Məhkəmə qərarları › İş №1(002)-166/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-166/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-166/2023 13.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1982-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 24 oktyabr 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və hal-hazırda Abşeron Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir, həmçinin özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində “X6” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən “Kingsmart” adlı mağazaya daxil olaraq mağazanın yağ məhsulları olan piştaxtadan 01 ədədinin qiyməti 16,85 manat olmaqla ümumi dəyəri 101,1 manat olan 06 ədəd 1 kq-lıq Westgold yağını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində “X6” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən “Kingsmart” adlı mağazaya daxil olaraq mağazanın yağ məhsulları olan piştaxtadan 01 ədədinin qiyməti 16,85 manat olmaqla ümumi dəyəri 101,1 manat olan 06 ədəd 1 kq-lıq Westgold yağını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində “X6” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən “Kingsmart” adlı mağazaya daxil olaraq mağazanın yağ məhsulları olan piştaxtadan 01 ədədinin qiyməti 16,85 manat olmaqla ümumi dəyəri 101,1 manat olan 06 ədəd 1 kq-lıq Westgold yağını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində “X6” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən “Kingsmart” adlı mağazaya daxil olaraq mağazanın yağ məhsulları olan piştaxtadan 01 ədədinin qiyməti 16,85 manat olmaqla ümumi dəyəri 101,1 manat olan 06 ədəd 1 kq-lıq Westgold yağını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində “X6” MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən “Kingsmart” adlı mağazaya daxil olaraq mağazanın yağ məhsulları olan piştaxtadan 01 ədədinin qiyməti 16,85 manat olmaqla ümumi dəyəri 101,1 manat olan 06 ədəd 1 kq-lıq Westgold yağını gödəkçəsinin altında gizlətməklə mağazanı tərk etmək istəyərkən mühafizəçi tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəbə cinayət əməlini başa çatdırmayaraq təkrarən oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmişdir. Bir müddət daş karxanalarında fəhlə işləmişdir. Uzun müddətdir ki, heç bir işlə məşğul olmamışdır. Əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmişdir. Lakin hazırda ayağına bağlanılan qolbağın müddəti başa çatmışdır. İki övladı var, oğlu Əliyev Sahibin 16 yaşı var, qızı Əliyeva Jalənin isə 13 yaşı var. Maddi vəziyyəti aşağı olduğu üçün bir neçə dəfə Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” adlı mağazadan 1 kiloqramlıq “Westgold” markalı yağ oğurlamışdır. Belə ki, xx.xx.2022-ci il saat 09 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” adlı mağazaya gəlmişdir. İmkanı olmadığı üçün mağazanın içərisində dolaşıb yağlar yığılan soyuducuya gəlib mağazanın girişində götürdüyü səbətə 04 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağı yığmışdır. Hər dəfə əynində eyni geyimlər olmuşdur. Əyninə uzunqol köynək, onun üstündən yun gödəkçə, onun da üstündən yarımqol gödəkçə geyinmişdir. İçərisində yağlar olan səbət ilə mağazanın içərisində biraz dolaşıb bir-bir yağları köynək ilə yun gödəkçənin arasına yığıb mağazadan uzaqlaşmışdır. Yağları özündə gizlədəndə, həmçinin mağazadan uzaqlaşanda onu heç kim görməmişdir. Mağazadan götürdüyü yağlardan evə də aparıb evdə istifadə etmiş, tanımadığı şəxslərə də satmışdır. Hər dəfə 4-5 ədədini tanımadığı şəxslərə satanda demişdir ki, “işlədiyim yerdə maaşın əvəzinə veriblər”. Evdə ondan həmin yağların haradan əldə etdiyini soruşduqda, daş karxanasında daş ataraq pul qazanıb əvəzində aldığını demişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində eyni qaydada yenə həmin mağazaya gəlib qapının girişində səbət götürüb eyni yerdən yenə 06 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağları götürüb səbətə yığmışdır. Yenə mağazanın içərisində gəzib 06 ədəd yağı sinəsinə yığıb mağazadan uzaqlaşmışdır. Yenə oğurladığı 06 ədəd “Westgold” markalı yağı evə aparmış, evdə həmin yağları əridib istifadə etmişlər. Ondan həmin yağları necə aldığını soruşmuşlar, o da daş karxanasında daş atıb pul qazandığını demişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 09 radələrində mağazaya gəlib araba götürmüşdür. “Westgold” markalı yağ olan yerə gəlib 06 ədəd 1 kiloqramlıq yağ götürüb arabaya yığmışdır. Daha sonra eyni üsulla yağları sinəsinə yığıb mağazadan uzaqlaşmaq istədiyi zaman bir nəfər mühafizəçi onu çağırmışdır. O həmin vaxt mağazadan uzaqlaşa da bilərmiş, lakin onun yağ oğurladığını başa düşdüyünü bilib geri qayıtmış, yağları öz yerinə düzmüşdür. Daha sonra onu mağazanın müdirinin yanına aparmışdır. Müdiriyyət də polis bölməsinə müraciət etdiyi üçün onu da 10-cu Polis bölməsinə aparmışlar. O qeyd etdiklərindən başqa heç vaxt və heç nə oğurlamamışdır. O hər dəfə yağları elə gizlədirmiş ki, heç kim onu görməmişdir. O oğurladığı yağları sinəsində, köynəyin altında gizlədib çıxartmış, hər dəfə 4 və 6 ədəd yağ götürmüşdür. Ən çox götürə biləcəyi 6 ədəddir, çünki 6 ədəddən artıq sinəsinə yerləşmir, birdən-birə çoxlu sayda çıxara bilməz, ona görə də hər dəfə eyni sayda yağ götürmüşdür. Həm də o ehtiyacı olduğu üçün oğurluq etmiş, hər dəfə 6 ədəd 1 kiloqramlıq yağı götürüb kənarda tanımadığı şəxslərə 6 ədədini 20-30 manata satıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hər dəfə satanda yağları iş yerindən maaşın əvəzinə verildiyini demişdir. Onun mağazadan çoxlu sayda yağ oğurlamaq fikri olmamışdır. Bir dəfə oğurlayıb pula ehtiyacı olduğu üçün satmış, daha sonra evdə yağ lazım olduğundan gedib yenə yağ götürüb evə aparmışdır. O, məhkəmə iclasında ehtiyacı olduğundan yağları oğurladığını, onları sonradan satmadığını, ailə üzvlərinin onun oğurluq etməsindən xəbəri olmadığını, zərərçəkmiş hüquqi şəxsə barışıq üçün müraciət etdiyini, lakin onların razılaşmadığını, hazırda vurulmuş ziyan olan 404 manatı ödəməyə hazır olduğunu, bundan başqa heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməllərdən peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı və yaşlı anasının olduğunu bildirərək, bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən bir ilə yaxındır ki, “X6” MMC-in nəzdində olan ünvan 2 ünvanında fəaliyyət göstərən “Kingsmart” adlı mağazada satınalma mütəxəssisi vəzifəsində çalışır. Lakin 2015-ci ildən həmin mağazada müxtəlif vəzifələrdə çalışır. Mağazanın içərisində hər sırada videomüşahidə cihazları var, lakin bəzən mağazadan oğurluqlar diqqətdən yayınır. 16 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində “Kingsmart” mağazasının mühafizəçilərindən biri bir nəfərin şübhəli hərəkətlərindən şübhələndiyi üçün adının sonradan Natiq olduğu bildikləri şəxsi səsləyib çağırmışdır. Daha sonra həmin şəxsə yaxınlaşmış, Natiq adlı şəxs üzərində 6 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağlar olduğunu bildirib təqdim etmişdir. O, Natiq adlı şəxs ilə söhbət etmişdir. Söhbət zamanı Natiq ilk dəfədir ki, yağ oğurladığını bildirmişdir. Lakin o, təhlükəsizlik kameralarına baxdırmışdır. Tərəfindən aşkar olunmuşdur ki, Natiq adlı şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində mağazaya gələrək mağazaya məxsus səbətin içərisinə yağlar olan soyuducudan 04 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağ yığıb digər sıraya keçərək sinəsinə, əynindəki köynəyin altına yığır. Eyni qaydada Natiq adlı şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində 06 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağ, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində 06 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağ, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində 06 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağ, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində 06 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağ götürüb kassaya ödəniş etmədən mağazadan uzaqlaşaraq oğurluq edir. Qeyd etmək istəmişdir ki, oğurlanmış “Westgold” markalı yağ Yeni Zellandiya istehsallıdır, istehsal tarixi xx.xx.2021-ci ildir, saxlama müddəti 2 ildir. 2022-ci ilin oktyabr ayına həmin yağın 1 kiloqramlığının mağazaya daxil olma qiyməti 17,60 manat təşkil etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək həmin yağın qiyməti endirimlə 16,85 manat olmuşdur. Həmçinin bildirmişdir ki, 1 kiloqramlıq “Westgold” markalı yağın satış qiyməti 19,60 manat təşkil edir. Natiq adlı şəxsin oğurluq etməsini aşkar edildikdən sonra mağazada olan yağlar tərəfindən sayılmış, 1 kiloqramlıq “Westgold” markalı yağından 52 ədəd əskik müəyyən edilmişdir. Mağazadan baş vermiş 52 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağın oğurlanması nəticəsində ümumilikdə mağazaya 915,20 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq təmsil etdiyi şirkətin təqsirləndirilən şəxslə barışmaq istəmədiyini, ona görə də vurulmuş ziyanı qəbul etməyəcəklərini, şikayətçi olduqlarını bildirərək təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 02 ədəd ayrı-ayrı ünvanlarda “X7” MMC-nin nəzdində “Kingsmart” adlı mağazalar fəaliyyət göstərir. O bir müddət Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən mağazaya rəhbərlik etmiş, lakin hazırda Lökbatan qəsəbəsi, Şahin Xəlilov küçəsində fəaliyyət göstərən Kingsmart adlı mağazaya rəhbərlik edir. Lakin demək olar ki, hər iki mağazada olur. Hazırda Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən “Kingsmart” adlı mağazanın nəzarətçisi, məsul şəxsi Zərərçəkmiş şəxsdur. 16 oktyabr 2022-ci il tarixdə səhər saatlarında adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs mağazadan 06 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağları götürüb əynində olan gödəkçənin altında gizlətməklə mağazanı tərk edən zaman mağazanın mühafizəçisi tərəfindən aşkar edilərək saxlanılmış, bu barədə polis bölməsinə məlumat verilmişdir. Bundan sonra mağazanın təhlükəsizlik kameralarına baxılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə eyni üsulla, yəni mağazaya daxil olaraq əl səbətinə yağlar olan bölmədən 04 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağını götürüb digər bölməyə keçərək heç kimin görməyəcəyi zamanda əynində olan gödəkçənin altına yığaraq kassadan kənar keçib mağazadan uzaqlaşmışdır. Eyni üsulla xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə səhər saatlarında hər dəfəsində 06 ədəd 1 kiloqramlıq “Westgold” markalı yağları götürüb mağazadan uzaqlaşmışdır. Həmin görüntüləri o, 01 ədəd DVD diskə köçürərək Qaradağ RPİ-nin 10-cu PB-in təhqiqatçısı Orxan Ocaqova təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən iki ilə yaxındır ki, “X7” MMC-nin nəzdində olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən Kingsmart adlı mağazada çalışır. 2022-ci ilin dekabr ayına qədər mağazada mühafizəçi vəzifəsində çalışmış, lakin hazırda mağazada audit nəzarətçi vəzifəsində çalışır. Mühafizəçi vəzifəsində çalışan zaman mağazanın giriş-çıxış qapısına da nəzarət edirlər, mağazanın içərisində də nəzarəti həyata keçirirlər, həm də təhlükəsizlik kameralarına baxırlar. 2022-ci ilin oktyabr ayının əvvəllərində yağ sırasında yağların sayının azalması müşahidə edilmiş, ona görə də mağazanın daxilində mühafizə gücləndirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. O həmin vaxt kassanın yanında dayanmışdır. Adının sonradan Natiq olduğunu bildikləri şəxs kassanın kənarından keçərək getmək istəmiş, lakin başa düşmüşdür ki, oğurluq etməyindən xəbərləri var. Natiq adlı şəxs geri qayıtmağa başlamışdır. Ona görə də o, həmin şəxsə yaxınlaşmışdır. Natiq adlı şəxs sinəsində paltarların altında gizlətdiyi yağları onlara təqdim etməyə başlamışdır. Natiq adlı şəxs sinəsindən 06 ədəd 1 kiloqramlıq “Vestgold” markalı yağları çıxarıb təqdim etmişdir. Daha sonra onlar həmin şəxsi saxlayıb mühafizə kameralarına baxmışlar. O zaman aşkar etmişlər ki, 2022-ci ilin oktyabr ayının əvvəlindən saxlanılana qədər müxtəlif vaxtlarda təxminən beş gün mağazadan yağ oğurlamışdır. Natiq adlı şəxs təhlükəsizlik kameralarındakı görüntülərdən sonra etdiyi oğurluqları etiraf etmişdir. Natiqin mağazadan yağ oğurladığını aşkar etdikləri zaman özü təslim olaraq onlara qarşı heç bir zor və ya müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2022-ci il tarixli 9/8064 nömrəli rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda göstərilən xx.xx.2021-ci il Yeni Zellandiya istehsallı, 82,8% faizli kərə tərkibli 1 kiloqramlıq “Westgold” markalı yağın 2022-ci ilin oktyabr ayına 1 kq-nın qiyməti təxminən 16,85 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 10 mart 2023-cü il tarixli 683 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yekun hissəsi. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:

1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir.

2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.

3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və sübut növü kimi tanınmış cinayət hadisəsinin görüntülərini əks etdirən 01 mart 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında protokol”dan aydın olur ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə 4 ədəd 1 kiloqramlıq “Westgold” yağı, 08 oktyabr 2022-ci il tarixdə 6 ədəd 1 kiloqramlıq “Westgold” yağı, 10 oktyabr 2022-ci il tarixdə 6 ədəd 1 kiloqramlıq “Westgold” yağı, 13 oktyabr 2022-ci il tarixdə 6 ədəd 1 kiloqramlıq “Westgold” yağı, 14 oktyabr 2022-ci il tarixdə 6 ədəd 1 kiloqramlıq “Westgold” yağı oğurlamışdır. 16 oktyabr 2022-ci il tarixdə 6 ədəd 1 kiloqramlıq “Westgold” yağı oğurlayıb mağazanı tərk edərkən saxlanılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş Əliyev Sahibin və xx.xx.2007-ci il tarixdə doğulmuş Əliyeva Jalənin atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan tələbnamədən, hökmün və Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ilə CM-nin 221.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 24 oktyabr 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə başqa bir cinayət işi ilə əlaqədar olaraq “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödəməyə real cəhd etməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 28 fevral 2023-cü il tarixdə, saat 16:40-da şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və 01 mart 2023-cü il tarixdə, saat 18:40-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CMnin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 46 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hal-hazırda Abşeron Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 13 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş hüquqi şəxsə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara dəymiş ziyanın ödənilməsi məqsədilə cinayət və mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməklə gələcəkdə məhkəmə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar