Məhkəmə qərarları › İş №1(002)-176/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-176/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-176/2023 10.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qərarı ilə cəza müddəti 11 il 6 ayadək endirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən «Cəzaçəkmə müəssisələrinin X4» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «Samsung Qalaxy J8» markalı «SM- J810F/DS» modelli, «3599xx/xx/128204/9, 3599xx/xx/128204/7», imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 050 6754024, 050 5537944, 051 2323459, 051 ******* və 051 ******* №-li danışıq kartları vasitəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 050 ******* nömrəli, habelə 055 ******* və 099 ******* nömrəli telefonlara zənglər etməklə hazırda arvadı olan Abasquliyeva (Abdullayeva) Ülviyyə Fərid qızı və qardaşı Şahid10 və digər şəxslər ilə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində müəssisə və Penitensiar Xidmətin əməkdaşları tərəfindən birgə keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 2 saylı rejim korpusun 07 saylı kamerasında həmin qadağan olunmuş mobil telefon kamerada taxta döşəmənin altında olan gizli saxlanc yerində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1, 221.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəza müddəti 11 il 6 ayadək endirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində 07 saylı kamerada saxlanır. Ona məlumdur ki, istintaq təcridxanalarında və yaxud cəzaçəkmə müəssisələrində mobil telefon qadağan olunmuş əşyadır və telefonun saxlama və istifadəsinə görə cinayət məsuliyyəti vardır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:40 radələrində müəssisə əməkdaşları tərəfindən kamerada axtarış aparılarkən ona məxsus yataq yerininin altında olan döşəmənin altında düzəldilmiş gizli saxlanc 1 ədəd «Samsung Qalaxy J8» markalı moötl telefonaşkar edilərək götürülmüşdür. Telefon özünə məxsusdur, telefondan özü istifadə etməklə yaxınları ilə əlaqə saxlamışdır. Telefonu bundan əvvəl saxlandığı tibb məntəqəsində olarkən danışıq kartları ilə birlikdə tapmışdır, həmin telefondan əsasən hazırda arvadı olan Şahid9 Fərdi qızı ilə 050 ******* nömrəli və qardaşı Şahid10 ilə sonuncunun 055 ******* və 099 ******* №-li telefonuna zənglər etməklə və digər şəxslərlə əlaqə saxlamışdır. Həmin telefonu saxlandığı kameradan hazırda saxlandığı 07 saylı kameraya keçirilərkən nəzarətçilərdən gizli olaraq gətirmişdir. Ona telefon danışıqlarına dair məlumatlar təqdim edimiş və o, görmüşdür ki, həmin telefon danışıqları qeydiyyata alınmışdır. Telefonu istifadə etmək üçün başqa məhkumlara verməmiş, kamerada tək saxlanılırdı. Etdiyi əməldən peşmandır. O, son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat Bölməsinin böyük inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:40 radələrində müəssisənin 2-ci rejim korpusunun 07 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfləti axtarış-baxış tədbirləri keçirilmişdir. Kameraya daxil olduqdan sonra kamerada həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs sonuncuda hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs onda hər hansı bir qadağan olunmuş əşyaların olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə, habelə yataq yerinə və kameranın bütün yerlərinə baxış-axtarış tədbirləri keçirilmişdir. Tədbirlər zamanı həmin kameranın Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1, 221.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs yataq yerindəki çarpayısının altında olan taxta döşəmənin altında xüsusi üsulla gizlədilmiş 1 ədəd «Samsung J 8» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar məhkum Təqsirləndirilən şəxs izahatı alınmış, sonuncu həmin mobil telefonun ona məxsus olmadığını və istifadə etmədiyini bildirmişdir. Axtarış zamanı saxlanılması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilmədi. Aşkar edilib götürülmüş 1 ədəd «Samsung J 8» markalı mobil telefon markalı mobil telefon xüsusi qaydada qablaşdırıldıqdan sonra zərflər üçün möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum Təqsirləndirilən şəxs həmin kameraya bu hadisə baş verdikdən təxminən 1 həftə əvvəl başqa kameradan keçirilmişdir. Həmin kamera isə bundan əvvəl təxminən 1-2 ay boş qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin nümayəndələri Şahid2 və Şahid4 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişlər. Şahid9 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əvvəl özünün soyadı Abdullayeva olmuş, lakin Şəhriyar ilə rəsmi olaraq nikaha girdikdən sonra sonuncunun soyadını götürmüş, nikahları xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində qeydiyyata alınmışdır. Bundan sonra sonuncunun yanına uzunmüddətli görüşə getmiş bundan əvvəl isə qısamüddətli görüşləri olmuşdur. Ona məlumdur ki, Şəhriyar cəza çəkdiyi yerdə mobil telefonla tutulmuşdur. Şəhriyar ilə hazırda işlətdiyi mobil teleflonla, yəni 050 ******* №-li telefonla dəfələrlə telefonla danışıb SMS vasitəsilə də əlaqə saxlamış, söhbətləri və SMS yazışmaları özlərinin aralarında olan münasibətlərlə bağlı idi. Ona hal hazırda müstəntiq tərəfindən telefon danışıqlarına dair məlumatlar kompyuter vasitəsilə təqdim edilmiş və görmüşdür ki, onun və əri Təqsirləndirilən şəxs telefon danışıqları və SMS yazışmaları 2022-ci ilin sentyabr ayından xx.xx.2022-ci ilə kimi qeydiyyata alınmışdır. Həmin telefon danışıqlarına dair məlumatlara baxarkən görmüşdür ki, Təqsirləndirilən şəxs işlətdiyi telefon danışıq kartlarından biri onun adınadır. Həmin danışıq kartı necə Şəhriyarda olub bilmir, Şəhriyarın mobil telefonu haradan əldə etməsindən məlumatı yoxdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2022-ci il tarixli, “5/1446” nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və "Android" əməliyyat sistemi ile təhciz olunmuş "Samsung Galaxy J8" markalı arxa məlumat lövhəsinə görə "SM-J810F/DS” modelli "3599xx/xx/128204/9", “3599xx/xx/128204/7" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 2. Təqdim edilmiş "Samsung Galaxy J8" markalı arxa məlumat lövhəsinə görə SM-J810F/DS" modelli mobil smartfonda ekran kilidini keçmək üçün "UFED TOUCH 2” markalı qurğunun yaddaşında müvafiq metodların olmasına baxmayaraq qeyd olunan müxtəlif metodları mobil telefona dəfələrlə tətbiq etməyə cəhd edilsədə mobil cihazın yaddaşından məlumatın oxunması mümkün olmamış və nəticədə prosessin yarıda kəsilməsi baş vermişdir. Bu səbəbdən təqdim edilmiş "Samsung Galaxy J8" markalı arxa məlumat lövhəsinə görə "SM-J810F/DS" modelli mobil smartfonda istifadəçi tərəfindən tətbiq edilmiş ekran kilidinin ləğv edilməsi mümkün olmadı. 3. Rəyin "Tədqiqi hissəsi"nin 2ci bəndində də göstərilən səbəblərə görə tədqiq olunan mobil cihazın yaddaşında hər hansı bir (SMS mesajlar, zəng qeydləri, “Whatsapp” və “İnstagram” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarış və götürmə protokoldan görünür ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində əməliyyat məlumatı əsasında həmin gün saat 10:40 radələrində müəssisənin 2-ci rejim korpusun 07 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman taxta döşəmənin altında xüsusi üsulla gizlədilmiş işlək vəziyyətdə «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs istifadə etdiyi telefona qoşulmuş 050 6754024, 050 5537944, 051 2323459, 051 ******* və 051 ******* №-li danışıq kartları vasitəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 050 ******* nömrəli, habelə 055 ******* və 099 ******* nömrəli telefonlara zənglər və SMS–lər etməklə hazırda arvadı olan Abasquliyeva (Abdullayeva) Ülviyyə Fərid qızı və qardaşı Şahid10 və digər şəxslər ilə əlaqə saxlamaqla istifadə etmiş, telefonlara qarşılıqlı zənglər və SMS yazışmaları etməklə Şahid9 ilə müvafiq olaraq 80,28,120, 38 və 42 dəfə və qardaşı ilə ümumilikdə 36 dəfə əlaqə saxlaması barədə məlumatlar qeydiyyata alınmışdır. İş materiallarında olan həmin məlumatlardan görünür ki, 050 ******* nömrəli və 050 ******* nömrəli telefon X2 adınadır. Məlumatlar məhkəmə qərarı əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək götürülmüşdür. Aşkar edilmiş 1 ədəd mobil telefon, habelə «Azercell-Telekom MMC-nin diskdə olan məlumatlar maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X4»nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1, 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 12 mart 2016-cı il tarixdən hesablanmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qərarı ilə cəza müddəti 11 il 6 ayadək endirilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Samsung Qalaxy J8» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qərarı ilə 11 il 6 aya endirilmiş cəzanın çəkilməmiş qalmış 04 (dörd) il 04 (dörd) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Samsung Qalaxy J8» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar