Məhkəmə qərarları › İş №1(002)-167/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-167/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-167/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində üç azyaşlı uşağı olan), fərdi qaydada taksi fəaliyyətilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 21 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Dərya” kafesində Zərərçəkmiş şəxs öz tanışı ilə eyni masa arxasında əyləşib söhbət etdiyini görüb onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs şəxsiyyətini alçaldan ifadələr işlətdiyinə görə sonuncunun haqlı narazılığından hiddətlənərək Zərərçəkmiş şəxs kafedən çölə çağırıb kafenin qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə edərək özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib ünvanına nalayiq söyüşlər söyməklə heç bir əsaslı səbəb olmadan sonuncunun saçlarından tutub yerə yıxaraq bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərəbələri vuraraq ona burun sümüklərinin qapalı, yerinidəyişən sınığı və burun nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi, başın ənsə, sol almacıq və qarın nahiyələrinin qançırları, sol dirsək oynağının və sol said nahiyələrinin sıyrıqlarından ibarət dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, “Daewoo Nexia” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, həmin avtomobili etibarnamə ilə idarə edir. Belə ki, o, çox zaman həmin avtomobil ilə Lökbatan dairəsinin yaxınlığında yerləşən “Dərya” kafesinin qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 20 noyabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində o, idarə etdiyi “Daewoo Nexia” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Dərya” kafesinin qarşısına gəlmişdir. Bir qədər dayandıqdan sonra müştəri olmadığından kafeyə daxil olmuşdur. Kafedə olarkən Nuranə adlı qadınla sözü düz gəlməmiş və aralarında sözlə mübahisələri yaranmışdır. O, Nuranəyə demişdir ki, “sən içkilisən, məndən uzaq ol”. 21 noyabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində o, kafedə olarkən Nuranə ona yaxınlaşıb onu kafedən çölə dəvət etmişdir. O da buna görə kafedən çölə çıxmışdır. Nuranə kafenin qarşısında onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. O da Nuranəyə demişdir ki, ətrafda adamlar var, avtomobilinə əyləşsin, söhbətlərini davam etsinlər. Bu zaman kafedə kababçı işləyən Emin adlı şəxs onlara yaxınlaşıb onları aralaşdırmış və ona demişdir ki, qadın ilə mübahisə etməsin. Bu mövzuda onun Eminlə sözlə mübahisəsi yaranmış və sonra kimsə araya keçib Emini kafeyə aparmışdır. Bundan sonra Nuranə biraz da qızışıb onun avtomobilinin qabaq sol tərəf qanadına, sol qabaq qapıya iki təpik vurmuşdur. Daha sonra avtomobilin sol yan güzgüsünə də təpik vurub güzgünü sındırmışdır. Bundan sonra Nuranə onun cinsiyyət orqanına təpik vuranda əsəblərini cilovlaya bilməyib onun saçlarından tutub sağa-sola fırladıb ayağına bir təpik vurmuş və Nuranə yerə yıxılmışdır. Daha sonra avtomobilinə əyləşib sürüb oradan uzaqlaşıb getmişdir. Həmin gün DİN-nin 102 xidmətinə zəng vurub dava-dalaş barədə məlumat vermişdir. O, həmin dava-dalaşdan iki gün sonra 10-cu PB-yə gedib Nuranədən şikayət ərizəsi yazıb izahat vermişdir. Dava-dalaş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsinin yaxınlığında yerləşən “Dərya” kafesinin qarşısında baş vermişdir. Təxminən 4-5 dəqiqə davam etmişdir, ətrafda təxminən 5-10 nəfər şəxs olmuşdur. Onların içərisində tanıdıqlarından kafeni icarəyə işlədən Kifayət, Emin, Məryəm olmuşdur. Zərərçəkmiş şəxs yalan danışır. O, Nuranənin saçından tutub sağa-sola fırladıb ayağına təpik vurmuş, sonra Nuranə yerə yıxılmışdır. O, Nuranəyə yumruq vurmamışdır, yerə yıxılandan sonra təpikdə vurmamışdır. Nuranənin də üzərinə avtomobilini sürməmişdir. Nuranə dava-dalaşdan əvvəl onun avtomobilini təpikləmişdir. O, bir daha bildirmişdir ki, Nuranənin saçından tutub sağ-sola fırladıb ayağına təpik vurmuş, sonra Nuranə yerə yıxılmışdır. O, Nuranəyə başqa xəsarət yetitrməmiş, onun burnunu sındırmamışdır. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs onun cinsiyyət orqanına təpik vurub, sifətinə sillə vurub ona xəsarət yetirib. Zərərçəkmiş şəxs onun avtomobilinin qabaq sol qanadına iki dəfə təpik, qabaq sol qapısına iki dəfə təpik vumasına və avtomobilin sol yan güzgüsünü sındırmasına görə təxminən 300 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq taksi fəaliyyəti ilə məşğul olaraq mütəmadi olaraq ölkənin müxtəlif bölgələrinə sərnişin aparıb-gətirməklə məşğul olduğunu və həmin gəlirlə də ailəsini dolandırdığını, himayəsində üç azyaşlı uşağının və şəkər xəstəsi olan anasının olduğunu, arvadının heç bir yerdə işləmədiyini, əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, arada-bir Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesinə gedirmiş. İşin mahiyyəti üzrə bildirmişdir ki, 20 noyabr 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesinə gedib orada müğənnilik fəaliyyəti ilə məşğul olan “Şoşu” ləqəbli adını dəqiq bilmədiyi xanımla eyni masada əyləşib bir qədər spirtli içki olan viski içib əylənmişdir. 21 noyabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində kafedə nəzarətçi işləyən, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan Vüqar adlı şəxs “Şoşu” ləqəbli qadınla onun əyləşdiyi masaya yaxınlaşıb “Şoşu”ya demişdir ki, dostunu düşmənini tanı. Həmin vaxt onların masa arxasında Səbinə adlı qadında əyləşmişdir. “Şoşu” ləqəbli qadında Vüqardan nə üçün belə dediyini soruşmuş, Vüqar da ona demişdir ki, bir ay bundan əvvəl onun sevgilisi Elvin ilə otelə getmişdir. O da Vüqara demişdir ki, onu Elvinin yanına, yəni otelə sən özün aparmısan. O, otelə çatanda bilmişdir ki, onu Elvinin yanına aparır. O, Elvin ilə görüşməyə etiraz edəndə o, ona demişdir ki, Elvin “Şoşu” dan ayrılıb. O da buna görə Elvin ilə oteldə görüşüb onunla yeyib içmişdir. O, “Şoşu” ləqəbli qadına demişdir ki, Vüqar onların arasını vurur. O da masadan ayağa qalxıb kafenin sahibi İmdad müəllimin otağına gedib Vüqarın danışdıqları barədə ona söhbət etmişdir. İmdad müəllim də əsəbiləşib ona demişdir ki, get Vüqara bildir ki, niyə belə söhbətlər danışır? O, kafedə əyləşən Vüqara yaxınlaşıb ona demişdir ki, “sən bayaq nahaq belə söhbətlər danışdın”. Vüqar da ona demişdir ki, “bayaq Səbinə və “Şoşu” ilə eyni masada əyləşib danışıb gülüb məni lağa qoyurdun, mən də yaxşı edib belə söhbət etmişəm”. Artıq “Şoşu” ləqəbli və Səbinə adlı qadın kafedən çıxıb getmişlər. Vüqar ona kafedən çölə çıxmağını bildirmişdir. Həmin vaxt təxminən saat 02:30 radələri olarmış. O da Vüqarın sözündən sonra kafedən çölə çıxmışdır. Vüqar ona demişdir ki, onun qırmızı rəngli avtomobilinə əyləşsin. O da ətrafa baxıb görmüşdür ki, 15 nəfərə yaxın ətrafda adam var, həmin şəxslər onlara tamaşa edirlər. O, Vüqara demişdir ki, nə sözün varsa burada danış. Həmin vaxt kafedə kabaçı işləyən Emin siqaret çəkirmiş. Emin onların mübahisələrini görüb onlara yaxınlaşıb Vüqara demişdir ki, “utanmırsan, qızın üstünə kişilik edirsən”. Vüqar həmin vaxt Eminin yaxasından yapışıb “sən kimsən, get işinlə məşğul ol” demişdir. Həmin vaxt tanımadığı ətrafda olan şəxslər araya keçib onları aralaşdırıb Emini kafenin mətbəxinə aparmışlar. Bundan sonra Vüqar onun üzərinə gəlib ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da Vüqara demişdir ki, söyüş söymək lazım deyil. Vüqar yenidən onu nalayiq söyüşlərlə söyüb onu döymək üçün üzərinə gələndə başa düşmüşdür ki, onu döyəcək. Ona görə ondan bir qədər aralanmış, lakin Vüqar onun saçlarından tutub onu yerə yıxıb yerdə təxminən 3-4 metr məsafədə sürüyüb sifət və bədənəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurmuşdur. Daha sonra Vüqar onun bədən nahiyyəsinə təpiklə iki dəfə zərbə vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslər araya keçib onu Vüqarın əlindən almaq istəmişlər, lakin Vüqar onun saçlarını buraxmaq istəməmişdir. Kafeyə gəlmiş Ceyla, Nazı, kafedə ofisiant işləyən Kifayət adlı qadınlar və digər tanımadığı şəxslər araya keçib onu çətinliklə Vüqarın əlindən almışlar. Vüqar əsəbi halda avtomobilə əyləşib avtomobili hərəkətə gətirib onun üzərinə sürmüşdür. O da həmin vaxt halsız vəziyyədə yerdə əyləşmişdir. Vüqar avtomobili üzərinə sürəndə Nazı adlı qadın onu qucaqlayıb kənara çəkmişdir. Həmin vaxt Nazı onu kənara çəkəndə Vüqarın avtomobilinin sol tərəf qabaq hissəsinə təpiklə vurmuşdur ki, özünü arxaya atsın ki, avtomobil ona dəyməsin. Vüqar da avtomobili sürüb oradan uzaqlaşıb getmişdir. O da dərhal DİN-nin 102 xidmətinə zəng vurub baş verənlər barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlib onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. O da polis bölməsinə gedib şikayət ərizəsi və izahat yazmışdır. Baş vermiş dava-dalaşa səbəb o, kafedə olarkən Vüqarın ona yaxınlaşıb artıq əskik söhbətlər etməsi, onun da ona iradını bildirməyi olmuşdur. Bundan sonra Vüqar onun kafedən çölə çıxmağını tələb edib kafedən onu çölə çıxarıb döyüb xəsarət yetirmişdir. Dava-dalaş Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesinin qarşısında baş verib və təxminən 15-20 dəqiqə davam etmişdir. Vüqar onunla kafenin qarşısında mübahisə edərkən ətrafda təxminən 15 nəfərdən çox adam olmuşdur. Həmin vaxt kafedə kabaçı işləyən Emin də yaxınlıqda olmuşdur. Daha sonra Emin ilə Vüqarın arasında dava-dalaş baş verməsin deyə Emini kafeyə aparmışlar. Dava-dalaş zamanı ətrafda tanıdığı şəxlərdən Ceyla, Nazı, Kifayət adlı qadınlar da olmuşdur. Təqsirləndirilən şəxs yalan danışır. Vüqar onu təkidlə kafedən çölə çıxardıb, onu öz avtomobilinə əyləşdirmək istəyib, onun avtomobilinə əyləşmədikdə onu nalayiq söyüşlərlə söyüb təhqir edib, daha sonra saçından tutub yerə yıxıb yerdə onu sürüyüb, sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri vurub ona xəsarət yetirib. O, Vüqarı vurmamış, ona xəsarət yetirməmişdir. Onu da qeyd etmək istəmişdir ki, ətrafda olan şəxslər onu Vüqarın əlindən alandan sonra Vüqar avtomobilinə əyləşib avtomobili onun üzərinə sürüb, avtomobilin ona dəyməməsi üçün özünü arxaya atanda təpik zərbəsi onun avtomobilinə bir dəfə dəymişdir. Həmçinin Vüqarın avtomobilinin sol yan güzgüzüsünü də sındırmamışdır. O, Vüqarı vurmamış, ona xəsarət yetirməmişdir. Ola bilər ki, Vüqar onun saçlarından tutub yerdə sürüyündə onun əlindən çıxmaq üçün əl-qol atmış, həmin vaxt Vüqar sol yanağından cüzi bir xəsarət alıb, ancaq o, qəsdən Vüqara xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs yalan danışır. Vüqar onu öz avtomobilinə əyləşdirmək istəyəndə Emin ona öz iradını bildirib, Vüqar da həmin vaxt Eminin yaxasından tutmuşdur. Lakin onların arasında dava-dalaş baş verməyib, onları dərhal araşladırıb, Emini kafeyə aparıblar. Şahid1 yalan danışır. Çünki, Kifayət həmin kafedə işləyir, Vüqarla münasibəti normaldır, ona görə də Vüqarın xeyrinə izahat vermişdir. O, Vüqarın avtomobilinə iki dəfə təpik atmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təxminən 10 ay olar ki, Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesində aşbaz işləyir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onların hər ikisi ilə arasında əvvəllər heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, Nuranə arada-bir “Dərya” kafesinə müştəri kimi gəlir. Vüqar isə idarə etdiyi “Daewoo” markalı avtomobil ilə kafenin qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, 21 noyabr 2022-ci tarixdə təxminən saat 02 radələrində “Dərya” kafesinin mətbəxindən siqaret çəkmək üçün çölə çıxıb siqaret çəkirmiş. Həmin vaxt Vüqar ilə Nuranə kafedən çölə çıxmışlar. Onların aralarında sözlə mübahisə gedirmiş. Vüqar Nuranənin qolundan tutub avtomobilinə əyləşməsini təkid etmişdir. O da onlara yaxınlaşıb Vüqara iradını bildirib ona demişdir ki, “qadına əl qaldırma, get maşınına əyləş”. Bu zaman Vüqar Nuranənin qolunu buraxıb onun üzərinə yeriyib onun paltarının yaxasından tutub ona demişdir ki, “get öz işinlə məşğul ol”. Bu zaman ətrafda olan tanımadığı şəxslər, eləcə də “Dərya” kafesinə nəzarət edən Kifayət araya girib onu kənara çəkmişlər, daha sonra o, kafenin mətbəxinə daxil olmuşdur. Vüqar ilə onun arasında hər hansı bir dava-dalaş baş verməmişdir. Kafenin qarşısında sonrdan nə baş verməsi barədə onun xəbəri olmamışdır. Bir neçə gün sonra isə eşitmişdir ki, Nuranə Vüqardan, Vüqar isə Nuranədən şikayət etmişdir. O, Vüqarı döyməmişdir. O, Vüqara iradını bildirmişdir ki, “qadının qolunu burax, onunla kobud davranma”. Bundan sonra Vüqar onun paltarının yaxasından tutub ona demişdir ki, sən bu işə qarışma. Lakin Vüqar ilə onun arasında dava-dalaş baş verməyib. Eləcə də Vüqar onu vurmayıb. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsinin şahidi olmamışdır. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinə təpik vurmasının və Təqsirləndirilən şəxs təpik vurmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onunla mübahisə edərkən ətrafda tanımadığı 3-4 nəfər şəxslər olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu vurmamışdır. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, bir ildir ki, Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesini icarəyə götürüb işlədir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onların hər ikisi ilə arasında əvvəllər heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, Nuranə arada-bir “Dərya” kafesinə müştəri kimi gəlirmiş. Vüqar isə idarə etdiyi “Daewoo” markalı avtomobili ilə kafenin qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, 21 noyabr 2022-ci tarixdə təxminən saat 02 radələrində “Dərya” kafesində olarkən küçədən səs-küy gəldiyini eşidib kafedən çölə çıxanda görmüşdür ki, Nuranə ilə Vüqar kafenin qarşısında dayanıb sözlə mübahisə edirlər. O, Nuranənin sərxoş olmasını görüb ona demişdir ki, kafeyə daxil olsun, mübahisə baş verməsin. Hətta həmin vaxt kafenin aşbazı Emil də Vüqara öz iradını bildirmiş, Vüqar ilə Emilin arasında sözlə mübahisə yaranmışdır. Daha sonra o və ətrafda olan şəxslər araya keçmişlər, Emil kafeyə daxil olmuşdur. O, Vüqara demişdir ki, Nuranədən aralansın. Vüqar da gedib öz avtomobilində əyləşmişdir. O, Nuranənin qolundan tutub kafeyə daxil olmasını desə də Nuranə kafeyə daxil olmaq istəməmiş, Vüqarın ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra Vüqarın avtomobilinə yaxınlaşıb avtomobolin sol tərəfinə iki dəfə təpik vurmuşdur. O da Nuranənin sözünə qulaq asmadığını görüb kafeyə daxil olmuş, Nuranə isə küçədə qalmışdır. Kafenin qarşısında sonradan nə baş verməsi barədə onun xəbəri olmamışdır. Bir neçə gün sonra isə eşitmişdir ki, Nuranə Vüqardan, Vüqar isə Nuranədən şikayət etmişdir. O, Eminin Vüqarı döyməsini görməmişdir. Ola bilər ki, Vüqar əsəbi olub Emin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Emin Vüqara iradını bildirəndə Vüqarla onun arasında sözlə mübahisə baş verib, lakin aralarında dava-dalaş baş verməmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsinin şahidi olmamışdır. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinə təpik vurmasının şahidi olmuşdur. X14 Şahbazova təpik vurmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərkən ətrafda üzdən tanıdığı, lakin adlarını bilmədiyi 5-6 nəfər müştərilər olmuşdur. O, kafenin qarşısında olarkən Vüqar ilə Nuranənin arasında baş verən mübahisə təxminən 10 dəqiqə davam etmişdir. O, Təqsirləndirilən şəxs kafenin qarşısında Zərərçəkmiş şəxs qolundan tutub avtomobilinə əyləşməsini təkid etdiyini, Eminin Vüqara bu barədə iradını bildirməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 28 dekabr 2022-ci il tarixli 49/859 №-li rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxsı qızının məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - burun sümüklərinin qapalı, yerinidəyişən sınığı və burun nahiyəsinin yumşaq toxumalarının qançır - şişkinlik halında əziyi, başın ənsə, sol almacıq və qarın nahiyələrinin qançırları, sol dirsək oynağının və sol said nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 1 (bir) günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 08 dekabr 2022-ci il tarixli 871 №-li rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sol yanağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşya təsirindən müayinədən 4-6 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İbtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmişdir. Üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs “Dərya” kafesinin qarşısında onu döyüb bədəninin müxtəlif yerlərinə xəsarət yetirdiyini onun üzünə qarşı demişdir. İş materiallarında olan nikah haqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə X8 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X9, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2020ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 132 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla onun barəsində 132 saylı Mənzil-Kommunal İstismar Sahəsinə yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, o cümlədən cinayətin baş verməsinin səbəb və mexanizmini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 18:15-də tutulmuş və 09 fevral 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X5 tərəfindən 15 iş saatı və Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar