Məhkəmə qərarları › İş №1(002)-180/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-180/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-180/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1987-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu ev 29A, mənzil 51-də qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi ev 1,mənzil 72-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə təxminən saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, İmanov küçəsi nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab olunan sanitar qovşağın plasik materialından hazırlanmış qapısını itələməklə açaraq oradan 1 ədəd 120 manat dəyərində 20 kw-lıq “Royal Gas” markalı su qızdırıcısını, həmin həyətdə saxlanc yeri hesab olunan yardımçı tikilinin plastik materialından olan qapısını itələmək yolu ilə açaraq 1 ədəd 120 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan narıncı rəngli kiçik ölçülü periforator və 01 ədəd dəyəri 150 manat olan laqondanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə 390 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 dekabr 2022-ci il tarixdə təxminən saat 00:30 radələrində qonşuluqlarında yerləşən Zərərçəkmiş şəxs məxsus evdə yaşayış olmadığını bildiyindən həmin evə daxil olaraq oradan oğurluq etymək qərarına gəlmişdir. O, buna görə də, həmin vaxt Zərərçəkmiş şəxs evinin qarşısına gəlmiş və hasarı atlayaraq keçib həyətə daxil olmuşdur. O, həyətdə olan sanitar qovşağa yaxınlaşmış, sanitar qovşağın qapısını açmışdır. O, sanitar qovşağa daxil olaraq orada su qızdırıcısının bağlanmış borularını əli ilə buraraq açmış və su qızdırıcını açıb çıxartmışdır. O, bundan sonra həmin həyətdə yerləşən yardımçı tikilinin qapısını açmış və içəri daxil olaraq oradan 1 ədəd direli və 1 ədəd laqondanı oğurlayaraq həyətdən bir ədəd ağ rəngli kisə taparaq su qızdırıcını və direli həmin kisəyə qoymuş və laqonda isə gödəkçəmin altında gizlədərək həmin həyətdən uzaqlaşmışdır. O, həmin əşyaları gətirərək yaşadığı binanın blokunda zirzəmidə gizlətmişdir.Səhərisi gün Ələt qəsəbəsində tanışı Yasəf adlı şəxsə yaxınlaşaraq bildirmişdir ki, evi təmir etdikdən sonra laqonda, direl və su qızdırıcını satır. Yasəf ona həmin əşyaların qiymətini soruşmuş və o, Yasəflə Zərərçəkmiş şəxs həyətindən oğurladığı su qızdırıcını, laqondanı və 1 ədəd direli 50 manata satmağa razılaşmışdır. O, Yasəflə razılaşmış və əşyalara görə 50 manat nağd pulu Yasəfdən aldıqdan sonra evə qayıtmışdır. O, həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır.Evlidir və himayəsində üç azyaşlı uşağı var.İlk dəfədir cinayət əməli törədir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində anasının səhətində prooblemlər olduğundan ailəsi ilə birlikdə onun evinə getmişlər O, xx.xx.2022-ci il tarixdə saat səhər radələrində işə getmək üçün öz həyətinin yanından keçəndə işıqları söndürmək üçün həyətə daxil olduqda görmüşdür ki, həyətin işıqlarının bir neçəsi yanmır. O, tez həyətdə olan yardımçı tikiliyə baxdıqda məlum olmuşdur ki, oradan 1 ədəd direli, 1 ədəd laqondanı və sanitar qovşaqda olan su qızdırıcımı oğurlamışlar. O, bundan bir qədər sonra azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək evinin həyətindən oğurluq olması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluğu qonşuluqda yaşayan İlqar etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid Yasəf oğlu ifadəsində bildirmişdir ki, 29 dekabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində o, həyətinin qarşısında usta ilə mobil telefon vasitəsi ilə su qızdırıcısı barəsində danışan zaman bir nəfər qəsəbədən üzdən tanıdığı, lakin sonradan adını İlqar kimi bildiyi şəxs yanından keçirmiş. İlqar onun mobil telefonda usta ilə danışığını eşidərək ona yaxınlaşmış və bildirmişdir ki, “onun evində təmirdən sonra su qızdırıcısını çıxardaraq yerinə “Ariston” aparatı quraşdırdığını, buna görə də həmin su qızdırıcısını satır”. O, İlqara su qızdırıcısının oğurluq olub olmamasını bildirdikdə İlqar həmin qızdırıcının oğurluq olmadığını bildirmişdir.. O, da İlqara demişdir ki, su qızdırıcısının gətridikdən sonra yoxlayaraq qiymətini deyəcəkdir. İlqar getdikdən təxminən 30 dəqiqədən sonra qayıdıb gəlmiş və kisənin içərisində su qızdırıcısı və 01 ədəd direl gətirmişdir. O, su qızdırıcısına baxdıqdan sonra İlqarla 50 manata razılaşmışdır. İlqar həmin zaman kisədən bir ədəd direl çıxardaraq həmin direli də satdığını demişdir. O, İlqara direlə ehtiyacı olmadığını bildirdikdə İlqar həmin direli su qızdırıcısının üzərində ona pay verdiyini demişdir. Bundan sonra o, İlqara 50 manat vermiş və həmin su qızdırıcısı ilə direli evə aparmışdır. Sonradan evdə olan su qızdırıcısı düzəldiyindən İlqardan aldığı su qızdırıcısını quraşdırmamışdır. xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq İlqardan aldığı su qızdırıcının və direlin oğurluq yolla əldə edildiyini bildirmişlər.O, da İlqardan aldığı su qızdırıcısını və direli polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 aprel 2023-cü il tarixli 9/1463 saylı rəyindən görünür ki, 1 ədəd 20 kw-lıq, “Royal Gas” markalı su qızdırıcsının qiyməti 80 manat, 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan narıncı rəngli kiçik ölçülü periforatorun qiyməti 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Şahid Yasəf oğlunun təqdim etdiyi 1 ədəd 20 kw-lıq, “Royal Gas” markalı su qızdırıcı və 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan narıncı rəngli kiçik ölçülü periforator maddi sübut kimi tanınmış və saxlanılması üçün məhkəmənin hökmünədək Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 21 yanvar 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini əməli etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, evli olaraq himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 20 kw-lıq, “Royal Gas” markalı su qızdırıcı və 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan narıncı rəngli kiçik ölçülü periforatorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma olduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 20 kw-lıq, “Royal Gas” markalı su qızdırıcı və 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan narıncı rəngli kiçik ölçülü periforatorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar