Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-172/2023 24.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Şıxalıcalı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq şəxsiyyəti istintaqa məlum olmayan Sirac adlı şəxslə qabaqcadan əlbir olaraq 16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan AzNeft İB-nin Ə.C.Əmirov adına NQÇİ-nə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı yarımstansiya arası 2 ədəd 6 kv-luq N2XSEYRY 3x95/16-6\10kv.AZS418 markalı, 1 metri 70 manat dəyərində olan güc kabelinin 33 metrlik hissəsini kəsib gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 2310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə axşam saatlarında qonşuları olan Sirac adlı şəxs ona zəng vuraraq Neft idarəsinin ərazisindən kabel oğurlamağı təklif etmişdir. O, Siracla razılaşmış və 16 sentyabr 2022-ci il tarixə keçən gecə təxminən 01-02 radələrində məhəllədə Siracla görüşmüş, yaşadığı həyətdən kisə götürərək Siracla birlikdə Neft idarəsinin ərazisinə daxil olmuşlar. O, Siracla birlikdə sonuncunun əvvəlcədən kəsib gizlətdiyi kabelləri çıxarmış, Siracın özü ilə gətirdiyi oboy bıçağı ilə onları soyaraq kabelin daxili hissəsində olan mis materialı əldə etmiş, özü ilə gətirdikləri kisəyə yığmış və yol kənarında gizlətmişlər. Səhəri günü, yəni 16 sentyabr 2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Siracla yenidən məhəllədə görüşərək misləri gizlətdikləri yerə getmiş, oradan gizlətdikləri misin yarısını götürmüş və Lökbatan qəsəbəsində, D.Bünyadzadə küçəsində metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olan Habil adlı şəxsə satmışlar. Habil onlara gətirdikləri 7 kiloqram misin qarşılığında 70 manat pul vermişdir. Bundan təxminən 2 saat sonra o, Siracla yenidən misləri gizlətdiyi yerə gedərək qalan misləri də götürmüş və ağ rəngli QAZ-24 markalı avtomobillə Lökbatan qəsəbəsində metal qəbulu ilə məşğul olan şəxsə satmış və 10 kiloqram misin müqabilində 90 manat pul əldə etmişlər. Onlar əldə etdikləri pulu öz aralarında yarı-yarı bölmüş, ona ümumilikdə 80 manat pul çatmışdır. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 24 noyabr 2022-ci il tarixdə eyni əraziyə getdikdə orada başqa, onun tanımadığı şəxslərin olduğunu görmüş və geri qayıtmışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin və vəkilin, şahidlərin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından "SOCAR" şirkətinin "Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİ-nin böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 2 və 3 saylı neft və qazçıxarma sahələrinin ərazilərində elektrik təchizatının yenidənqurulması obyektinin xx.xx.2022-ci il tarixində çəkilmiş PQ 04 01 və (a) saylı yarımstansiya arası 2 ədəd 6 KV-lıq X2XSEYRY 3X95 16-6 10 KV.AZS418 markalı mis kabellər istifadəyə verilmişdir. Həmin ərazi və kabellər "Azneft" İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİnin balansında olmuşdur. 13 sentyabr 2022-ci il tarixlərdə NQÇİ-nin 2 saylı ərazisindən mis kabellərdən 2358 manat dəyərində 33 metrlik hissəsi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı müəyyən edilmişdir. Bundan əlavə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 2310 manat məbləğində ziyan ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, bilavasitə oğurluq hadisəsini törədən şəxs və ya şəxsləri görməmişdir. Ə.C.Əmirov adına X9 İdarəsində tikinti-təmir layihələrinin idarə edilməsi xidmətinin rəisi vəzifəsində işləyir. 13 sentyabr 2022-ci il tarixdə əraziyə xidməti baxış keçirərkən NQÇİ-nin ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı Yarımstansiya arası 2 ədəd 6 kv-luq N2Xseyry 3x95/16-6\10kv.AZS418 markalı güc kabelinin 33 metrlik hissəsinin 16 sentyabr 2022-ci il tarixdə kəsilib oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə rəhbərliyə məlumat vermiş, bundan sonra Qaradağ rayon polis idarəsinə məlumat verilmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçirmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin oğurluq hadisəsini törədən şəxslərin tutulduğunu öyrənmişdir. Cinayət işinin 1-5-ci vərəqələrində olan 13 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da tutulmuşdur. Cinayət işinin 67-68-ci vərəqəsində olan 26 noyabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddəsindən həmin Məcəllənin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi haqqında 27 noyabr 2022-ci il tarixli qərar ləğv edilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 4(002)-210/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 130-132-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 4(002)-33/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 mart 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2023cü il tarixli, 4(002)-58/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 115-119-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş və üzərindən məhkumluq götürülmüşdür. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 9/835 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 metr uzunluğunda qara rəngli izolyasiyalı, ümumi diametri 62mm, içərisindən hər biri qara rəngli izolyasiyalı 3 ədəd 20 mm diametrli mis tərkibli naqillər keçən kabelin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr-noyabr aylarına olan orta bazar qiyməti təxminən 70,00 (yetmiş) manat müəyyən olunur. Cinayət işinin 137-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 143-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” X6 06 mart 2023-cü il tarixli, 648 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 161-164-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 metr uzunluğunda 6 kv-luq N2XSEYRY 3x95/16-6/10kv.AZS418 markalı güc kabeli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş “Azneft” İB Ə.C.Əmirov adına NQÇİ-nin İlkin uçot və İMİX-nin rəisi Vüsal Mirzəyev tərəfindən verilmiş Arayışdan görünür ki, "Azneft" İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİ-nin 2 və 3 saylı NQÇS-nin ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar NQÇİ-yə ümumilikdə 12855,30 manat maddi ziyan dəymişdir. Qaradağ Rayon Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə vurulmuş maddi ziyanın 2310 manatı ( iki min üç yüz on manat) "Azneft" İB-nin depozit hesabına ödənmişdir. Cinayət işinə əlavə edilmiş 07 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, təqsirləndirilən şəxs X3 tərəfindən dəymiş zərərə görə Azneft İB-nin hesabına 2310 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 2310 manat məbləğində ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, onun 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı və 28 noyabr 2022-ci il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilməli və seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Cəbrayıl rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili X4 150 (bir yüz əlli) manat pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə həmin büronun vəkili Müdafiəçi2 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı və 28 noyabr 2022-ci il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu cəmi 07 ay 28 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 il 03 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 08 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Cəbrayıl rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili X4 150 (bir yüz əlli) manat pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə həmin büronun vəkili Müdafiəçi2 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-172/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-172/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver