Məhkəmə qərarları › İş №1(002)-170/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-170/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-170/2024 17.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində əməliyyat-axtarış tədbiri keçirən Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 19:30-da üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarının ön sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,263 qram olan ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bir müddətdir ki, psixotrop maddələrin aludəçisidir. Sosial şəbəkədən tanıdığı, şəxsiyyət məlumatları ona məlum olmayan şəxsə 37 manat pul göndərməklə Bakı şəhəri 3-cü mikrorayon dairəsi yaxınlığından metamfetamin və bir kibrit qutusunda qurudulmuş marixuananı əldə etmiş və hərəsindən bir az istifadə etmişdir. Maştağa qəsəbəsində narkoloji mərkəzdə bir müddət müalicə aldığı üçün yerdə qalan həmin maddələri istifadə etməməklə gizlətmişdir. Müalicədən çıxdıqdan sonra yenidən həmin maddələri əynində olan qara rəngli cins şalvarının qarşı sağ yan cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində evinin yaxınlığında olarkən mülki geyimdə iki nəfər ona yaxınlaşaraq özlərini Qaradağ RPİ-nin əmkdaşları kimi təqdim etmiş, ondan şübhələndikləri üçün polis idarəsinə gətirmişlər. Daim polis nəzarətində olduğu üçün həmin maddələri cibindən çıxarıb kənara atmaq imkanı olmamışdır. Orada qanunsuz narkotiklərin dövriyyəsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, hüquqları izah olunmuş, video çəkliş aparılması barədə xəbərdar olunmuşdur. Daha sonra təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamamışdan əvvəl üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyaları təqdim etməsi təklif olunmuşdur. O da şəxsi əynində olan qara rəngli cins şalvarının qarşı sağ yan cibindən həmin aldığı bir bükümü və kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və kibrit qutusunda qurudulmuş marixuana olmasını bildirmiş, bükümə baxış keçirilən zaman kağız kəsiyi bükümdə ağ kristalşəkilli psixotrop maddə metamfetamin, kibrit qutusunda isə yaşıl rəngli ota bənzər qurudulmuş marixuana aşkar olunmuş, həmin maddələri öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Ondan aşkar edilmiş həmin maddələr iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib edilmişdir. O, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət əməli törətməsini və əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntü və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olduqları zaman keçirilmiş əməliyyataxtarış tədbiri zamanı saat 16:30-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Emin Quliyev küçəsində qanunsuz narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq saat 16:50-də Qaradağ RPİ-nə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə Şahid2 tərəfindən video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının ön sağ cibindən bükülmüş vəziyyətdə olan narkotik vasitə və psixotrop maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin ağ rəngli bükülünün içərisindən ağ rəngli kristal şəklində, kibrit qutusunun içərisindən isə yaşıl rəngli quru ot şəkilli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs ağ rəngli bükülünün içərisindən ağ rəngli kristal şəklində metamfetamin, kibrit qutusunun içərisindən isə yaşıl rəngli quru ot şəkilli kütlənin isə marixuana olduğunu, onları öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı həmin maddəni tanımadığı şəxsdən ay yarım əvvəl sosial şəbəkə vasitəsilə əlaqə qurduğu tanımadığı şəxsin kart hesabına pul köçürməklə əldə etdiyini bildirmiş, ondan aşkar edilmiş həmin 01 ədəd bükülü kütlə və 01 ədəd kibrit qutusu iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı andan şəxsi axtarış və götürmə aparılma anınadək daim nəzarətdə olmuşdur. Şahid Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 şahid Qaradağ RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərərək onun dediklərini təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1- 27 saylı təhqiqat materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/128 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutlar” yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi – 0,71 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 0,71 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq- 0,69 qram. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/477 nömrəli rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 46” möhür əski, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutlar...” və s.soyadlar, imzalar olan 01 ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,263 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,263 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,213 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 55-56-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 10:30-da) və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 ekspert komissiyasının 20 fevral 2024-cü il tarixli, 1131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 90-94-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,71 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana cinayət tərkibi yaratmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,263 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,71 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,213 qram metamfetamin və 0,69 qram qurudulmuş marixuana saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən etibarən 6 ay ərzində “X5 Mərkəzi” MMC-də reabilitasiya keçmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD disk məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının ön sağ cibindən ağ rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümü, 01 ədəd üzərində qartal təsviri olan kibrit qutusunu,10 qəpik pulu, əynində olan gödəkçənin sağ yan cibindən içərisində 08 ədəd siqaret olan, 01 ədəd üzərində Want line X sözləri yazılmış qara rəngli siqaret qutusu və 01 ədəd göy rəngli alışqanı çıxardaraq masanın üzərinə qoymuş, Həmin ağ rəngli bükülünün içərisindən ağ rəngli kristal şəklində, kibrit qutusunun içərisindən isə yaşıl rəngli quru ot şəkilli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs ağ rəngli bükülünün içərisindən ağ rəngli kristal şəklində metamfetamin, kibrit qutusunun içərisindən isə yaşıl rəngli quru ot şəkilli kütlənin isə marixuana olduğunu, onları öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək tutulub saxlanıldığı müddət, yəni 02 (iki) gün tutulma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 20 fevral 2024-cü il tarixli, 1131 rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram psixotrop maddə metamfetamin və 0,69 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış fizikikimyəvi ekspertizanının xərci – 182 (yüz səksən iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat X1, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram psixotrop maddə metamfetamin və 0,69 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat X1, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar