Məhkəmə qərarları › İş №1(002)-18/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-18/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-18/2021 23.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(002)- 227 saylı Qərarı ilə axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2020ci il tarixdə saat 05:30 radələrində xxxx Səhmdar Cəmiyyətinin Yeni X16 stansiyasına gələrək orada 8-ci yolda dayanmış xxxx QSC-nin «xxxx» şirkətinin X12 balansında olan 37515541 nömrəli refrijerator vaqonunun açıq vəziyyətdə olan qapısından qanunsuz daxil olaraq vaqonda olan K-461 M markalı dizel mühərrikinin 1 ədəd 228,82 manat dəyərində, aşınmadan sonrakı çəkisi 30 kq olan, latun tərkibli su radiatorunu onu gövdəyə birləşdirən vintlərini özü ilə gətirdiyi vintaçanla açıb götürməklə gizli olaraq talamaq istəyərkən hadisə yerinə gələn Biləcəri XPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığından törətdiyi cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunmamışdan əvvəl fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, müxtəlif şəxslərin sifarişləri ilə təmir-tikinti işləri ilə məşğul olmuşdur. Son vaxtlar iş tapa bilmədiyinə görə maddi imkanı pisləşmiş, yemək, siqaret və digər tələbatlarını ödəməyə pulu olmamış və bu səbəbə görə xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı qəsəbədə yerləşən, yeni X16 stansiyasındakı köhnə, işlənməyən refrijerator vaqonlardan birinin içinə girib oradan metal əşyalardan götürüb, metal qəbul məntəqələrindən birinə satmaqla gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə də xx.xx.2020-ci il tarixdə təxminən 05:10 radələrində oraya getmiş, vaqonların arası ilə gəzərək onlardan içərisində mühərrik olanını axtarmışdır ki, həmin mühərrikin metal hissələrindən bir və bir neçəsini söküb oğurlasın. Vaqonlardan birinin 8-ci yolda Şirvan istiqamətindən 5-ci yerdə dayandığını görüb, onun orta hissəsindəki açıq vəziyyətdə olan qapısından içəri girmiş və mühərrikxanada dəmir metaldan olan ramalar, nasos qurğuları və bir ədəd radiator olduğunu görmüş və yalnız radiatoru gövdəsindən ayırmağın mümkün olduğun görərək, onu oğurlamaq məqsədi ilə əvvəlcədən özü ilə gətirdiyi vintaçanlarla radiatoru dayağa birləşdirən vintləri açmağa başlamışdır. Bu zaman vaqonun içərisinə iki nəfər mülki geyimli şəxs daxil olmuş və həmin şəxslər özlərini təqdim etdikdən sonra bilmişdir ki, onlar polis işçiləridir. Bundan sonra polis işçiləri onu X13 Şöbəsinə gətirmişlər. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin hüquq idarəsində məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası vəzifəsində işləyir. Hazırki cinayət işi üzrə nümayəndəsi olduğu zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC xxxx QSC-nin struktur qurumu olan törəmə müəssisəsidir. Yeni Ələt DYS-nın Şərq vaqon deposuna aid olan refrijerator vaqonlar və onlara aid qurğular, o cümlədən dizel mühərrikiləri və onun hissələri həmin MMC-nin balansına daxil olan əmlakdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyindən «xxxx» MMC-yə məxsus 37515541 nömrəli refrijerator vaqonunda yerləşdirilən K-461M markalı dizel mühərrikinin su radiatorunun dəyərinin 326,89 manat, köhnəlməsi nəzərə alınaraq təxminən 228,82 manat müəyyən olunması ilə razıdır. Ona görə ki, göstərilən radiatorun dəyəri zərərçəkmiş hüquqi şəxs tərəfindən də 326,89 manat qiymətləndirilmiş, ekspert tərəfindən radiatorun köhnəlmə faizinin nəzərə alınaraq çox olmayan fərqlə 228,82 manat müəyyən edilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən hüquqlarını müdafiə etdiyi MMC-nə vurulmuş ziyan ödənilmədiyindən sonuncuya qarşı şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Təvəkgül oğlu ifadəsində göstərmişdir ki, o, NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri st. XPŞ-nin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə digər əməliyyat müvəkkili polis baş leytenantı Zərərçəkmiş şəxs3lə birlikdə xidməti ərazidə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə təxminən saat 05:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində, Ələt dəmir yol stansiyasının vaqon parkına gələrək orada ərazini gəzərkən parkın 8-ci yolunda dayanmış «xxxx» QSCnin yeni X16 Stansiyasında saxlanılan «xxxx» MMC-yə məxsus 37515541 nömrəli vaqonda səs eşitmişlər. Həmin vaqonun açıq qapısından içəri girərkən görmüşlər ki, bir nəfər vaqonun mühərrikxanasında əlindəki vintaçanla orada yerləşdirilmiş dizel motoruna aid su radiatorunun gövdəyə birləşdirilən vintlərini açır. Həmin şəxs onları görən kimi vaqonun qurğularının idarə etmə panelinin quraşdırıldığı kabinəsinə girməsinə baxmayaraq onu saxlayaraq Biləcəri XPŞ-nə gətirmişlər. Orada həmin şəxsin Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs aşkar edilərək saxlanıldığı vaqonun içinə məhz oradan mühərrikxanada quraşdırılmış hər hansı bir metal hissəni və ya əşyaları açaraq götürüb metal qəbulu məntəqələrindən hər hansı birinə sataraq pul əldə etmək məqsədi ilə girdiyini konkret olaraq vaqondakı dizel mühərrikinin su radiatorunu açıb götürmək istəyərkən onlar tərəfindən saxlanıldığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri st. XPŞ-nin Cinayət axtarış bölməsinin bölmə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs3 digər şahid Zərərçəkmiş şəxs2 Təvəkgül oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli şəxsin üzərinə baxış və götürmə haqqında protokoldan görünür ki, Biləcəri XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X4 polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşya və predmetləri təqdim etməsi təklif edilmiş və o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 3 ədəd 14-17, 1 ədəd 12-14, 1 ədəd 17-19 ölçülərdə qayçı formalı, 1 ədəd iti uclu vintaçanları təqdim edərək, bu vintaçanların özünə məxsus olduğunu və onları xx.xx.2020-ci il tarixdə xxxx QSC-nin X14 X7 Deposunun vaqon parkında olan refrijerator vaqonlardan birindən mühərrik hissəsi oğurlamaq məqsədi ilə oraya gələrkən özü götürdüyünü və oradakı vaqonun mühərrikxanasında olan su radiatorunu həmin vintaçanlarla açarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. (i.v. 11) “xxxx” QSC tərəfindən verilmiş SM-117/6 saylı, xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, “xxxx” MMC-yə məxsus 37515541 nömrəli refrijerator vaqonundan çıxarılan K-461 M markalı dizel mühərrikinin su radiatorunun, tərkibi latun olmaqla aşınmadan sonrakı çəkisi – 30 kq, qiyməti isə 326,89 (üç yüz iyirmi altı manat, səksən doqquz qəpik) manat təşkil edir. (i.v. 15) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur (i.v.17-18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/625 saylı, xx xxxxx 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, «xxxx» QSC-dən alınmış SM-117/6 nömrəli xx.xx.2020-ci il tarixli məktuba əsasən «xxxx MMC»-yə məxsus 37515541 nömrəli refrijerator vaqonun K-461M markalı dizel mühərrikinin, aşınmadan sonrakı çəkisi 30 kq olan latun tərkibli su radiatorunun xx.xx.2020-ci il tarixə qiyməti 326,89 manat, köhnəlməsi nəzərə alınaraq təxminən qiyməti 228,82 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (i.v.23-26) Qətimkan tədbiri seçmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 73) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi 1 ədəd radiator və Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 6 ədəd müxtəlif ölçülərdə vintaçanlar iş üçün mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış, həmin radiatorun istifadəsi və mühafizəsi üçün sahib olan “xxxx” MMC-yə təhvil verilməsi nəzərə alınmaqla, vintaçanlar saxlanılması və mühafizə olunması üçün Biləcəri XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 78-81) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Xədicə və xx.xx.2008-ci il təvəllüdlü Əli adlı iki azyaşlı övladı vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-227/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və barəsində axtarış elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Mehdiyev X5 XPŞ-nin CAB-inin baş əməliyyat müvəkkili polis mayoru Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası DİN NBPİ X8 Polis İdarəsinin Biləcəri st. Xətt Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 3/2-210-5406-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx xxxxxx 2020-ci il tarixli, xx/xx-10123 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Biləcəri XPŞ-nin CAB-ın əməkdaşları tərəfindən tutularaq xx xxxxxx 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-18/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olmasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx xxxxxx 2020-ci il tarixdən hal-hazıradək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd radiatorun istifadəsi və mühafizəsi üçün sahib olan “xxxx” MMC-yə təhvil verilməsi nəzərə alınmalı, mühafizə olunması üçün Biləcəri XPŞ-nin saxlanc anbarına təhvil verilmiş 6 ədəd müxtəlif ölçülərdə vintaçan məhv edilməlidir. (CPM-132.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bak şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 xx xxxx 2020-ci il tarixli, № 1357 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 10 (on) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışı zamanı müdafiəçi Bak şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 2020-ci il tarixli, № 2166 saylı order əsasında işə qoşularaq 15 (on beş) iş saatı və Bak şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 xx xxxxxx 2021-ci il tarixli, № 147 saylı order əsasında işə qoşularaq 15 (on beş) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cəmi 10 (on) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun, məhkəmə baxışı zamanı cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 90 (doxsan) manat məbləğində pul və Bak şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən hal-hazırki tarixdək həbsdə saxlanıldığı cəmi 01 ay 29 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut – 1 ədəd radiatorun istifadəsi və mühafizəsi üçün sahib olan “xxxx” MMC-yə təhvil verilməsi nəzərə alınsın və mühafizə olunması üçün Biləcəri XPŞ-nin saxlanc anbarına təhvil verilmiş 6 ədəd müxtəlif ölçülərdə vintaçan məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cəmi 10 (on) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun, məhkəmə baxışı zamanı cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 90 (doxsan) manat məbləğində pul və Bak şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar