Məhkəmə qərarları › İş №1(002)-179/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-179/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-179/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 19.30 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına getmiş orada Zərərçəkmiş şəxs ilə mübahisə və münaqişə etmiş, münaqişə vaxtı yumruqla sonuncunun çənə nahiyəsinə bir dəfə əli ilə qəsdən vuraraq, çənə nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan sağ çənə bucağının qançır-şişkinlik halında hematoması kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək və ibtidai ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2007- ci ildə ailə həyatı qurmuşdur. Birgə nigahlarından 2008-ci il təvəllüdlü qızı Şahid2, 2009-cu il təvəllüdlü oğlu Elşən Əliyev olmuşdur. İlk əvvəllər ailə münasibətləri yolunda getsə də, sonradan aralarında baş vermiş ailə münaqişələrindən sonra 2024-cii ilin aprel ayının 30da rəsmi olaraq Qaradağ rayon məhkəməsinin qərarı ilə boşanmışlar. Boşandıqdan sonra Zərərçəkmiş şəxs ünvan 3 ünvanında qızı ilə birlikdə yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 19.30- da oğlu Elşənlə birlikdə boşandığı arvadı Nailənin yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evə getmiş, həmin ünvanda olan zaman evin mətbəx otağında Nailə ilə söhbət etməyə başlamışdır. Bu zaman aralarında qısqanclıq və şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə münaqişəyə çevrilmiş və Nailə onun köynəyinin yaxasından tutub cırdığı üçün, əsəbi halda yumruq zərbəsi ilə Nailənin çənə (üz) nahiyəsindən bir dəfə qəsdən yumruq zərbəsi vurmuşdur. Aralarında yaranmış səs-küyü evin qonaq otağında olan ailə üzvləri (oğlu, qızı, Nailənin bacısı) eşitmişlər. Bundan sonra oğlu Elşənlə birlikdə həmin evdən çıxıb getmişlər. Aralarında 10- 15 dəqiqə mübahisə olmuş, münaqişəyə çevrilmiş və bir anda əsəbiləşərək Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə çənə nahiyəsindən vurmuşdur. Hadisə anında hadisənin şahid olmamış, Zərərçəkmiş şəxs vuran zaman heç kim onu görməmişdir, lakin sonradan münaqişə nəticəsində yaranmış səs-küyə ailə üzvləri digər otaqdan keçib gəlmişlər. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək və ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və barışdığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19.30-da boşandığı əri Rasimin oğlu Elşənlə birlikdə yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evə gəlmiş, həmin ünvanda olan zaman evin mətbəx otağında onunla söhbət etməyə başlamışdır. Bu zaman onların aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə münaqişəyə çevrilmiş və Təqsirləndirilən şəxs əsəbi halda yumruq zərbəsi ilə onun çənə (üz) nahiyəsindən bir dəfə qəsdən yumruq zərbəsi vurmuşdur. Aralarında yaranmış səs-küyü evin qonaq otağında olan ailə üzvləri (oğlu, qızı, bacısı və qızları) eşitmişlər və onların yanına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs oğlu Elşənlə birlikdə həmin evdən çıxıb getmişlər. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 Qaradağ rayon Şöbəsinin 26 fevral 2025-ci il tarixli 67 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - çənə nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan sağ çənə bucağının qançır-şişkinlik halında hematoması bərk küt əşya təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin yıxılması nəticəsində, eləcə də özü tərəfindən yetirilməsi az inandırıcıdır. İşdə olan tələbnamədən aydın olur ki, Əliyev X6 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində aparılan cinayət işi üzrə CM-nin 73-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 29 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 319 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 220 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 319 (üç yüz on doqquz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar