Məhkəmə qərarları › İş №1(002)-168/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-168/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-168/2024 10.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Beyləqan rayonu, 1-ci Şahvsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahvsevən kəndində qeydiyyatda olmaq yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 5 ədəd ayrı-ayrı bükümlərdə psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi “KİA” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 01:20-də DİN-nin X15 Alayının 10-cu Patrul bölüyünün əməkdaşları Qaradağ rayonu inzibati ərazisində 96-96 çağrışlı avtopatrulda xidmətdə olduqları zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan yolunun 15-ci km-də yerləşən “Mayak” adlanan ərazidə, hərbi hissə ilə üzbə-üz dayanmış vəziyyətdə olarkən “KİA” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobildə özünü şübhəli aparmasına görə saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət edilmiş, həmin gün saat 14:00 dəqiqədə onun idarə etdiyi “KİA” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobilə 10-cu PŞ-nin inzibati binasının həyətində baxış keçirilən zaman avtomobilin qabaq sol oturacağının altından 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisindən 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,191 qram, 0,241 qram, 0,206 qram, 0,300 qram və 0,200 qram ümumi təmiz çəkisi 1,138 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Beyləqan rayonundan Bakı şəhərinə sərnişin daşıyaraq taksi fəaliyyəti ilə məşğul olur. Ona 16 yanvar 2024-cü il tarixdə Şahid7 tərəfindən zəng gəlmiş və onu Bakıya aparıb gətirməsini bildirmişdir. Azadın Bakıda işi olduğunu həmin günü axşam işi bitdikdən sonra Beyləqana geri qaytarmalı olduğunu bildirmişdir. O da Bakıda tək qalmamaq üçün dosdu Orxanıda özü ilə aparmışdır. Bakıya çatdıqdan sonra Azad işlərini həll etmiş, sonra o, Azad və Orxana çayxanada oturub onu gözləməklərini bildirərək özü Xırdalana gedərək Elgün adlı şəxsdən narkotik götürüb qayıtmışdır. Narkotik götürməyə getməsindən onların xəbəri olmamışdır. O Elgünü bir neçə dəfə taksi fəaliyyəti göstərən zaman Beyləqana aparıb gətirmiş orada tanış olmuşlar. Daha sonra o, Azad və Orxanıda götürərək üzü rayon istiqamətinə hərəkət etmişdir. Binə ticarət mərkəzini keçdikdən sonra o, halının pisləşdiyini deyərək maşını yolun kənarında saxlamış və aşağı düşmüşdür. Bundan bir müddət sonra ərazidə olan PPX-nin əməkdaşları ona yaxınlaşaraq burada nə üçün dayandığını soruşmuş oda polisləri görüb həyəcanlanmağa başlamışdır. PPX-nin əməkdaşları ondan şübhələnərək onları bölməyə aparmışlar. Bölmədə maşına baxış keçirilmiş və maşından narkotik aşkar edilmişdir. O həyəcanlanıb qorxduğu və məsuliyyəti üstündən atacağını düşünərək polisdə ilk ifadəsində narkotik vasitəni 50 manat müqabilində Beyləqan rayonuna başqasına çatdırmaq üçün götürdüyünü bildirmişdir. Ancaq əslidə o narkotik vasitəni öz istifadəsi üçün götürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin özünə məxsus «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. Belə ki, o, Füzuli rayonundan müştəri yığıb Bakı şəhərinə aparır, eyni qayda ilə Bakı şəhərindən müştəri yığıb Füzuli və Beyləqan rayonlarına aparır. Qeyd etmişdir ki, təxminən 1 ilə yaxın müddətdir ki, «patı» kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. Belə ki, Füzuli rayonu ilə Bakı şəhəri arasındakı yol uzun məsafəli olduğundan yorğun olduğu vaxtlarda yuxulayır. Psixotrop maddə metamfetamindən istifadə edən zaman həm yorğunluğu aradan qalxır, həm də yuxusu gəlmir. Bu səbəbdən həftə arası 1 və ya 2 dəfə psixotrop maddə metamfetamindən istifadə edir. 16 yanvar 2024-cü il tarixdə yaşadığı Füzuli rayonu Qayıdış qəsəbəsində imiş. Taksi sürücüsü olduğu üçün vətəndaşlar onu mobil telefon nömrəsini götürüb Bakı şəhərinə getmək üçün əlaqə saxlayırlar. Həmin gün saat 12 radələrində Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində yaşayan Azad adlı tanışı ona zəng vurub bu gün Bakı şəhərinə getmək istədiyini və axşam saatlarında Bakı şəhərindən rayona qayıdacağını bildirmiş, Azad onu Bakı şəhərinə aparıb aparmayacağını soruşduqda, o, da Azada müştəri tapmadığını, lakin buna baxmayaraq özünündə Bakı şəhərində şəxsi işi olduğunu və təxminən 2 saata Azadın yaşadığı kəndə gələcəyini bildirmişdir. Bundan sonra onunla eyni qəsəbədə yaşayan tanışı Orxana zəng vurmuşdur. Orxandan hər hansı bir işinin olub-olmaması ilə maraqlanmış, Orxan isə heç bir işinin olmadığını ona demişdir. O, da Orxana Bakı şəhərinə onunla birlikdə yol yoldaşı olaraq gedib gəlməyi təklif etmişdir. Orxan da onun təklifi ilə razılaşmış və onlar Füzuli rayonundan onun idarə etdiyi «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, 1-ci Aşıqlı kəndinə getmişlər. Oradan Azadı avtomobilə mindirib Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində Azadı Yasamal rayonu, Şamaxinka adlanan ərazidə düşürdüb Orxanla birlikdə yadında qalmayan kafelərin birinə əyləşib çay içmişlər. Onun psixotrop maddə metamfetaminə ehtiyacı olduğu üçün fikirləşmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində məhlədə yaşayan üzdən tanıdığı və adını Elgün kimi bildiyi şəxsin yanına gedib ondan psixotrop maddə alıb istifadə edər. Təxminən saat 23 radələrində Azad onun telefonuna zəng vurub Beyləqan rayonuna getmək istədiyini demişdir. O, da Azadla Bakı şəhərində görüşmüş, maşında olan zaman Orxanla Azada bildirmişdir ki, onun Abşeron rayonu, Xırdalan şəhərində bir az şəxsi işi vardır, bu səbəbdən də orada işini həll edib rayona gedərlər. Orxanla Azad onunla razılaşmış və birlikdə Xırdalan dairəsinə çatmışlar. X16 avtomobildən düşürdüb bildirmişdir ki, təxminən 10 dəqiqəyə qayıdır. Onu da qeyd etmişdir ki, Orxanla Azad onun psixotrop maddə istifadə etməyini bilmirmişlər. O, Xırdalan şəhərində məhləyə gedib orada Elgünü görmüş, Elgündən 6 ədəd psixotrop maddə metamfetamin istəmiş, Elgün də 6 ədəd metamfetaminə görə ondan 50 manat alacağını bildirmiş və o, Elgünün təklifi ilə razılaşmışdır. Elgün 6 ədəd metamfetamini ona 1 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təqdim etmişdir. O, həmin metamfetaminləri saydıqda 6 ədəd olmasını görmüş, həmin bükümlərdən 1 ədədini şalvarının cibinə qoymuşdur ki, yolda istifadə edər, digər 5 ədəd bükümləri isə birlikdə ağ rəngli sellofana büküb sürücü kimi əyləşdiyi oturacağın altında gizlətmişdir. Daha sonra Xırdalan dairəsinə gedib Orxanla Azadı götürmüş və onlar birlikdə Bakı şəhərindən çıxıb Beyləqan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. O, avtomobili Bakı-Qazax magistral avtomobil yolu ilə hərəkət etdirirmiş. Həmin yolun 15-ci km-də, «Mayak» adlanan ərazidə yerləşən Hərbi hissə ilə üzbə-üz avtomobili saxlamış, artıq saat gecə 01 radələri olarmış. Yəni 16 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixə keçə gecə saat 01 radələrində o, avtomobildə sərnişin qismində əyləşmiş Orxanla Azada maşında əyləşmələrini və birazdan geri qayıdacağını bildirmişdir. Məqsədi cibində olan psixotrop maddəni yolun kənarında qəbul edib qayıtmaq olmuşdur. Çünki çox yorğun imiş və yuxusu da gəlirmiş. O, cibindəki psixotrop maddəni istifadə etmək istəyən zaman Yol Patrul Xidməti avtomobilinin gəldiyini və onun avtomobilinin yanında saxladığını görmüşdür. Hava küləkli olduğu üçün o, istifadə etmək istədiyi bükümü yola tullamışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan gecə vaxtı burada nə işlə məşğul olduğunu soruşmuşlar. O, polis əməkdaşlarını gördüyü üçün özünü itirmiş və onların suallarına özünü itirmiş vəziyyətdə cavab verirmiş. Bu səbəbdən polis əməkdaşları onun avtomobilinə yaxınlaşmışlar. Polis əməkdaşları onu və tanışları Orxanla Azadı şübhələndikləri üçün Qaradağ rayon polis idarəsinin 10-cu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarından biri də onun avtomobilinə əyləşmiş və onlar 10-cu polis şöbəsinə gəlmişlər. Orada sahə inspektoru tərəfindən izahatları alınmış və o, səmimi olaraq bildirmişdir ki, idarə etdiyi avtomobildə psixotrop maddə metamfetamin vardır. Bundan sonra onun barəsində araşdırma təhqiqatçı Valeh Orucova tapşırılmış, təhqiqatçı Valeh Orucov tərəfindən şübhəli şəxs qismində tutulmamışdan əvvəl ona Bakı şəhər 10 saylı Vəkil Bürosunun siyahısı təqdim edilmiş, o, siyahı ilə tanış olub hüquqlarının müdafiəsi üçün vəkil X5 istəmişdir. Onun istəyi ilə vəkil Şükür Şıxıyev ona təqdim edilmiş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, da heç bir etirazı olmadığını bildirdikdən sonra video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində olan ona məxsus Samsung markalı mobil telefon və avtomobil açarını polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, üzərində qanunsuz hər hansı bir əşya yoxdur, lakin avtomobilində Elgün adlı şəxs tərəfindən ona Beyləqan rayonunda onun deyəcəyi yerə qoymaq üçün psixotrop maddə metamfetamin olduğunu, bunun müqabilində Elgünün ona 50 manat pul verdiyini bildirmişdir. Lakin əslində Elgün ona belə bir təklif etməmişdir. Bunları o, 10-cu polis şöbəsində olan zaman düşünmüş və fikirləşmişdir ki, yalandan psixotrop maddə metamfetaminin Elgün adlı şəxsə məxsus olduğunu desin və bu qaydada bildirsə polis əməkdaşları onu buraxacaqlar. Bundan sonra üzərinə şəxsi axtarışda iştirak edən polis əməkdaşları avtomobilinə video çəkilişlə baxış keçirməyə başlamışlar və ondan avtomobilində qanunla qadağan edilmiş hər hansı əşyanı təqdim etməyini bildirmişlər. O, «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol qapısını açıb sürücü kimi əyləşdiyi oturacağın altından 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, guya həmin bükümlər Elgün adlı şəxsə məxsusdur, həmin bükümləri rayona aparacaq, bunun müqabilində Elgün ona 50 manat vermişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, onun özü və iştirakçılar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilmədiyini bildirmişdir. Ö öz izahatında daha sonra göstərmişdir ki, polis bölməsində öz xətti ilə izahat yazarkən və video görüntüdə danışarkən qorxduğu üçün həmin narkotik vasitəni 50 manat müqabilində Elgünün deyəcəyi yerə çatdıracağını bildirmişdir. Əslində isə belə bir hal olmamışdır. O, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. 17 yanvar 2024-cü il tarixdə saat 01:20-də X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində 96-96 çağırışla avtopatrulda xidmət aparan zaman Bakı-Qazax magistral avtomobil yolunun 15-ci km-də, «Mayak» adlanan ərazidə yerləşən Hərbi hissə ilə üzbə-üz dayanmış «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü və sərnişinləri ilə birlikdə 10-cu polis şöbəsinə gətirib təhvil vermişdilər. Polis şöbəsində «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Təqsirləndirilən şəxs, sərnişinlər isə Şahid6 və Şahid7 olmaları müəyyən edilmişdir. Bu barədə araşdırmanın aparılması Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucova həvalə edilmişdir. 10-cu Polis şöbəsində Təqsirləndirilən şəxs oğlu barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Orucov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd Samsung markalı mobil telefon və avtomobil açarını təqdim edib bildirmişdir ki, üzərində qanunsuz hər hansı bir əşya yoxdur, lakin avtomobilində Elgün adlı şəxs tərəfindən ona Beyləqan rayonunda deyəcəyi yerə qoymaq üçün psixotrop maddə metamfetamin olduğunu, bunun müqabilində Elgünün ona 50 manat pul verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs 10-cu polis şöbəsinin həyətində saxlanılmış «KİA» markalı avtomobilinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol qapısını açıb sürücü kimi əyləşdiyi oturacağın altından 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü onlara təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər Elgün adlı şəxsə məxsusdur, həmin bükümləri rayona aparacaqdır, bunun müqabilində Elgün ona 50 manat vermişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. O, öz ifadəsində saxlanılarkən və sonradan təqsirləndirilən şəxsə qarşı heç bir hədə qorxu və ya fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. 17 yanvar 2024-cü il tarixdə saat 01:20-də iş yoldaşları Şahid5 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində 96-96 çağırışla avtopatrulda xidmət aparan zaman Bakı-Qazax magistral avtomobil yolunun 15-ci km-də, «Mayak» adlanan ərazidə yerləşən Hərbi hissə ilə üzbə-üz «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Həmin avtomobilin yolun kənarında dayanmasını və 1 nəfər şəxsin avtomobilin arxa hissəsində əyilmiş vəziyyətdə olduğunu görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşan zaman avtomobilin arxasında olan şəxs avtomobilə əyləşmişdir. Sürücünün bu hərəkəti onlar da şübhə yaratdığı üçün həmin avtomobilin yanında dayanmışlar. Avtomobildə olan şəxslərdən özlərini təqdim etmələrini bildirdikdə, sürücü özünü Təqsirləndirilən şəxs kimi, avtomobildə olan digər iki nəfər şəxs isə özlərini Şahid6 və Şahid7 kimi təqdim etmişlər. Onlar sürücüdən və sərnişinlərdən burada nə məqsədlə dayanmalarını soruşduqda sürücü Təqsirləndirilən şəxs onların suallarına həyacanlı şəkildə cavab vermişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri onlarda şübhə yaratdığı üçün X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid5 onların avtomobilinə əyləşmiş və həmin şəxsləri 10-cu polis şöbəsinə gətirmişlər. Polis bölməsində o, özü həmin şəxslərin barəsində raport yazmış və iş yoldaşları ilə birlikdə yenidən xidmət etdikləri əraziyə qayıtmışlar. O öz ifadəsində daha sonra saxlanılarkən təqsirləndirilən şəxsə qarşı heç bir hədə qorxu və ya fiziki zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. 17 yanvar 2024-cü il tarixdə saat 01:20-də iş yoldaşları Aslnov Təbriz və Şahid3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində 96-96 çağırışla avtopatrulda xidmət aparan zaman Bakı-Qazax magistral avtomobil yolunun 15ci km-də, «Mayak» adlanan ərazidə yerləşən Hərbi hissə ilə üzbə-üz «KİA» markalı, **- FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Həmin avtomobilin yolun kənarında dayanmasını və 1 nəfər şəxsin avtomobilin arxa hissəsində əyilmiş vəziyyətdə olduğunu görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşan zaman avtomobilin arxasında olan şəxs avtomobilə əyləşmişdir. Sürücünün bu hərəkəti onlar da şübhə yaratdığı üçün həmin avtomobilin yanında dayanmışlar. Avtomobildə olan şəxslərdən özlərini təqdim etmələrini bildirdikdə, sürücü özünü Təqsirləndirilən şəxs kimi, avtomobildə olan digər iki nəfər şəxs isə özlərini Şahid6 və Şahid7 kimi təqdim etmişlər. Onlar sürücüdən və sərnişinlərdən burada nə məqsədlə dayanmalarını soruşduqda sürücü Təqsirləndirilən şəxs onların suallarına həyacanlı şəkildə cavab vermişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri onlarda şübhə yaratdığı üçün o özü onların avtomobilinə əyləşmiş və həmin şəxsləri 10-cu polis şöbəsinə gətirmişlər. Polis bölməsində Şahid3, həmin şəxslərin barəsində raport yazmış və iş yoldaşları ilə birlikdə yenidən xidmət etdikləri əraziyə qayıtmışlar. O öz ifadəsində daha sonra saxlanılarkən təqsirləndirilən şəxsə qarşı heç bir hədə qorxu və ya fiziki zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanıyır. Onunla bir neçə dəfə Bakı şəhərinə gedib gəlmişdir. Nurlanın özünə məxsus «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 16 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Nurlana zəng vurub bu gün Bakı şəhərinə getmək istədiyini və axşam saatlarında Bakı şəhərindən rayona qayıdacağını bildirmişdir. Nurlan da ona müştəri tapmadığını, lakin buna baxmayaraq özünün də Bakı şəhərində şəxsi işi olduğunu deyərək təxminən 2 saata yaşadığı kəndə gələcəyini bildirmişdir. Təxminən 2 saatdan sonra Nurlan onun yaşadığı Beyləqan rayonu, 1-ci Aşıqlı kəndinə gəlmişdir. Həmin vaxt Nurlanın idarə etdiyi avtomobilin qabaq oturacağında bir nəfər tanımadığı şəxs də olmuşdur. O, Nurlanın avtomobilinə əyləşib Bakı şəhəri istiqamətinə doğru hərəkət etməyə başlamış, yolda avtomobildə olan şəxsin Orxan olduğunu bilmiş, yolda Orxanın hərbi hissədə gizir işlədiyini, Nurlanla yaxın tanış olduğunu, məzuniyyətə çıxdığı üçün yol yoldaşı olaraq Nurlanla Bakı şəhərinə gəldiyini bilmişdir. Onlar Bakı şəhərinə çatdıqdan sonra Nurlan onu Şamaxinka adlanan yerdə düşürütmüş, həmin vaxt Nurlana bildirmişdir ki, 2 saatdan sonra görüşərik. Təxminən saat 23 radələrində Nurlana zəng vurub onu düşürdüyü yerdən götürməyini demişdir. Şamaxinka adlanan ərazidə Nurlanla görüşüb avtomobilə əyləşmiş, həmin vaxt Nurlan onlara bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində tanışı var, onunla görüşüb Beyləqan rayonuna getmişlər. Onlar Nurlanın təklifi ilə razılaşmış, Xırdalan dairəsində Nurlan avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Nurlan bildirmişdir ki, təxminən 15-20 dəqiqəyə geri qayıdacaqdır. Lakin o, bilməmişdir ki, Nurlan nə məqsədlə kiminləsə görüşür. Çünki Nurlan taksi sürücüsüdür, demək olar ki, müxtəlif ünvanlardan sifarişlər qəbul edir. Təxminən 15 dəqiqə sonra Nurlan yanına gəlmiş və onunla Orxan avtomobilə əyləşmiş, Beyləqan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Nurlan avtomobili Bakı-Qazax magistral avtomobil yolu ilə hərəkət etdirirmiş. Artıq saat gecə 01 radələri olarmış. Yəni 16 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixə keçə gecə saat 01 radələrində yolun 15-ci km-də, «Mayak» adlanan ərazidə yerləşən Hərbi hissə ilə üzbə-üz Nurlan avtomobili saxlamış. Nurlan bildirmişdir ki, gözləyin gəlir. Həmin vaxt Nurlan çox həyacanlı olmuşdur. Nurlan avtomobildən düşdükdən sonra geri qayıtmışdır. Bu zaman Post Patrul Xidmətinin avtomobili Nurlanın avtomobilinin yanında saxlamışdır. Polis əməkdaşları onlardan özlərini təqdim etməyi və burada avtomobili hansı məqsədlə saxlamaqlarını bildirdikdə, onlar özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra Nurlan polis əməkdaşlarına qorxaqorxa cavab verdiyi üçün polis əməkdaşları onları Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə dəvət etmişdir. Həmin vaxt polis əməkdaşlarından bir nəfəri onların avtomobildə əyləşmiş və onlar 10-cu polis şöbəsinə getmişlər. Orada təhqiqatçı tərəfindən izahatları alındıqdan sonra onunla Orxanı buraxmışlar. Nurlanı isə şübhəli şəxs kimi saxlayacağını bildirmişlər. Bundan sonra o, Orxanla birlikdə rayona qayıtmışdır. Bu gün, yəni 19 yanvar 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Nurlanın idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı Nurlanın avtomobilindən narkotik vasitə aşkar edildiyi üçün həbs edilmişdir. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-də sahə inspektoru vəzifəsində işləyən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞnin əməliyyat müvəkkili Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid, X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində işləmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid X15 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid5 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid, Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid6 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, rəsmi olaraq 181 saylı Hərbi Hissədə gizir vəzifəsində işləyir. 15 yanvar 2024-cü il tarixdə 15 gün müddətinə məzuniyyətə buraxılmış, Təqsirləndirilən şəxs yaşadığı qəsəbədən tanıyır. Onunla normal münasibəti vardır. 16 yanvar 2024-cü il tarixdə Nurlan ona zəng vurub bildirmişdir ki, bu gün bir nəfər şəxs Beyləqan rayonundan ona zəng vurub Bakı şəhərinə getmək istədiyini, Nurlan özü isə onu yol yoldaşı olaraq onunla gəlməyini təklif etmişdir. O, da məzuniyyətdə olduğu üçün Nurlanın təklifi ilə razılaşmışdır. Onu da qeyd etmişdir ki, Nurlan özünə məxsus «KİA» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonundan müştəri yığıb Bakı şəhərinə aparır, eyni qayda ilə Bakı şəhərindən müştəri yığıb Füzuli və Beyləqan rayonlarına aparır. Bundan sonra o, Nurlanın idarə etdiyi «KİA» markalı avtomobilə əyləşmiş və Nurlanla birlikdə Beyləqan rayonu, 1-ci Aşıqlı kəndinə getmişlər. Orada Nurlan bir nəfər şəxslə görüşmüş və həmin şəxs avtomobilə əyləşdikdən sonra onlar Bakı şəhərinə doğru hərəkət etməyə başlamışlar. Yolda o, avtomobilə əyləşmiş şəxslə tanış olmuş, həmin şəxsin adı Azad olmuşdur. Onlar Bakı şəhərinə çatdıqdan sonra X12 adlanan yerdə düşürütmüşdir. Həmin vaxt Azad bildirmişdir ki, 2 saatdan sonra görüşərlər. Daha sonra o, Nurlanla birlikdə Bakı şəhərinə gəzib dolaşmışlar. Təxminən saat 23 radələrində Azad Nurlana zəng vurub onu götürməyini demişdir. Onlar Şamaxinka adlanan əraziyə gedib Azadı götürmüşlər. Həmin vaxt Nurlan onlara bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində tanışı var, onunla görüşüb beyləqan rayonuna gedərik. Onlar Nurlanın təklifi ilə razılaşmışlar. Xırdalan dairəsində Nurlan avtomobili saxlamış və onlar avtomobildən düşmüşdür. Nurlan bildirmişdir ki, təxminən 15-20 dəqiqəyə geri qayıdacaqdır. Lakin o, bilməmişdir Nurlan nə məqsədlə kiminləsə görüşür. Çünki Nurlan taksi sürücüsüdür, demək olar ki, müxtəlif ünvanlardan sifarişlər qəbul edir. Təxminən 15 dəqiqə sonra Nurlan onlar yanlarına gəlmiş və onunla Azad avtomobilə əyləşmiş və Beyləqan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Nurlan avtomobili Bakı-Qazax magistral avtomobil yolu ilə hərəkət etdirirmiş. Artıq saat gecə 01 radələri olarmış. Yəni 16 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixə keçə gecə saat 01 radələrində yolun 15-ci km-də, «Mayak» adlanan ərazidə yerləşən Hərbi hissə ilə üzbə-üz Nurlan avtomobili saxlamışdır. Nurlan bildirmişdir ki, gözləyin gəlir. Həmin vaxt Nurlan çox həyacanlı olmuşdur. Nurlan avtomobildən düşdükdən sonra geri qayıtmışdır. Bu zaman Post Patrul Xidmətinin avtomobili Nurlanın avtomobilinin yanında saxlamışdır. Polis əməkdqaşları onlardan özlərini təqdim etməyi və burada avtomobili hansı məqsədlə saxlamağını bildirdikdə onlar özlərini polis əməkdaşlarına təqdim etmişlər. Nurlan isə polis əməkdaşlarına qorxa-qorxa cavab verdiyi üçün polis əməkdaşları onları Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarından bir nəfəri onlar avtomobildə əyləşmiş və onlar 10-cu polis şöbəsinə getmişlər. Orada təhqiqatçı tərəfindən izahatları alındıqdan sonra onunla Azadı buraxmışlar. Nurlanı isə şübhəli şəxs kimi saxlayacağını bildirmişlər. Bundan sonra o, Azadla birlikdə rayona qayıtmışlar. Bu gün, yəni 19 yanvar 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Nurlanın idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı Nurlanın avtomobilindən narkotik vasitə aşkar edildiyi üçün həbs edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/317 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN "Zərflər üçün No 222" möhür ǝksi, "X3 idarə etdiyi KİA **-FY-*** d/q nişanlı avtomobildən aşkar olunan maddi sübut...” və s. soyadlar, imzalar olan 01 ədəd zərfdə 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,191 qram; 0,241 qram; 0,206 qram; 0,300 qram; 0,200 qram; ümumi təmiz çəkisi: 1,138 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 05 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-cı il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi: 1,138 qram, cəmi tədqiqata sərf edildi–0,15 qram, qalıq - 0,988 qram. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 08 aprel 2024-cü il tarixli, 2294 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixosimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07 yanvar 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «KİA» markalı, **-FY-*** nömrəli avtomobildən götürülmüş 5 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar edilmişdir. İş materiallarında olan CD-R diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 17 yanvar 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasının həyətində dayanmış vəziyyətdə olan KİA markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Valeh Orucov sağ tərəfində ayaq üstə dayanmış şəxs, 10 saylı vəkil bürosunun vəkili X8, sağ tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2dur. Video çəkilişi edən isə Qaradağ RPİ-nin KTQ-nin inspektoru, polis mayoru Əli Qasımovdur. Video çəkilişin davamında təhqiqatçı Valeh Orucov Təqsirləndirilən şəxs avtomobilində gizlətdiyi narkotik vasitəni təqdim etməyini bildirir. Təqsirləndirilən şəxs da, “KİA” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısını açıb sükan arxasında olan oturacağın altından 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü təqdim edir. Həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisindən 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Elgün adlı şəxsin sifarişi ilə Beyləqan rayonuna apardığını, bunun müqabilində 50 manat yol haqqı aldığını bildirir. Aşkar edilmiş 5 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. İş materiallarında olan CD-R diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradag RPİ-nin 10-cu PŞ-nin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Valeh Orucov qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili X8, sağ tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Qaradag RPİ-nin 10-cu PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Qaradag RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2dur. Video çəkilişi edən isə Qaradağ RPİ-nin KTQ-nin inspektoru, polis mayoru Əli Qasımovdur. Video çəkilişin davamında təhqiqatçı Valeh Orucov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz eşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. X6 da, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli Samsung markalı mobil telefon və gödəkçəsinin cibindən isə 1 ədəd avtomobil açarını çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını, lakin avtomobilində Elgün adlı şəxsin ona 50 manat müqabilində Beyləqan rayonuna çatdırmaq üçün narkotik vasitə olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən Qaradağ RPİ-nin İŞ-ə 08 aprel 2024-cü il tarixlli 7544 saylı məktubla göndərilmiş 1(bir) ədəd kompakt diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sms mətn və zəng aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrin kimin adına olması, 17 dekabr 2023-cü il tarixdən- 17 yanvar 2024-cü il tarixədək həmin nömrələrə daxil olan və çıxan zənglərin və nömrələrin siyahısı, daxil olan və çıxan “sms” lərin mətnləri və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmişdir. Həmin təşkilatlardan alınmış məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş 09 iyul 2024-cü il tarixli BKC/LGL- 8368/24 saylı məktubdan görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində aktiv olunmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” markalı, **-FY-*** nömrəli avtomobildən açkar edilərək götürülmüş 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,191 qram; 0,241 qram; 0,206 qram; 0,300 qram; 0,200 qram; ümumi təmiz çəkisi: 1,138 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir maddi sübut kimi saxlanılması üçün Qaradağ RPİ-ə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən şahid ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan barəsində ibtidai istintaq aparılarkən ona qarşı hər hansı bir hədə qorxu və ya fiziki zor tətbiq edildiyi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, yəni 17 yanvar 2024-cü tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-də öz xətti ilə yazdığı izahatında törətdiyi əməli bir daha etiraf etmişdir. Bundan başqa 17 yanvar 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasının həyətində dayanmış vəziyyətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilin qabaq sol qapısını açıb sükan arxasında olan oturacağın altından 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü Nurlan özü polisə təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisindən 5 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Elgün adlı şəxsin sifarişi ilə Beyləqan rayonuna apardığını, bunun müqabilində 50 manat yol haqqı aldığını bildirmişdir. Buda bir daha təqsirləndirilən şəxsin əməlində narkotik vasitələrin satışı niyyətinin olmasını göstərir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 17 yanvar 2024-cü il tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutulmuş və 18 yanvar 2024-cü il tarixdə saat 21:40-da Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Bundan sonra 19 yanvar 2024-cü il tarixdə saat 11:10-da radələrində təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra Qaradağ rayon Məhkəməsi tərəfindən 19 yanvar 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tərdbiri seçilmiş və Qaradağ Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddətinin uzadılmasıdan imtina edilməklə məhkəmə iclas zalından dərhal həbdən azad edilmişdir. Bundan sonra Qaradağ rayon Prokuroru tərəfindən 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin şübhəli şəxs kimi tutulduğu müddət 02 (iki) gün kimi və həbs qətimkan tədbirində qaldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün kimi cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,988 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 110 (yüz on ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD-R disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən istintaq zamanı 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və həbsdə qaldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,988 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD-R disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar