Məhkəmə qərarları › İş №1(002)-17/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-17/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-17/2022 02.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1970-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalılıq” yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmişə maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 yanvar 2020-ci il tarixdə Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının həyətində Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək X2 sifariş verdiyi buraxılış ili 2013-ci il olan Ford Fusion markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib aldatmaqla 4.650 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs təkrarən 10 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək X2 sifariş verdiyi buraxılış ili 2011-ci il olan Chevrolet Cruze markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib aldatmaqla 3.800 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, avtomobillərin Gömrük İdarəsində rəsmiləşdirilməsi ilə qeyri-rəsmi məşğul olur. Elçin ABŞdan özü üçün Ford Fusion markalı avtomobilini almışdır. Həmin avtomobil 24.01.2020-ci ildə Azərbaycan Respublikasına çatmışdır. Zərərçəkmiş şəxs1 X2 gətirdiyi 2013-ci il olan “Ford Fusion” markalı nəqliyyat vasitəsini onun adına rəsmiləşdirməyinə köməklik göstərməyini xahiş etmiş və o da bu işdə köməklik göstərəcəyini demişdir. Avtomobil gəldikdən sonra o, Elçinlə zəngləşib Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsinin qarşısında görüşmüşdür. Elçin avtomobilin sənədlərini ona vermişdir. Elçinə gömrük rəsmiləşdirilməsini 4650 manata həll edə biləcəyini demişdir. Gömrük İdarəsinin həyətində Elçin ona 4650 manat pul vermiş və daha sonra o, inzibati binaya daxil olmuşdur. Elçin pulu ona 24 yanvar 2020-ci il tarixdə təxminən saat 11 radələrində Gömrük İdarəsinin həyətində vermişdir. O, inzibati binaya daxil olduqdan 1-2 saat sonra bayıra çıxmış və nahar vaxtı olduğu üçün rəsmiləşdirmənin nahardan sonra olacağını Elçinə bildirmişdir. Elçinə bir yerdə nahar etməsini demişdir. Nahardan sonra o, yenə Gömrük Komitəsinin inzibati binasma daxil olmuşdur. Elçin onu çöldə gözləmiş, daha sonra o, Elçinin yanına gəlib bildirmişdir ki, rəsmiləşdirmə sabaha qalmışdır, həmin vaxtı pul onun üstündə olmuşdur. Onlar oradan çıxıb getmişdir. Səhəri gün yenə də Lökbatan qəsəbəsində Elçinlə Gömrük Komitəsinin inzibati binasına daxil olmuş, Elçin isə bir neçə saat gözləmişdir. Lakin o, avtomobili qeydiyyatdan keçirə bilmədiyini Elçinə demişdir. Elçinə bildirmişdir ki, narahat olmasın, avtomobili rəsmiləşdirəcəyinə dair söz vermişdir. 2-3 gün sonra Elçinə bildirmişdir ki, pulu bir nəfər şəxs vermiş, avtomobili rəsmiləşdirən kimi xəbər verəcəkmiş, lakin avtomobilin gömrük rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. Bundan başqa 10.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 X2 sifariş verdiyi buraxılış ili 2011-ci il olan “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini onun adına rəsmiləşdirməyinə köməklik göstərməyini xahiş etmiş və o da bu işdə köməklik göstərəcəyini demişdir. Avtomobil gəldikdən sonra o, Fəridlə zəngləşib Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsinin qarşısında görüşmüşdür. Fərid avtomobilin sənədlərini ona vermişdir. Fəridə bildirmişdir ki, gömrük rəsmiləşdirilməsini 3800 manata həll edə bilər. Gömrük İdarəsinin inzibati binasında Fərid ona 3800 manat pul vermiş, iki saata gələcəyini Fəridə bildirmişdir. Avtomobilin gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədləri toplamış, pulu isə adını çəkmək istmədəyi şəxsə verdiyini qeyd etmişdir. Əvəllər avtomobillərin gömrük rəsmiləşdirilməsini özü edirmiş və ona 200 manat qazanc qalırmış, daha sonra başqa şəxsin əli ilə etməyə başlamış, qazanc daha çox qalmağa başlamışdır. Lakin o, avtomobili həmin günü qeydiyyatdan keçirə bilməmiş və bu barədə Fəridə demişdir. Fəridə bildirmişdir ki, narahat olmasın, həmin avtomobili rəsmiləşdirəcəyinə dair söz vermişdir. Çünki, o, adını çəkmək istəmədiyi şəxs demişdir ki, səbrli ol, avtomobili rəsmiləşdirəcəm. Lakin, həmin şəxs onu aldadaraq avtomobilləri rəsmiləşdirməmiş, o, da Elçin ilə Fəridin pulunu qaytara bilməmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxlərə vurduğu ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, qardaşı X3 İci Qarabağ müharibəsində iştirak edərək şəhid olduğunu və ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ABŞ-dan qəzalı avtomobillər gətirib təmir etdirərək satıb qazanc əldə edir. 2019-cu ilin oktyabr ayında ABŞ-dan özü üçün Ford Fusion markalı avtomobil almışdır. Həmin avtomobil 2020-ci ilin yanvar ayının 24-ü Azərbaycan Respublikasına çatmışdır. Avtomobil yolda olarkən iş yoldaşı Erol ona demişdir ki, əmisi Rəfail avtomobillərin Gömrük İdarəsində rəsmiləşdirilməsi ilə qeyri-rəsmi məşğul olur və onun avtomobilini ucuz rəsmiləşdirməkdə köməklik göstərə biləcəyini demişdir. Erola avtomobil Bakıya çatana yaxın ona xəbər edəcəyini bildirmişdir. Onun avtomobili gəlməmişdən qabaq Rəfail Lökbatan qəsəbəsində yerləşən Dövlət Gömrük Komitəsində onun tanışlarının avtomobillərini rəsmiləşdirmişdir. Onun avtomobili gəldikdən sonra o, X4 ilə zəngləşib Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsinin qarşısında görüşmüşdür. O, avtomobilin sənədlərini ona vermişdir. Rəfail bildirmişdir ki, gömrük rəsmiləşdirilməsini 4650 manata həll edəcəkmiş. O, Gömrük İdarəsinin həyətində Rafaelə 4650 manat pul vermiş və inzibati binaya daxil olmuşdur. O, pulu ona 24 yanvar 2020-ci il tarixdə təxminən saat 11 radələrində Gömrük İdarəsinin həyətində vermişdir. O, inzibati binaya daxil olduqdan 1-2 saat sonra bayıra çıxmış və bildirmişdir ki, nahar vaxtı olduğu üçün rəsmiləşdirmə nahardan sonra olacaq. O, Rəfail ilə bir yerdə nahar etmişdir. Nahardan sonra Rəfail yenə Gömrük Komitəsinin inzibati binasına daxil olmuşdur. O, onu bir müddət çöldə gözləmişdir. O, gəlib bildirmişdir ki, rəsmiləşdirmə sabaha qalmışdır. Həmin vaxtı pul Rafaelin üstündə olmuşdur. Onlar oradan çııxb getmişdir. Səhəri gün yenə Lökbatan qəsəbəsinə gəlmiş, orada Rəfail Gömrük Komitəsinin inzibati binasına daxil olmuş, bir neçə saat gözləmiş. Rəfail çıxıb bildirmişdir ki, avtomobili qeydiyyatdan keçirə bilməmişdir. O, Erola zəng vurmuş, məsələni danışmışdır. O, ona narahat olmamağı, əmisi Rəfailin avtomobili rəsmiləşdirəcəyini demişdir. Erola demişdir ki, birdən Rəfail onu aldadar. Təxminən 2-3 gün sonra Rəfail bildirmişdir ki, pulu gömrük işçisinə vermiş, avtomobili rəsmiləşdirən kimi ona xəbər verəcəkmiş. Erol da bunu təsdiq etmişdir. Beləliklə 40 gün ora gedib gəlsə də bir nəticə əldə olunmamışdır. Rəfail avtomobilinin gömrük rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. O, pulunu Rəfaildən tələb etməyə başlamışdır, o, yalan vədlər verərək onun pulunu qaytarmamışdır. Rəfail onu aldadaraq 4650 manat pulunu ələ keçirtmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın onun oğlu X5 tərəfindən bütünlüklə ödəndiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ABŞ-dan avtomobil gətirilməsi və satışı ilə məşğul olur. 10 fevral 2020-ci il tarixdə ABŞ-dan sifariş verdiyi “Chevrolet Cruze” markalı avtomobil Azərbaycan Respublikasına gəlmişdir. Dostu Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs avtomobilləri gömrükdə ucuz qiymətə rəsmiləşdirə bilir. Ona görə də ona məsləhət görmüşdür ki, ona müraciət etsin. O da Rəfail ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Bakı Baş Gömrük İdarəsinin qarşısında görüşmüşdür. Rəfail ona bildirmişdir ki, 2011-ci il buraxılışlı olan “Chevrolet Cruze” markalı avtomobili 3800 manata rəsmiləşdirə bilər. O, onunla razılaşmışdır. Həmin vaxtı o, birinci dəfə olarmış ki, avtomobil gətirirmiş və rəsmiləşdirmə proseslərindən başı çıxmırmış, bu məqsədlə Bakı Baş Gömrük İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs 3800 manat pul vermişdir. Rəfail ona bildirmişdir ki, get 2 saata gələrsən. O, evə gedib 2 saatdan sonra ora gəlmişdir. Rafaeli orada tapa bilməmişdir. Ona görə istifadəsində olan mobil nömrəyə zəng vurmuş, Rəfail bildirmişdir ki, bu gün avtomobili rəsmiləşdirə bilməmiş, sabaha qalmışdır. Bu interval ilə 1 ay Rəfail onu aldadaraq demişdir ki, guya ki, pulu gömrükdə kiməsə verib, onu aldadıblar. Lakin daha sonra ona məlum olmuşdur ki, Rəfail Elçinin də pulunu alıb avtomobili rəsmiləşdirməmişdir. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs dələduzdur və onların pulunu aldadaraq ələ keçirtmişdir. 10 fevral 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs 3800 manat pul verərkən yanında qardaşı Fərrux olmuşdur. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 30 iyun 2002-ci il tarixli 000050 №-li vəsiqənin surətindən görünür ki, X6 “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməklə zərərçəmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş cərimə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 15 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 17 iyul 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə proseslərinə gəlmədiyindən 23 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə işin icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə qaldığı 33 gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X14 oğlu tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qızına göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14 oğlunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə qaldığı 33 (otuz üç) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14 oğlunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar