Məhkəmə qərarları › İş №1(002)-17/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-17/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-17/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, xx.xx.2021-ci il tarixdə Qaradağ rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən 02 il 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan və barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində olan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə yüngül dərəcəli bədən xəsarətləri yetirmiş və özgənin əmlakını qəsdən zədələməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Spartanec” adlı kafedə sərxoş vəziyyətdə olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan kafenin müştərisi Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə sonuncu ilə mübahisə yaradaraq dalaşmışdır. Bundan sonra hərəkətlərini davam edərək kafenin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşının içərisində əyləşmiş Zərərçəkmiş şəxs1la mübahisəsini davam edərək onu yenidən nalayiq ifadələrlə təhqir etmiş, zor tətbiq edərək yumruqla sonuncunun bədəninin baş nahiyəsinə vurmuş və avtomaşından düşərək avtomaşının sağ qapısı və sağ qanadını təpik zərbələri ilə qəsdən vurub əzməklə avtomobilin sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs2 əmlakını zədələməklə ona 800 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra hərəkətlərini davam etdirərək “Spartanec” kafesinə qayıtdıqdan sonra oraya gəlmiş Zərərçəkmiş şəxs1 avtomaşını zədələdiyi üçün ona bildirdiyi iradları səmimi qəbul etməyərək yenidən münaqişə yaradıb masanın üzərində olan şüşə pivə qədəhindən silah qismində istifadə etməklə, həmin qədəhlə zor tətbiq etməklə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurmuş, sonuncu yerə yıxıldıqdan sonra təpik zərbələri ilə onun bədəninin müxətlif nahiyələrinə zərbələr endirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsinin əzilmiş yarası və sol qulaqarxası nahiyənin səthi əzilmiş yaraları, burun nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi, üst dodağın dodaq haşiyəsinin səthi əzilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə, eyni zamanda kafedə olan kafeni işlədən Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd şüşə pivə qədəhini, bir neçə stəkan və nəlbəkini sındırmaqla və kafenin pərdəsini cırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 50 manat məbləğində ziyan vuraraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 03:00 radələrində Ələt qəsəbəsində yerləşən “Spartanec” kafesində oturub pivə içmişdir. Həmin vaxt kafedə o, Asim adlı şəxs və kafeni işlədən Ruslan olmuşlar. Onlar bir qədər oturduqdan sonra kafeyə Ələt qəsəbəsindən tanıdığı Elsevər adlı şəxs də gəlmişdir. Elsevər keçib ondan bir qədər aralıda oturmuşdur. Onlar Asim və Ruslan adlı şəxslə danışıb gülərkən həmin vaxt Elsevər heç bir səbəb olmadan yerindən qalxıb onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Elsevərə fikir verməyib, söyüş söyməsini ona irad etmişdir. Elsevər hərəkətlərinə davam etmiş və ona yaxınlaşmışdır. Bundan sonra onlar arasında baş verən mübahisə bir-birilərinə fiziki zor göstərmələri ilə nəticələnmişdir. Ruslan onları sakitləşdirmiş, Elsevəri çölə çıxarıb evə getməsini xahiş etmişdir. Elsevər isə söyüşlərinə davam edərək maşına əyləşmişdir. O, Elsevərin söyüşlərindən əsəbləşib sürdüyü maşının sağ qapısını açıb bərkdən çırpmışdır. Ruslan bunu görüb ona yaxınlaşıb sakitləşdirərək kafeyə aparmışdır. Təxminən 5 dəqiqə sonra Elsevər yenidən kafeyə qayıtmış, kafeyə girən kimi onun üstünə gəlib mübahisə etməyə başlamışdır. O, Elsevərlə aralarında yaranmış mübahisəni davam etdirmək istəməsə də, onu münaqişəyə məcbur etmişdir. Elsevərdən ona qarşı göstərdiyi qəzəbli münasibətin səbəbini müəyyənləşdirmək istəsə də buna nail ola bilməmiş, onunla heç bir düşmənçiliyinin olmadığını bldirmiş, söyüş söyməyə son verməsini ondan tələb etmişdir. Elsevər isə onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Onlar yenidən əlbəyaxa olmuş, o, 4-5 dəfə yumruq zərbələri ilə Elsevərin sifətinə və başına vurmuşdur. Onlar Elsevərlə dalaşanda Asim kafedən çıxıb getmişdir, Ruslan isə onları yenidən sakitləşdirməyə çalışmışdır. Elsevər onun zərbələrindən sonra stolda oturmuş, Ruslan da onu kənara çəkmişdir. Daha sonra Ruslan Elsevəri maşınına mindirib yaşadığı evə aparmışdır. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə Ələt qəsəbəsində yerləşən, Ruslan adlı tanışının işlətdiyi “Spartanec” adlı kafedə 13 aprel 2022-ci il tarixdə gecə saat 03:00 radələrində baş vermişdir. Həmin vaxt orada ondan və Elsevərdən başqa Asim və Ruslan adlı şəxslər olmuşlar. Hadisə zamanı xəsarət almadığından ekspertizadan keçməkdən imtina etmiş, Elsevərlə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Elsevəri pivə qədəhi ilə vurmadığını, onu yalnız yumruq zərbələri ilə vurduğunu qeyd etmişdir. Elsevər onu söymüş və üzərinə hücum çəkmiş, o isə Elsevəri döymüşdür. Onlar dalaşarkən masa üzərində olan qədəh və stəkanlar onların masaya toxunması nəticəsində yerə düşərək sınmışlar. Elsevər onu söydükdən sonra maşınla getmək istəyərkən o, özünü maşına çatdırmış, əsəbləşərək maşının sağ qapısını açmış, Elsevərin maşından düşməsini tələb etmişdir. Elsevər maşından düşmədiyi üçün, o hirslənmiş maşının qapısını çırpmışdır. Həmin vaxt maşının qapısı və sağ qanadı əzilmişdir. Daha sonra törətdiyi əməldən peşman olduğunu, Elsevəri döyərkən heç bir əşyadan istifadə etmədiyi üçün özünü qismən təqsirli bildiyini nəzərə alaraq, məhkəmədən onun barəsində ədalətli cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin məhkəmə və istintaq dövründə verdikləri ifadələri, üzləşdirmə protokolu, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, nəqliyyat vasitələrin təmiri ilə məşğul olmuşdur. Hazırda Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Hadisədən xeyli müddət keçdiyi və həmin vaxt içkili olduğu üçün, hadisəni dəqiqliklə xatırlamır. Təxminən aprel ayının 10-u tarixində Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikində bəzi nasazlıqlar olduğu üçün təmir etmək məqsədilə sonuncu həmin avtomobili ona vermişdir. O da həmin maşının bəzi hissələrini dəyişmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 04:00 radələrində o, təmir üçün ona verilmiş avtomobildə təmir işləri aparmaq məqsədilə sexə getmişdir. Sexə çatdıqda qapının bağlı olduğunu görmüş, sexin sahibi sahura durarkən ondan açarı götürəcəyini fikirləşmiş və buna görə də həmin vaxt yaxınlıqda olan “Spartanec” kafenin açıq olduğunu görmüş, kafeni işlədən Ruslan adlı şəxslə münasibəti olduğu üçün həmin kafeyə getmişdir. Kafeyə girdikdə İqbal və Asif adlı şəxslərin pivə içdiklərini görmüşdür. O, Ruslanın yanında oturub çay istəmiş, lakin çay olmamışdır. Ruslan pivə içməyi təklif etsə də o, içməmişdir. Ruslanla söhbət edərkən İqbal onların söhbətlərinə müdaxilə etməyə başlamışdır. O, İqbala onların arasında olan söhbətə qarışmamağı bildirmişdir. İqbal onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, İqbalın üzərinə hücum çəkmişdir. İqbal çölə çıxıb söhbət etməyi təklif etmiş və onlar kafedən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus “Lexus” markalı maşına əyləşmişlər. Maşında olarkən mübahisə davam etmiş və İqbal onu yumruqla vurmuş, o da İqbalın zərbəsini cavablandırmışdır. Bundan sonra İqbal maşından düşmüş və sağ ön qapını əli ilə qapının bağlanma istiqamətinin əksinə bərk itələmiş və daha sonra maşına təpiklə zərbələr vurmuşdur. O, qapının halqalarının sındığını görmüş və yaxınlıqda olan Ruslandan İqbala mane olmasını xahiş etmişdir. X11 mane olmadığından o, maşını işə salaraq sürmüş, bir qədər kənarda saxlamış və maşının əzildiyini görmüşdür. Buna görə də əsəbləşib kafeyə geri qayıtmışdır. Kafedə İqbaldan maşının ona məxsus olmadığını bildiyi halda nə üçün maşına zərər vurduğunu soruşmuşdur. İqbal ona kobud formada cavab vermiş və aralarında yenidən münaqişə yaranmış, İqbal baş zərbəsi ilə onu vurmuş və o, yerə yıxılmışdır. Yıxılarkən başı masaya dəymiş və başından xəsarət almışdır. Yerdə yıxılmış vəziyyətdə olarkən İqbal onun sinə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən təpiklə vurmuşdur. O, huşunu itirmiş, yalnız bundan sonra Ruslan onu kafedən çıxarmış və maşına əyləşdirib evə aparmışdır. O, xəsarət aldığı üçün təcili tibbi yardım çağırmış və onu “X10” PHŞ-yə aparmışlar. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun İqballa heç bir ədavəti və düşmənçiliyi olmamışdır. İlkin ifadəsində və müayinə zamanı İqbalın onu pivə qədəhi ilə vurması barədə verdiyi məlumatın səbəbini xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ələt qəsəbəsində yerləşən “Spartanec” kafesini 2022-ci ilin mart ayının ortalarından aprel ayının ortalarına qədər icarə əsasında işlətmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 02:30 radələrində qəsəbə uşağı kimi tanıdığı İqbal adlı şəxs kafeyə gəlmiş və 1 qədəh pivə sifariş edib içməyə başlamışdır. Həmin vaxt İqbaldan sonra qonşuluqda sexdə işləyən Asim adlı şəxs də gəlmişdir. O, Asimə də pivə vermiş və özü üçün də bir qədəh pivə süzüb oturmuşdur. Üçü də bir-birilərindən bir qədər aralı oturub söhbət etmişlər. Birdən bayırdan maşın səsi gəlmiş, o, polis maşını olduğunu güman edib çıxıb kafeni bağlayacağını demək istəmişdir. Çıxarkən isə Elsevər adlı maşın ustasının “Lexus” markalı maşınla gəldiyini görmüşdür. O, Elsevərlə bir az söhbət etmiş, Elsevər kafeyə gəlmişdir. O, Elsevərə pivə, çay və kofe təklif etsə də, heçnə istəməmiş və kafedə olan kresloda oturmuşdur. Elsevərlə söhbət etməyə başlamış, həmin vaxt söhbət edən zaman birdən Elsevərlə İqbalın arasında sözlü mübahisə yaranmışdır. Elsevər İqbalın yanına getmiş və İqbalın yaxasından yapışmışdır. İqbal da onu təhqir etmədiyini, boş yerə mübahisə yaratmamasını bildirmişdir. O, mübahisə yaranacağını görüb Elsevəri birtəhər çölə çıxarmış, Elsevər isə İqbalı çölə çağırmışdır İqbalda ona maşına oturmasını və maşında mübahisələrinə davam etməsini bildirmiş, Elsevər də maşına minmişdir. Onlar maşında yumruqlaşmağa başlamış, o, maşının sağ qapısını açıb İqbalı davanı dayandırmaq məqsədilə düşürtmüşdür. İqbal düşəndə maşının sağ qapısını bərkdən çırpmış və təpiklə bir neçə dəfə vurmuşdur. Elsevər maşını qəzəblə sürüb getdiyi üçün maşınla ona vurması təhlükəsi yaranmışdır. Onlar Asim və İqballa kafeyə qayıtmışlar. Təxminən 2-3 dəqiqədən sonra Elsevər yenidən kafeyə gəlmiş, həmin vaxt yenə İqballa Elsevər arasında mübahisə yaranmışdır. Asim üz nahiyəsindən əməliyyat olunduğu üçün özünə nəsə olacağından ehtiyat edib kafedən çıxıb getmişdir. O isə İqballa Elsevəri aralamağa çalışmışdır. Onlar dalaşarkən masaya toxunmuşlar və bu səbəbdən masanın üzərində olan bir ədəd şüşə pivə qədəhi, stəkan və nəlbəkilər yerə tökülərək sınmışlar, kafenin pərdələri cırılmışdır. Elsevər yerə yıxıldıqdan sonra o, İqbalı çətinliklə olsa da sakitləşdirməyə nail olmuşdur. Elsevəri kafedən çıxarmış, maşına əyləşdirmiş və evlərinə aparmışdır. Elsevər baş nahiyəsindən xəsarət aldığı üçün üst-başı qan içində olmuşdur. O, Elsevərə kömək edib aparanda onun da paltarı qana bulaşmışdır. Elsevəri qapılarında düşürüb kafeyə qayıtmışdır. İqbal isə kafeyə yad şəxslərin keçməsinin qarşısını almaq məqsədilə kafenin önündə gözləmişdir. O, kafeni təmizləmiş, sınıq qədəh və stəkanları süpürüb zibil qabına yığmış, pərdəni açıb zibillə birlikdə götürmüşdür. Kafeni bağlayıb evinə getmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, İqballa Elsevər arasında heç bir əsaslı səbəb olmadan mübahisə yaranmış, onlar bir-birini təhqir etməmiş, sadəcə olaraq sözləri uyğunlaşmadığından dalaşmışlar. Əvvəllər onların arasında mübahisə olub-olmaması barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq dövründə ifadəsində İqbalın Elsevəri pivə qədəhi ilə baş nahiyəsindən vurmasını deməməsinə baxmayaraq, ifadəsində bunu qeyd etmişlər. Görmə qabiliyyəti zəif olduğu üçün verdiyi ifadəni dəqiqliklə oxuya bilməmiş, lakin imzalamışdır. Həmçinin qeyd etmişdir ki, hadisə vaxtı qədəhin, stəkanların sınması və pərdələrin cırılmasına görə ona dəymiş 50 manat ziyan ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Həmçinin məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadə elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin aprel ayının əvvəllərində ona məxsus “Lexus” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan nasazlıqları aradan qaldırmaq üçün yaşadığı Ələt qəsəbəsində Elsevər adlı ustaya vermişdir. Elsevər ona aprel ayının 14-də maşının hazır olacağını söz vermişdir. 14 aprel 2022-ci il tarixdə saat 10:00 radələrində maşının vəziyyətinə baxmaq üçün Elsevərin işlədiyi sexə getmişdir. Sexə çatdıqda qapısının bağlı olduğunu görmüş, yaxınlıqda olan şəxslər ona gecə Elsevərin döyüldüyünü, bu səbəbdən xəstəxanaya yerləşdirildiyini bildirmişlər. O, məsələni dəqiqləşdirmək üçün Elsevərin qapısına getmiş, ora çatdıqda görmüşdür ki, maşını əzilmiş vəziyyətdə Elsevərin qapısında dayanmışdır. Bir qədər sonra Elsevər evdən çıxmış, həmin vaxt Elsevərin baş nahiyəsində sarğı olmuşdur. O, maşına nə olduğunu soruşduqda Elsevər ona gecə kafedə İqbal adlı şəxs tərəfindən döyüldüyünü izah etmiş, sonra da İqbalın ona məxsus avtomobilə zərər vurduğunu bildirmişdir. O, Elsevərin yanında maşına baxdıqda görmüşdür ki, maşınının ön hissəsi və sağ qanadı əzilib, sağ qapı isə halqalardan qatlanıb, arxa qapının ayaqlığı və arxa buferin əzilməsi nəticəsində rəngləri tökülüb. Hadisə nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Cinayət işinin 56-57-ci vərəqələrində olan 11 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 69-cu vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi barədə 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəi cinayət işi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 90-93-cü vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 4(002)-110/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 95-96-cı vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 108-110-cu vərəqələrində olan 16 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı əvvəl verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin sağlamlığa zərər vurmanın təyini barədə ekspertizasının 13 aprel 2022-ci il tarixli, 237 saylı rəyindən görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 baş nahiyəsində 1.1x03 sm ölçüdə, uzunsov formalı kənarları nahamar cərrahi tikişə ehtiyacı olan yara əmələ gəlmişdir. Onun bədən səthində məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsinin əzilmiş yarası və sol qulaqarxası nahiyənin səthi əzilmiş yaraları, burun nahiyəsinin yumşaq toxumalarının qançır - şişkinlik halında əziyi, üst dodağın dodaq haşiyəsinin səthi əzilmiş yarası bərk küt əşya (alət) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun yardım üçün X9 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə baş verməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 ilə endirilmişdir. Bundan başqa Qələmov X4 Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 il 01 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan Başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD saylı Qanununa əsasən cəzadan azad edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 15 sentyabr 2022-ci il tarixli, 21-1/3-15511-20 saylı məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-88/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs cəzasından 11 ay 24 gün çəkmiş və onun 03 ay çəkilməmiş cəzası qalmışdır. (Cəzasının əvvəli: xx.xx.2021, Cəzasının sonu xx.xx.2022) Cinayət işinin materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 7(002)-1290/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 1(002)-33/2021 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) ay 01 (bir) gün müddəti 01(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 06 sentyabr 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 06 sentyabr 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 26 oktyabr 2022-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, hadisə zamanı sərxoş olmuşlar, hadisə zamanı ona qədəhlə xəsarət yetirilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, üzləşdirmə protokolu, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, hadisədən sonra aralarında yaranmış barışıq münasibəti təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə iclasında fərqli ifadə vermələrinə səbəb olmuşdur. Odur ki, onların ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 həm təcili tibbi yardıma məlumatında, həm də ibtidai istintaq dövründə verdiyi ifadəsində, həmçinin Təqsirləndirilən şəxsla üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs onu məhz pivə qədəhi ilə vurduğunu qeyd etmişdir. Bundan əlavə digər Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi bütün ifadələr Zərərçəkmiş şəxs1 ifadəsi ilə eynilik təşkil edir. Lakin sonradan məhkəməyə heç bir əsaslı sənəd təqdim etmədən görmə qabiliyyətində problem olduğunu, bu səbəbdən verdiyi ifadəsini dəqiqliklə oxumadan imzaladığını qeyd etmişdir. Qeyd olunanlardan məhkəmə belə qənaətə gəlir ki, tərəflərin aralarında yaranmış barışıq münasibəti səbəbindən hadisə zamanı qədəhin olmamasını qeyd etmələri müdafiə xarakterli olmaqla həm də Təqsirləndirilən şəxs əməlinin tövsifinə nail olmağa səy göstərmələrindən irəli gəlir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş ekspertiza rəyindən də görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 baş nahiyəsində 1.1x03 sm ölçüdə, uzunsov formalı kənarları nahamar cərrahi tikişə ehtiyacı olan yara əmələ gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini və davranışını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 23 yanvar 2023-cü il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cinayəthüquqi xarakterli tədbir cəzanın məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli ) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi yardıma görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutulduğu 11 iyun 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi yardıma görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar