Məhkəmə qərarları › İş №1(002)-182/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-182/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-182/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs X3, Müdafiəçi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Zərdab rayonu Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzadan 01 il 04 ay 8 gün vaxtından əvvəl şərti azad edilmiş , işləməyən, Zərdab rayonu Çallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X7 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 25-ci km olan hissəsində yerləşən "xxxx" MMC-nə məxsus qapısı kilidlə bağlı vəziyyətdə olan və içərisində 2000 manat dəyərində təmir alətləri olan dəyəri 8000 manat olan dəmir konteyneri gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 10000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yolun kənarında olan Zərərçəkmiş şəxs2 məxsus qapısı kilidlə bağlı vəziyyətdə olan və içərisində 300 manat dəyərində tikinti alətləri olan dəyəri 1700 manat olan dəmir konteyneri gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2000 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, h-hazırda heç bir yerdə işləmir. Uşağı ağır xəstəlikdən əziyyət çəkir.Onun müalicə xərcləri üçün pul lazım olmuşdur. Bu səbəblə də o, 14 avqust 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin təxminən 24-25-ci km olan hissəsindən keçən zaman yolun kənarında konteyner olmasını müəyyən etmişdir. Daha sonra həmin konteynerə yaxınlaşaraq, bir qədər orada gözləyib ətrafa nəzər saldıqdan sonra yaxınlıqda olan evakuatoru yük daşıması səbəbilə oraya çağırmışdır və həmin konteyneri evakuatora yükləyib oradan uzaqlaşmışdır. Daha sonra Bakı şəhəri Dərnəgül bazarı adlanan yerdə əvvəllər tanımadığı metal qəbulu işinə baxan şəxsə onu 1400 manata atmışdır. Bundan başqa o, 2023-cü ilin oktyabr ayında yaşadığı ünvandan çıxaraq taksiyə əyləşib Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlmişdir. Yolun kənarında dəmir konteyner olmasını müəyyən etmişdir. Daha sonra həmin konteynerə yaxınlaşaraq üzərinin paslı olmasını müəyyən etmiş və tullantı olduğu güman etmişdir. Bir qədər orada gözləyib ətrafa nəzər saldıqdan sonra yaxınlıqda olan evakuatoru yük daşıması səbəbilə oraya çağırmışdır və həmin konteyneri evakuatora yükləyib oradan uzaqlaşmışdır. Daha sonra Lökbatan qəsəbəsində yerləşən əvvəllər tanımadığı metal qəbulu işinə baxan şəxsə onu 400 manat müqabilində satmışdır. . Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam olaraq ödəmişdir.Himayəsində iki azyaşlı uşağı var.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyir. Bakı şəhəri Qaradağ rayonu Bakı-Ələt yolunun 43-cü km-də körpü tikintisi yerinə yetirərkən orada fəhlələrin istirahəti üçün konteyneri yoluna kənarına qoymuşdur. 15 avqust 2023-cü il tarixdə qeyd olunan ünvana gələn zaman içərisində təmir alətləri olan konteyenrin yerində olmamasını aşkar etmişdir. Baş vermiş hadisə barədə polisə müraciət etmişdir.. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxs X1 heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan-Xocasən yolunun üzərində yerləşən boş torpaq sahəsində özünə məxsus 20 sot torpaq sahəsinin olması və bir müddət əvvəl həmin ərazidə tikinti işlərinin getməsi səbəbilə oraya ölçüsü 5 tonluq, hündürlüyü 2.5 metr, uzunluğu isə 3 metr olan dəmir konteyner qoymuşdur. Sonuncu dəfə 28 oktyabr 2023-cü il tarixdə həmin ərazidə olan zaman qeyd etdiyi dəmir konteyner yerində idi və 01 noyabr 2023-cü il tarixdə yenidən həmin əraziyə baxış keçirməyə gələn zaman konteynerin yerində olmadığını müəyyən etmişdir. Bu barədə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət etmişdir və Qaradağ rayon polis idarəsinə yaxınlaşaraq 10-cu PŞ-nə ərizə yazmışdır.Həmçinin bildirmişdir ki, oğurluq baş verməmişdən qabaq dəyəri 1700 manat olan dəmir konteynerin içərisində hər biri 20 manat olmaqla 5 ədəd bel, hər biri 50 manat olan 2 ədəd əl arabası, qiyməti 100 manat olan 100 metr uzunluğunda rezin boru, və bəzi geyim əşyaları olmuşdur, ümumilikdə hadisə nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxs X1 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, rəsmi heç bir yerdə işləmir, təxminən 16 ilə yaxındır ki, evakuator xidmətində evakuator sürücüsü kimi fəaliyyət göstərir. 2023-cü ilin noyabr ayında əvvəllər tanımadığı, sonradan adını Ruslan kimi bildiyi şəxs, istifadəsində olan mobil nömrəyə zəng edərək 1 ədəd konteynerinin olması və həmin konteyneri evakutaora yükləyib Dərnəgül bazarına aparılması barədə sifariş vermişdir və onunla 150 manata razılaşmışdır. Daha sonra təxminən 1 saat sonra həmin şəxslə Səbail rayonu ərazisində yerləşən Şıxov adlanan ərazidə görüşmüşdür və Qaradağ rayonu Lökbatan qəsəbəsinə gələrək orada yerləşən dairənin yaxınlığında konteyneri evakuatora yükləmişdir. Ruslan adlı şəxs ona həmin konteynerin onun özünə məxsus olması barədə bildirdikdən sonra onunla birlikdə həmin konteyneri Bakı şəhəri Dərnəgül bazarı adlanan ərazinin yaxınlığında yerləşən metal qəbulu yerinə aparmışdır. Daha sonra həmin ərazidə yükləri boşaltdıqdan sonra həmin şəxsdən 150 manat ödənişini aldıqdan sonra həmin ərazidən uzaqlaşmışdır. Həmin gündən sonra Ruslanı bir daha görməmişdir. Ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, konteyneri evakuatora yükləyən zaman qapısının açıq olmuşdur. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 25 noyabr 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, 07 yanvar 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə X7 barəsində axtarış elan edilərək, icraat Azərbaycan Respublikası CM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, 18 mart 2024-cü il tarixdə X7 tutularaq istintaqa təqdim edilmişdir. İş materiallarından görünür ki, 19 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda, ********* nömrə altında istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, 19 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, X7 barəsində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 01(bir) ay 17 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, X7 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 05 may 2024-cü il tarixdə bitdiyi üçün və barəsində həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət verilmədiyindən o həbsdən azad edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarına əsasən X7 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarına əsasən X7 barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsindən daxil olmuş məktubdan görünür ki, X7 23 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki X7 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən əsasən cəzadan 01 il 04 ay 8 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X3 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. X3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən X3 törətdiyi cinayət əməlini etiraf edərək peşman olması, himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxlərin ondan şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. X3 əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halın olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam olaraq ödənilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X5 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, X7 cəzanın çəkilməmiş hissəsi müddətində yenidən az ağır cinayət əməli törətdiyindən onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün cəzadan vaxtından əvvəl şərti azad edilməsi ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 tutma altında və həbsdə olduğu 01 (bir) ay 17 (on yeddi) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən X7 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İbtidai istintaq zamanı X5 göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul X6, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən X3 tutma altında və həbsdə olduğu 01 (bir) ay 17 (on yeddi) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı X5 göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul X6, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar