Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-179/2023 01.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1986-cı il təvəllüdlü, Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrimetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs Ziyəddin qızının işlətdiyi avtomaşın ehtiyat hissələrinin satışı mağazasının pəncərəsini çərçivəsindən çıxarıb yerə qoyaraq orada saxlanc yerinə qanunsuz daxil olmaqla mağazada masanın altında olan karton pul qutusundan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 200 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə təxminən günorta radələrində Qaradağ rayonu Sahil qəsəbəsində dəniz kənarında yerləşən tikintidən gələrkən Sahil qəsəbəsində yerləşən E.Quliyev küçəsindən keçirmiş. Bu zaman yolun kənarında olan avtomaşın ehtiyat hisələrin satışı mağazasının qarşısından keçirmiş. Mağazanın bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Mağazanın yan tərəfində olan pəncərəyə yaxınlaşmış və içəridə heçkim olmadığını görmüşdür. Pəncərələrin köhnə vəziyyətdə olduğunu pəncərənin şüşəsini çıxarıb yerə qoymuş və mağazaya daxil olmuşdur. Mağazada satıcı olan yerdə ehtiyyat hissələrinin üstündə olan karton qutudakı pulu götürmüşdür. Karton qutuda məbləğini hal-hazırda unutduğu pullar olmuşdur. Daha sonra həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Növbəti gün mağazanın sahibi Qızqayıt adlı qadın valideynlərinin yanına gələrək onun törətdiyi oğurluq barədə valideynlərinə məlumat vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ziyəddin qızı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində 23 saylı avtodayanacağın içərisində olan avtomaşın ehtiyat hissələrinin satışı mağazasını 5 ilə yaxındır ki, işlədir. 25 dekabr 2022-ci il tarixdə günorta radələrində avtomaşın ehtiyat hissələri mağazasını bağlayaraq qonşuluqda olan yas mərasiminə getmişdir. Təxminən 1 saatdan sonra yasdan qayıdaraq mağazanı açıb içəri girmişdir. İçəri girdikdə ehtiyyat hissələrindən bəzilərinin yerə düşdüyünü görmüşdür. Bu zaman pəncərəyə baxdıqda pəncərənin aralı olduğunu görmüşdür. Daha sonra mağazada olan videomüşüahidə kamerasını açıb baxdıqda bir nəfər cavan oğlanın mağazaya daxil olaraq orada olan pul qutusundan pulu oğurladığını görmüşdür. Həmin videonu tanışlarına göstərdikdə onun Əli adlı Sahil qəsəbəsində yaşayan şəxs olduğunu bildirmişlər. O, Əlinin ailəsini tanıdığından onarın yaşadığı evə getmiş və oğurluğun videosunu göstərmişdir. Bundan sonra pul ona qaytarılmadığından polisə şikayət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs Ziyəddin qızı məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayəttələbinin olmadığını bildirmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən avtomaşın ehtiyyat hissələrin satışı mağazasıdır. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər zəif bədən quruluşlu, əynində qara rəngli gödəkcə, kapüşonlu köynək olan, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxs mağazaya pəncərə hissədən daxil olaraq piştaxtadan nəsə götürür və gəldiyi kimi pəncərədən çıxaraq oradan uzaqlaşır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrimetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materillarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Qaradağ RPİ-yə təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını və zərərçəmiş şəxslə aralarında barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-179/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-179/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver