Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-166/2024 10.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən 05 (beş) ay 14 (on dörd) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 4(011)-607/2024 saylı qərarı ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuana əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda narkotik vasitə olan marixuana əldə edib saxlamaqla daşımış, 13 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qaradağ RPİ-nin PPXB-in əməkdaşlarını ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinin girişindəki körpünün yanında özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq əlindəki bağlamanın içərisində narkotik vasitə olması ilə şübhəli olduğu üçün saxlanılaraq Qaradağ RPİ-nin 38ci PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə xeyli miqdarda təmiz çəkisi 48,264 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmiş, hazırda çəkmir. Hazırda heç bir işlə məşğul olmur, subaydır. Bir neçə müddətdir ki, narkotik vasitə sayılan “nəşə” deyilən marixuana qəbulu ilə məşğul olur. 2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2023-cü ilin iyun ayında vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra da narkotik vasitə “nəşə” deyilən marixuana əldə edib istifadə edir. Narkotik vasitəni əsasən onlayn qaydada sosial şəbəkədə tanımadığı, lakin narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə yazıb, göndərdikləri bank kartına lazımı məbləği göndərdikdən sonra deyilən yerdən götürüb istifadə edirmiş. Sonuncu dəfə 12 yanvar 2024-cü il tarixdə Bərdə şəhərində internet klublarının birində oturub “facebook” sosial şəbəkəsində “Məhəmməd” adlı şəxs ilə danışıb göndərdiyi bank kartına milliön aparatı ilə 300 manat göndərdikdən sonra, ona göndərdiyi məkana getmək üçün Bərdə şəhərindən çıxıb Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə taksi ilə gəlmişdir. 13 yanvar 2024cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinin girişindəki körpünün yanında, yerdən 01 ədəd üzərində “50 Q” yazısı olan sellofan bükümü götürmüşdür. Həmin vaxt ərazidə xidmət aparan PPX əməkdaşlarını görüb gizlənməyə çalışmış, lakin gizlənə bilməmişdir. O özünü şübhəli apardığını başa düşmüş, artıq gec olmuş, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Tapdığı 01 ədəd sellofan bükümdəki marixuananı cibinə qoymamış, polis əməkdaşları da əlindəki bükümdəkinin nə olduğunu soruşmuşlar, o da əlindəki bükümün içərisindəkinin narkotik vasitə nəşə deyilən marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiyini izah edib şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil ona təqdim olunandan sonra üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümündə nəşə deyilən narkotik vasitə marixuana aşkar edilmişdir. Həmin marixuananı sosial şəbəkədə tanımadığı Məhəmməd adlı şəxsdən 300 manat müqabilində əldə etdiyini, öz şəxsi istifadə üçün əldə edərək üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu və ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o Qaradağ RPİ-nin 38-ci PB-in əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 yanvar 2024-cü il tarixdə saat 09:00-da PB-in əməliyyat qrupunda xidmətdə olmuşdur.13 yanvar 2024-cü il tarxdə saat 01:40 radələrində PB-nə Qaradağ RPİ-nin PPXB-in polis nəfərləri tərəfindən bir nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün gətirilmişdir. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs PB-in təhqiqatçısı Terlan Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra müdafiəçinin, Qaradağ RPİ-nin PPXB-in polis nəfərləri Şahid3, Şahid2 iştirakı ilə tərəfindən aparılan videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmamasını soruşulmuş, varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd üzərində “50 Q” yazısı olan şeffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümdə ot şəklində, yaşımtıl rəngli, narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni online qaydada Məhəmməd adlı şəxsdən 300 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə saxlanılarkən və sonrada ona qarşı hər hansı bir təzyiq və fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-in polis nəfəri Şahid2 öz ifadəsində ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Qaradağ RPİ-nin PPXB-in polis nəfəri vəzifəsində çalışır. Gecə növbəsində avtopatrul ilə xidmət aparırmış. 13 yanvar 2024-cü il tarixdə saat 01 radələrində PPXB-in polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə, avtopatrulla inzibati ərazidə xidmətdə olan zaman Qaradağ rayonu, Ümid qəsəbəsinin girişində bir nəfər şəxsin onları görüb gizlənmək istədiyini, özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar şəxsə yaxınlaşan zaman şəxsin əlində 01 ədəd sellofan büküm olmuş, büküm üzərində “50-Q” yazısı yazılmışdır. Onlar həmin şəxsdən özünü təqdim etməsini və əlindəkinin nə olduğunu soruşmuşlar. Şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, əlindəki sellofan bükümdəkinin narkotik vasitə nəşə deyilən marixuana olduğunu demişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs demişlər ki, əlindəki bükümü cibinə qoysun, daha sonra Təqsirləndirilən şəxs 38-ci PB-nə dəvət etmişlər, PB-də raportla bölmə rəhbərliyinə müraciət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs PB-in təhqiqatçısı Tərlan Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra müdafiəçinin, onun, Şahid3 iştirakı ilə PB-in CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılan videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmamasını soruşmuş, varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd üzərində “50-Q” yazısı olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümdə ot şəklində, yaşımtıl rəngli, narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni online qaydada Məhəmməd adlı şəxsdən 300 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə saxlanılarkən və sonrada ona qarşı hər hansı bir təzyiq və fiziki zorakılıq olmamışdır. Şahid Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsada o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində X5 öz ifadəsində Qaradağ RPİ-nin PPXB-in polis nəfəri Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/66 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs........” yazı və imzaları olan zərfdə 1 ədəd şəffaf sellofan kəsiyində təmiz çəkisi 48,264 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-48,264 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-48,214 qram. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 18 mart 2023-cü il tarixli, 1856 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin PPXB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinin giriş hissəsində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-ǝ gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu ǝyinində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli içərisində yaşımtıl rəngli ot şəklində maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Video görüntü 12 dəqiqə 48 saniyə davam edir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş bir ədəd bükümdə təmiz çəkiləri 0,266 qram, psixotrop maddə narkotik vasitə heroin 06 iyun 2023-cü il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra narkotik vasitə marixuananın 0,216 qram qalıq çəkisi cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 05 (beş) ay 14 (on dörd) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş, onun əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 13 yanvar 2024-cü il tarixdə, saat 04:15-də şübhəli şəxs qismində saxlanılmış və 14 yanvar 2024-cü il tarixdə saat 16:05-də təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqda Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün vəsatətlə Qaradağ Rayon Prokurorluğuna müraciət edilmiş, prokuror tərəfindən vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2024-cü il tarixdə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X12 tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmə istintaqından yayındığı üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəişdirilməklə axtarış elan edilmişdir. Lakin qeyd olunan axtarış qərarı icra edilənədək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə istintaq edilən başqa bir cinayət işi üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 4(011)- 607/2024 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 48,214 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 48,214 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 38 saata görə 228 (iki yüz iyirmi səkkiz manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-166/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-166/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver