Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-171/2021 15.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, “SOCAR” Ə.C.Əmirov adına NQÇİ-də avtomatika üzrə çilingər işləyən, Qobustan şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, təcrid olunma qaydalarını pozaraq xx xxxxxx 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsi ev 121 ünvanını tərk edib, Bakı-Salyan şossesinə gəlmiş, oradan istintaqa məlum olmayan naməlum taksi vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə getmiş, həmin ünvandan xx xxxxxx 2021-ci il tarixdə 164 saylı marşurut avtobus vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən avtobus dayanacağına gedərək müəyyən olunmuş qaydaları və karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaradaraq xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşı tərəfindən yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı üçün saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə işdə olan zaman COVİD 19 pandemiyası ilə əlaqədar test vermiş və həmin gün onu işdən azad edərək testinin nəticəsinin pozitiv olduğunu, 14 gün ərzində evdən çölə çıxmamasını bildirmişlər. Bundan sonra o, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsinə getmiş və evdən çölə çıxmamışdır. Lakin xx.xx.2021-ci il tarixdə təxminən saat 13 radələrində şəxsi işi üçün pul lazım olduğundan o, yaşadığı evi tərk edərək Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan köhnə qonşusu olan Rəfaeldən borc pul almağa getmişdir. O, Rəfaelin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsinə yaşadığı qəsəbədən Bakı-Salyan şossesinə çıxaraq oradan tanımadığı taksi vasitəsi ilə getmişdir. Rafaellə yaşadığı evin qarşısında görüşmüş və orada bir qədər söhbət etdikdən sonra 30 manat borc alaraq yaşadığı evə qayıtmaq üçün həmin gün təxminən saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişdir. Orada avtobus dayanacağında olduğu zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib, ondan karantin rejimi ilə əlaqədar çölə çıxmaq üçün icazəsinin olub-olmadığını yoxlamaq üçün ad soyadını bildirməsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmiş, o da polis əməkdaşına ad soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı əlində olan planşetdə onun icazəsinin olub-olmadığını yoxlayan zaman onlara məlum olmuşdur ki, o, COVİD-19 pandemiyasına yoluxmuş və karantin qaydalarını pozmuşdur. Bu barədə videoçəkiliş vasitəsi ilə ondan müsahibə almışlar və o, COVİD-19 pandemiyasına yoluxduğunu, lakin şəxsi ehtiyacı olduğuna görə məcbur olub evi tərk etdiyini bildirmişdir. Ona işlədiyi müəssisədə COVİD-19 pandemiyasına görə götürülmüş test analizinin cavabının müsbət olduğu barədə və evi 14 gün ərzində tərk etməməyi barədə məlumat vermişlər. O, COVİD-19 pandemiyasına yoluxduqdan sonra yalnız xx.xx.2021-ci il tarixdə təxminən saat 13:00-dan həmin gün saat 19:00-dək evi tərk etmiş və həmin zaman o, tanışı Rəfaellə görüşərək ünsiyyətdə olmuşdur. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən inzibati ərazidə xidmət aparan zaman profilaktiki tədbirlərin yoxlanılması və karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə avtobus dayanacağında olan zaman dayanacaqda bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsdən 8103 xidmətindən icazəsi olub-olmamasını soruşmuş və sənədlərini təqdim etməsi tələb edilmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona təhkim edilmiş planşet-portal vasitəsi ilə Təqsirləndirilən şəxs çölə çıxmaq icazəsinin olub-olmamasını yoxlayan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən «COVİD-19» infeksiyası ilə bağlı test vermiş və testinin cavabının pozitiv çıxdığı, yəni «COVİD-19» infeksiyasına yoluxduğu məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli qərarların, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarının tələblərini pozaraq xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsinndə yerləşən avtobus dayanacağında müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən və sosial məsafəni gözləmədən digər şəxslərlə söhbət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması müəyyən olunmuşdur. Bundan sonra o, bununla bağlı tərəfindən müvafiq raport tərtib edilərək aidiyyəti üzrə Qaradağ RPİ-nin 38-ci PŞ-nə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 15 il olar ki, Təqsirləndirilən şəxs tanıyır və münasibətləri normal olmuşdur. Belə ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yaşayarkən, Vaqiflə bir məhəllədə yaşamış və birlikdə böyümüşlər. xx.xx.2021-ci il tarixdə Vaqif ona zəng edərək təcili təbii qaz balanslarını artırmaq üçün pul lazım olduğunu bildirmişdir. O da Vaqifə pulu az olduğunu, lakin qonşulardan tapıb verə biləcəyini demişdir. Həmin gün Vaqif 15 radələrində onun yaşadığı Ümid qəsəbəsinə gəlmiş və o, Vaqifə evə getmələrini təklif etmiş, lakin Vaqif evə getməyəcəyini demişdir. O, Vaqiflə yaşadığı məhəllədə bir qədər, yəni həmin gün saat 18 radələrinədək birlikdə söhbət etmişdir. Hava qaralana yaxın Vaqif evə gedəcəyini bildirmiş və o, Vaqifə istədiyi 30 manat pulu vermişdir. Vaqif onun yaşadığı məhəllədən 164 nömrəli marşrut avtobusla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişdir. O, Təqsirləndirilən şəxs COVİD 19 pandemiyasına yoluxduğunu bilməmişdir. Belə ki, Vaqif özü bu barədə ona bir söz deməmişdir. O, xx.xx.2021-ci il tarixdə təxminən saat 13 radələrindən 18 radələrinədək olan müddət ərzində Təqsirləndirilən şəxsla ünsiyyətdə olan zaman Vaqif tibbi maskadan istifadə etmiş və onunla təxminən 1 metr məsafə saxlamışdır. Həmin dövrdə o, COVİD 19 pandemiyasına yoluxmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 03-19/21 saylı, xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Qaradağ rayonu, Yuxarı Puta qəsəbəsində yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Covid 19” infeksiyasına yoluxması təsdiq edilərək, xx.xx.2020-ci il tarixdə “Covid-19” Milli məlumat bazasına pozitiv xəstə olaraq daxil edilmişdir. (i.v. 5) DVD diskə baxış keçirilməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X5 cinayət işi üzrə tərtib olunmuş raporta əlavə edilmiş 01 ədəd DVD-yə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə olan videogörüntü 56 saniyə müddətindədir, bir nəfər şəxsdən görüntüdə özünü təqdim etməsi bildirilir, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Müsahibə götürən şəxs Təqsirləndirilən şəxs koronavirus xəstəsi olduğunu soruşur, Təqsirləndirilən şəxs həqiqətən testinin nəticəsinin pozitiv olduğunu bildirir, müsahibə götürən şəxs Təqsirləndirilən şəxs harada yaşadığını soruşduqda o, Qaradağ rayonu, Puta qəsəbəsində yaşadığını, koronavirus xəstəsi ola-ola Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə gəldiyini, özündə xəstəliyin heç bir əlamətini hiss etmədiyini, həkim tərəfindən çölə çıxması üçün icazəsinin olmadığını bildirdi. (i.v. 11) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 38-39) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 41) Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş üzrə əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemologiya Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 03-19/21 saylı məktubu maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərtib etdiyi raport və raporta əlavə edilmiş 01 ədəd disk cinayət işi materiallarına əlavə olunmuş və sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmışdır. (i.v.41-44) Bakı şəhəri Qaradağ RİHB-nin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, P-126 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarına əsasən: Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd); karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd); Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1-ci bənd); Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd); Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd); Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4- 1.2-ci bənd); yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd); karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəf cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, islah olunmasını sübut etmək məqsədilə onun üzərinə; yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-171/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-171/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver