Məhkəmə qərarları › İş №1(002)-172/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-172/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-172/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1982-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Abşeron rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 25 dekabr 2020ci il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə kirayədə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən X6 məxsus nömrəsiz fərdi yaşayış evini Zərərçəkmiş şəxs təqdim edib həmin evin özünə məxsus olduğunu bildirərək sonuncunun etibarından sui istifadə edib aldadaraq 15000 manata satacağını təklif etməklə, istintaqa məlum olmayan şəraitdə hazırlanmış saxta sənədləri, yəni Abşeron rayonu X8 21 iyul 2007-ci il tarixli 06 nömrəli Qərarı, 29.06.2010-cu il tarixli 461 nömrəli Torpaqların alqı-satqısına dair aktı, 29.06.2010-cu il tarixli 402 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyini Zərərçəkmiş şəxs göstərərək onun etimadını qazanmaqla məbləği 10000 manata razılaşdıqdan sonra 22.09.2020-ci il tarixdə həmin evdə 100 manat beh şəklində, 24.09.2020-cı il tarixdə isə ünvan 3 ünvanında fəaliyyət göstərən 8 saylı notariat ofisində qeyd edilən saxta sənədlərdən biləbilə istifadə etməklə sözü gedən torpaq sahəsinə dair etibarnamə verib notariat ofisinin qarşısında Zərərçəkmiş şəxs 9900 manat alaraq ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxsin xeyli miqdarda, yəni 10000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 07.10.2020-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə saxlanılmış və Abşeron rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılır. İşin mahiyyəti üzrə bildirmişdir ki, ev-alqı satqısı ilə məşğul olan Qobu qəsəbə sakini Elşən adlı şəxsi 2020-ci ilin yay aylarında tanımışdır. Natiqə adlı qadını və Ataş adlı şəxsi 2020-ci ilin sentyabr ayının ortalarında tanımışdır. Belə ki, 2020-ci ilin səhv etmirsə avqust ayında o, Qobu qəsəbəsində yerləşən Əli adlı şəxsə məxsus evdə kirayədə yaşayırmış. Lakin Əli adlı şəxs ondan kirayə pulu belə almamışdır. Çünki o, Əliyə demişdir ki, yaxınlıqda ev tikir, həyat yoldaşını da istəyir ki, yanına gətirsin. Evin sahibi Əli ona demişdir ki, evini satmaq istəyir. O da fikirləşmişdir ki, evi satmağa müştəri tapsın, onun da xeyri olar. Sonra isə maddi vəziyyətinin yaxşı olmadığını fikirləşib qərara almışdır ki, Əlinin evini satıb pulunu öz şəxsi ehtiyaclarına xərcləsin. Buna görə də 2020-ci ilin sentyabr ayının ortalarında Qobu qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Elşən ilə telefon əlaqəsi saxlayıb onun yaşadığı evinə gedib onunla görüşmüşdür. Elşən yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığı üçün ayaqları sınmış və yataqda uzanmışdır. O, Elşənə demişdir ki, Qobu qəsəbəsində yerləşən evini 15000 manata satır. Elşən ondan evin hər hansı bir sənədinin olub-olmamasını soruşmuşdur. O da Qobu Bələdiyyəsində işləmiş, hazırda adı yadında qalmayan şəxsdən təxminən 2014-cü il tarixdə 200 manat pulun müqabilində aldığı 08 sot torpaq sahəsinə görə Qobu Bələdiyyəsinin qərarını, rəyi və aktı Elşənə göstərmişdir. Elşən də həmin sənədlərə baxıb ona qaytarmış və demişdir ki, evi almağa müştəri göndərəcəkdir. Beləliklə Elşən evə müştəri tapmış, səhv etmirsə 22.09.2020-ci il tarixdə Elşənin əmisi oğlu Ataş Natiqə adlı qadınla birlikdə onun kirayədə yaşadığı evə gəlmişlər. O, Əliyə məxsus kirayədə yaşadığı həmin evi Natiqə adlı qadına öz evi kimi təqdim etmişdir. Natiqə həmin evə baxıb bəyənmiş, 15000 manata evi almağa onunla razılaşmış, 100 manat da beh verib getmişdir. 24.09.2020-ci il tarixdə o, Natiqə adlı qadınla Şamaxinka deyilən yerdə yerləşən notariat kontorunun qarşısında görüşmüşdür. O, Natiqəyə etibarnamə verməli imiş. Natiqə adlı qadın həmin evin baha olduğunu ona deyib yenidən evə baxmaq istədiyini demişdir. Natiqənin yanında iki nəfər cavan oğlan olmuşdur. Onlardan biri Natiqənin oğlu, digəri isə qohumu olmuşdur. Onlar yenidən Qobu qəsəbəsində yerləşən kirayədə yaşadığı evə getmişlər. Natiqə evə baxıb ona demişdir ki, həmin ev 15000 manata bahadır, razılaşmanı pozmuşdur. Sonra isə o, Natiqəyə demişdir ki, ona təcili pul lazımdır, evi 10000 manata ona satmağa razıdır. Natiqə onunla razılaşmış və onlar Lökbatan qəsəbəsində yerləşən notariat kontoruna getmişlər. O, Natiqənin şəxsiyyət vəsiqəsini alıb Natiqəyə və yanında olan iki nəfər cavan oğlana demişdir ki, gözləsinlər, sənədləri hazırlatdırıb gəlir və sonra notariat kontoruna daxil olub əlində olan 08 sot torpağa aid Qobu Bələdiyyəsinin qərarına əsasən Natiqənin adına etibarnamə verib kontordan çölə çıxıb etibarnaməni, Qobu Bələdiyyəsinin qərarını, akt və rəyi Natiqəyə vermişdir. Natiqə də ona verdiyi 100 manat behi hesablayıb 9900 manat pulu ona vermişdir. O, pulu aldıqdan sonra Natiqəyə demişdir ki, evdən köçməyinə oktyabr ayının sonuna kimi ona vaxt versin və Natiqə onunla razılaşmışdır. O, Natiqədən evi satmaq adı ilə aldığı ümumilikdə 10000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin sonradan bu işin üstü açılmış, buna görə də o, Natiqədən gizlənməyə başlamışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, satdığı evin Əli adlı şəxsə məxsus olmasını Zərərçəkmiş şəxs, Şahid3 və Elşən Əbdülkərimova deməmişdir. O, onlara bildirmişdir ki, ev ona məxsusdur. O, 08 sot torpaq sahəsinə görə Qobu Bələdiyyəsinin qərarı, aktı və rəyini Qobu Bələdiyyəsində işləmiş, hazırda adı yadında qalmayan şəxsdən təxminən 2014-cü il tarixdə 200 manat pulun müqabilində almışdır. Həmin torpağın mövcud olmamasını bilirmiş. O, Şahid4 evini Zərərçəkmiş şəxs öz evi kimi təqdib edib satanda Natiqəyə hər hansı bir sənəd təqdim etməli imiş, ona görə də o, saxta olan Qobu Bələdiyyəsinin qərarı, aktı və rəyini Natiqəyə evin sənədi kimi təqdim edib sataraq Natiqənin 10000 manatını ələ keçirmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün Şahid4 məxsus evi öz evi kimi qələmə verib Zərərçəkmiş şəxs satıb 10000 manat pulunu ələ keçirmişdir, əməlindən çox peşmandır, azadlığa buraxılan kimi işləyib Natiqə xanımın 10000 manat pulunu ona qaytaracaqdır. O, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldığı 10000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və azadlığa çıxacağı təqdirdə zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Beyləqan rayonu, Milabad kəndində qeydiyyatdadır, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi, ev 3-də oğlu Şahid1 ilə birlikdə kirayədə yaşayır. O, Meyvəli TM-də fəhləlik edib çörək pulu qazanır. Onun oğlu X12 adına Musiqi Kollecində tələbədir. Onun evi olmadığı üçün o, kiçik də olsa ev almaq istəyirmiş, buna görə pul yığırmış. Onunla birlikdə Meyvəli TM-də fəhlə işləyən İlkin adlı şəxsin dostu Ataş adlı şəxs 2020-ci ilin sentyabr ayının əvvəllərində Meyvəli TM-nə gəlmişdir. Ataşla söhbət edərkən bilmişdir ki, Ataş Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. O, Ataşa bildimişdir ki, onun evi yoxdur, eşitdiyinə görə Qobu qəsəbəsində ucuz evlər vardır, özünə kiçik bir ev almaq istəyir, ona ev tapmaqda köməklik etsin. Ataş onun mobil nömrəsini götürmüş, ona zəng edəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra Ataş ona zəng edib Qobu qəsəbəsində fərdi yaşayış evinin satıldığını demişdir. O, Qobu qəsəbəsinə getmiş, Ataş ona fərdi yaşayış evi göstərmişdir, həmin ev onun xoşuma gəlməmişdir. Həmin gündən təxminən 15 gün sonra Ataş onunla telefon əlaqəsi saxlayıb Qobu qəsəbəsində satlıq fərdi yaşayış evi olduğunu demişdir. Səhv etmirsə 22.09.2020-ci il tarixdə o, Abşeron rayonu, Qobu qəsəbəsinə getmiş, Ataşla görüşmüş, Ataş onunla birlikdə dövlət qeydiyyat nişanı yadında qalmayan ağ rəngli “Vaz 2106” markalı avtomaşına əyləşmiş, sürücü maşını Əsədbalanın yaşadığı indi sözü gedən evin qarşısına aparmışdır. Yolda Ataş ona demişdir ki, həmin evi əmisi oğlu Elşən tapmışdır. Onlar həmin evin qarşısında avtomobildən düşmüş, sürücü avtomobili sürüb getmişdir. Əsədbala evdən çıxıb onları qarşılamışdır. Həmin ev bir mərtəbəli, darvazası olmayan, iki otaqlı, otaqları yarımçıq təmirli, hamam-tualeti olmayan bir ev olmuşdur. Əsədbala həmin evi 15 000 manata satdığını, torpağın bələdiyyə sənədinin olduğunu demişdir. O, Əsədbala ilə həmin evi razılaşmağa razılaşıb ona 100 manat beh vermişdir. 24.09.2020-ci il tarixdə Əsədbala Şamaxinka deyilən ərazidə yerləşən notariat kontorunun qarşısına gəlmişdir ki, aldığı evə görə ona etibarnamə versin. O, oğlu Fəqan və qardaşı oğlu Məqsəd ilə birlikdə Şamaxinka deyilən ərazidə yerləşən notariat kontorunun qarşısısına gəlmişdir. Orada qardaşı oğlu Məqsəd ona demişdir ki, o evi görməmişdir, evə gedib baxsın, sonra etibarnaməni alar. Beləliklə onlar Qobu qəsəbəsində sözü gedən evin qarşısına getmişlər və evə baxmışlar. Məqsəd ona demişdir ki, 15000 manata bu ev bahadır. Beləliklə o, evi 15000 manata almağa Əsədbala ilə razılşmamışdır. Onlar Əsədbaladan ayrılıb evə gedirmişlər. Əsədbaladan yenicə ayrılmışlar ki, Əsədbala qardaşı oğlu Məqsədin mobil telefonuna zəng vurub demişdir ki, ona pul lazımdır, 10000 manata evi satmağa razıdır. Beləliklə o, oğlu Fəqan, qardaşı oğlu Məqsəd və Əsədbala Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 8 saylı Notariat kontorunun qarşısına getmişlər, Əsədbala ondan şəxsiyyət vəsiqəsini alıb Notariat kontoruna daxil olmuş, təxminən 30 dəqiqə sonra kontordan çıxıb ona yaxınlaşıb ona guya evin sənədlərini, eləcə də etibarnamə verib demişdir ki, 70 il müddətinə həmin evə görə ona etibarnamə vermişdir. Notariat kontorunun qarşısında o, 9900 manat pulu qardaşı oğlu Məqsədə vermiş, Məqsəd də pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Beləliklə əvvəlcədən Əsədbalaya verdiyi 100 manat ilə birlikdə hesablayanda aldığı evə görə Əsədbalaya 10000 manat pul vermişdir. Əsədbala ona demişdir ki, 01 noyabr 2020-ci il tarixə kimi ona vaxt versin, sonra həmin evə köçər. O da Əsədbala ilə razılaşmışdır. 30.10.2020-ci il tarixdə o, Əsədbaladan aldığı evin qaz xəttini ustalara çəkdirmişdir ki, qaz gələndə xətti birləşdirsin. 31.10.2020-ci il tarixdə onun mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs evin sahibi olduğunu, Əsədbalanın həmin evdə kirayədə yaşadığını bildirmişdir. O, həmin vaxt Meyvəli TM-də olmuşdur. O, taksiyə əyləşib Qobu qəsəbəsinin Mikayıl Müşfiq küçəsində yerləşən aldığı həmin evin qarşısına getmişdir. Bir nəfər təxminən 40 yaşlarında Əli adlı şəxs ona bildirmişdir ki, həmin ev ona məxsusdur, Əsədbalaya həmin evi kirayəyə vermişdir, Əsədbala həmin evin içərisində olan ona məxsus əşyaları satmışdır. O isə Əli adlı evin sahibi kimi özünü təqdim edən şəxsə demişdir ki, həmin evi Əsədbala ona 10000 manata satmışdır. Əli adlı şəxs ona demişdir ki, Əsədbala onu aldatmışdır, o Əsədbalanın onun evinin əşyalarını satdığı üçün polisə müraciət etmişdir. O da məcbur olub DİN-nin 102 xidmətinə zəng vurub ona qarşı Əsədbalanın dələduzluq etməsi barədə məlumat vermişdir. Bundan sonra o, Qaradağ RPİ-nin 10-cu PB-də ərizə və izahat yazmışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək yaranmış borcla bağlı heç bir ödəniş edilməmiş və buna heç bir formada cəhd belə göstərilməmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatdadır, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi, ev 3-də anam Natiqə birlikdə kirayədə yaşayır. X10 TM-də fəhləlik edib çörək pulu qazanır. O da Asəf Zeynallı adına Musiqi Kollecində tələbəsidir. Onların evləri olmadığı üçün anası kiçik də olsa ev almaq istəyirmiş, buna görə pul yığırmış. Anası ilə birlikdə Meyvəli TM-də fəhlə işləyən İlkin adlı şəxsin dostu Ataş adlı şəxs 2020-ci ilin sentyabr ayının əvvəllərində Meyvəli TM-nə gəlmiş, anası Ataşla söhbət edərkən bilmişdir ki, o, Abşeron rayonu, Qobu kəndində yaşayır. Anası Ataşa bildirmişdir ki, onun evi yoxdur, özünə kiçik bir ev almaq istəyir, ona ev tapmaqda köməklik etsin. Ataş da anasının mobil nömrəsini götürmüş, zəng edəcəyini bildirmişdir. 22.09.2020-ci il tarixdə Ataş anası Natiqə üçün Abşeron rayonu, Qobu kəndində ev tapmış, anası həmin evə gedib baxmış və evi bəyənmiş, Əsədbala adlı şəxslə evi 15000 manata almağa razılaşmış, 100 manat da beh vermişdir. 24.09.2020-ci il tarixdə Əsədbala Şamaxinka deyilən ərazidə yerləşən notariat kontorunun qarşısına gəlmişdir ki, etibarnamə versin. O, anası Natiqə və dayısı oğlu Məqsəd Şamaxinka deyilən ərazidə yerləşən notariat kontorunun qarşısısına gəlmişdir. Orada dayısı oğlu Məqsəd anasına demişdir ki, o evi görməmişdir, evə gedib baxsınlar, sonra etibarnaməni alar. Beləliklə onlar Qobu qəsəbəsində sözü gedən evin qarşısına gəlmişlər, evə baxmışlar, dayısı oğlu demişdir ki, 15000 manata bu ev bahadır. Beləliklə anası evi 15000 manata almağa Əsədbala ilə razılşmamışdır. Onlar evdən çıxıb evə gedirmişlər. Həmin vaxt Əsədbala dayısı oğlu Məqsədin mobil telefonuna zəng vurub demişdir ki, ona pul lazımdır, 10000 manata evi satmağa razıdır. Beləliklə o, anası Natiqə, dayısı oğlu Məqsəd və Əsədbala Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 8 saylı Notariat kontorunun qarşısına getmişdir, Əsədbala anasından şəxsiyyət vəsiqəsini alıb Notariat kontoruna daxil olmuş, təxminən 30 dəqiqə sonra kontordan çıxıb anasına yaxınlaşıb evin sənədlərini, eləcə də etibarnamə verib demişdir ki, 70 il müddətinə həmin evə görə etibarnamə vermişdir. Notariat kontorunun qarşısında anası 9900 manat pulu dayısı oğlu Məqsədə vermiş, Məqsəd pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Əsədbala anasına demişdir ki, 01 noyabr 2020-ci il tarixə kimi ona vaxt versin, sonra həmin evə köçər. Anası ilə də Əsədbala ilə razılaşmışdır. 30.10.2020-ci il tarixdə ustalara həmin evə qaz xəttini çəkdirirmişlər ki, qaz gələndə xətti birləşdirsinlər. 31.10.2020-ci il tarixdə isə anasının mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs evin sahibi olduğunu, Əsədbalanın həmin evdə kirayədə yaşadığını bildirmişdir. Anası həmin vaxt Meyvəli TM-də olmuş, taksiyə əyləşib Qobu qəsəbəsində yerləşən aldığı həmin evin qarşısına getmişlər. Bir nəfər təxminən 40 yaşlarında Əli adlı şəxs anasına bildirmişdir ki, həmin ev ona məxsusdur, Əsədbalaya həmin evi kirayəyə vermişdir, Əsədbala həmin evin içərisində olan ona məxsus əşyaları satmışdır. Anası isə Əli adlı evin sahibi kimi özünü təqdim edən şəxsə demişdir ki, həmin evi Əsədbala ona 10 000 manata satmışdır. Anası da məcbur olub DİNnin 102 xidmətinə zəng vurub ona qarşı Əsədbalanın dələduzluq etməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatdadır, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bibisi, Fəqan isə bibisi Natiqənin oğludur. X1 yaşayır. X9 TM-də fəhləlik edib çörək pulu qazanır, Fəqan isə Asəf Zeynallı adına Musiqi Kollecində tələbədir. Bibisi Natiqənin evi olmadığı üçün kiçik də olsa ev almaq istəyirmiş. 2020-ci ilin sentyabr ayının sonlarında dəqiq tarix yadında qalmayan gündə bibisi onunla telefon əlaqəsi saxlayıb ona demişdir ki, Qobu qəsəbəsində iki otaqlı fərdi yaşyış evini almağa bir nəfər şəxslə razılaşıb ona 100 manat beh vermişdir. Bibisi ona demişdir ki, 24.09.2020-ci il tarixdə həmin evə görə ona etibarnamə veriləcək və ondan xahiş etmişdir ki, onunla birlikdə notariat kontoruna getsin. O da bibisi Natiqə ilə razılaşmış, 24.09.2020-ci il tarixdə bibisi Natiqə və Natiqənin oğlu Fəqan ilə Şamaxinka deyilən ərazidə yerləşən notariat kontorunun qarşısına gəlmişlər. Əsədbala adlı bibisinə ev satan şəxs də notariat kontorunun qarşısına gəlmişdir. O, bibisi Natiqəyə demişdir ki, o evi görməmişdir, evə gedib baxsınlar, sonra etibarnaməni alar. Beləliklə onlar Əsədbala ilə birlikdə Qobu qəsəbəsində yerləşən bibisinin almaq istədiyi evin qarşısına getmişlər, evə baxmışlar, o, Natiqəyə demişdir ki, 15000 manata bu ev bahadır. Beləliklə bibisi Natiqə evi 15000 manata almağa Əsədbala ilə razılşmamışdır. Əsədbala onun mobil nömrəsini özündə qeyd etmişdir. Onlar həmin evdən çıxıb evə gedirmişlər. Həmin vaxt Əsədbala onun mobil telefonuna zəng vurub demişdir ki, ona pul lazımdır, 10000 manata evi satmağa razıdır. Beləliklə o, bibisi Natiqə, bibisi oğlu Fəqan və Əsədbala Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 8 saylı Notariat kontorunun qarşısına getmişlər, Əsədbala bibisindən şəxsiyyət vəsiqəsini alıb Notariat kontoruna daxil olmuş, təxminən 30 dəqiqə sonra kontordan çıxıb bibisinə yaxınlaşıb evin sənədlərini, eləcə də etibarnamə verib demişdi ki, 70 il müddətinə həmin evə görə etibarnamə vermişdir. Notariat kontorunun qarşısında bibisi Natiqə 9900 manat pulu ona vermiş, o da pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Beləliklə 100 manat beh ilə birlikdə Əsədbalaya 10 000 manat pul verilmişdir. Əsədbala bibisinə demişdir ki, 01 noyabr 2020-ci il tarixə kimi ona vaxt versin, sonra həmin evə köçər. Bibisi də Əsədbala ilə razılaşmışdır. Daha sonra onlar Əsədbaladan ayırlıb getmişlər. 31.10.2020-ci il tarixdə isə bibisi onun mobil telefonuna zəng edib ona demişdir ki, Əsədbala onu aldadıb, Əli adlı şəxsə məxsus evi Əsədbala öz evi kimi qələmə verib başqa bir sənədlə onlara satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun adı Atamoğlan olsa da onu tanıyanlar qısa olaraq onu Ataş deyə çağırırlar. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, Natiqə adlı qadını 2020-ci ilin yay ayından tanıyır. Belə ki, o, 2020-ci il ilin yay ayında Lökbatan qəsəbəsində yerləşən Meyvəli TM-də işləyən İlkin adlı tanışının yanına getmişdir. O, orada Natiqə adlı fəhlə işləyən qadını görmüşdür. Natiqə onun Qobu kəndindən olduğunu bilib ona demişdir ki, onun evi yoxdur, özünə kiçik bir ev almaq istəyir, ona ev tapmaqda köməklik etsin. O da Natiqənin mobil nömrəsini götürüb çalışıb ona köməklik edəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra o, Qobu qəsəbəsində satılıq fərdi yaşayış evi tapıb Natiqənin mobil telefonuna zəng edib Qobu kəndində fərdi yaşayış evinin satıldığını demişdir. Natiqə Qobu kəndinə gəlmiş, o, Natiqəni qarşılayıb satılan fərdi yaşayış evini ona göstərmiş, həmin ev Natiqənin xoşuna gəlməmişdir. Həmin gündən təxminən 15 gün sonra o, Natiqə ilə telefon əlaqəsi saxlayıb Qobu kəndində satılıq fərdi yaşayış evi olduğunu demişdir. Həmin evi Əsədbala adlı şəxs satırmış, Əsədbalanın ev satmasını isə Qobu qəsəbəsində ev-alqı satqısı məşğul olan əmisi oğlu Elşən ona demişdir. Səhv etmirsə 22.09.2020-ci il tarixdə Natiqə Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmiş, Elşən yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığı üçün onlarla gələ bilməmiş, ona görə də o, Elşənin qardaşı Tağının maşını ilə Natiqəni Əsədbalanın satdığı sözü gedən evin qarşısına aparmışdır. Tağı onları evin qarşısında düşürdüb avtomobilini sürüb getmişdir. O, Natiqəyə demişdir ki, o, Əsədbalanı tanımır, Əsədbalanın ev satmağını ev alqı-satqısı ilə məşğul olan əmisi oğlu Elşən ona demişdir. Əsədbala evdən çıxıb onları qarşılamışdır. Həmin ev bir mərtəbəli, darvazası olmayan, iki otaqlı, otaqları yarımçıq təmirli, hamam-tualeti olmayan bir ev olmuşdur. Əsədbala həmin evi 15000 manata satdığını, torpağın bələdiyyə sənədinin olduğunu demişdir. Natiqə onun yanında Əsədbalaya 100 manat beh vermiş və sonra onlar Əsədbaladan ayrılıb getmişlər. Həmin söhbətdən iki gün sonra onun məlumatı olmadan Əsədbala Natiqə ilə özü razılşmışdır ki, həmin evi 10000 manat ona satsın və 24.09.2020-ci il tarixdə Əsədbala Natiqə ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 8 saylı Notariat kontoruna getmişlər, orada Əsədbala Natiqəyə etibarnamə vermişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində Natiqə onun mobil telefonuna zəng edib demişdir ki, Əsədbala onu aldadıb, onların baxdıqları ev onun öz evi deyil, başqa bir şəxsin evini Əsədbala ona satıb 10 000 manat pulunu ələ keçirmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs satdığı evin Əsədbalaya məxsus olmaması barədə onun məlumatı olmayıb. Əsədbala həmin evin onun özünə məxsus olmasını demişdir. Əgər həmin evin Əsədbalaya məxsus olmadığını bilsəydi o, Natiqəni heç vaxt Əsədbalanın yanına aparmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2018-ci ilin əvvəllərində Abşeron rayonu, Qobu qəsəbəsindən 02 sot ölçüdə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində o, bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi tikdirmişdir. O, 2019-cu ildə həmin evdə yaşamışdır. Lakin bir ilə yaxındır ki, həmin evdə yaşayış yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yay ayında dəqiq tarix yadında qalmayan gündə tanımışdır. Belə ki, o, 2020-ci ilin yay ayında Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələndə Əsədbalanın yaxınlıqdakı boş torpaq sahəsində gəzişdiyini görmüşdür. Əsədbala ona yaxınlaşıb evini ona kirayə verməyini xahiş etmişdir. O isə bildirmişdir ki, evini kirayə vermək fikri yoxdur. Əsədbala ona demişdir ki, o qonşuluqda ev tikdirir, istəyir ki, aiəsini də bura gətirsin, ona bir aylıq evini kirayəyə versin. O, Əsədbalanın bu sözündən sonra yumşalmış, Əsədbalaya demişdir ki, evində yaşamaq üçün əşyalar vardır, evini ona pulsuz bir aylıq kirayəyə verər. Beləliklə o, evinin giriş qapısının açarını Əsədbalaya təhvil vermişdir. Təxminən həmin vaxtdan bir ay keçdikdən sonra Əsədbala yadında qalmayan mobil telefondan onun istifadəsində olan mobil telefona zəng vurub evini satıb-satmamağını soruşmuşdur. O da Əsədbalaya bildirmişdir ki, 17000 manat verən olsa evini satar. Əsədbala ona demişdir ki, 29.10.2020-ci il tarixdə onun evinin pulunu verəcəkdir. O, səhv etmirsə 20.10.2020-ci il tarixdə yaşadığı evə baş çəkmək üçün Qobu qəsəbəsində yerləşən evinə gəlmiş, lakin Əsədbala evdə olmamış, evin qapısı bağlı olmuşdur. O, Əsədbala ilə telefon əlaqəsi saxlamış, lakin Əsədbala ona demişdir ki, hazırda Xaçmaz rayonundadır, Bakı şəhərinə gəldikdən sonra onunla əlaqə saxlayacaqdır. O, məcbur olub Ağsu rayonuna qayıtmışdır. 31.10.2020-ci il tarixdə o, yenidən Qobu qəsəbəsində yerləşən evinin qarşısına gəlmiş, lakin Əsədbala evdə olmamış, evin qapısı bağlı olmuşdur. O, Əsədbala ilə telefon əlaqəsi saxlamış, Əsədbala yenə də ona demişdir ki, hazırda Xaçmaz rayonundadır, Bakı şəhərinə gəldikdən sonra onunla əlaqə saxlayacaqdır. O, Əsədbalaya evinin əşyalarının harada olmasını soruşmuşdur. Əsədbala ona demişdir ki, evinin əşyalarını başqa yerə aparmışdır. O, görmüşdür ki, onun evinə qaz xətti çəkilmişdir. Qonşulardan soruşanda ona demişlər ki, 30.10.2020-ci il tarixdə bir qadın ilə bir cavan oğlan bu evə qaz xətti çəkdirmişdir. O da buna görə məcbur olub DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Evinin qarşısına Qobu qəsəbəsində yerləşən polis bölməsindən Nicat müəllim gəlmişdir. O, Qobu qəsəbəsinin qaz idarəsindən evinə qaz çəkdirən qadının nömrəsini öyrənib həmin qadına zəng vurub demişdir ki, qaz xətti çəkdirdiyi evin sahibidir. Biraz sonra həmin qadın gəlmiş və bildirmişdir ki, bu evi 10 000 manata Əsədbaladan almışdır, Əsədbala ona etibarnamə də vermişdir. O isə həmin qadına izah etmişdir ki, evin sahibi odur, evin içərisində olan əşyalar da ona məxsus olmuşdur, Əsədbala həmin əşyaları da satıb aradan çıxmışdır. Beləliklə o, polis bölməsində şikayət ərizəsi və izahat yazmışdır. Onun evini alan Natiqə adlı qadın da həmin polis bölməsinə çağırılmışdır. Beləliklə o, yaşadığı evinə daxil olanda görmüşdür ki, 2800 manat dəyərində əşyalarını Əsədbala oğurlamışdır. Həmin vaxtdan sonra o, Əsədbala ilə əlaqə saxlaya bilməmiş, onu görməmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayanda onun evini Natiqə adlı qadına satması barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs evini müvəqqəti olaraq yaşamağa verdikdən təxminən 1 ay sonra Əsədbala onun mobil telefonuna zəng vurub evini satıb-satmamağını soruşmuşdur, o da Əsədbalaya demişdir ki, evini 17000 manata alan olsa satar. Əsədbala isə cavabında ona demişdir ki, 29.10.2020-ci il tarixdə onun evinin pulunu verəcəkdir. İş materiallarında olan tələbnamə və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Aslanov X3 rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qızına göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar