Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-167/2024 18.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi X2 və təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndiriləndirildikləri cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə qərəzəli xuliqanlıq etmişdir. Belə ki, o, 30 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin mərkəzindən keçən yolda idarə etdiyi «Toyota Prius» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs1 ilə bərabər həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs «İnfiniti FX- 35» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər hərəkət zolağında hərəkətdə olduğunu görüb əvvəllər aralarında olan telefon danışıqlarını, habelə Zərərçəkmiş şəxs qəsəbə sakini Şahid olan pul borcunu bəhanə gətirərək səbəbsiz olaraq avtomobilini sərt manevrlə Zərərçəkmiş şəxs avtomobilinin qarşısına idarə etmiş, avtomobili dayandırmağa məcbur etdikdən sonra Təqsirləndirilən şəxs1la avtomobildən düşərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs üzərinə hücum edib ona qarşı zor tətbiq edərək yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub sonuncuya sol almacıq nahiyyəsinin qançırı, başın sol təpə gicgah sərhədinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən hərəkətlərlə qərəzli xuliqanlıq etmişdir. Belə ki, o, 30 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin mərkəzindən keçən yolda atası Təqsirləndirilən şəxs2 idarə etdiyi «Toyota Prius» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Təqsirləndirilən şəxs2 həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs «İnfiniti FX-35» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər hərəkət zolağında hərəkətdə olduğunu görmüş, əvvəllər aralarında olan telefon danışıqlarını, habelə Zərərçəkmiş şəxs qəsəbə sakini Şahid olan borcunu bəhanə gətirərək səbəbsiz olaraq avtomobilini sərt manevrlə Zərərçəkmiş şəxs avtomobilinin qarşısına idarə edib avtomobili dayandırmağa məcbur etməsindən sonra Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşərək ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq sonuncu ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs üzərinə hücum edib ona qarşı zor tətbiq etdikdən sonraTəqsirləndirilən şəxs2 yumruq və təpiklə avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub sonuncuya sol almacıq nahiyəsinin qançırı, başın sol təpə gicgah sərhədinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərkən «Toyota Prius» markalı avtomobilin salonundan istintaqa məlum olmayan bıçağı götürərək həmin bıçaqdan silah qismində istifadə edərək tiyəsi və dəstəyi ilə Zərərçəkmiş şəxs məxsus «İnfiniti FX-35» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə zərbələr vuraraq onu zədələyib sonuncunun əmlakına 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs Şahid olan pul borcunu qaytarmaması səbəbini dəqiqləşdirmək məqsədilə Zərərçəkmiş şəxs zəng etmiş və onunla görüşmək istədiyini bildirmiş, lakin sonuncu məşğul olduğunu və daha sonra görüşəcəklərini bildirmişdir. Həmin vaxtdan təxminən 1 ay keçdikdən sonra içkili olduğu gün Zərərçəkmiş şəxs görmüş, nəqliyyat vasitəsini sonuncunun nəqliyyat vasitəsinin önünə sürmüş, ondan yerə enməsini istəmiş lakin, Zərərçəkmiş şəxs imtina etmişdir. O, Zərərçəkmiş şəxs ona niyə zəng etmədiyini soruşduqda sonuncu onun üvanına nalayiq ifadələr işlətmiş, o da bu səbəbdən onun üzərinə hücum çəkərək ona yumruq və təpik vurmuşdur. Zərərçəkmiş şəxs vurarkən sonuncunun nəqliyyat vasitəsi həmin vaxt oğlunun olduğu nəqliyyat vasitəsinə dəymişdir. Oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qəsdən onların avtomobilini əzdiyini düşünmüş və götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinə zərbələr endirmişdir. O, bildirmişdir ki, oğlunun avtomobildən düşməsini və etdiyi digər hərəkətləri görməmişdir. O, oğlu ilə birlikdə əvvəlcədən hər hansı bir cinayət törətməyi planlaşdırmamış, hadisə anidən baş vermiş, ümumiyyətlə zərərçəkmiş şəxslə həmin gün qarşılaşacağından məlumatsız olmuşdur. Hadisə Qızıldaş qəsəbəsinin mərkəzindən keçən yolda, dayanacağa yaxın yerdə baş verdiyindən ətrafda toplaşmış şəxslər onları aralamışlar. Həmçinin, qeyd etmişdir ki, Şahid da onun atası ilə müharibədə iştirak etmiş və tanışlıqları oradan yaranmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, atası ilə nəqliyyat vasitəsilə yol gedərkən onlar Zərərçəkmiş şəxs öz avtomobilində hərəkətdə olduğunu görmüşlər. Həmin vaxt atası nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs avtomobilinin önündə saxlamış, sonuncuya yaxınlaşaraq bir ay əvvəl ona zəng etməli olduğunu lakin, hələ də zəng etməməsinin səbəbini soruşmuşdur. O, avtomobildə gözləyən vaxt atası ilə Zərərçəkmiş şəxs arasında mübahisə başlamış, həmin vaxt sonuncunun avtomobili hərəkət edərək onların nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bu səbəbdən avtomobildən dəmir parçası götürərək düşmüş, həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs avtomobilini əzmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, iş materiallarındakı DVD diskdəki görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 və onun oğlu Təqsirləndirilən şəxs1 qəsəbə sakinləri kimi tanıyır, onlarla heç bir münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə saat 17:30da «İnfiniti» FX-35 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobili ilə Qızıldaş qəsəbəsində hərəkətdə olarkən Təqsirləndirilən şəxs2 «Prius» markalı avtomobili ilə sağ tərəfdən onun avtomobilinin qarşısını kəsərək yerə düşmüş, onun olduğu avtomobilə yaxınlaşmış, sol qabaq qapısını açmış, onu əl və ayağı ilə sükanın arxasında oturduğu vəziyyətdə döyməyə başlamışdır. Sükan onun əlindən çıxdığı üçün idarə etdiyi avtomobilin qabaq sol qanadı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin qabaq sağ qapısına dəymiş, həmin vaxt Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 əlindəki bıçaqla avtomobilin arxa şüşəsini, arxa işıqlarının hər iksini, qabaq sol faralarını bıçaqla zədələmiş, sağ və sol qapılarını isə təpiklə vurub əzmişdir. Ətrafa toplaşmış tanımadığı şəxslər Təqsirləndirilən şəxs2 ondan aralamış, bundan istifadə edib avtomobillə oradan uzaqlaşmışdır. Hadisə nəticəsində onun avtomobilinə 4000 manat zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qızıldaş qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və X5 tanıyır və onlarla heç bir qohumluq əlaqəsi, eləcə də ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs ona pul borcunun olması barədə Təqsirləndirilən şəxs2 hər hansı bir söz deməmiş, həmin pulun alınması barədə xahiş etməmiş və Təqsirləndirilən şəxs2la həmin pulla bağlı ümumiyyətlə hər hansı bir söhbət etməmişdir. Hadisənin baş verdiyi gün orada olmadığından hadisə barədə məlumatı yoxdur. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 7-11-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin mərkəzindən keçən yoldur. Cinayət işinin 1-ci cildinin 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin 17 yanvar 2024-cü il tarixli, 06 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-başın sol təpə – gicgah sərhədinin dərialtı hematoması, sol almacıq nahiyyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə başın sol təpə–gicgah sərhədinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol almacıq nahiyyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasıyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər hündürlükdən yıxılma, eləcə də şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqəsində olan ölüm haqqında şəhadətnamənin surətindən və 45-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 76-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 məhdud fəaliyyət qabiliyyətli hesab edilən Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 89-90-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokol və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, hadisə nəqliyyat vasitələrinin gur hərəkəti olan yolda baş vermişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısını kəsmiş, daha sonra avtomobildən düşərək Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona xəsarətlər yetirmiş, eyni zamanda oğlu Təqsirləndirilən şəxs1 avtomobildən götürdüyü bıçaqla sonuncunun avtomobilini zədələmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri çoxsaylı şəxslərin gözləri qarşısında baş vermiş, toplaşmış şəxslərin sakitləşdirmələrinə hər iki şəxs tərəfindən məhəl qoyulmamış və yolda olan nəqliyyat vasitələrinin hərəkətləri bu hadisə nəticəsində uzun müddət dayanmışdır. Cinayət işinin 1-ci cildinin 82-88-ci vərəqələrində olan zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında keçirilmiş üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs2 tərəfindən ona bədən xəsarətləri yetirilməsini, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən avtomobilinə zərər vurulduğunu təsdiq etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən əməlləri törətmələrini həmin üzləşmələr zamanı etiraf etmişlər. Cinayət işinin 1-ci cildinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2- 3/225/-9/823 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «İnfiniti» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda,kapotda,arxa sağ və sol dönmə işığında) olan zədələr, izlər öz formasına,marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə kəsici deşici xassəyə malik predmetin, o cümlədən bıçağın tiyəsi ilə (arxa sağ qapıda, arxa bamperdə, arxa külək qoruyucu şüşədə) olan zədələr, izlər isə hər hansı bərk predmetlə kontakda olması nəticəsində, o cümlədən bıçağın dəstəyinin təsirindən yarana bilər. Təqdim edilmiş “İnfiniti» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadında olan zədə, iz hər hansı nəqliyyat vasitəsi ilə təmasda olması, toqquşması nəticəsində yaranması mümkündür. Ekspertiza təyini haqqında qərarda göstərilən «Məhkəmə trasoloji ekspertizasının» rəyində qeyd edilən məlumatlara əsasən 2006-ci il buraxılışlı «İnfiniti FX-35» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin dekabr ayına olan təmir-bərpa xərci təxminən 2110,00 manat (dəyişilməli hissələrin qiyməti-960,00 manat; -təmir-bərpa işlərinin qiyməti-1150,00 manat) müəyyən edilir. Cinayət işinin 99-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 119-121-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəza çəkməkdən vaxtından əvvəl azad edilmiş, xx.xx.2016-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardığı gündən iki il keçdiyindən onun məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 122-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 123-124-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki,cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 126-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq Qaradağ RPİ-yə gəlmişdir. Cinayət işinin 1-ci cildinin 136-137-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:40-da) Cinayət işinin 1-ci cildinin 154-155-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 176-177-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 13:55-də) Cinayət işinin 1-ci cildinin 193-195-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə qərəzəli xuliqanlıq etməsi və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən hərəkətlərlə qərəzəli xuliqanlıq etmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş DVD disk və iş materiallarındakı digər sənədlər ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, Təqsirləndirilən şəxs1 əməli həmin Məcəllənin 221.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan övladının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 18 iyul 2024-cü il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-c maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İV və Vİ hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Konstitusiyanın 17-ci maddəsi ilə cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olduğu bəyan edilmişdir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Bu pozitiv öhdəliyin icrasının təmin edilməsi üçün uşaqların üstün mənafelərinin müdafiəsinə yönələn səmərəli hüquq siyasətinin həyata keçirilməsi tələb olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 28-ci maddəsinə görə, dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir. Dövlət tərəfindən uşaqların hüquqlarının və üstün mənafelərinin səmərəli təmin edilməsi məqsədi ilə onların inkişafına təsir edə biləcək neqativ təsirlərdən müdafiəsinə dair müvafiq tənzimetmə və mexanizmlərin qanunvericilik qaydasında müəyyən edilməsi mütləqdir. Bu baxımdan qüvvədə olan qanunvericilikdə həm cinayət törətməkdə təqsirli olan yetkinlik yaşına çatmayanların məsuliyyətə cəlb olunması və cəzalandırılmasının xüsusiyyətləri, həm də yetkinlik yaşına çatmayanların cinayətkar qəsdlərdən mühafizəsi məsələləri tənzimlənmişdir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilir ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini, həmçinin cinayət əməli törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı və onun üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.4-cü maddəsinə əsasən məhkəmə şərti məhkum etmə zamanı əlavə cəza təyin edilə bilər.Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci – 200 (yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilər X3 və X7, məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmiş Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul, məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının xərci – 200 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul, məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 34 (otuz dörd) iş saatı hüquqi xidmətə görə 204 (iki yüz dörd) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-167/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-167/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver