Məhkəmə qərarları › İş №1(002)-17/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-17/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-17/2025 22.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Türkmənistan Respublikasının, Marı Vilayəti, Vekilbazar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), işləməyən, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Qaradağ RPİ-nin NMB-nin və Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində saxlanılaraq saat 22:40-da Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə gətirilmişdir. Həmin tarixdə dəvət olunmuş müdafiəçinin iştirakı ilə saat 23:30-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış aparılarkən onun əynində olan idman şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş halda, ümumi təmiz çəkisi 0,155 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və göstərmişdir ki, o, istifadə etmək məqsədilə tanımadığı şəxsdən 20 manat müqabilində bir büküm narkotik vasitə heroin almış və 04 aprel 2024-cü il tarixdə təxminən saat 22:30-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan qanunsuz əşya və ya maddəni təqdim etməsi təklif olunmuşdur. O da əynində olan idman şalvarının sağ yan cibində gizlətdiyi siqaretin gümüşü rəngli kağızında bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində heroin növündə narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi bükümə baxış keçirildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. O, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlər edilməmiş və zor tətbiq olunmamışdır. Məhkəmə iclasında suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin yalnız heroin növündən 5 il ərzində davamlı olaraq istifadə etmiş, daha vacib işləri olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Həmçinin, qeyd etmişdir ki, himayəsində üç azyaşlı övladı var. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirilmiş, saat 22:40-da Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Videoçəkiliş onun tərəfindən aparılmışdır. Sonuncuya üzərində hər hansı dövriyyəsi qadağan edilmiş əşya varsa masanın üzərinə qoyması təklif edildikdə Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmiş, bükümün içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu və onu Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Qaradağ RPİ-nin NMB-nin əməliyyat-müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Əlizadə X10 RPİ-nin NMB-nin digər əməkdaşı Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 26-cı vərəqəsində olan 04 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 04 aprel 2024-cü il tarixdə, saat 22:30-da tutulmuşdur. Cinayət işinin 35-36-cı vərəqələrində olan 04 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, 04 aprel 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati otaqlarının birində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan edilmiş əşya varsa masanın üzərinə qoyması təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim edir. Həmin büküm açılarkən içərisindən qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və 5 il ərzində narkotik vasitənin heroin növündən davamlı istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitəyə bənzər kütlə götürülür və həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır, zərflər üçün 222 saylı möhürlə möhürlənir, qablaşmanın üstü iştirakçılar tərəfdindən imzalanır. Şəxsi axtarış zamanı Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Cinayət işinin 41-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmadan azad edilmişdir. Cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1877 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) bükümdə təmiz çəkisi 0,155 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi- 0,155 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq- 0,055 qram. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 19:30) Cinayət işinin 71-73-cü vərəqələrində olan 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-82-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X1, xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan tələbnamədən və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasına məhkum edilmişdir. 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının təsiri altına düşdüyündən o, cəzadan azad edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,055 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 99-104-cü vərəqələrində olan 20 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD (disk) maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxsin ilkin sənədləşmədə qeyd olunan “Rəhmənov” soyadı “Rəhmanov” kimi oxunması nəzərə alınmışdır. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarışı elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və o, axtarılıb tapılanadək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin məktub və tutma protokolunda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00-də tutulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, məhkəmə istintaqından yayınmasını, barəsində qəbul edilmiş həbsli axtarış nəticəsində məhkəməyə təqdim edilməsini, 5 il ərzində davamlı olaraq narkotik vasitədən istifadə etməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, əvvəllər törətdiyi cinayət əməli ilə bağlı azadlıqdan məhrumetməyə münasibətdə daha yüngül cəza almasının onun islah olunması üçün yetərli olmadığını, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulub saxlandığı 04 aprel 2024-cü il tarixdən 05 aprel 2024cü il tarixədək, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 20 dekabr 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın xx.xx.2024-cü il tarixli, 3048 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,055 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicəyə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,055 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar