Məhkəmə qərarları › İş №1(002)-181/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-181/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-181/2023 22.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), Salyan Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə ona Salyan Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi “08 Noyabr- Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmaqla 19 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmaqla, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər Salyan Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla 19 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən 07 fevral 2023-cü il tarixdə gecə saat 00:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ictimai yer hesab olunan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Qazax avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Lökbatan dairəsi” adlanan ərazidə piyada hərəkət edərkən orada dayanıb taksi gözləyən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ayağını diqqətsizlikdən tapdaladığı üçün sonuncunun ona irad bildirməsini bəhanə edərək əsaslı səbəb olmadan ətrafda olan kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə münaqişəli vəziyyət yaradıb ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını və ətrafdakıların rahatlığını pozmaqla etinasızlıq göstərərək digər şəxslərə qarşı laqeydlik nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutmaqla, qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə, təpiklə ayağına zərbələr endirmiş, daha sonra üstündə gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağını cibindən çıxarıb onu doğrayacağı ilə hədələdiyi üçün Zərərçəkmiş şəxs qorxub özünü qorumaq və münaqişədən yayınmaq məqsədi ilə qaçaraq su drenajının üstünə çıxsa da Təqsirləndirilən şəxs onun üzərinə hücum çəkib silah qismində istifadə etdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən iki dəfə zərbə vurmuş və nəticədə o, Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ əlin İİİ barmağının dırnaq falanqasının səthi kəsilmiş yarası və qarının sol yarısının iki ədəd səthi kəsilmişdeşilmiş yarasından ibarət ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirib silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, AXCP-nin Salyan şöbəsinin sədridir. Bu hadisə qurmadır. Hadisə günü məhkəmə prosesləri olması ilə əlaqədar olaraq dostları, tanışları ilə birlikdə Bakı şəhərində olmuş, vəkili Nemət bəy də onlarla birlikdə olmuşdur. Bakı şəhərində çay içib, yemək yedikdən sonra “BOLT” taksi xidmətindən istifadə edərək “Lökbatan dairəsinə” getmək üçün maşın çağırmışdır. O, Salyan rayonuna getdiyindən, ora gedən bütün maşınlar Lökbatan dairəsindən keçir. “BOLT”-dan maşını sifariş elədiyi saat və vaxt da müəyyəndir. Zərərçəkmiş və şahidlər hadisənin fərqli saatlarda olduğunu deyirlər. Lökbatan dairəsinə çatdıqdan sonra düşmüşdür ki, körpünün altı ilə yolu digər tərəfə keçsin və maşına minsin. Hadisə 06 fevral 2023-cü il tarixdə saat 22:30 radələrində olub. Həmin vaxt saata baxmışdır ki, gecikməsin. Yoldan keçə bilmədiyinə görə səkinin üstünə çıxmış, səkinin üstü ensiz olmuş və bu vaxt sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs onun qarşısına çıxmışdır. Həmin yer darısqal olmuş, Zərərçəkmiş şəxsla üzbəüz gəlmişlər. Həmin vaxt telefonu çantasında olmuş, əks təqdirdə telefonu ilə hadisəni canlı olaraq çəkərmiş. Bu zaman zərərçəkmiş şəxs qəsdən onun ayağının üstünə çıxdıqda o hiss eləmişdir ki, bu hadisə qurmadır. Çünki Zərərçəkmiş şəxs onun üstünə gəlib, var-yox söyüşü söyməyə başlamışdır. Zərərçəkmiş şəxs əynində gödəkcə olmuş, əlinin ovuc hissəsindən parıldayan bir şey çıxdığını görmüşdür. Bu zaman Natiqi özündən kənarlaşdırmaq üçün başından itələmişdir. Natiq arxaya getmiş, özü isə oradan qaçmağa çalışarkən bu zaman mülki geyimdə olan on- on beş nəfər polis üzərinə gəlmiş, elə bilmişdir ki, onu döymək istəyirlər. Həmin adamlar “polis, polis” deyə qışqırıb, onu yerə yıxıb, qandalı qoluna vurmuşlar. Telefonu və çantasını əlindən almışlar. Onu qara rəngli “cip” markalı maşına basıb Lökbatanın içinə aparmışlar. Yolda maşını saxlayıb onu polis maşınına mindirmişlər. Bundan sonra onu 10-cu Polis Bölməsinə gətirmişlər. Bölmədə ona mübahisə etdiyi adamın öldüyünü demişlər. O, bu əməli törətməmişdir. O, dava-dalaşı heç vaxt sevməmişdir. O, həmin hadisə günü hadisədən əvvəl dostları ilə biraz çaxır içmiş, lakin sərxoş olmamaqla tam olaraq özünü idarə edə bilmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihamı qəbul etməsə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, o cümlədən tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə onun törətdiyi cinayət əməli öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3də ailəsi ilə birlikdə kirayə yaşayırmış. O, 3-cü mikrorayon bazarında fəhləliklə məşğul olurmuş. 07 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində işlədiyi 3-cü mikrorayon bazarından evə getmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində avtomobildən düşüb “Binə” ticarət mərkəzinin yaxınlığında körpünün altında, “bir manatlıq” taksilərin dayanacağında dayanıb Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətinə gedən taksi gözləyirmiş. Bu zaman arxadan bir nəfər onun dabanını tapdalamışdır. O, arxaya baxan zaman gözündə eynək, əynində qara rəngli gödəkcə və qara rəngli cins şalvar olan, dolu bədən quruluşlu bir nəfər şəxsin olduğunu görmüşdür. O, həmin şəxsə bir az diqqətli olmasını deyib, irad bildirmişdir. Həmin şəxs ona kinayə ilə “əə nolub bir ayaqla kimdi səni tanıyan ağıllı ol yeri get burdan” demişdir. Onun durduğu yerdən bir az aralıda dayanıb taksi gözləməyə davam etmişdir. Təxminən bir dəqiqə sonra həmin şəxs yenidən ona tərəf gələrək “əə sənə demədim yer get burdan” deyərək ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, həmin şəxsin özünü aparmasından, dayandığı yerdə səndələməyindən, rahat danışa bilməməsindən və ağzından spirt iyi gəlməsindən sərxoş olduğunu bilmişdir. Ətrafdakı şəxslər ona həmin şəxsə baş qoşmamağı tövsiyə edərək həmin şəxsi ondan aralaşdırmışlar. Həmin şəxs bir az sakit durub yenidən ona yaxınlaşaraq ucadan ailə üzvlərinə söyüş və təhqirlər etməyə başlamışdır. O, dəfələrlə həmin şəxsi özündən kənarlaşdırıb uzaqlaşdırmaq üçün irad bildirdikcə həmin şəxs, daha da bərk səslə onu söyməyə başlamışdır. Oradakı insanlar həmin şəxsi sakitləşdirməyə cəhd göstərsələr də o heç kimə məhəl qoymurmuş və onu söyməyə davam edirmiş. Həmin şəxs ona tərəf yaxınlaşıb söz demək istədiyini və çıxıb gedəcəyini bildirmişdir. Həmin şəxs ona yaxınlaşdıqda anidən sol göz nahiyəsinə yumruqla vurmuş, o, zərbənin təsirindən geri gedən zaman isə sağ ayağına təpiklə vurmuşdur. O, özünü itirib əli ilə sifətini tutmuş, həmin şəxs isə “indi sənin qarnını deşib bağırsaqlarını yerə töküm səndə gör” demiş, həmin şəxsin onu yenidən vurmasından qorxub, oradan qaçaraq körpünün yanındakı su drenajının üzərinə çıxmışdır. Ətrafdakı şəxslər həmin şəxsi sakitləşdirməyə çalışsalar da həmin şəxs heç kəsə məhəl qoymayaraq üstünə gəlirmiş. Bu zaman həmin şəxs sol əlini belinə aparmış və nə isə bir əşya çıxartmışdır. Həmin şəxs ona “gör sənin başına nə oyun açacam” demişdir. Həmin şəxs çıxartdığı əşyanı sağ əlinə alıb açan zaman o, əşyanın parıltısından bıçaq olmasını bilmişdir. Həmin şəxsə ona tərəf gəlmiş, o, qışqırıb kömək çağırmağa başlamışdır. O, qaçmaq istəsə də qaça bilməmiş və həmin şəxs bıçaqla onun qarnının sol tərəfinə bir dəfə vurmuşdur. Həmin şəxs yenidən ikinci dəfə bıçaqla onu vurmaq istədikdə o, əlini qarşıya verib zərbənin qarşısını almaq istəmiş lakin, bıçaq sağ əlinə dəyərək sağ əlinin orta barmağına xəsarət yetirməklə ikinci dəfə yenidən qarnının sol yan tərəfinə batmışdır. O, ikinci zərbədən sonra yerə yıxılmışdır. Həmin şəxs bıçağı yerə atıb qaçmaq istəmiş, bu zaman ətrafdakı şəxslər həmin şəxsin onu bıçaqladığını bilib saxlamışlar. O, həmin şəxsin əlindəki bıçağın açılıb-bağlanan, təxminən 13-14 sm uzunluğunda qəhvəyi rəngli dəstəyi olmasını görmüşdür. O, özünü bir təhər toparlayıb DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. O, əsəbi olduğundan həmçinin yaraları isti olduğu üçün çox ağrı hiss etmirmiş və həmin şəxsi tutulmasını istədiyi üçün polis əməkdaşlarını gözləməyə başlamışdır. Bir müddət sonra əraziyə polis əməkdaşları gələrək həmin şəxsi aparmışlar. Bu hadisə baş verərkən dayanacaqda təxminın 10-15 nəfərə yaxın adam olmuşdur. Onu oradan tanımadığı şəxslər avtomobilə qoyaraq X7 aparmışlar. Ona orada ilkin tibbi yardım göstərmişlər. Bundan sonra o, öz təkidi ilə xəstəxanadan çıxmışdır. Lakin sonradan qanaxması baş verdiyindən, özünü yaxşı hiss etmədiyi üçün yenidən xəstəxanaya müraciət etmiş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanaya gəlmişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxslə barışmadığını, ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 07 fevral 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə getmək üçün axşam təxminən saat 00:15 radələrində Lökbatan dairəsində bir manatlıq taksiləri gözləyirmiş. Təxminən beş dəqiqə sonra dayandığı yer ilə üzbəüz bir nəfər dolu bədən quruluşlu, qara gödəkcəli, qara şalvarlı bir nəfər şəxsin arıq bədən quruluşlu şəxslə mübahisə etdiyini görmüşdür. Dolu bədən quruluşlu şəxs digər şəxsin üzərinə bərkdən qışqıraraq onun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Digər şəxs isə dolu bədən quruluşlu şəxsə öz iradlarını bildirmişdir. Gecə saatları olmasına baxmayaraq ora dayanacaq olduğundan avtomobil işıqları düşməsi səbəbi ilə ətraf aydın görünürmüş. Ətrafda olan şəxslər həmin şəxsi sakitləşdirməyə cəhd göstərsələr də həmin şəxs, əli ilə ətrafdakı şəxsləri itələyərək onlara qarşıda nalayiq söyüşlər söyüb “əcəb edirəm, yaxşı edirəm” deyə öz hərəkətlərinə davam etdirmişdir. Həmin şəxs anidən digər şəxsin sifətinə və bədəninə yumruq və təpiklər vurmağa başlamışdır. Həmin şəxs ətrafda olan 10-15 nəfər şəxsə “bir adam yaxın gəlməsin” deyə qışqırmışdır. Adamların orada çox olmasına baxmayaraq həmin şəxs uca səslə qışqırdığı üçün səsi aydın eşidilirmiş. Həmdə hadisə ona maraqlı gəldiyindən bir azda yaxına getmişdir. Sonra digər şəxs qaçaraq orada su getmək üçün nəzərdə tutulan drenajın üzərinə, körpünün kənarına getmiş, həmin şəxs isə yenidən onunla orada mübahisə etməyə başlamışdır. Həmin şəxs anidən nə isə çıxarıb digər şəxsə tərəf yönəldərək “əə sən deyəsən başa düşmədinə” deyib onu vurmağa başlamışdır. Arıq olan şəxs “kömək edin öldürür məni” deyib qışqıraraq ətrafdakı şəxslərə müraciət edərək yerə yıxılmışdır. Həmin şəxs əlində olan əşyanı yerə ataraq qaçmaq istədikdə ətrafdakı şəxslər onu saxlamışlar. O, bir azda yaxına getdikdə yerdə bıçağın olduğunu görmüşdür. Həmin şəxsi ətrafdakı şəxslər tutub saxlamışdır. Daha sonra yerdə olan şəxs mobil telefonu ilə polisə zəng etmişdir. Təxminən 5 dəqiqə sonra əraziyə polis əməkdaşları gəlib həmin şəxsi saxlamışlar. Bu zaman orada olan polis əməkdaşlarından biri ona yaxınlaşaraq hadisəni görüb görmədiyini soruşmuş, o da hadisənin şahidi olduğunu demişdir. Həmin polis əməkdaşı onun anket məlumatlarını götürmüş və çağırılacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 07 fevral 2023-cü il tarixdə Sahil qəsəbəsinə gedirmiş. Saat təxminən 00:20 radələrində Lökbatan dairəsində 126 nömrəli avtobusu gözləyirmiş. Avtobus dayanacağında təxminən 15-20 nəfər adam olmuşdur. Ora həm avtobus həm də taksi dayanacaqları üçün nəzərdə tutulmuşdur. Anidən dayanacaqda səs küy düşməyə başlamışdır. Dayanacaqla üzbəüz iki nəfər şəxsin mübahisə etdiyini görmüşdür. Həmin şəxslərdən biri dolu bədən quruluşlu digəri isə arıq bədən quruluşlu olmuşdur. Dolu bədən quruluşlu şəxs digər şəxsə qışqıraraq nəsə deyirmiş. Bir az yaxına getdikdə həmin dolu bədən quruluşlu şəxs digər şəxsin üzərinə bərkdən qışqıraraq ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyünü görmüşdür. Digər şəxs isə ondan söyüş söyməməsini həmçinin iradlarını bildirirmiş. Ətraf səs-küy olmasına baxmayaraq həmin şəxs necə qışqırıb söyürdüsə səsi hər yana yayılırmış. Ətrafda olan şəxslər həmin şəxsi sakitləşdirməyə çalışırmışlar. Həmin şəxs isə heç kəsə məhəl qoymayaraq öz qışqırmağa davam edirmiş. Həmin şəxsi sakitləşdirməyə çalışan şəxsləri isə əli ilə itələyərək onlara qarşıda nalayiq söyüşlər söyüb əcəb etdiyini, yaxşı etdiyini deyirmiş. O, anidən arıq bədən quruluşlu şəxsin sifətinin yumruq vurmuş və təpiklə vurmağa başlamışdır. Həmçinin onun danışığından və hərəkətlərindən sərxoş olduğu hiss olunurmuş. Sonra digər şəxs qaçaraq orada su getmək üçün nəzərdə tutulan drenajın üzərinə körpünün kənarına getmişdir. Həmin şəxs, arıq bədən quruluşlu şəxsin arxasınca gedib mübahisə etməyə başlamışdır. Anidən üzərindən nəsə çıxarıb digər şəxsə tərəf yönəldərək qışqırıb söyüşlə indi “sənə başa salaram sən deyəsən başa düşmədin” deyib arıq bədən quruluşlu şəxsi vurmağa başlamışdır. Digər şəxs bərk səslə “öldürdü məni kömək edin” deyib ətrafdakı şəxslərə müraciət edərək yerə yıxılmışdır. O, həmin şəxsin əlində olan əşyanın parıltısından bıçaq olmasını bilmişdir. Həmin şəxs, əlində olan bıçağı yerə atıb qaçmaq istədikdə ora yığışan camaat tutub saxlamışdır. Həmin vaxtı bir nəfər hündür boylu şəxs bıçaqla vurdu-vurdu qışqıranda o, bir azda yaxına gedib yerdə bıçağın olduğunu görmüşdür. Həmin vaxtı dolu bədən quruluşlu şəxsi ətrafda toplaşan insanlar tutub saxlamışdır. Həmin şəxs onu tutub saxlayanlara “buraxın məni” deyərək onlarıda söyürmüş. Daha sonra yerdə olan şəxs mobil telefonu ilə polisə zəng etmişdir. Təxminən 5 dəqiqə sonra əraziyə polis əməkdaşları gəlib həmin şəxsi saxlamışlar. Bu zaman orada olan polis əməkdaşlarından biri ona yaxınlşaraq hadisəni görüb görmədiyini soruşmuş, o da hadisənin şahidi olduğunu demişdir. Həmin polis əməkdaşı onun anket məlumatlarını götürmüş və çağırılacağını bildirmişdir. Hadisə vaxtı 7-8 dəqiqə ərzində dava olduğunu, az müddət keçəndən sonra polislərin gəldiyini, zərərçəkmiş şəxsin xəsarət aldıqdan sonra yerdə uzandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayırmış. O, fərdi şəkildə etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Astara rayonuna və ya əksinə sərnişin daşıyır. O, adətən Bakı şəhərinə sərnişin gətirirmiş və geri qayıdan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında üzü Astara istiqamətində dayanıb sərnişin götürərək geri qayıdırmış. 07 fevral 2023-cü il tarixdə saat 00:45 radələrində o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığına gəlmiş və üzü Astara istiqamətində avtomobili saxlayıb dayanmışdır. Bu zaman ətrafda çoxlu sayda adamın dairənin yanındakı su drenajının yaxınına yığıldığını görmüşdür. O, nə baş verdiyini öyrənmək üçün oraya yaxınlaşmışdır. Bu zaman o, yerə qan tökülməsini və yanında da bıçaq olduğunu görmüşdür. O, ətrafdakı insanlardan nə baş verdiyini soruşduqda həmin şəxslər ona orada dava-dalaş olduğunu və bir nəfəri bıçaqladıqlarını bildirmişlər. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onları kənarlaşdırıb, sənədləşdirməyə başlamışlar. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, 7-8 nəfər adamın yığıldığını görmüş, lakin kimisə saxladıqlarını görməmişdir. Onun həmin yerə gəlməsi ilə polislərin gəlməsi arasında 2 dəqiqə fərq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla ailəsi il birlikdə yaşayır. O, fərdi şəkildə etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E200” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Astara rayonuna və ya əksinə sərnişin daşıyırmış. O, adətən Bakı şəhərinə sərnişin gətirir və geri qayıdan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında üzü Astara istiqamətində dayanıb sərnişin götürərək geri qayıdırmış. xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında üzü Astara istiqamətində avtomobili orada olan kioskun yanında saxlayıb dayanmış və müştəri gözləyirmiş. Bu zaman ətrafda səs-küy gəldiyini və adamların körpünün altına tərəf getdiklərini görmüşdür. O, mobil telefonla danışdığı üçün avtomobildən düşməmişdir. Bir müddət sonra səs-küy çoxalmağa başlamış, o, yenə də avtomobildən düşməmişdir. Bir müddət sonra oraya polis əməkdaşlarının gəlməsini görmüşdür. Bu onun diqqətini çəkmiş və avtomobildən düşüb oraya yaxınlaşmışdır. Həmin vaxt orada kök bədən quruluşlu bir nəfər şəxsin səs-küy saldığını, nalayiq söyüşlər söydüyünü görmüşdür. Polis əməkdaşları həmin şəxsi avtomobilə əyləşdirib aparmışlar. O, yaxın ətrafdakı şəxslərdən nə baş verməsi ilə əlaqədar maraqlanmağa başlamışdır. Həmin şəxslər ona orada dava-dalaş olduğunu və bir nəfəri bıçaqladıqlarını bildirmişlər. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, adamların hadisə yerinə yığıldığını görmüş, lakin kimin vurduğunu görməmişdir. Polislər gəlib 1 nəfəri aparmışlar. Hadisə yerinə təqribən 5-6 polis əməkdaşı gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki o, Qaradağ RPİ-nin 10-cu PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 fevral 2023-cü il tarixdə o, əməliyyat qrupunda növbəni təhvil almışdır. 07 fevral 2023-cü il tarixdə saat 00:37-də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə körpünün yanında tanımadığı şəxsin onu döyərək, bıçaqla sol nahiyəsinə xəsarət yetirməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında o, əməliyyat qrupunun digər üzvləri 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid7 və 10-cu PB-nin sahə inspektoru, polis leytenantı Şahid8 dərhal növbətçi hissənin avtomobili ilə hadisə yerinə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan yerə gəlmişlər. Həmin vaxt orada 15-20 nəfərə yaxın şəxs toplanmış və səs-küy olmuşdur. Onlar avtomobildən düşüb oraya yaxınlaşmışlar. Bu zaman bir nəfər dolu bədən quruluşlu şəxsin ucadan nalayiq söyüşlər söyərək səs küy saldığını, orada olan şəxslərin onu saxladıqlarını görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs onlara yaxınlaşıb, dolu bədən quruluşulu şəxsin onu nalayiq söyüşlərlə söydüyünü, yumruqla sifət nahiyəsinə vurduğunu və qarnın sol tərəfindən bıçaqladığını demişdir. Zərərçəkmiş şəxs dayandığı yerdə su drenajının üstündə bıçaq və yerdə qana bənzər ləkələr olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs qarnın sol tərəfindən qan axdığını görmüşlər. O, dərhal “103” təcili tibbi yardım xidmətinə məlumat vermək istəmiş, lakin Zərərçəkmiş şəxs gözləyə bilməyəcəyini deyib, orada olan tanımadığı avtomobilə əyləşib xəstəxanaya getdiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs bıçaqlamış şəxs səs-küy salaraq narahatçılıq yaradırmış. Onlar həmin şəxsi nizam intizama dəvət edib, polis bölməsinə dəvət etmişlər. Həmin şəxsin danışığından, suallara adekvat cavab verməməsindən və ağzından iy gəlməsindən sərxoş olduğunu bilmişlər. Həmin şəxs əvvəlcə onların qanuni tələblərinə tabe olmaq istəməsə də sonradan onların avtomobilinə əyləşmişdir. Onlar hadisə yerinin mühafizəsini təşkil edib, həmin şəxsi polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1976-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs olması müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs sərxoşluğunun müəyyən olunması üçün həkim müayinəsindən keçirmiş və yüngül dərəcəli sərxoş olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün raport yazılmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində olarkən yerdə bıçaq və qanabənzər izlər olmuşdur. Hadisə yerində olan 10-15 nəfər şəxs tərəfindən təqsirləndirilən şəxs saxlanmışdır. Hadisə barədə məlumatı 102 xidmətindən aldığını, qrup rəhbəri olduğuna görə digər üzvlərə də məlumatı onun verdiyini, onlar hadisə yerinə çıxdıqdan sonra müstəntiqi dəvət etdiklərini, hadisədən sonra zərərçəkmiş şəxsin başqa maşınla getdiyini, lakin onu görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki o, Qaradağ RPİ-nin 10-cu PB-də sahə inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə o, əməliyyat qrupunda növbəni təhvil almışdır. xx.xx.2023-cü il tarixdə saat 00:37-də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə körpünün yanında tanımadığı şəxsin onu döyərək, bıçaqla sol nahiyəsinə xəsarət yetirməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında o, əməliyyat qrupunun digər üzvləri 10-cu PB-nin sahə inspektoru, polis leytenantı Şahid8 və 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid6 dərhal növbətçi hissənin avtomobili ilə hadisə yerinə yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan yerə gəlmişlər. Həmin vaxt orada 15-20 nəfərə yaxın şəxs toplanmış və səs-küy olmuşdur. Onlar avtomobildən düşüb oraya yaxınlaşmışlar. Bu zaman bir nəfər dolu bədən quruluşlu şəxsin ucadan nalayiq söyüşlər söyərək səs küy saldığını, orada olan şəxslərin onu saxladıqlarını görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs onlara yaxınlaşıb, dolu bədən quruluşulu şəxsin onu nalayiq söyüşlərlə söydüyünü, yumruqla sifət nahiyəsinə vurduğunu və qarnın sol tərəfindən bıçaqladığını demişdir. Zərərçəkmiş şəxs dayandığı yerdə su drenajının üstündə bıçaq və yerdə qana bənzər ləkələr olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs qarnın sol tərəfindən qan axdığını görmüşlər. Emin dərhal “103” təcili tibbi yardım xidmətinə məlumat vermək istəmiş, lakin Zərərçəkmiş şəxs gözləyə bilməyəcəyini deyib, orada olan tanımadığı avtomobilə əyləşib xəstəxanaya getdiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs bıçaqlamış şəxs səs-küy salaraq narahatçılıq yaradırmış. Onlar həmin şəxsi nizam intizama dəvət edib, polis bölməsinə dəvət etmişlər. Həmin şəxsin danışığından, suallara adekvat cavab verməməsindən və ağzından iy gəlməsindən sərxoş olduğunu bilmişlər. Həmin şəxs əvvəlcə onların qanuni tələblərinə tabe olmaq istəməsə də sonradan onların avtomobilinə əyləşmişdir. Onlar hadisə yerinin mühafizəsini təşkil edib, həmin şəxsi polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1976-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs olması müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs sərxoşluğunun müəyyən olunması üçün həkim müayinəsindən keçirmiş və yüngül dərəcəli sərxoş olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün raport yazılmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, onlar yığılıb hadisə yerinə gələnə qədər təxminən 7-8 dəqiqə keçmişdir. Təqsirləndirilən şəxsi tutub saxlamışlar. Bir nəfər onlara yaxınlaşıb 102-yə məlumatı onun verdiyini bildirmiş, sonra başqa maşınla xəstəxanaya gedəcəyini bildirmişdir. Onlar gələndə müstəntiq hadisə yerində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki o, Qaradağ RPİ-nin 10-cu PB-də sahə inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə o, əməliyyat qrupunda növbəni təhvil almışdır. xx.xx.2023-cü il tarixdə saat 00:37-də Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə körpünün yanında tanımadığı şəxsin onu döyərək, bıçaqla sol nahiyəsinə xəsarət yetirməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında o, əməliyyat qrupunun digər üzvləri 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid7 və 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid6 dərhal növbətçi hissənin avtomobili ilə hadisə yerinə yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan yerə gəlmişlər. Həmin vaxt orada 15-20 nəfərə yaxın şəxs toplanmış və səs-küy olmuşdur. Onlar avtomobildən düşüb oraya yaxınlaşmışlar. Bu zaman bir nəfər dolu bədən quruluşlu şəxsin ucadan nalayiq söyüşlər söyərək səs küy saldığını, orada olan şəxslərin onu saxladıqlarını görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs onlara yaxınlaşıb, dolu bədən quruluşulu şəxsin onu nalayiq söyüşlərlə söydüyünü, yumruqla sifət nahiyəsinə vurduğunu və qarnın sol tərəfindən bıçaqladığını demişdir. Zərərçəkmiş şəxs dayandığı yerdə su drenajının üstündə bıçaq və yerdə qana bənzər ləkələr olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs qarnın sol tərəfindən qan axdığını görmüşlər. O Emin dərhal “103” təcili tibbi yardım xidmətinə məlumat vermək istəmiş, lakin Zərərçəkmiş şəxs gözləyə bilməyəcəyini deyib, orada olan tanımadığı avtomobilə əyləşib xəstəxanaya getdiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs bıçaqlamış şəxs səs-küy salaraq narahatçılıq yaradırmış. Onlar həmin şəxsi nizam intizama dəvət edib, polis bölməsinə dəvət etmişlər. Həmin şəxsin danışığından, suallara adekvat cavab verməməsindən və ağzından iy gəlməsindən sərxoş olduğunu bilmişlər. Həmin şəxs əvvəlcə onların qanuni tələblərinə tabe olmaq istəməsə də sonradan onların avtomobilinə əyləşmişdir. Onlar hadisə yerinin mühafizəsini təşkil edib, həmin şəxsi polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1976-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs olması müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs sərxoşluğunun müəyyən olunması üçün həkim müayinəsindən keçirmiş və yüngül dərəcəli sərxoş olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün raport yazılmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, bir nəfər onlara yaxınlaşıb 102-yə məlumatın onun verdiyini bildirmiş, sonra başqa maşınla xəstəxanaya gedəcəyini bildirmişdir. Onlar yığılıb hadisə yerinə gələnə qədər 6-7 dəqiqə keçmişdir. Təqsirləndirilən şəxsi vətəndaşlar saxlamışlar. Müstəntiq onlardan 10 dəqiqə sonra hadisə yerinə gəlmişdir. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında şahidin ifadəsinin elan olunması üçün tərəflərin fikri soruşulmuşdur. Müdafiə tərəfi şahidin ifadəsinin elan olunmasına etiraz etdiyi və bu şahid ifadəsinin iş üçün ciddi əhəmiyyət kəsb etmədiyini bildirdiyinə görə məhkəmə iclasında şahidin ifadəsi elan edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 Qaradağ rayon şöbəsinin 06 mart 2023-cü il tarixli, 102 nömrəli rəyindən görünür ki: 1. Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ əlin İİİ barmağının dırnaq falanqasının səthi kəsilmiş yarası, qarnın sol yarısının iki ədəd səthi kəsilmiş-deşilmiş yaraları. Göstərilən xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması bərk küt əşyanın təsirindən, sağ əlin İİİ barmağının dırnaq falanqasının səthi kəsilmiş yarası, qarnın sol yarısının iki ədəd səthi kəsilmiş-deşilmiş yaraları isə kəsici-deşici əşya (alət) (ola bilsin bıçaq) təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X7 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sağ əlin İİİ barmağının dırnaq falanqasının səthi kəsilmiş yarası, qarnın sol yarısının iki ədəd səthi kəsilmiş-deşilmiş yaraları isə həm ümumilikdə və həmdə ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.

2. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, yuxarıda qeyd olunan xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır, sağ əlin İİİ barmağının dırnaq falanqasının səthi kəsilmiş yarası, qarnın sol yarısının iki ədəd səthi kəsilmiş-deşilmiş yaraları isə həm şəxsin özü həm də digər şəxs tərəfindən törənməsi mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 15 mart 2023-cü il tarixli, 81 MTKŞ/2023 nömrəli rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 02 ədəd, alt köynəyin ön səthində 02 ədəd, maykanın ön səthində 02 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgüc və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 02 ədəd, alt köynəyin ön səthində 02 ədəd, maykanın ön səthində 02 ədəd deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.

3. Ekspertizaya təqdim edilmiş geyim əşyalarının üzərində olan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi inkar olunmur.

4. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir.

5. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir dəyişiklik edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 10 mart 2023-cü il tarixli, 106/2023-MTBŞ nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən)

2. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən).

3. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka, alt köynəyi və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigenti alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa)

4. Qərarın təsviri hissəsində göstərilmiş hadisə yerindən götürülmüş 02 ədəd tampon icra müddəti ərzində ekspertizaya təqdim olunmadığı üçün onlar ilə təhqiqat aparmaq mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli, 3/550 nömrəli rəyindən görünür ki: - ********* N-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş daktilolentin səthindəki əlbarmaq izi müqayisəli tədqiq üçün yaralıdır. - ********* N-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş daktilolentin səthindəki əlbarmaq izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağından qalmışdır. - Tədqiqata təqdim edilmiş daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Ekspertiza tədqiqatının dəyəri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 13 fevral 2023-cü il tarixli 3-13-11/2-2011/2023 saylı məktubunda aşağıdakılar göstərilmişdir: Qaradağ RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-48/2-2187-2023 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü km deyilən ərazidə baş vermiş bıçaqlanma faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin avtomatlaşdırılmış eyniləşdirmə sistemində olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına İHOSMT-dən daxil olmuş), xx.xx.1976-cı ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarından görünür ki, 07 fevral 2023-cü il tarixdə müstəntiq Fərid Seyfəlov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 07 fevral 2023-cü il tarixdə müstəntiq Fərid Seyfəlov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək bu maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs foto şəkillər vasitəsi ilə tanınmaya təqdim edilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs tanınan şəxslər sırasından Təqsirləndirilən şəxs göstərərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə onu vurub xəsarət yetirən şəxs olmasını bildirmişdir. İş materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə əvvəlcə yumruqla sol göz nahiyəsinə, təpiklə ayağına vurmasını, sonra isə üzərində olan bıçaqla iki dəfə qarnının sol nahiyəsinə vurduğunu, ikinci zərbəni vuran zaman əlini qabağa verdiyi üçün sağ əlinin 3-cü barmağında xəsarət almasını bildirib Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləmiş, hadisənin yerini əyani şəkildə göstərərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə Təqsirləndirilən şəxs onu yumruq-təpiklə, sonra isə bıçaqla vurduğunu bildirib hadisənin necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs digər şəxslər arasında tanınmaya təqdim edilmiş, tanınma zamanı Şahid1 tanınan şəxslər sırasından Təqsirləndirilən şəxs göstərərək, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə arıq bədən quruluşlu şəxsi yumruq, təpik və bıçaqla vurub xəsarət yetirən şəxs olmasını bildirmişdir. İş materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə ucadan nalayiq söyüşlər söyərək, arıq bədən quruluşlu şəxslə mübahisə etdiyini və həmin şəxsi yumruq, təpik və bıçaqla vurub xəsarət yetirdiyini bildirib Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarından görünür ki, istintaq zamanı Şahid2 Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı Şahid2 tanınan şəxslər sırasından Təqsirləndirilən şəxs göstərərək, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə arıq bədən quruluşlu şəxsi yumruq, təpik və bıçaqla vurub xəsarət yetirən şəxs olmasını bildirmişdir. İş materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid2 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə ucadan nalayiq söyüşlər söyərək, arıq bədən quruluşlu şəxslə mübahisə etdiyini və həmin şəxsi yumruq, təpik və bıçaqla vurub xəsarət yetirdiyini bildirib Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan “Baxış keçirilməsi barədə” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən bir ədəd 170 mm uzunluğunda, qatlanan bıçaq və həmin bıçağın dəstəyi üzərindən bir nüsxədə əl-barmaq izi nümunələri və asfalt üzərində qana bənzər ləkələrdən 2 ədəd nümunə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2/3778 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 03:45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş və Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Cinayət işi üzrə bir ədəd zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı, kağız zərfdə qablaşdırılmış halda bir ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izi, eyni zamanda Zərərçəkmiş şəxs götürülmüş ona məxsus 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli alt köynəyi (mayka) və 01 ədəd tünd qəhvəyi rəngli uzunqol köynək sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, bir ədəd zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli alt köynəyi (mayka) və 01 ədəd tünd qəhvəyi rəngli uzunqol köynək saxlanması üçün Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, kağız zərfdə qablaşdırılmış halda bir ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izləri saxlanılması üçün cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli, 853 saylı xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailəsilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yaşadığı müddətdə qonşularla birgə yaşayış qaydalarına riayət etməmiş, mütəmadi olaraq yersiz və səbəbsiz narazılıqlar yaratmış, həmçinin spirtli içkilərə meyilli olmuşdur. Sakinlər arasında mənfi xarakterizə olunur. İş materiallarında olan sənədlərdən aydın olur ki, 19 dekabr 2006-cı il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Abşeron rayon İHB-nin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 195 saylı xasiyyətnamədən aydın olur ki, Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə ona Salyan Rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi “08 Noyabr- Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmaqla 19 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür.Eyni zamanda Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli alt köynəyi (mayka) və 01 ədəd tünd qəhvəyi rəngli uzunqol köynək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış kağız zərfdə qablaşdırılmış halda bir ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izləri iş materiallarında saxlanılmalıdır. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli alt köynəyi (mayka) və 01 ədəd tünd qəhvəyi rəngli uzunqol köynək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış kağız zərfdə qablaşdırılmış halda bir ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan əl izləri iş materiallarında saxlanılsın. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar