliyyət göstərən Meyvəli bazarında dayanacaqda dayanmış rəngini və dövlət qeydiyyat nişanını bilmədiyi “Ford Tranzit” markalı avtomobilin yük qapısının açıq olduğunu görüb bazardan götürdüyü arabaya 02 qutu banan, 02 qutu armud, 03 qutu alma, 08 qutu kartofu yükləyib, arabanı sürüb bazardan bir qədər kənarlaşıb yolun kənarında dəyərindən ucuz qiymətə tanımadığı şəxslərə satıb oğurladığı mallardan 150 manat pul əldə etmişdir. Bundan başqa 30 dekabr 2020-ci il tarixdə günorta saatlarında, 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzinin kartof-soğan sırası ilə üzbəüz yerləşən avtomobil dayanacağında dayanmış ağ rəngli dövlət qeydiyyat nişanını bilmədiyi “Ford Tranzit” markalı avtomobilin yük yerinin açıq vəziyyətdə olduğunu görüb həmişəki kimi bazardan götürdüyü arabaya 06 qutu xiyar, 01 qutu banan, 01 qutu ananas, 01 qutu badımcan, 02 qutu kivini yükləmişdir. Arabanı sürüb bazardan kənarlaşmaq istədikdə mülki geyimdə bir nəfər ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirib oğurluqda şübhəli olduğu üçün onu polis bölməsinə dəvət etmişdir. O da polis bölməsində etdiyi oğurluqların hamısını etiraf etmişdir. O, qeyd etdiklərindən başqa heç bir oğurluq etməmiş, oğurluq hadisələrini tək etmişdir. Oğurluqları açıq yerdə avtomobil dayanacağında etmiş, lakin heç kim onun oğurluq etdiyini düşünməmişdir. Çünki ora bazar olduğundan kimsə meyvə-tərəvəz aldıqda fəhlə ilə arabaya yüklətdirib aparır, ona görə də heç kim onun oğurluq etdiyini düşünməmişdir. Təqsirləndirilən şəxs sonda məhkəmədən əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, tanışı Alim adlı şəxsə məxsus “Ford Tranzit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Meyvəli Ticarət Mərkəzindən meyvə-tərəvəz alıb İmişli rayonunda yerləşən bazarda satışı ilə məşğul olurlar. 29 dekabr 2020-ci il tarixdə saat 16.30 radələrində Meyvəli Ticarət Mərkəzində kartof-soğan bazarı deyilən yerin qarşısında yerləşən avtomobil dayanacağında Alim adlı şəxsə məxsus “Ford Tranzit” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb bazardan 02 qutu banan, 02 qutu armud, 03 qutu alma, 08 qutu kartof alıb avtomobilin yük yerinə qoymuşlar və avtomobilin yük yerini açarla bağlamamışlar. Onlar əlavə olaraq üzüm almaq üçün bazara qayıtmış, təxminən 15 dəqiqə sonra geri qayıdanda avtomobilin yük yerində olan ona məxsus meyvə-tərəvəzin oğurlandığını aşkar etmişlər. Daha sonra bu barədə Qaradağ RPİ-nin 10cu PB-nə ərizə ilə müraciət etmişdir. Tanışı Alimə məxsus “Ford Tranzit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən hər birinin içərisində 20 kiloqram banan olan, 1 kiloqramı 1,75 manat, 01 qutusunun dəyəri 35 manat olan 02 qutu banan, xarici ölkədən gətirilmiş 26 kiloqram armud olan, 1 kiloqramı 3,07 manat, 01 qutunun qiyməti 40 manat olan ümumilikdə 80 manat dəyərində 02 qutu armud, 60 kiloqram alma olan, 1 kiloqramı 1,15 manat, 01 qutusunun dəyəri 23 manat, ümumilikdə qiyməti 69 manat olan 03 qutu alma, 80 kiloqram kartof, 1 kiloqramı 0,80 manat, ümumilikdə 80 manat olan 8 qutu kartof oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 299 manat maddi ziyan dəymişldir. Vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmiş, həmçinin məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, bir neçə ildir ki, özünə məxsus “Ford Tranzit” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Meyvəli Ticarət Mərkəzindən meyvə-tərəvəz alıb, Biləcəri qəsəbəsində yerləşən bazarda icarə əsasında götürdüyü yerdə satışı ilə məşğuldur. 30 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Meyvəli Ticarət Mərkəzində kartof-soğan bazarı deyilən yerin qarşısında özünə məxsus “Ford Tranzit” markalı avtomobili saxlayıb bazardan 06 qutu xiyar, 01 qutu banan, 01 qutu ananas, 01 qutu badımcan, 02 qutu kivi alıb avtomobilin yük yerinə qoymuşdur. O avtomobilin yük yerini açarla bağlamamışdır. O əlavə olaraq xiyar və banan almaq üçün bazara qayıtmış, təxminən 5 dəqiqə sonra geri qayıdanda avtomobilin yük yerində olan ona məxsus meyvətərəvəzin oğurlandığını aşkar etmişdir. İlkin olaraq qarşına bazarın içərisində olan mülki mühafizə çıxmış, mülki mühafizəyə müraciət etmiş, həmin mühafizə də onu həmin vaxt bazarda olan bir nəfər mülki geyimdə polis əməkdaşı, ərazinin əməliyyat müvəkkili olduğunu dediyi şəxsin yanına aparmışdır. O da həmin polis əməkdaşına oğurluq olduğunu, avtomobildən meyvə-tərəvəzin oğurlandığını demişdir. Daha sonra bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus “Ford Tranzit” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən İran İslam Respublikasından gətirilmiş hər birinin içərisində 60 kiloqram xiyar olan, 1 kiloqramı 3,33 manat, 01 qutusunun dəyəri 33,30 manat olan 06 qutu xiyar, xarici ölkədən gətirilmiş içərisində 8 ədəd hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 40 manat olan bir qutu ananas, 20 kiloqram banan olan, 1 kiloqramı 1,75 manat, ümumilikdə 35 manat dəyərində 01 qutu banan, 20 kiloqram kivi olan, 1 kiloqramı 1,70 manat, 01 qutusunun dəyəri 17 manat olan 02 qutu kivi, 20 manat dəyərində 01 qutu badımcan oğurlanmışdır, oğurluq nəticəsində ona ümumilikdə 328,80 manat maddi ziyan dəymişdir. O ilkin ifadəsində 329 manat təqribi qiymət demişdir. Əslində ona 328,80 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, 2018-ci ildən isə hazırkı tutduğu vəzifədə çalışır. O, Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bir müddətdir ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Meyvəli Ticarət Mərkəzi daxil olmaqla ətraf ərazinin əməliyyat müvəkkilidir. O, xidməti ərazidə mülki geyimdə olsa da, “Meyvəli” Ticarət Mərkəzində ticarətlə məşğul olan, orada işləyən mülki mühafizə və oradan olan əksər şəxslər onu tanıyırlar. 30.12.2020-ci il tarixdə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində bir nəfər şəxs bazarın mülki mühafizəsində işləyən, lakin tanımadığı biri ilə ona yaxınlaşaraq avtomobilindən meyvə-tərəvəzin oğurlanmasını və oğurluq hadisəsinin qısa zaman kəsiyində baş verdiyi üçün həmin şəxsin bazarın içərisində ola biləcəyini bildirmişdir. O da dərhal meyvə-tərəvəz oğurluğunda şübhəli bilənən şəxsi müəyyən edərək Polis bölməsinə gətirmişdir. Polis bölməsində həmin şəxsin əvvəllər bir neçə dəfə “Meyvəli” Ticarət Mərkəzindən oğurluq etmiş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23, 34-35) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 yanvar 2021-ci il tarixli, 4(002)- 02/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 dekabr 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 77-79) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2021-ci il tarixli 9/594 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarında mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş tədqiq edilən tədqiqat obyektlərinin, 30 dekabr 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - 06 qutu, ümumi çəkisi 60 kiloqram olan xiyar 1998 manat, - bir qutu içərisində 8 ədəd olan ananas 40 manat, - bir qutu ümumi çəkisi 20 kiloqram olan banan 35 manat, - iki qutu ümumi çəkisi 20 kiloqram olan kivi 34 manat, - 01 qutu badımcan 20 manat. Ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat müəyyən edilmişdir. (i.v. 107- 111) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 fevral 2020-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-105/2019 saylı, 29 may 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(002)-116/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 117-118) Sübutların qiymətləndirilməsi haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180 və 177.2.3, 177.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus 06 qutu xiyar, 01 qutu banan, 01 qutu ananas, 01 qutu badımcan, 02 qutu kivi iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutun saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs X5 məxsus oğurlanmış 06 qutu ümumi çəkisi 60 kiloqram olan xiyarın qiymətinin 199,80 manat olması nəzərə alınmış, Təqsirləndirilən şəxs elan ediləcək ittihamda 199,80 manat kimi qeyd olunmuşdur. (i.v. 119-126) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs 30 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində olan zaman özünə məxsus “Ford Tranzit” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 06 qutu xiyar, 01 qutu ananas, 01 qutu badımcan, 02 qutu kivini Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Vasif Xalıqovdan təhvil almışdır. (i.v. 128) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(002)- 116/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli, 21-1 e133295/14 saylı məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(002)-116/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(002)-116/2020 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olduğunu nəzərə alaraq hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi və onun əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni üzərində saxlamaqla daşımasına görə məhkum olunması, həmin cəzasını çəkmədən yenidən qəsdən cinayət törətməsi isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxsə hazırki hökm üzrə azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(002)-116/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 08 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 günü azadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(002)-116/2020 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası iki gününə azadlıqdan məhrumetmə cəzasının bir günü bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 dekabr 2020-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınan 06 qutu xiyar, 01 qutu banan, 01 qutu ananas, 01 qutu badımcan, 02 qutu kivinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 75 (yetmiş beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 75 (yetmiş beş) iş saatı və məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı olmaqla, ümumilikdə 90 (doxsan) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 540 (beş yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(002)-116/2020 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri baxımından azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrumetmə cəzasının bir günü bərabər tutulmaqla 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablansın, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 06 qutu xiyar, 01 qutu banan, 01 qutu ananas, 01 qutu badımcan, 02 qutu kivinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 75 (yetmiş beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 75 (yetmiş beş) iş saatı və məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı olmaqla, ümumilikdə 90 (doxsan) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 540 (beş yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına kköçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar