Məhkəmə qərarları › İş №1(002)-173/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-173/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-173/2021 14.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində Qaradağ RPİ-nin NMB və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Cırtdan” parkının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarın ön sağ tərəfindən olan kiçik cibdən 01 ədəd göy rəngli siqaret falqasına bükülmüş 0,157 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan yaşıl rəngli gödəkçənin sol içəri sinə cibində 01 ədəd boş 2 ml-lik şpris və onlardan birində heroinin izləri müəyyən edilmiş 02 ədəd iynə başlıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. O, narkotik vasitə istifadəçisi olmuş və 23 yaşından arabir fasilə verməklə narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Kubinka» adlanan ərazidə əvvəllər bir-iki dəfə gördüyü, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində öz istifadəsi üçün bir ədəd göy rəngli siqaretin kağızına bükülmüş heroini almış və əynində olan qara rəngli cins şalvarın kiçik cibinə qoymuşdur. Bundan sonra həmin gün saat 16:00 radələrində Nadir adlı dostu ilə görüşmək üçün Lökbatan qəsəbəsinə gəlmişdir. Belə ki, dostu Nadirin avtomobili xarab olduğuna görə onu köməyə çağırmışdır. Nadir ilə görüşüb maşına baxmışlar və təmir etdirmək üçün bir neçə usta ilə telefonla danışsalar da, lakin usta tapa bilməmişlər. Daha sonra o, evə qayıdarkən həmin gün saat 18:00 radələrində Lökbatan qəsəbəsində “Cırtdan” parkının yanında iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada hüquqları izah edildikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparılmışdır. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, əynində olan cins şalvarın kiçik cibindən bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşduqda o, narkotik vasitəni həmin gün tutulmamışdan əvvəl “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan başqa əynində olan yaşıl rəngli gödəkçənin sol içəri cibindən narkotik vasitəni qəbul etmək üçün saxladığı 01 ədəd şpris və 02 ədəd iynə başlıqları, o cümlədən 1 manat 40 qəpik pul və alışqanı da aşkar olunmuşdur. Təqdim etdiyi büküm, 01 ədəd şpris və 02 ədəd iynə başlıqları zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmiş, üstündə olan xırda pul və alışqan isə özünə qaytarılmışdır. Həmin narkotik vasitə olan heroini özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, həmin heroindən qəbul etməmişdir. O, narkotik vasitəni gizli olaraq, tək qəbul etmiş, bu barədə heç kimə bildirməmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Cırtdan” parkının qarşısında şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra sonuncu Qaradağ Rayon Polis İdarəsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın ön sağ tərəfindən olan kiçik cibindən 01 ədəd göy rəngli siqaret falqasında olan maddəni çıxararaq həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin gün tutulmamışdan əvvəl “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol içəri cibindən 01 ədəd şpris və 02 ədəd iynə başlıqları, o cümlədən 1 manat 40 qəpik pul və alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin şpris və iynələr vasitəsi ilə narkotik vasitəni qəbul etdiyini onlara bildirmişdir. Bundan sonra həmin maddə, şpris və iynələr zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİnin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Rüstəm Seyidov tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini özünün istifadə edəcəyi məqsədilə daşıdığını sonuncunun narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu hazırki məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 11, 20) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın ön sağ tərəfində olan kiçik cibdən göy rəngli siqaret falqasına bükülmüş 01 ədəd büküm, bundan başqa əynində olan yaşıl rəngli gödəkçənin sol içəri sinə cibindən içərisində 01 ədəd şpris və 02 ədəd şpris iynəsini çıxarıb masanın üzərinə qoymuşdur. Göy rəngli siqaret falqası açılarkən içərisində açıq qəhvəyi rəngli, iysiz, toz kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin gün günorta saatlarında Kubinka adlanan ərazidə əvvəllər bir-iki dəfə gördüyü şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddəni özünün inyeksiya yolu ilə istifadə etdiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs cibindən 1 manat 40 qəpik pul və qırmızı rəngli istifadəyə yararsız alışqan çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və heç bir əşya aşkar edilməmişdir. Göy rəngli siqaret falqasına bükülmüş maddə, şpris və iki ədəd iynə zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Pul və alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 29-30) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6/156 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 46” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,157 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsualla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd boş 2 ml-lik şprisin və 02 ədəd qapaqlı iynə başlıqlarından birində heroinin izləri müəyyən edildi. Həmin obyektlərdə heroin iz miqdarda olduğundan eyniləşdirmə tədqiqatını aparmaq mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,157 qram, tədqiqata sərf olundu – 0,04 qram, qalıq – 0,117 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. (i.v. 42-45) Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 4(002)-13/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. (i.v 81-82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 01 fevral sentyabr 2021-ci il tarixli, 295 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 92-93) Sübutların qiymətləndirilməsi barədə xx xxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsindən həmin xüsusatlarla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,157 qram çəkidə narkotik vasitə heroin, bir ədəd boş 2 ml-lik şpris və 02 ədəd qapaqlı iynə başlıqları maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində heroinin qalmış 0,117 qram qalığı, bir ədəd boş 2 ml-lik şpris və 02 ədəd qapaqlı iynə başlıqları saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 97-101) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi və onun əvvəllər satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni üzərində saxlamaqla daşımasına görə məhkum olunması isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun xx xxxxxx 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı, bir ədəd boş 2 ml-lik şpris və 02 ədəd qapaqlı iynə başlıqları məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 70 (yetmiş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,117 qram qram heroin, bir ədəd boş 2 ml-lik şpris və 02 ədəd qapaqlı iynə başlıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar